Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1148/2021 16.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Abdureyimov(Abdurahmanov) Əskar Fazil oğlunun cavabdeh Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsiyyət vəsiqəsi olmadığı üçün Şamaxı rayon Qeydiyyat şöbəsinin üzərinə ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abdureyimov(Abdurahmanov) Əskar Fazil oğlu cavabdeh Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsiyyət vəsiqəsi olmadığı üçün Şamaxı rayon Qeydiyyat şöbəsinin üzərinə ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı 25.05.1956-cı il tarixdə Şamaxı rayonunun Bağırlı kəndində anadan olmuşdur. Təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Şamaxı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin sonuncu onun ərizəsini təmin etməmiş, şəxsiyyət vəsiqəsi olmadığından iddiaçıya Şamaxı rayon Bağırlı kənd icra nümayəndəliyində 02.06.1956-cı ildə 56 nömrə ilə qeydə alınmış təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamə verirlər. Bu Məcəllənin 160.1. maddəsində göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1. maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2. maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001 -ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 13-cü bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Qaydaların 22 və 12-ci bəndlərində qeyd olunur ki, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası məsələsindən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə düşən inzibati aktın qəbulu edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələr baxırlar. Həmin Məcəllənin 33.1 maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7-ci bəndinə əsasən “yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğum haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər.” “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.” İddiaçı şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi (olmaması səbəbindən) üçün Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Doğum haqqında akt qeydində ata adı yazılmamışdır. Cavabdehin nümayəndəsi iş yükünün çoxluğu ilə əlaqədar işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, doğum haqqında akt qeydi şəxs doğulan andan onunla bağlı ilkin məlumatların, yəni adının, soyadının, ata, ana adının və soyadının qeydə alındığı sənəddir. İddiaçı hazırda ona təkrar doğum haqqında şəhadətnamənin verilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.1 və 9.8-ci bəndlərinə əsasən qeydiyyat şöbəsinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Həmçinin 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim etdikdə təkrar şəhadətnamələr verilə bilər. Lakin hazırki işdə iddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün inzibati orqana şəxsiyyətini təsdiq edən sənəd təqdim etməmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın doğum haqqında şəhadətnamənin verilməsindən imtinası əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün ümumi məhkəməyə müraciət etmək imkanı vardır, hansıkı inzibati orqan öz imtinasında məhkəməyə müraciət etməyi iddiaçıya tövsiyyə etmişdir. Lakin iddiaçı müvafiq ümumi məhkəməyə müraciət etmək əvəzinə inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi qanunvericilikdə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında iddialara mülki məhkəmə icraatında xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmuşdur. İddiaçıya izah olunsun ki, faktının müəyyən edilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1148/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1148/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver