Məhkəmə qərarları › İş №2-1(118)-1154/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1154/2024

19.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1154/2024 19.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 188 saylı sərəncamı əsasən ayrılmış Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində sahəsi 600 kv m olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində sahəsi 600 kv m olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınıb bu barədə onun adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 188 saylı sərəncamı əsasən ayrılmış Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində sahəsi 600 kv m olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyəti Başçısının 14 oktyabr 1999-cu il tarixli 715 saylı sərəncamına əsasən Corat qəsəbəsində yerləşən 600 kv m torpaq sahəsi X3 ayrılmışdır. Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 188 saylı sərəncamına əsasən əvvəlki sərəncamda dəyişiklik edilərək “X5” sözləri “İddiaçı” sözləri ilə əvəz edilmiş və həmin torpaq sahəsi iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsi zamanında xx.xx.1999-cu il tarixdə şəhərin baş memarı tərəfindən təsdiq edilmiş akta əsasən vətəndaşa təhvil verilmiş və orada iddiaçı tərəfindən fərdi yaşayış evi tikilmişdir. İddiaçı həmin torpağa dair mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə ərizəni təmin etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmuəyyənedici sənədlərin (torpaq sahəsinin ayrılmasına dair) iddiaçının adına olmadığı müəyyən olunmuşdur. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Həmçinin bildiririk ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 188 saylı Sərəncamı qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Belə ki, yerli icra hakimiyyətlərinin torpaq ayırmaq, eləcə də ona dəyişiklik etmək səlahiyyəti qanunvericilikdə 1 yanvar 2001-ci ilədək nəzərdə tutulmuşdur. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarımasını məhkəmədəm xahiş etdi. İş materiallarında olan: - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 715 saylı sərəncamından görünür ki, fərdi yaşayış evi tikintisi məqsədilə Corat qəsəbəsi ərazisində 600 kv m torpaq sahəsi X3 ayrılmışdır. - Sumqayıt şəhər İH Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiq edilmiş 21 oktyabr 1999-cu il tarixli aktdan görünür ki, Corat qəsəbəsi, 28A nömrəli torpaq sahəsi X3 ona təhvil verilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 715 saylı sərəncamına dəyişiklik edilməsi barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 188 saylı sərəncamından görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 715 saylı sərəncamında “X7” sözləri çıxarılaraq “İddiaçı” sözləri ilə əvəz edilmişdir. - X2 27 aprel 2004-cü il tarixli ərizəsindən görünür ki, o, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 715 saylı sərəncamı ilə ona ayrılmış Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 600 kv m torpaq sahəsinin vətəndaş İddiaçı adına keçirilməsinə etiraz etmir. - Məhkəmə sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 715 saylı və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 188 saylı sərəncamları və onlara əlavə edilmiş digər sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işüzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması barədə) müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Göstərilən Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəsi gedən torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 715 saylı sərəncamı ilə X3 ayrılmış, daha sonra isə sonuncunun da razılığı alınmaqla həmin sərəncamda dəyiiklik edilərək torpaq sahəsinin İddiaçı ayrılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, ilkin torpaqayırma barədə sərəncam qüvvədə olduğu dövrdə yerli icra hakimiyyəti orqanlarının fiziki şəxsin istifadəsinə, icarəsinə və s.torpaq sahəsi ayırmaq səlahiyyəti olsa da, 01 noyabr 1999-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına görə yerli icra hakimiyyəti orqanları tərəfindən vətəndaşa həyətyanı torpaq sahəsinin ayrılması səlahiyyəti nəzərdə tutulmamışdır. Bu səlahiyyət yalnız bələdiyyələrə verilmişdir. xx.xx.2004-cü il tarixli, 188 saylı sərəncamda əvvəlki sərəncamda göstərilən vətəndaşın ad, soyad və ata adının dəyişdirilməsi barədə qeyd olunsa da, faktiki olaraq torpaq sahəsinin İddiaçı ayrılması barədədir. Məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində hüququmüəyyənedici sənəd kimi təqdim edilən yerli icra hakimiyyəti orqanının sərəncamı qanunvericiliyin tələblərinə zidd verildiyindən mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar