Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1150/2024 27.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçıya Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 12 may 2005-ci il tarixli 12 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikintisi məqsədi ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 12 may 2005-ci il tarixli 12 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikintisi məqsədi ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 39 saylı sərəncamı ilə X2 0,10 ha torpaq sahəsi verilmişdir. T.Əliyev Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəliyinə ərizə verərək ona ayrılmış torpaq sahəsinin iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmasına dair xahiş etmiş və nümayəndəliyin 12 may 2005-ci il tarixli, 12 nömrəli sərəncamı ilə torpaq sahəsi iddiaçıya ayrılmış və orada fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş və 20 ilə yaxındır ki, ev onun istifadəsindədir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etsə də, cavabdeh orqan bir sıra sənədlərin olmaması səbəbindən ərizənin icrasından imtina etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 21 iyun 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim etdiyi yazılı etirazı müdafiə edərək iddianın təmin edilməməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 12 may 2005-ci il tarixli, 12 nömrəli sərəncamında yerli icra hakimiyyəti başçısının 0,10 ha torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad edilməmiş, torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı təqdim edilməmişdir. Eyni zamanda daşınmaz əmlakın bir hissəsi "xxxx" ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. • Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin sərəncamından çıxarışa əsasən (№ 12, 12 may 2005-ci il) Saray qəsəbə sakini X2 0,10 ha torpaq sahəsi ayrılmış və sonuncunun xahişi ilə həmin həyətyanı torpaq sahəsinin iddiaçıya ayrılması və orada yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. • Məhkəmə sorğusu (Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəsinin 12 may 2005-ci il tarixli, 12 nömrəli sərəncamının nəyin əsasında verilməsi, həmin sərəncamın verilməsi zamanı yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad olunub-olunmaması, eləcə də müvafiq sahədə yaşayış evinin tikintisinə icazə verilib-verilməməsi barədə məlumatların əldə edilməsilə bağlı) nəticəsində əldə edilmiş Abşeron Rayon İcra Hakimiyyətinin məktubu ilə müəyyən edilmişdir ki, Abşeron Rayon İH başçısının 28 aprel 1994-cü il tarixli 233 saylı və 19 iyun 1998-ci il tarixli 149 saylı Sərəncamları ilə Saray qəsəbəsi üzrə icra nümayəndəliyinə fərdi mənzil tikintisi üçün torpaq fondu ayrılmışdır. • Abşeron Rayon Dövlət Arxivindən sorğu nəticəsində əldə edilmiş arayışla müəyyən olunur ki, 05 noyabr 1999-cu il 39 nömrəli vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında Saray qəsəbəsi üzrə nümayəndəsinin sərəncamına əsasən X2 0,10 ha torpaq sahəsinin ayrılması və yaşayış evi tikməyə icazə verilməsi qeyd edilmişdir. • "xxxx" ASC-yə ünvanlanan məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, mübahisəli torpaq sahəsi su kəmərinin mühafizə zonasından kənarda yerləşir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.
Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir: 1.1-ci bənd: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bənd: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bənd: Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bənd: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 12 may 2005-ci il tarixli sərəncamından çıxarışa əsasən (№ 12,) Saray qəsəbə sakini X2 0,10 ha torpaq sahəsi ayrılmış və sonuncunun xahişi ilə həmin həyətyanı torpaq sahəsinin iddiaçıya ayrılması və orada yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Abşeron rayonu olduğu üçün həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin 11 iyul 2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. Məhkəmə bununla bağlı eyni zamanda qeyd edir ki, cavabdeh orqan etirazının 4-cü bəndində hazırkı iddiaya mübahisələndirmə iddiasının müddaəlarını aid etmişdir. Halbuki hazırkı iddia öhdəliyin icrası ilə bağlı iddia növlərinə aid edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Abşeron rayonu Saray qəsəbəsi olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
Maddə 358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.8-ci maddə: Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin norma Mülki Məcəllənin 139-1.1.8-ci maddəsində də qeyd olunmuşdur).
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin siyahı: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar
“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli 39 saylı sərəncamı ilə Saray qəsəbə sakini X2 0,10 ha torpaq sahəsi ayrılmışdır. 12 may 2005-ci il tarixli sərəncama əsasən Təyyar Əliyevin xahişi ilə ona məxsus olan torpaq sahəsi iddiaçıya ayrılmış və ona yaşayış evi tikməyə icazə verilmişdir. İddiaçı ona ayrılmış və uzun zamandır istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini cavabdeh orqandan tələb etmiş, lakin cavabdeh təşkilat tərəfindən aşağıdakı səbəblərdən imtina edilmişdir: 1) Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 12 may 2005-ci il tarixli, 12 nömrəli sərəncamında yerli icra hakimiyyəti başçısının 0,10 ha torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad edilməməsi; 2) İddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilməməsi; 3) Daşınmaz əmlakın bir hissəsinin "xxxx" ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşməsi.
Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halları araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün irəli sürülən yanaşmalar əsassız olduğundan iddia tələbi təmin edilməlidir. İlkin imtinaya münasibətdə məhkəmə qeyd edir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1994-cü il tarixli 233 saylı və 19 iyun 1998-ci il tarixli 149 saylı Sərəncamları ilə Saray qəsəbəsi üzrə icra nümayəndəliyinə fərdi mənzil tikintisi üçün torpaq fondu ayrılmışdır (məhkəmə sorğusu nəticəsində öz təsdiqini tapmışdır). Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999cu il tarixli 39 saylı sərəncamı ilə həmin torpaq fondundan X2 0,10 ha torpaq sahəsi ayrılmış və sonuncunun xahişi ilə ona məxsus həmin torpaq sahəsinin iddiaçıya ayrılması barədə 12 may 2005-ci il tarixli sərəncam qəbul edilmişdir. Yəni, yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsaslı olduğundan cavabdehin bu hissədəki imtinasını istisna edir. İnzibati orqanının ikinci imtinasına münasibətdə bildirilir ki, iddiaçıya torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Abşeron rayon Dövlət Arxivinin T251 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş arxiv çıxarışı ilə müəyyən olunur ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Saray üzümçülük sovxozunun 21 oktyabr 1994-cü il tarixli 59 saylı əmri ilə qəsəbə daxilində boş, istifadəyə yararsız torpaq sahələri və Abşeron Rayon İH-nin 28 aprel 1994-cü il tarixli 233 saylı sərəncamı ilə Saray qəsəbə İcra Nümayəndəliyinin sərəncamına verilmiş 25 ha hissədən vətəndaşlara torpaq sahələri ayrılmış və onların siyahısında X1 (torpağın ilkin ayrıldığı şəxs) adı da qeyd edilmişdir. Həmin arxiv arayışının mötəbərliyi məhkəmə sorğusu nəticəsində də təsdiq olunmuşdur. Ayrıc aktına, baş plana münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu və 3.0.31-ci bəndlərində vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Göründüyü kimi yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin qanunvericiliklərdən irəli gələn öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Eləcə də ayrıc aktının forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçıya müvafiq qərarlarla torpaq sahəsi ayrılan zaman ilkin baş planın və ayrıc aktının təqdim edilməməsində iddiaçının təqsiri yoxdur. Belə olan halda isə müvafiq torpaq sahəsinə dair ayrıc aktının və ilkin baş planın arxiv idarəsinə təhvil verilməməsi və aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu isə bir daha olaraq cavabdeh təşkilatın ikinci imtinasının əsassız olmasına dəlalət edir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin sərəncamı ilə iddiaçıya verilmiş torpaq sahəsinin qonşuluğunda (sağında, solunda) hər hansı bir fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilib-verilməməsi, verildiyi təqdirdə həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərin əldə edilməsi üçün cavabdeh orqana sorğu göndərilmiş və ilkin hüquqmüəyyənedici sənədlər də daxil olmaqla daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar təqdim edilmişdir. Həmin sənədlərin tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə dair çıxarışın verilməsinə əsas olmuş sənədlərə Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında sərəncamı olmuşdur. Göründüyü kimi iddiaçının qonşuluğunda yerləşən şəxslərin eyni əsaslarla torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, lakin iddiaçının hüquqlarının məhdudlaşdırılması cavabdeh tərəfindən inzibati icraat haqqında qanundan irəli gələn etimadın qorunması prinsipinin pozulması ilə nəticələnir. Son imtinaya münasibətdə isə qeyd olunmalıdır ki, Azərsu” ASC-yə ünvanlanan məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, mübahisəli torpaq sahəsi su kəmərinin mühafizə zonasından kənarda yerləşir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 12 may 2005-ci il tarixli 12 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikintisi məqsədi ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev