Məhkəmə qərarları › İş №2-1(118)-1150/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1150/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1150/2021 22.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Quba rayon İ Nügədi bələdiyyəsinə qarşı “Quba rayonu İ Nügədi bələdiyyəsinin 15 iyul 2019-cu il tarixli 09 saylı iclasının qərarının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Quba rayon İ Nügədi bələdiyyəsinə qarşı iddia qaldıraraq “Quba rayonu İ Nügədi bələdiyyəsinin 15 iyul 2019-cu il tarixli 09 saylı iclasının qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu İ Nügədi bələdiyyəsinin 15 iyul 2019-cu il tarixli 09 saylı iclas protokolunun qərarı ilə onun İddiaçı İ Nügədi bələdiyyəsinin ərazisində fəaliyyət göstərən Qum-çınqıl karxanasının rəhbəri kimi vergi ödəyicisi olaraq 114000 manat mədən vergisi ödəməli olduğu və 10 gün müddətində ödənilmədiyi halda borcun məcburi qaydada alınması məqsədilə Quba rayon İcra və probasiya şöbəsinə mürcaciət edilməsi qərara alınmışdır. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən Quba rayon İ Nügədi bələdiyyəsinin 15 iyul 2019-cu il tarixli 09 saylı iclas protokolunun qərarı ilə icraata başlamaq haqqında 24.12.2019-cu il tarixli qərar qəbul edilmişdir. Quba rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli 8(027)-470/2020 saylı qərardadı ilə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Quba rayonu, İ Nügədi bələdiyyəsinin 09 saylı 15.07.2019-cu il tarixli iclas qərarı üzrə borclu kimi ona məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilib, borclu İddiaçı mülkiyyətində olan “VAZ-21074” minik markalı 99 MZ-999 dövlət nömrə nişanlı və “Toyota Landcruizer” minik markalı **-ZM-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması qərara alınmışdır. Qeyd olunan inzibati aktın qəbul edilməsi ilə bağlı ona Quba rayonu İ Nügədi bələdiyyəsi tərəfindən heç bir məlumat verilməmiş, 114000 manat mədən vergisinin İddiaçı tərəfindən tutulmalı olması ilə bağlı işin faktiki və hüquqi halları və bu halları təsdiq edən sübutlarla əsaslandırma aparılmamışdır. Qeyd olunan inzibati aktın mövcudluğundan və onun icraya yönəldilməsindən məlumatı olmamış, mülkiyyətində olan nəqliyyat vasitələrinin üzərində həbs olması barədə X3 əməkdaşlarının bildirməsi zamanı xəbər tutmuşdur. Ümumiyyətlə Quba rayonu İ Nügədi bələdiyyəsinin ərazisində ona aidiyyatı olan Qum-Çınqıl karxanası mövcud deyildir və heç vaxt orada bu cür təyinatlı fəaliyyətlə məşğul olmamış və rəhbərlik etməmişdir. Quba rayonu İ Nügədi bələdiyyəsinin 28 yanvar 2021-ci il tarixli 020 saylı arayışında həmin bələdiyyəyə aid inzibati ərazidə onun sahibkarlıq (daş karxanası) təyinatlı torpaq sahəsinin olmadığı təsdiq edilmişdir. Quba rayonu İ Nügədi bələdiyyəsinin İddiaçı 114000 manat mədən vergisinin tutulması və borcun məcburi alınması üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilməsi barədə 15.07.2019-cu il tarixli 09 saylı qərarı qanunvericiliyin tələbinin kobud pozulması və heç bir əsaslandırma aparılmadan qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim edilməmiş, onun və üçüncü şəxsin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclası onların iştirakı olmadan keçirilmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: -Quba rayon İ Nügədi bələdiyyəsinin 15 iyul 2019-cu il tarixli 09 saylı iclas protokolu ilə vergi ödəyicisi Birinci Nügədi bələdiyyəsinin ərazisində fəaliyyət göstərən Qum-çınqıl karxanasının rəhbəri İddiaçı hesablanmış 114000 manat mədən vergisinin bələdiyyənin hesabına ödənilməsinin həyata keçirilməsi məqsədilə 10 gün müddət verilməsi qərara alınmışdır. -Quba rayon İ Nügədi bələdiyyəsinin iddiaçıya ünvanladığı 09 iyul 2019-cu il tarixli məktubu ilə iddiaçıdan 114000 manat məbləğində verginin ödənilməsi tələb edilmiş, əks təqdirdə barəsində qərar qəbul edilib icraya yönəldiləcəyi bildirilmişdir. -Quba rayon İcra və probasiya şöbəsinin 24.12.2019-cu il tarixli icraata başlamaq haqqında qərarı ilə Quba rayon İ Nügədi bələdiyyəsinin 15 iyul 2019-cu il tarixli 09 saylı qərarı üzrə icraata başlanılmış, İddiaçı 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. -Quba rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 8(027)-470/2020 saylı qərardadı ilə Quba rayon İ Nügədi bələdiyyəsinin 15 iyul 2019-cu il tarixli 09 saylı iclas qərarı üzrə borclu İddiaçı mülkiyyətində olan “VAZ-21074” minik markalı 99 MZ-999 dövlət nömrə nişanlı və “Toyota Landcruizer” minik markalı **-ZM-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması qərara alınmışdır. -Quba rayon İ Nügədi bələdiyyəsinin iddiaçıya ünvanladığı N 020 saylı, 28.01.2021ci il tarixli məktubunda onun adına Quba rayonu İ Nügədi bələdiyyəsində sahibkarlıq (daş karxanası) təyinatlı torpaq sahəsinin olmadığı qeyd edilmişdir. -3 saylı Ərazi Vergilər İdarəsinin Təsərrüfat subyektinin (obyektinin) vergi uçotuna alınması haqqında iddiaçıya ünvanladığı 29.12.2020-ci il tarixli məktubu ilə ona məxsus təsərrüfat subyektinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi uçotuna alınmadığı qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, bələdiyyə tərəfindən iddiaçıya Qum-çınqıl karxanasının rəhbəri kimi 114000 manat məbləğində mədən vergisi hesablanmış, həmin vergi məbləğinin bələdiyyənin hesabına köçürülməsi ilə bağlı 15 iyul 2019-cu il tarixdə 09 saylı qərar qəbul olunmuş və qərar icra olunması üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Quba rayon İcra və Probasiya şöbəsinin 24.12.2019-cu il tarixli qərarı ilə bələdiyyənin sözügedən qərarı üzrə icraata başlanılmış və İddiaçı 10 gün müddətinə borcun ödənilməsi təklif edilmişdir. Daha sonra Quba rayon İcra və probasiya şöbəsinin təqdimatı əsasında Quba rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 8(027)-470/2020 saylı qərardadı ilə Quba rayon İ Nügədi bələdiyyəsinin 15 iyul 2019-cu il tarixli 09 saylı iclas qərarı üzrə borclu İddiaçı mülkiyyətində olan “VAZ-21074” minik markalı 99 MZ-999 dövlət nömrə nişanlı və “Toyota Landcruizer” minik markalı **-ZM-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması qərara alınmışdır. İddiaçı hal-hazırda bələdiyyənin sözügedən qərarından narazıdır və ləğv edilməsini məhkəmədən xahiş edir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə hazırkı icraatda tədqiq edilmiş sübutlar və tərəflərin dəlilləri əsasında müəyyən edilmiş aşağıdakı xüsusatları diqqətə çəkir: - mübahisələndirilən 15.07.2019-cu il tarixli 09 nömrəli qərarın qəbulu üzrə inzibati icraatda maraqlı şəxs kimi hazırkı iddiaçıya rəsmi məlumat verilməsinə, onun həmin qərarın qəbuluna əsas olmuş aktla tanış olmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, inzibati icraatda inzibati orqan tərəfindən Quba rayon İ Nügədi bələdiyyəsi «İnzibati icraat haqqında» AR Qanununun 25, 51.1-ci maddələrinin, eləcə də «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.4 – 5.6-cı bəndlərinin tələbləri pozulmuşdur; - vergi ödəyicisi kimi hazırkı iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olan 15.07.2019-cu il tarixli 09 nömrəli qərar onu qəbul edən inzibati orqan Quba rayon İ Nügədi bələdiyyəsi tərəfindən aydın və tam şəkildə əsaslandırılmamışdır. Qərarda hansı illər üzrə verginin hesablandığı müəyyən deyil, habelə həmin verginin ödənilməsi ilə bağlı bələdiyyə tərəfindən müvafiq tarixlərdə tədiyə bildirişlərinin vergi ödəyicisi kimi iddiaçıya çatdırılması təsdiqini tapmır. - sözügedən qərarda iddiaçıya 114000 manat mədən vergisi borcunun olduğu qeyd edilmişdir. Lakin bələdiyyə tərəfindən iddiaçıya hesablanmış vergilərin məbləğinin hansı əsaslarla hesablanması, hesablanmanın istinad edilməli olduğu hüquq norması, ümumilikdə borcun miqdarı qeyd edilmişdir. Halbuki qanunvericilikdə yerli vergilərin müəyyən edilməsinin əsasları müəyyən edilmişdir. Həmin əsaslara vergitutma obyekti, vergitutma bazası, vergitutma dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası daxildir. - mübahisələndirilən 15.07.2019-cu il tarixli 09 nömrəli qərar vergi ödəyicisi kimi iddiaçıya münasibətdə vergi borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul oluna bilməz. Çünki, yerli (bələdiyyə) vergilərin sırasına daxil olan “fizki şəxslərin əmlak vergisi”nin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri də nəzərə alınmaqla belə nəticə yaranır ki, cavabdeh inzibati orqan tərəfindən «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin qeyd olunan müddəasının (5.6-cı bəndinin) tələblərinə riayət edilməmişdir. - bundan başqa iş materiallarına əlavə edilmiş Quba rayon İ Nügədi bələdiyyəsinin iddiaçıya ünvanladığı N020 saylı, 28.01.2021-ci il tarixli məktubunda onun adına Quba rayonu İ Nügədi bələdiyyəsində sahibkarlıq (daş karxanası) təyinatlı torpaq sahəsinin olmadığı qeyd edilmişdir. Eyni zamanda 3 saylı Ərazi Vergilər İdarəsinin Təsərrüfat subyektinin (obyektinin) vergi uçotuna alınması haqqında iddiaçıya ünvanladığı 29.12.2020-ci il tarixli məktubu ilə də ona məxsus təsərrüfat subyektinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi uçotuna alınmadığı qeyd edilmişdir. Beləliklə bələdiyyə tərəfindən vergitutma obyekti düzgün müəyyən edilməmişdir. Halbuki qanunvericilikdə yerli vergilərin müəyyən edilməsinin əsasları müəyyən edilmişdir. Həmin əsaslara vergitutma obyekti, vergitutma bazası, vergitutma dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası daxildir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Quba rayon İ Nügədi bələdiyyəsinin 15.07.2019-cu il tarixli 09 nömrəli qərarı qanunsuzdur və onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə məhkəmə qeyd olunanlara əsaslanaraq və qanunvericiliyin sadalanan normalarının, o cümlədən AR Vergi Məcəlləsinin 70.1-ci maddəsinin, «İnzibati icraat haqqında» AR Qanununun 67.1, 67.2-ci maddələrinin, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.10-cu bəndinin, İPM-in 70.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilərək cavabdeh Quba rayon İ Nügədi bələdiyyəsinin 15.07.2019-cu il tarixli 09 nömrəli qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba rayon İ Nügədi bələdiyyəsinin 2/1 nömrəli 26.02.2021-ci il tarixli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Quba rayon İ Nügədi bələdiyyəsinin 15.07.2019-cu il tarixli 09 nömrəli qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar