Məhkəmə qərarları › İş №2-1(118)-1154/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1154/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1154/2022 18.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “01.07.1934-cü il təvəllüdlü atası X1 05.10.2021-ci il tarixdə, saat 17:30-da insult keçirməsi nəticəsində vəfat etməsi barədə ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “01.07.1934-cü il təvəllüdlü atası X1 05.10.2021-ci il tarixdə, saat 17:30-da insult keçirməsi nəticəsində vəfat etməsi barədə ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının atası, 1934-cü il təvəllüdlü X2 05.10.2021-ci il tarixdə vəfat etmişdir. Atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün iddiaçı cavabdeh orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə müraciət etmişdir. Cavabdehə müraciət edərkən Azərbaycan Respublikası Sumqayıt Tibb Mərkəzi PHŞ X6 Stansiyası tərəfindən 25.11.2021-ci il tarixdə verilmiş atasının ölümünü təsdiq edən tibbi sənədi də təqdim etmişdir. Lakin buna baxmayaraq cavabdeh müvafiq ölüm haqqında şəhadətnaməni verməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilməmişdir. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Cavabdeh orqana tibb müəssisəsinin müvafiq sənədini (ölüm haqqında həkim arayışını) təqdim etsə də qanunsuz olaraq yalnız ölüm faktını təsdiq edən "şəhadətnamə" əsasında müvafiq sənədi verəcəyini bildirilmişdir. Cavabdeh orqan Qərarda olmayan müddəanı “ölüm faktını təsdiq edən tibbi şəhadətnamə" müddəasını imtinaya əlavə etmiş, bunu əsas gətirərək ölüm haqqında şəhadətnaməni verməkdən imtina etmişdir. Halbuki Qərarda təkcə tibbi sənəd kifayət edir ki, onu da cavabdehə təqdim etmişdirlər. Odur ki, cavabdeh orqanın doğum haqqında şəhadətnaməni verməkdən imtinası əsassız və qanunsuzdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İPM-nin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8-ci bəndində ölümün qeydə alınması qaydaları göstərilmişdir. Həmin qaydalara əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. (8.1). Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. (8.2). Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. (8.3). Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir (8.5). Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir(8.6).Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir (8.7). Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir(8.14). Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur(8.15). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31.01.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın tələblərinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni tibb müəssisələrinə təqdim etmək üçün doldurur. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Göründüyü kimi cavabdeh inzibati orqanın ölümün qeydiyyatının aparması səlahiyyəti olmamışdır. Cavabdeh inzibati orqanın ölümün qeydiyyatının apara bilməsi üçün yuxarıda qeyd olunan “Ölüm haqqında tibbi şəhadətnamə’' vəya ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qərarı təqdim edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda isə ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir ki, bu halda qeyd edilən faktın müəyyən olunmasına dair mübahisələr üzrə işlərə Azərbaycan Respublikası Ailə Məcəlləsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən xüsusi icraat qaydasında ümumi məhkəmələr tərəfindən baxılır. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası Ailə Məcəlləsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edərək, müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar