Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1151/2023 03.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Məmmədli Bələdiyyəsinin ərazisindən ayrılmış 0,08 ha torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı ilkin olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədli Bələdiyyəsinin ərazisindən ayrılmış 0,08 ha torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ona hüquqi yardım edildikdən sonra iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsinin qeyd olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 15 may 2006-cı il tarixində həyətyanı torpaq sahəsi almaq üçün Abşeron rayon Məmmədli Bələdiyvəsinə müraciət etmişdir. Yazılı müraciətinə ərazi bələdiyyəsinin iclasında baxılaraq Məmmədli Bələdiyyəsinin ərazisindən 0.08 ha torpaq sahəsinin iddiaçıya satılması barədə “Bələdiyyə torpaqlarının idarə olunması haqqında" Azərbaycan Respublikasının Qanununun 4.0.2.6 və 7-ci maddələrinə uyğun olaraq 27 iyun 2006-cı il tarixli 06/643 nömrəli qərar qəbul edilmişdir. Qərardan sonra iddiaçı “Kapital bank”ın Abşeron filialındakı **********0 saylı hesabına 25 nömrəli qəbzlə 240 manat haqq ödəmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsi müdiri X2 iştirakı ilə 10 iyul 2006-cı il tarixində tərtib edilərək imza və möhürlə təsdiq edilməsinə dair akt verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən Məmmədli Bələdiyyəsinin 27 iyun 2006-cı il tarixli 06 643 saylı qərarına əsasən alqı-satqı predmeti olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin iddiaçıya məxsus olmaqla, fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsinin qanuna müvafiq olması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin həmin torpaq sahəsinə dair sənəd verilməsinə etiraz etməməsinə dair 307 nömrəli, 2 mart 2009cü il tarixli rəy verilmişdir. Bir müddət sonra sənədlərlə tanış olarkən məlum olmuşdur ki, torpaq sahəsi üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan dərhal sonra iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə nümayəndə Firudin İbrahimov vasitəsilə müraciət etmiş, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 30 mart 2022-ci il tarixli cavab məktubunda sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi, eyni zamanda mövcud elektron baza məlumatlarına əsasən, həmin torpaq sahəsinin 540 kv.m hissəsinin "Yanardağ" Dövlət Tarixi-Mədəniyyət və və Təbiət Qoruğunun ərazisində yerləşdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamına əsasən, Yanar dağın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qeyd olunur ki, iddiaçı həmin torpaq sahəsini 2006-cı il 27 iyun tarixində əldə etmiş və ”Yanardağ"ın dövlət tarix mədəniyyət və təbiət qoruğu statusunu qazanması isə 310 gün sonra baş vermişdir. Bu hallar nəzərə alınaraq bildirilir ki, həmin faktdan 2006-cı ildə iddiaçının xəbəri olmamış və ola da bilməzdi. Mövcud məlumatı iddiaçı yalnız əmlakın dövlət reyestrində qevdiyyata alınması ilə bağlı 28 fevral 2022-ci il tarixli müraciətinə istinadən öyrənə bilmişdir. Daha sonra 12 avqust 2022-ci il tarixli cavab məktublarında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu Məmmədli bələdiyyəsi tərəfindən sözügedən 0.08 ha torpaq sahəsinin 27 iyun 2006-cı il tarixində ayrılmasına baxmayaraq, alqı- satqı aktının 2 mart 2010-cu ildə tərtib edildiyi aşkar edilmişdir. Halbuki mövcud olmuş qanunvericiliyin tələbinə görə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair alqı-satqı aktı 30 noyabr 2007-ci il larixinədək ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilərək imza və möhürlə təsdiq olunaraq qeydiyyata alınmalı idi. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin müvafiq məhkəmə aktı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi ilə əvəz edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 03 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh orqan iddia tələbinə dair yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Məmmədli bələdiyyəsi tərəfindən 0,08 ha torpaq sahəsinin 27 iyun 2006-cı il tarixli, 06/643 nömrəli qərarla ayrılmasına baxmayaraq, alq-satqı aktının 02 mart 2010-cu il tarixdə tərtib edildiyi, torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etirazla eyniməzmunlu izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. • Abşeron rayon Məmmədli bələdiyyəsinin 06/643 nömrəli, 27 iyun 2006-cı il tarixli qərarına əsasən iddiaçıya alqı-satqı predmeti olan torpaq sahəsində ev tikmək məqsədilə 0,08 ha torpaq sahəsi ayrılmışdır. • İş materiallarına torpaq sahəsinin kadastr göstəricilərinin, baş plandan çıxarışın, əsas döngə nöqtələrinin koordinatlarının əks olunduğu torpaq sahəsinin plan və ölçüsü əlavə edilmişdir. Plan və ölçü sənədi dövlət torpaq kadastr kitabında 14324 nömrə ilə uçota alınmışdır. • İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 307 nömrəli, xx.xx.2009-cu il tarixli rəyinə əsasən bələdiyyə tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin qanuna müvafiq olması, habelə torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə etiraz edilməməsi qeyd edilmişdir. • Torpaqların alqı-satqısına dair akta əsasən iddiaçıya Məmmədli bələdiyyəsinin ərazisindən 0,08 ha torpaq sahəsi ayrılmış, bunun müqabilində iddiaçı tərəfindən 240 manat vəsait bələdiyyənin bank hesabına ödənilmişdir (qəbz №25). • İşdə olan Abşeron rayon Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarış DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən təsdiq edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçı bələdiyyənin qərarı ilə ona ayrılmış torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqularının qeydə alınması ilə bağlı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malikdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Belə ki, iddiaçı etibarnamə üzrə nümayəndəsi vasitəsilə cavabdeh orqana müraciət etmiş və inzibati orqandan xx.xx.2022-ci il tarixli, **********37 nömrəli məktubla imtina cavabını almışdır.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Abşeron rayon Məmmədli bələdiyyəsinin 06/643 saylı, 27 iyun 2006-cı il qərarına əsasən 0,08 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmiş, baş plandan çıxarış, əsas döngə nöqtələrinin koordinatları, torpaq sahəsinin bonitet balı və digər göstəricilər əks olunaraq dövlət torpaq kadastr kitabında 14324 nömrə ilə uçota alınmışdır. Abşeron rayon Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarış da DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı ona ayrılmış 0,08 ha torpaq sahəsi üzrində yaranmış mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmiş, lakin cavabdeh təşkilat aşağıdakı səbəblərdən iddiaçının iddiasını təmin etməkdən imtina etmişdir: 1) Məmmədli bələdiyyəsi tərəfindən 0,08 ha torpaq sahəsinin 27 iyun 2006-cı il tarixli, 06/643 nömrəli qərarla ayrılmasına baxmayaraq, alq-satqı aktının 02 mart 2010-cu il tarixdə tərtib edilməsi; 2) torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilməsi.
Məhkəmə cavabdeh təşkilat tərəfindən irəli sürülən imtinadakı halları araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün irəli sürülən yanaşmalar əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Məhkəmə cavabdehin ilkin imtinasını əsassız hesab edərək, qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.2-maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Belə ki, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətlərinə aşağıdakılar aiddir: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək (4.0.1); müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək (4.0.2) və s. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar xüsusi mülkiyyətə verilə bilər (7.1.1). Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına (7.3.1.); fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə (7.3.2); sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə (7.3.3) verilir. İşdən göründüyü kimi bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsini Abşeron rayon Məmmədli bələdiyyəsinin 27 iyun 2006-cı il tarixli qərarı əsasında əldə etmiş, həmin torpaq sahəsinə dair qərarda nəzərdə tutulmuş ödənişi bələdiyyənin hesabına köçürmüş, habelə torpağın plan və ölçü sənədi tərtib edilərək (baş plandan çıxarış və əsas döngə nöqtlərinin kooridinatları əks olunmuşdur) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən təsdiqlənmişdir. Torpağın alqı-satqısına dair aktın 02 mart 2010-cu il tarixdə tərtib edilməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası bu hissədə tamamilə əsassızdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Cavabdehin etirazda irəli sürdüyü digər halla bağlı məhhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə görə də bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. İşdən göründüyü kimi iddiaçıya 0,08 ha torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon Məmmədli bələdiyyəsinin qərarında həmin torpaq sahəsinin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız ərazidə yerləşməsi, habelə ev tikmək məqsədilə satılması qeyd edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi mübahisəli torpaq sahəsinin mülkiyyətə verilməsinə etiraz etməyərək rəy vermişdir. Tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsündə torpağın kadastr göstəriciləri əks olunaraq yaşayış məntəqəsinə aid olduğu müəyyən edilmişdir. Bundan əlavə məhkəmə tərəfindən mübahisəli halın araşdırılması üçün Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (yararlı) örüş torpaq sahəsi olması bildirilmişdir. Lakin qeyd olunan halın daha da aydınlaşdırılması üçün iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda (sağında, solunda) yerləşən torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri sorğu əsasında cavabdeh orqandan tələb olunmuşdur. Məhkəməyə ünvanlanmış sənədlərdə olan daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışla X4 0,0495 ha torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi müəyyən edilmişdir. Həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərdən müəyyən olunmuşdur ki, bələdiyyənin qərarı ilə ilkin olaraq 0,08 ha torpaq sahəsi X5 ayrılmış, DT və XK tərəfindən müsbət rəy verilmiş, torpağa dair alqı-satqı aktı, habelə plan və ölçü sənədi tərtib edilmiş və xx.xx.2009-cu il tarixdə çıxarış əldə edilmişdir. Daha sonra alqı-satqı yolu ilə 0,0495 ha hissəsi Xaqani Rzaquliyevə satılmışdır. Adı çəkilən bütün hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin təyinatı yaşayış məntəqəsinin torpağı kimi qeyd edilmişdir. Eləcə də, iddiaçının qonşuluğunda yerləşən digər şəxslərə məxsus torpaq sahələrinin çıxarışlarında da həmin torpaqların yaşayış məntqələrinin torpaqları olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirakı təmin olunsa da, qeyd olunan halların təkzib edilməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə də cavabdeh orqanın imtinasını əsassız hesab edir. ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (maddə 12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (maddə 12.3.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (maddə 13.1.). İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bundan əlavə cavabdeh orqan etirazdan əlavə ilkin olaraq iddiaçıya ünvanladığı imtina məktubunda mübahisəli torpaq sahəsinin elektron baza məlumatlarına əsasən 540,0 kv.m hissəsinin “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisində yerləşdiyini qeyd etsə də, sonradan təqdim etdiyi etirazda həmin halı qeyd etməmiş və həmin halı sübut edən faktı məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçı tərəfin təqdim etdiyi DT və XK-nın Abşeron rayon şöbəsinin xx.xx.2009-cu il tarixli rəyində mübahisəli torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (maddə 52). Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı Məmmədli Bələdiyyəsinin ərazisindən ayrılmış 0,08 ha torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev