Məhkəmə qərarları › İş №2-1(118)-1154/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1154/2025

02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1154/2025 02.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əlilliyə görə keçmiş dövr üzrə hesablanmış vəsaitin hissə-hissə yox, birdəfəlik ödənilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məhkəmə qərarına əsasən bərpa edilmiş əlilliyə görə keçmiş dövr üzrə hesablanmış vəsaitin hissə-hissə yox, birdəfəlik ödənilməsi haqqında qərar verilməsi və ödəniləcəyi günə kimi Mərkəzi Bankın uçot dərəcəsinə əsasən əlavələri nəzərə alınmaqla pulunun tam olaraq cavabdehdən xeyrinə tutulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı bərpa edilmiş əlilliyə görə keçmiş dövr üzrə hesablanmış vəsaitin hissəhissə yox, birdəfəlik ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2-1(118)-3711/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(105)-236/2024 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2-1(118)- 3711/2023 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2023-cü il tarixdə aşağıdakı məzmunda teleqram göndərmişdir (tranzaksiya №**********): Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılmış Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-l(105)-348\2022№-li qərarına əsasən 1 avqust 2021 tarixdən ikinci qrup əlil olduğumun ötən dövr üçün pul məbləğini birdəfəlik ödənilməsini və hesabladığınız məbləğin ətraflı məlumat arayışını mənə göndərməyinizi xahiş edirəm. Teleqramıma cavab verilmədiyinə görə xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə ərizə göndərmişdir, xahiş etmişdir ki, araşdırma aparıb tədbir görülsün, icrası nəzarətə alınsın, pulu hissə-hissə yox, birdəfəlik ödənilsin və nəticəsi barədə ona cavab verilsin. Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyindəki təşkilatın hərəkətləri qanun pozuntusu kimi tanınmışdır. Məhkəmə qərarına əsasən birdəfəlik ödənilməli olan pulu ödənilməmişdir. Daha sonra DSMF-nin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Keçmiş dövr üzrə hesablanmış vəsaitin hissə-hissə ödənilməsi haqqında” xx.xx.2023-cü ih tarixli məktubunu poçt vasitəsi ilə almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə və DSMF-nin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2023-cü il tarixdə ərizəmdə göndərmişdir, ərizəsində keçmiş dövr üzrə hesablanmış vəsaitin hissə-hissə yox, birdəfəlik ödənilməsi haqqında qərar qəbul edilməsini və təcili məlumat verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən 01 oktyabr 2005- ci il tarixdən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir, İddiaçı əlillik dərəcəsinin etibarsız hesab edilməsi səbəbindən əlilliyə görə əmək pensiyası ödənişi 01 avqust 2021-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının 01 noyabr 2022ci il tarixli 2-1 (102)-2023/2022 nömrəli qərarına əsasən, iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi ilə əlaqədar əmək pensiyası 01 avqust 2021 -ci il tarixdən 667.64 manat, 01 yanvar 2023-cü il tarixdən isə 842.36 manat məbləğində müəyyən edilməklə bərpa edilmişdir. İddiaçıya ötən dövr üzrə ödənilməli olan ümumilikdə 14719.32 manat pul vəsaiti hesablanmış, həmin məbləğin cari aydan etibarən hissə hissə (hər ay 817.74 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. "inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Ali Məhkəmənin Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını. qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını. İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 4.1-ci bəndinə əsasən, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Qərarın 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub- pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı. başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Qərarın 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 9-cu bəndinə əsasən, məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx.xx.2020- ci il tarixli 03/2020 nömrəli Qərardadına müvafiq olaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilmək” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7- ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının cavabdeh orqan tərəfindən birdəfəlik ödənilməsi deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklər in icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələbləri onu ehtiva edir ki, inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçı xx.xx.2005-ci il tarixdə əlilliyə görə pensiya təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-8894/2023 saylı Qərar ilə iddiaçının pensiyası yenidən hesablanmışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı bərpa edilmiş əlilliyə görə keçmiş dövr üzrə hesablanmış vəsaitin hissə-hissə yox, birdəfəlik ödənilməsini istəyir. Cavabdeh qeyd edir ki, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının cavabdeh orqan tərəfindən birdəfəlik ödənilməsi deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, işin hallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 7 fevral 2022ci il tarixli, 2-1(118)-463/2022 nömrəli qərarı ilə TSEK tərəfindən İddiaçı barəsində xx.xx.2021-ci ildə keçirilmiş müayinənin nəticəsində verilmiş imtina əsassız hesab edilmiş və iddiaçıya İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli, 2-1(105)-348/2022 nömrəli qərarına əsasən Sumqayıt İnzibati Məhkəməsinin 7 fevral 2022-ci il tarixli, 2-1(118)-463/2022 nömrəli qərarı dəyişdirilmiş, cavabdehin imtinası əsassız hesab edilmiş və İddiaçı xx.xx.2021-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2- 1(102)-2023/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-348/2022 nömrəli 8 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda məhkəmə qərarına əsasən bərpa edilmiş əlilliyə görə keçmiş dövr üzrə hesablanmış vəsaitin hissə-hissə yox, birdəfəlik ödənilməsi haqqında qərar verilməsi və ödəniləcəyi günə kimi Mərkəzi Bankın uçot dərəcəsinə əsasən əlavələri nəzərə alınmaqla pulunun tam olaraq cavabdehdən xeyrinə tutulmasını istəyir. “Əmək Pensiyaları haqqında” Qanuna əsasən : Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının cavabdeh orqan tərəfindən birdəfəlik ödənilməsi deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin qeyd etmək lazımdir ki, “Əmək Pensiyaları haqqında” Qanuna 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 32.1-1-ci maddəsi əlavə edilmiş, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Hazırki vəziyyətdə iddiaçının əlilliyə görə pensiya hüququ xx.xx.2021-ci il tarixində yarandığından, iddia tələbinə münasibətdə məhz Qanunun 32.1-1-ci maddəsi tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar