Məhkəmə qərarları › İş №2-1(118)-1145/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1145/2025

20.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1145/2025 20.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: pensiyadan aparılan tutulmalarının dayandırılması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyadan aparılan tutulmalarının dayandırılması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 1 noyabr 2023-cü il tarixli, 3-17-1/2-H-256857/2023 nömrəli İddiaçı göndərilmiş “Sosial ödəniş üzrə artıq ödənilmiş vəsaitin aşkar edilməsi haqqına” məktubundan görünür ki, xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, 2004-2005-ci illərə aid əmək haqqı sənədləri və işlədiyi müəssisəyə dair məlumatlar olmadığı halda, həmin illər üzrə əsassız olaraq 512,94 manat orta aylıq əmək haqqı nəzərə alınmaqla 1 yanvar 2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən 1 yanvar 2008-ci il tarixdən 30 oktyabr 2023-cü il tarixədək əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq, vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün Fonda gəlməsi və ya yazılı qaydada mülahizələrinin təqdim edilməsi xahiş edilmişdir.

2. 5 sentyabr 1969-cu il tarixli İddiaçı məxsus ИТ-İ seriyalı, ******* “Əmək kitabçası”nın surəti.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı yaşa görə pensiyasının hesablanma qaydasından görünür ki, Dövlət Sosial Müdafiə Fondu Sumqayıt şəhər şöbəsinin 21 aprel 2008-ci il tarixli, 201 nömrəli qərarı ilə 1 yanvar 2006-cı il tarixədək olan 36 il 00 ay 13 gün sığorta stajına və 2004-2005-ci illər üzrə 512,94 manat orta aylıq əmək haqqına əsasən BH – 60 + SH - 500 = 560 manat pensiya təyin edilmişdir. 21 aprel 2008-ci il tarixdə ilkin pensiya təyinatı zamanı pensiyanın hesablanmasında baş vermiş bir neçə səhvlər aşkar edilmişdir: 21 aprel 2008-ci il tarixli, 201 nömrəli qərarda İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən düzgün olaraq 60 manat “yaşa görə” əmək pensiyası təyin edilsə də, sonradan “60” rəqəminin qarşısına “5” rəqəmi yazılaraq pensiyanın məbləği “560” kimi qeyd edilmişdir. Məlumat üçün bildirilmişdir ki, bu düzəlişin qərarın əslində aşkar şəkildə sonradan başqa rəngli diyircəkli qələmlə yazılması aşkar şəkildə öz əksini tapmışdır. Pensiya təyinatı 21 aprel 2008-ci il tarixdə aparılsa da pensiya ödənişi altı ay sonra, yəni sentyabr 2008-ci il tarixdə aparılmışdır. Hansı ki, pensiya ödənişi ən azından növbəti ayda, yəni may 2008-ci il tarixdə aparılmalı idi. Çünki pensiya qanunvericiliyə uyğun olaraq minimum məbləğdə təyin edilmişdir və pensiya işində araşdırılmalı və monitorinqin aparılması halları mövcud deyil. Deməli məbləğin artırılması ilə bağlı məqsədyönlü şəkildə pensiyanın ödənişi gecikdirilib və vətəndaşın bununla bağlı heç bir etiraz ərizəsi arxiv pensiya sənədlərində mövcud deyil. Əmək kitabçasına əsasən İddiaçı 1 yanvar 2005-ci il tarixdə, 8 nömrəli əmrlə "xxxx" ASC-dən işdən azad olsa da pensiya hesablanmasında staj 1 yanvar 2006-cı il tarixədək hesablanmışdır. “60” rəqəminin qarşısına “5” rəqəmi yazılaraq pensiyanın məbləği “560” kimi qeyd edildiyindən 150 manat pensiya məbləğinin hesablanması üçün heç bir əmək haqqı cədvəlinə və ya arxiv arayışına istinad etmədən (arxiv pensiya sənədlərində vətəndaş tərəfindən 2004-2005-ci illər üzrə əmək haqqı barədə arayış təqdim edilmədiyi görünür) 2004-cü il üzrə cəmi 5.300,24 manat, 2005-ci il üzrə isə cəmi 7.010,32 manat əmək haqqı göstərərək, orta aylıq 512,94 manat qeyd edilmişdir. Hansı ki, İddiaçı 1 yanvar 2005-ci il tarixdə "xxxx" ASC-dən işdən azad edilmişdir, həmçinin arxiv pensiya işində olan ASC-nin 18 aprel 2008-ci il tarixli, 9 nömrəli arayışına əsasən İddiaçı oktyabr 1997-ci il tarixdən 1 yanvar 2005-ci il tarixədək öz hesabına məzuniyyətdə olmuşdur, yəni əmək haqqı almamışdır. Beləliklə “560 manat” pensiya məbləğinin hesablanması üçün istifadə edilmiş 2004-2005-ci illər üzrə əmək haqqında ziddiyyətin olması aşkar şəkildə görünür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı “yaşa görə” əmək pensiyasının 6 oktyabr 2023-cü il tarixdə inventarizasiyası zamanı yuxarıda istənilən nöqsanlar aşkarlanmış və vətəndaşa pensiya hüququ yarandığı 1 yanvar 2008-ci il tarixdən 1 oktyabr 1997-ci il tarixədək olan 28 il sığorta stajına, arxiv pensiya işində olan 1987-1991-ci illər üzrə 30,56 manat orta aylıq əmək haqqına əsasən 60 manat “yaşa görə” əmək pensiyası təyin edilərək 1 yanvar 2008-ci il tarixdən 31 oktyabr 2023-cü il tarixədək 150.561,55 manat artıq ödənilmiş vəsait aşkarlanmışdır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 6 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı 1 yanvar 2008-ci il tarixdə təyin edilmiş hazırkı əmək pensiyasının məbləği 1.642,64 manat, yenidən hesablanmış əmək pensiyasının məbləği 327,21 manat olaraq göstərilmişdir. Qeyd edilmişdir ki, pensiyanın təyin olunmasında əsas götürülən 2004-2005-ci illərə aid əmək haqqı sənədləri və işlədiyi müəssisəyə aid məlumatlar olmadığı halda pensiya orta aylıq əmək haqqı 512,94 manat olmaqla əsassız hesablandığı üçün 150.561,55 manat artıqvermə müəyyən olunmuşdur.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı göndərilmiş məktubundan görünür ki, xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, 2004-2005-ci illərə aid əmək haqqı sənədləri və işlədiyi müəssisəyə dair məlumatlar olmadığı halda, həmin illər üzrə əsassız olaraq 512,94 manat orta aylıq əmək haqqı nəzərə alınmaqla 1 yanvar 2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən 1 yanvar 2008-ci il tarixdən 30 noyabr 2023-cü il tarixədək yaşa görə əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Bu səbəbdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 1 noyabr 2023-cü il tarixdə dəvət məktubu göndərilmişdir. Lakin tərəf qəbula gəlməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında sərəncamlarına əsasən yaşa görə əmək pensiyasının baza hissəsi 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci il yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat, 2010-cu il sentyabrın 1-dən 85 manat, 2013-cü ilin sentyabr ayından 100 manat və 2016-cı ilin fevral ayından 110 manat müəyyən edilmişdir. Mərkəzi Filialın müvafiq qərarına əsasən 27 il 9 ay 26 gün sığorta stajı nəzərə alınaraq 1 yanvar 2008-ci il tarixdən 60 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanın məbləği indeksləşdirilərək 1 sentyabr 2008-ci il tarixdən 31 avqust 2010-cu il tarixədək 75 manat, 1 sentyabr 2010-cu il tarixdən 30 iyun 2011-ci il tarixədək isə 85 manat müəyyən edilmişdir. 1 yanvar 2006-cı il tarixədək 27 il 9 ay 26 gün sığorta stajı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq 1 iyul 2011-ci il tarixdən 138,83 manat müəyyən edilmişdir. (27 il 9 ay 26 gün x 1,94 manat sığorta hissə + 85 manat baza hissə = 138,83 manat). Eyni zamanda, əmək pensiyanın məbləği indeksləşdirilərək 1 yanvar 2012-ci il tarixdən 31 dekabr 2012-ci il tarixədək 143,08 manata, 1 yanvar 2013-cü il tarixdən 31 avqust 2013-cü il tarixədək 143,73 manata, 1 sentyabr 2013-cü il tarixdən 31 dekabr 2013-cü il tarixədək 158,73 manata, 1 yanvar 2014-cü il tarixdən 31 dekabr 2014-cü il tarixədək 160,14 manata, 1 yanvar 2015-ci il tarixdən 31 dekabr 2015-ci il tarixədək 160,98 manata, 1 yanvar 2016-cı il tarixdən 31 yanvar 2016-cı il tarixədək 163,42 manata, 1 fevral 2016-cı il tarixdən 31 dekabr 2016-cı il tarixədək 173,42 manata, 1 yanvar 2017-ci il tarixdən 31 dekabr 2017-ci il tarixədək 181,28 manata, 1 yanvar 2018-ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək 191,62 manata, 1 yanvar 2019-cu il tarixdən 30 sentyabr 2019-cu il tarixədək 197,37 manata çatdırılmışdır. Əmək pensiyasının məbləği 1 oktyabr 2019-cu il tarixdən 200 manat müəyyən edilmiş və əmək pensiyasının məbləği indeksləşdirilərək 1 yanvar 2020-ci il tarixdən 233,20 manata, 1 yanvar 2021-ci il tarixdən 259,78 manata, 1 yanvar 2022-ci il tarixdən 268,62 manata çatdırılmışdır. Əmək pensiyasının məbləği 1 yanvar 2023-cü il tarixdən 285,28 manata, eyni zamanda 327,21 manata, 1 yanvar 2024-cü il tarixdən 363,85 manata çatdırılmışdır (sonuncu yenidən hesablanmalara əsasən).

6. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 164943 nömrəli İddiaçı dair “Pensiya işi”.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

7. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasından azaldılma və tutulma barədə qərarının ləğv olunması və əvvəlki əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1946-cı ildə anadan olmuşdur. O, əmək fəaliyyətinə 5 sentyabr 1969-cu il tarixdən başlamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçıya 62 yaşının tamam olduğu 1 yanvar 2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanın məbləği hər il artırılmaqla 6 noyabr 2023-cü il tarixədək məbləğ 1.642 manat olmuşdur. İddiaçı fasiləsiz olaraq 15 il ərzində əmək pensiyasını almışdır. 1 noyabr 2023-cü il tarixdə cavabdeh orqan iddiaçıya bildiriş göndərərək, vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti ilə Fondun inzibati binasına dəvət olunmuşdur. İddiaçı həmin tarixdən beyin insultu keçirdiyi üçün həmin tarixdə Mərkəzdə iştirak edə bilməyəcəyini bildirmiş və Fonda bu barədə rəsmi məktub göndərmişdir. Lakin bunlara baxmayaraq cavabdeh orqan pensiya ödənişini 5 dekabr 2023-cü il tarixdən azaldaraq 327 manata endirmişdir. Qeyd olunanlarla bağlı iddiaçıya 5 dekabr 2023-cü il tarixli, 3-17-1/2-H285547/2023 saylı məktub göndərilsə də, qeyd olunan qərar ona təqdim edilməmiş, inzibati icraat haqqında tələbləri pozularaq həmin qərarla tanış edilməmişdir. Cavabdeh öz səlahiyyətlərini icra edərkən qəbul etdiyi aktla əvvəlcə iddiaçıya 62 yaşdan 512,94 manat olmaqla əmək pensiyası təyin edərək, ödənişlər həyata keçirmiş, daha sonra isə xidməti araşdırma zamanı 2004-2005-ci illərə aid əmək haqqı sənədləri və işlədiyi müəssisəyə dair məlumatlar olmadığı halda həmin illər üzrə əsassız olaraq əmək pensiyası ödənildiyi qənaətinə gələrək, artıq ödənilmiş məbləğin onun pensiyasından tutulması barədə məktub yollamışdır. Cavabdehin bu hərəkətləri tamamilə qanunsuzdur və bununla da iddiaçının hüquqları məhdudlaşdırılır. İşin hallarından da göründüyü kimi, inzibati orqan iddiaçıya 2004-2005-ci illərə aid əmək haqqı sənədləri və işlədiyi müəssisəyə dair məlumatlar olmadığı halda həmin illər üzrə əsassız olaraq əmək pensiyasının təyin edilməsini iddia edirsə, deməli o, qanunla üzərinə qoyulan vəzifəni düzgün icra etməyərək, işin bütün faktiki hallarını araşdırmadan iddiaçıya əmək pensiyasını təyin etmişdir. İnzibati orqan özü özlüyündə qanunla onun üzərinə qoyulan vəzifəni icra etmədiyini etiraf etmiş olur ki, bu da qanunaziddir və buna görə hər hansı şəxsin hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Eyni zamanda, iddiaçıya təyin olunmuş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən həyata keçirilmiş, təyinat məhz həmin orqan tərəfindən verilmiş və aylıq pensiya məbləği inzibati orqanın məsul şəxsləri tərəfindən hesablanmışdır. Belə ki, əgər təyinat zamanı hər hansı bir qanunsuzluq mövcud olmuşsa, o zaman həmin məsuliyyəti iddiaçı deyil, cavabdehin məsul şəxsləri daşımalıdır. Yəni, mübahisə predmeti olan məbləğ inzibati və ya intizam icraatı zamanı həmin şəxslərdən tutulmalıdır.

9. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1, 39.2, 39.3, 39.4, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12, 14, 24.1,67.4, 67.5, prosessual hüquqi əsası kimi isə İPM-in 11.1, 12.1-ci maddələrinə istinad olunmuşdur.

10. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 6 oktyabr 2023-cü il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 14 oktyabr 2025-ci il tarixli protokolqərardadı ilə icraata qəbul edilmişdir.

11. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

13. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir.

14. Etiraz onunla əsaslandırılmışdır ki, xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçıya 2004-2005-ci illərə aid əmək haqqı sənədləri və işlədiyi müəssisəyə dair məlumatlar olmadığı halda, həmin illər üzrə əsassız olaraq 512,94 manat orta aylıq əmək haqqı nəzərə alınmaqla ona 1 yanvar 2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilib. Bu səbəbdən 1 yanvar 2008-ci tarixdən 30 noyabr 2023-cü il tarixədək yaşa görə əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. Cavabdehin müvafiq qərarı əsasında iddiaçının 27 il 9 ay 26 gün sığorta stajı nəzərə alınaraq ona 1 yanvar 2008-ci tarixdən 60 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İnzibati orqan iddiaçıya 1 noyabr 2023-cü il tarixli, 3-17-1/2-H-256857/2023 nömrəli məktubla inzibati icraat barədə məlumat vermişdir. İddiaçının nümayəndəsi tərəfindən cavab məktubunun yazılması inzibati icraatın aparılması barədə məlumatın iddiaçı tərəfə çatdığını sübut edir. Qanunvericiliyə əsasən maraqlı şəxs özü inzibati icraatda iştirak edə bilməsə də, nümayəndəsinin iştirakını təmin edə bilərdi. Hazırkı halda maddi hüquq normaları, xüsusən də düzgün hüquq normasının seçilməsi və tətbiqi cəhətdən yaşa görə pensiya təyinatı düzgün aparılmadığından, iddiaçının isə inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarı formal tələblərin (prosessual) əsasların gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Bu halda hüquq tətbiqetmə prosesi birbaşa inzibati orqana aid olduğu üçün vətəndaşın hüquq tətbiqetməni dəyişdirmə və ya hər hansı mənada təsir etmə imkanı olmadığından inzibati icraatın nəticəsində fərqli qərar qəbul edilməsinə nail olma əsası da mövcud deyildir.

15. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 7, 22-1.1, 21-1.4, 39.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 62, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1, Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli Fərmanın 1.2, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 2.1.4, 3.1.17, 3.1.26, 4.2, 4.5.7-ci bəndlərinə, prosessual hüquqi əsası kimi İPM-in 47.2-ci maddəsinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

19. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

20. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

21. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

22. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdirlər. ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

23. İrəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. İstər məhkəmənin sərəncamına münasibətdə təqdim olunmuş etirazda, istərsə də məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsinin izahatında iddia tələbinin məzmunu və mümkünlük şərtləri mübahisələndirilməmişdir. Bundan əlavə, İPM-in 13-cü maddəsinin tələbinə əsasən, tərəflərin iştirakı ilə iddia tələbinin məzmunu müzakirə edilmiş, tələbin hazırkı formada tərtib edilməsi məqsədəuyğun hesab edilmişdir.

25. Maddə “ne ultra petita” prinsipini nəzərdə tutur və inzibati prosesdə dispozitivlik prinsipinin qüvvədə olduğunu bir daha vurğulayır. Bu norma ilə məhkəməyə münasibətdə müəyyən edilir ki, o, prosesi iddia tələbi əsasında qursun və iddia tələbindən kənara çıxmadan mübahisənin həll edilməsini həyata keçirsin. İnzibati prosesdə məhkəmə bir tərəfdən işin hallarının araşdırılması (12-ci maddə) prinsipini, digər tərəfdən isə dispozitivlik prinsipini rəhbər tutmalıdır. Məhz iddia tələbinə bağlılıq məhkəmə üçün işin hallarının araşdırılması prinsipinin sərhədlərini müəyyən edir. İddia tələbinin həcmini isə iddiaçı müəyyən edir və iddia ərizəsində onu dəqiq, aydın ifadə edir. Ona görə də inzibati prosesdə “reformatio in peius” (lat. Reformation - dəyişiklik, peius-daha pis) yolverilməzdir. (Kərimov S., Vəliyeva G. Azərbaycan Respubliaksının İnzibati Prosessual Məcəlləsinin Kommentariyası. BAkı-2009)

26. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

28. Həmçinin, İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.

29. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.

Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-) 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinəke çiddir; (-)

Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. (-)

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (-) 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. (-)

Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-)

Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.

Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. (-)

Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

33. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

34. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

35. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

36. İlk öncə qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən etimad hüququnun qorunması prinsipinin tələblərinə uyğun olaraq şəxsin əmlak vəziyyətinin qorunduğu hallarda yeni inzibati aktın geriyə qüvvəsi istisna edilməlidir. Belə ki, hüquqi dövlətdə publik idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür.

37. Belə ki, iddia tələbinin əsasına görə, iddiaçıya 1 yanvar 2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, fasiləsiz olaraq 15 il ərzində əmək pensiyasını verilmişdir. 5 dekabr 2023-cü il tarixdən pensiya məbləği 1.642 manatdan azaldılaraq 327 manata endirilmişdir. Lakin iddiaçıya təyin olunmuş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən həyata keçirilmiş, təyinat məhz həmin orqan tərəfindən verilmiş və aylıq pensiya məbləği inzibati orqanın məsul şəxsləri tərəfindən hesablanmışdır. Belə ki, təyinat zamanı hər hansı bir qanunsuzluq mövcud olmuşsa, o zaman həmin məsuliyyəti iddiaçı deyil, cavabdeh orqanın məsul şəxsləri daşımalıdır.

38. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçıya 1 yanvar 2006-cı il tarixədək olan 36 il 00 ay 13 gün sığorta stajına və 2004-2005-ci illər üzrə 512,94 manat orta aylıq əmək haqqına əsasən 21 aprel 2008-ci il tarixdə 560 manat pensiya təyin edilmiş, lakin daha sonra 2004-2005-ci illərə aid əmək haqqı sənədləri və işlədiyi müəssisəyə dair məlumatların olmadığı, düzgün olaraq 60 manat “yaşa görə” əmək pensiyası təyin edildiyi, sonradan “60” rəqəminin qarşısına “5” rəqəmi yazılaraq pensiyanın məbləği “560” kimi qeyd edildiyi müəyyən edilmiş, bu səbəbdən 1 yanvar 2008-ci il tarixdən 30 oktyabr 2023cü il tarixədək əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmiş, 150.561,55 manat artıqvermə müəyyən olunmuşdur.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 dekabr 2024cü il tarixli, 2-1(102)-3135/2024 nömrəli qərarına əsasən, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki, sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. ... Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.

40. Göründüyü kimi, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.

41. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, cavabdeh orqan 21 aprel 2008-ci il tarixdə təyin edilmiş pensiya məbləğinin yenidən hesablayaraq, müvafiq uyğunsuzluqların aşkar olunduğu üçün azalması, ötən dövrlər üzrə artıq ödənilmiş 150.561,55 manat pensiya məbləğinin geri qaytarılması məqsədilə pensiyadan tutulmaların aparılması barədə qərar qəbul etmişdir.

42. Bununla da aydın olur ki, cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbini gözləməmişdir. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Odur ki, iddiaçının əmək pensiyası təyin olunduğu 21 aprel 2008-ci il tarixdən cavabdeh təxminən 15 il sonra iddiaçının pensiya məbləğinin səhv təyin edilməsinin bildirilməsində və pensiyadan müvafiq tutulmaların aparılmasında haqlı olmamışdır.

43. Həmçinin, etirazın dəlili kimi qeyd edilən “iddiaçının nümayəndəsi tərəfindən cavab məktubunun yazılması və maraqlı şəxsin özü inzibati icraatda iştirak edə bilməsə də, nümayəndəsinin iştirakını təmin edə bilməsi” dəlilini, həmin məktubun məzmununu qiymətləndirərək yetərli sübut kimi qəbul etmir.

44. Belə ki, cavabdehin istinad etdiyi məktubda qeyd olunur: “Məlumat üçün bildirmək istəyirəm ki, həyat yoldaşım İddiaçı beyin insultu (sənədlər məktuba əlavə olunub) keçirməsi nəticəsində bədənin sağ tərəfinin əzələlərində zəifləmə və yaddaşında pozuğunluq baş verməsi səbəbindən səhhətində ciddi problemlər yaranmışdır. Bu səbəbdən məktubda qeyd etdiyiniz ünvana gəlməsi və mülahizələrin şəxsən özünün bildirməsi mümkünsüzdür. Yuxarıda qeyd olunan səbəblərə görə yoldaşımın əvəzindən mülahizələrimi məktub vastəsilə mən (X3) diqqətinizə çatdırıram. Yoldaşım İddiaçı əmək fəaliyyəti dövründə bir çox sahələrdə işləmişdir. Bildiyimə görə əmək fəaliyyətinə 1970-ci illərin əvvəllərindən (dəqiq tarixi xatırlamırıq) Naxçıvan MR-da başlamışdır (işlədiyi yerin adını tam xatırlamıram), daha sonra 1977-ci ildən Sumqayıt şəhərinə köçdükdən sonra Sumqayıt şəhərində uzun müddət 1 saylı dəmir-beton zavodunda işləmişdir. Daha sonra zavod əmək haqqlarını verə bilmədiyi üçün bir müddət dəqiq adlarını bilmədiyim özəl sahələrdə fəaliyyətini davam etdirmişdir. Sadəcə xatırladığım pensiyaya çıxana kimi olan dövürdə heç vaxt işsiz qalmamış səthi xatırlamama görə avtomobil təmiri və ağır sənaye sahələrində fəaliyyət göstərmişdir. Bildirmək istəyirəm ki, çoxuşaqlı ailə olmağımıza baxmayaraq ailədə yalnız həyat yoldaşım işləyərək ailəni dolandırmışdır. Buna görə də yoldaşım daim əmək haqqı yüksək olan ən ağır sahələrədə fəaliyyət göstərmişdir. Bu gün elə onun nəticəsidir ki, bədənində ağrılar və səhhətində ciddi çatışmazlıqlar yaranmışdır və vaxtaşırı olaraq mülicələr almaqla daim dərmanlarla yaşayır. Həmçinin bildirmək istəyirəm ki, hazırda təkbaşına heç hara getməyə və mənim dəstəyim olmadan hətta paltar belə geyinib-soyunmaq gücünə malik deyildir. Sizin göndərdiyiniz məktubda da qeyd olunduğu kimi yoldaşım xx.xx.2008-ci ildə pensiya yaşına çatmasıilə əlaqədar bütün sənədlərini toplayaraq Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə təqdim etmişdir. Təqdim etdiyi sənədlər əsasında da həmin dövürdə qüvvədə olan qanunvericiliyə əsasən yoldaşıma əmək pensiyası təyin olunmuşdur. Lakin Sizin yolaşımın adına ünvanladığınız məktubda qeyd olunur ki, 2004-2005-ci illərdə əmək haqqı sənədləri və işlədiyi müəssəyə aid sənədləri yoxdur. Əgər o dövürdə həmin sənədlər yoldaşım tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə təqdim olunmamışdırsa, ona hansı əsasla pensiya hesablaya bilərdilər? Demək ki, yoldaşım 2008-cı ildə həmin sənədləri də Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə təqdim edib. Hesab edirəm ki, həmin sənədlərin 2008-ci ildə Dövlət Sosial Müdafiə Fondunun hansı əməkdaşına təqdim olunmasını asanlıqla təyin etmək olar. Bundan əlavə, necə ola bilər ki, Dövlət Sosial Müdafiə Fondununa təqdim olunmuş sənədlər arxivdən yoxa çıxsın? Ola bilməz ki, 15 il öncə də təqdim olunmuş səndlərin hansısa bir formada qeydiyyatı aparılmasın. Düşünürəm ki, qeyd etdiyim istiqamətlərdə də rəhbərlik etdiyiniz mərkəz araşdırma apara və ya heç bir sənəd əldə edə bilmirsə, o zaman burada qərəzli yanaş bilərəkdən yaddaş pozğunluğu olan xəstə, ahıl yaşlı insanların sənədləri və sənədlərin qeydlər ləğv edilərək onlara süni problemlər yaradılaraq incidilir. Məktubda qeyd etmisiniz il tarixindən xx.xx.2023-cü il tarixinədək yoldaşıma verilən əmək pensiyası üzrə ödənilər vasait hesab edilir. Başa düşmürəm, belə çıxır ki, yoldaşım 40 ilə yaxın stajla 62 yaşında ... deyildi? Xahiş edirəm, məsələnin obyektiv araşdırılması üçün xüsusi göstəriş verəsiniz.”

45. Beləliklə, yuxarıda sadalanan hallara əsasən, aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir.

NƏTİCƏVİ HİSSƏ

46. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 6 oktyabr 2023-cü il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar