Məhkəmə qərarları › İş №2-1(118)-115/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-115/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-115/2021 26.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhəri 2 saylı Vəkil Bürosunda vəkil işləyən, Bakı şəhəri, S.Rəhman küçəsi ev 45 mənzil 40-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdehin üzərinə Abşeron rayonu, Məmmədli kəndi, Çingiz Mustafayev küçəsində iddiaçının istifadəsində olan 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdehin üzərinə Abşeron rayonu, Məmmədli kəndi, Çingiz Mustafayev küçəsində iddiaçının istifadəsində olan 0.10 ha torpaq sahəsinin özəlləşdirilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehin üzərinə Abşeron rayonu, Məmmədli kəndi, Çingiz Mustafayev küçəsində iddiaçının istifadəsində olan 0.10 ha torpaq sahəsi üzərində İddiaçı hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndi, Çingiz Mustafayev küçəsində Abşeron rayon İHB-nın Məmmədli kəndi üzrə İcra Nümayəndəliyinin 16 aprel 2004-cü il tarixli qərarı ilə iddiaçının istifadəsinə 0,10 ha torpaq sanəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsində 2011-ci ildə ümumi sahəsi 242,4 kvm olan iki mərtəbəli yaşayış evi tikdirmişdir. Evin tikintisi zamanı tikinti norma və qaydalarına əməl edilmişdir. Hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Evin tikildiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən ona imtina bildirişi verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, mübahisəli torpaq sahəsi səlahiyyətsiz şəxs – Abşeron RİHB-nın Məhəmmədi kəndi üzrə İcra Nümayəndəliyinin 16 aprel 2004-cü il tarixli 18 saylı sərəncamı ilə vətəndaşın istifadəsinə ayrılmışdır. Təqdim edilmiş sənədlər ekspertiza edilərkən Abşeron RİHB-nın Məhəmmədi kəndi üzrə İcra Nümayəndəliyinin 16 aprel 2004-cü il tarixli 18 saylı sərəncamı ilə ayrılnmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının, o cümlədən ölçüsünü və yerləşmə vəziyyətini təyin edən və koordinat cədvəlinin özündə əks etdirən yerquruluşu sxeminin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Habelə, təqdim edilmiş sənədlərdə göstərilən 0.10 һа torpaq sahəsinin baxış keçirilmiş ərazidə verləsən torpaq sahəsinə aid olub-olmamasını müəvvən etmək mümkün olmamışdır. Belə ki. həmin sənədlərdə eyniləşdirmə aparılması ücün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və va qonşuluqlar) göstərilməmişdir. Əlavə olaraq, müavinə zamanı torpaq sahəsinin 0.0340 ha hissəsinin yüksək gərginlikli (6 kvt) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəvvən edilmişdir. İş materiallarında olan: -Abşeron rayon Məmmədli kəndi üzrə icra nümayəndəliyinin 18 saylı 16 aprel 2004-cü il tarixli sərəncamından çıxarışdan görünür ki, Məmmədli kənd sakini X3 Abşeron rayon İcra Hakimiyyəti başçısının 155 №li sərəncamına əsasən Məhəmmədi kənd nümayəndəliyinin sərəncamına əsasən 0.10 ha torpaq sahəsi verilmişdir. Həmin şəxsin imkanı olmadığından torpaqdan istifadə edə bilmədiyinə görə adında olan torpaq sahəsi İddiaçı adına keçirilmişdir. - Abşeron rayon Məmmədli Bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, 0.10 torpaq sahəsi İddiaçı adınadır. - ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 27.12.2019-cu il tarixli **********34 saylı bildirişdən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.10 ha torpaq sahəsinin İddiaçı Məhəmmədi kəndi üzrə icra nümayəndəliyinin 18 nömrəli sərəncamı ilə ayrıldığı müəyyən edilmişdir. Ayrılmış sözügedən torpaq sahəsinin Məhəmmədi kəndi üzrə icra nümayəndəliyinin 18 nömrəli sərəncamının arxiv arayışının, ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının, o cümlədən ölçüsünü və yerləşmə vəziyyətini təyin edən və koordinat cədvəlinin özündə əks etdirən yerquruluşu sxeminin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Habelə, təqdim edilmiş sənədlərində göstərilən 0.10 ha torpaq sahəsinin baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir. Əlavə olaraq, müayinə zamanı torpaq sahəsinin 0.0340 ha hissəsinin yüksək gərginlikli (6 kvt) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. İş üzrə təyin edilmiş və ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisinin iştirakı ilə keçirilmiş məhkəmə-mühəndis-texniki ekspertizasının 01.06.2021-ci il tarixlli 10/2126 saylı ekspert rəyindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kəndi üzrə icra nümayəndəliyinin 18 saylı 16.04.2004-cü il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim olunmadığından naturada mövcud olubolmamasının araşdırılması mümkün olmamışdır. Həmin torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədlərinin (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) müvafiq səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş formada məhkəmə tərəfindən təqdim edildiyi təqdirdə həmin torpaq sahəsinin naturada mövcud olub-olmaması ilə bağlı rəy bildiriləçəkdir. İddiaçı tərəfindən faktiki istifadə vəziyyətdə tanıdılan, daş hasara alınmış 0,1614 ha torpaq sahəsidən 10 Kvluq yüksək gərginlikil elektrik hava xəttinə qədər olan ara məsafə 10.22 metr təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən 10 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizəsi 10 m təşkili etdiyindən mühafizə zonasında yerləşmir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin imtina bildirişində iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmasının əsası kimi Abşeron rayon İcra Hakimiyyəti başçısının Məmmədli kəndi üzrə nümayəndəliyinin İddiaçı torpaq sahəsini ayırmaq səlahiyyətinin olmaması göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş Abşeron rayon İcra Hakimiyyəti başçısının Məmmədli kəındi üzrə icra nümayəndəsinin sərəncamından görünür ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmaq məqsədi ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 155 saylı sərəncamına əsasən Məmmədli kəndi üzrə icra nümayəndəliyinin qərarı ilə 0.10 ha torpaq sahəsi X3 ayrılmışdır. Daha sonra isə həmin torpaq sahəsi İddiaçı adına keçirilmişdir. 1999-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Bundan başqa 0,10 ha ölçüdə torpaq sahəsinin iddiaçıya ayrılmasına dair qərar qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Cavabdeh inzibati orqana isə həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. Cavabdehin imtinasının dəlillərindən biri kimi o da olmuşdur ki, mübahisəli torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Bununla bağlı məhkəmə tərəfindən təyin edilmiş ekspert rəy vermişdir ki, iddiaçının istifadəsində olan daş hasara alınmış 0.1614 ha torpaq sahəsindən 10 kVt-luq yüksək gərginlikli elektrik hava xəttinə qədər olan ara məsafə 10.22 m təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən 10 kVt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizəsi 10 metr təşkil etdiyindən mühafizə zonasında yerləşmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kəndi üzrə nümayəndəliyinin qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə ekspertizanın keçirilməsinə sərf edilmiş 50 manat pul vəsaiti və mütəxəssis rəyinin verilməsi üçün sərf edilmiş 95 manat cavabdehdən tutularaq müvafiq olaraq Az.MEM, VÖEN**********, X1, KOD 210005,VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba və Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin "xxxx" ASC-nin Xətai filialında olan AZ23AllB********************8 saylı hesaba ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kəndi üzrə nümayəndəliyinin qərarı ilə ayrılmış və Abşeron rayonu, Məmmədli kəndi, Çingiz Mustafayev küçəsində yerləşən, iddiaçının istifadəsində olan 0.10 ha torpaq sahəsi üzərində İddiaçı hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən 50 (əlli) manat ekspertiza xərcləri və 95 (doxsan beş) manat tutularaq müvafiq olaraq Az.MEM, VÖEN**********, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba və Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin "xxxx" ASC-nin Xətai filialında olan AZ23AllB********************8 saylı hesabına ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar