Məhkəmə qərarları › İş №2-1(118)-1155/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1155/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1155/2024 20.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “İddiaçı, oğlu X9 “Şəhid” statusu, ailəsinə “Şəhid ailəsi” statusuna dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı yaralar nəticəsində 05 mart 2023-cü il vəfat elmiş X9 "Şəhid” statusu, ailəsinə (anasına.alası, bacısı, qardaşına, arvadına və uşaqlarına) ’'Şəhid ailəsi" statusunun verilməsi vəzifəsini həvalə edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “İddiaçı, oğlu X9 “Şəhid” statusu, ailəsinə “Şəhid ailəsi” statusuna dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X11 xx.xx.2020-ci il tarixdə səfərbərliklə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinə könüllü qoşulmuşdur. N nömrəli hərbi hissənin tərkibində Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə canını fəda etmişdir. Füzuli rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanmasına baxmayaraq müalicə almaqdan imtina edərək döyüşə davam edib. xx.xx.2020-ci il tarixdə Şuşa rayonu alındıqdan iki saat sonra Laçın koridoruna düşürülən iddiaçının oğlu ikinci dəfə ağır yaralanaraq komaya düşmüşdür. İki dəfə ağır kəllə-beyin travması almış oğlu, müharibə bitdikdən sonra ağır əməliyyatlar keçirmişdir. 18 yanvar 2021-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmiş, hərbi əməliyyatlar zamanı xəsarət almış (partlayış travması) və ona İ dərəcə əlillik təyin edilmişdir. 18 yanvar 2021-ci il tarixdə isə ehtiyyata buraxılmışdır. İddiaçının oğlu torpaqlarımızın bütövlüyü uğrunda nümayiş etdirdiyi qəhrəmanlıqlara görə sağlığı dövründə 6 medal və 1 ordenlə təltif edilmişdir. Həmin medallardan dördünü artıq alıblar. Onun oğluna nümayiş etdirdiyi igidliyinə görə “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. X11 05 mart 2023-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə ölüm səbəbi kimi “Beyin ödemi” qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 13 İyun 2023-cü il tarixli, 3467 nömrəli məktubunda X11 11 noyabr-23 dekabr 2020-ci il tarixlərdə hospitalda və 10 noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissədə (Əhmədbəyli Hospitalı) ambulator müayinədə olmuşdur. Hərbi hissənin “Qəbul çeşidləmə bölməsinin ambulator xəstələrin qeydiyyatı” kitabında qeydiyyatdan keçmişdir. Lakin ona diaqnoz qoyulmamışdır. Həmin sənədlərin hamısını ərizəyə əlavə etmişdir. Qeyd edir ki, oğlunun iki azyaşlı övladı vardır. Hətta ona İ qrup əlilliyinə görə dövlətimiz tərəfindən ev də verilmişdir. İddiaçı ailəsinə “şəhid ailəsi” statusu verilməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə dəfələrlə müraciət etsə də, orada ona hərbi xidmət vəzifələrinin icrası zamanı aldığı xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində hərbi xidmətdən buraxıldıqdan sonra həmin xəsarət səbəbindən vəfat etmiş, hərbi qulluqçulara "Şəhid” statusunun verilməsi barədə hər hansı bir müddəanın nəzərdə tutulmaması əsas göstərilərək status verməkdən imtina etmişlər. Onun oğlu isə müharibədə aldığı xəsarətlərdən irəli gələn travmalar nəticəsində dünyasını dəyişmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddia tələbinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sumqayıt şəhər Baş İdarəsi tərəfindən iddiaya qarşı yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinə qarşı “xx.xx.2023-cü il tarixdə beyin ödemi səbəbindən vəfat etmiş mərhum övladı X9 “şəhid” statusunun, ailəsinə “şəhid ailəsi” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya Daxili İşlər, Milli Təhlükəsizlik və Xarici Kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili işlər Nazirliyinin,Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X3 Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Həmin Qərarın 4.1-ci bəndinin 2-ci abzasına əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci yarımbəndində göstərilən məlumatlar əks edilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci yarımbəndinə əsasən, həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Göründüyü kimi, X11 müharibədən sonra xəstəlikdən vəfat etmişdir. Qüvvədə olan mövcud qanunvericiliyə görə sonradan xəstəlikdən vəfat etmiş şəxslərə “şəhid” statusunun verilməsi nəzərdə tutulmamışdir. Bu səbəbdən iddiaçının tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası inzibati Prosessual Məşəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 3.Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 17 iyul 2022-ci il tarixli imtina məktubu; Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli imtina məktubu; Sumqayıt şəhər X17 X13 tərəfindən verilmiş 10 dekabr 2020-ci il tarixli və 22 dekabr 2022-ci il tarixli Azərbaycan Respulikası Səhiyyə Nazirliyi Xəstəlik Tarixindən (ambulator kitabçadan) Çıxarışlar; Sumqayıt şəhər X17 X13 tərəfindən verilmiş 1037 saylı, 02 dekabr 2020-ci il tarixli arayış; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 tərəfindən verilmiş 148/70 saylı stasionar reabilitasiya kartasından çıxarış; İ-16028 seriya nömrəli, “Xocavəndin azad olunmasına görə medalı” vəsiqəsinin surəti; İ-8755 seriya nömrəli, “Şuşanın azad olunmasına görə medalı” vəsiqəsinin surəti; İ-21657 seriya nömrəli, “Füzulinin azad olunmasına görə medalı” vəsiqəsinin surəti; İ-61250 seriya nömrəli, “Vətən Müharibəsi iştirakçısı medalı” vəsiqəsinin surəti; Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 02 dekabr 2021-ci il tarixli Forma 88 arayışı; AO № 09144147 saylı Hərbi Biletin surəti; AZ-İİ № 334768 saylı, xx.xx.2023-cü il tarixli “Ölüm haqqında şəhadətnamə” və digər sənədlər daxildirlər. Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hesab edir ki, işə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı müəyyən edilir ki, iddiaçı mərhum oğluna “şəhid” statusunun verilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, tərəflərin izahatlarını dinləyərək belə hesab edir ki, iddia tələbi mümkün olmaqla bərabər, həm də əsaslı olduğundan, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının oğlu X11 05 mart 2023-cü il tarixdə ölmüşdür. İddiaçı mərhum oğlunun hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlər nəticəsində vəfat etməsi əsası ilə oğlu X6 “şəhid” statusunun, ailəsinə “şəhid ailəsi” statusuna dair arayışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, onların müvafiq olaraq 17 iyul 2022-ci il tarixli və 25 iyun 2023cü il tarixli məktubları ilə mərhuma şəhid statusunun verilməsindən imtina edilmişdir. Cavabdeh iddiaçının mərhum oğluna şəhid statusunun verilməsindən imtinasının əsası kimi mərhumun müharibədən sonra xəstəlikdən vəfat etdiyini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun birinci maddəsinin birinci bəndinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddənin ikinci bəndinə əsasən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Qanunun ikinci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.1-ci maddəsinə əsasən şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qaydaların 4.1-ci bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X3 Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İnzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum oğlu X11 09 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün səfərbərliklə əlaqədar könüllü olaraq orduya qoşulmuşdur. X2, Cəbrayıl, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmiş, döyüşlərdən iştirak edən zamanı ağır yaralar almışdır. İş materiallarında olan Sumqayıt şəhər X17 X13 tərəfindən Hərbi Qospitala təqdim edilmək üçün verilmiş 1037 saylı, 02 dekabr 2020-ci il tarixli arayışda 1989-cu il təvəllülü X7 20 noyabr 2020-ci ildə neyrocərrahiyyə şöbəsinə stasionar müalicəyə daxil olduğu, Dz: keçirilmiş kəllə beyin travmasından sonraki vəziyyət. Travmatik şok. Sağ almaçıq sümüyü cisminin göz yuvasının alt divarında sınığı, almacıq qövsünün deformasiyası və sağ maksilyar sinus həcminin kiçilməsi, frontal sinusda selik yığıntıları və.s qeyd edilmişdir. Eyni zamanda həmin arayışda qeyd edilmişdir ki, mərhuma 30 noyabr 2020-ci il tarixdə cərrahi müdaxilə olunmuşdur. Eyni tibb müəssisəsi tərəfindən verilmiş 10 dekabr 2020-ci il tarixli və 22 dekabr 2022-ci il tarixli Azərbaycan Respulikası Səhiyyə Nazirliyi Xəstəlik Tarixindən (ambulator kitabçadan) Çıxarışlardan aydın olur ki, iddiaçı qapalı kəllə beyin travması keçirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 tərəfindən verilmiş 148/70 saylı stasionar reabilitasiya kartasından çıxarışdan məlum olur ki, X2 rayonu uğrunda gedən döyüşlərdə iştirak edən zaman minamyot partlayışı nəticəsində xəsarət alsa da, döyüşü davam etdirmiş, 08 noyabr 2020-ci il tarixdən Şuşa döyüşlərində yenidən xəsarət almışdır. İlkin müdaxilə Füzuli rayonunda göstərilmiş, sonra İQBKH-na göndərilmiş, daha sonra isə Sumqayıt şəhərində müalicə almağa davam etmişdir. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 02 dekabr 2021-ci il tarixli Forma 88 arayışından mərhum X9 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar birinci dərəcəli müddətsiz əlillik təyin edildiyi müəyyən olunur. Bununla yanaşı, iş materiallarından müəyyən olunur ki, AZ-İİ № 334768 saylı, xx.xx.2023-cü il tarixli “Ölüm haqqında şəhadətnamə” də mərhumun ölüm səbəbi beyin ödemi olaraq göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hal-hazırkı mübahisədə ilkin olaraq iddiaçının oğlu – mərhum X7 Azərbyacan Respublikasının müdafiəsi zamanı almış olduğu xəsarətlə onun vəfat etməsinə səbəb olmuş xəstəlik arasında səbəbli əlaqənin olubolmadığını müəyyənləşdirmək və araşdırmaq lazımdır. Bunun üçün isə Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na nəzər yetirilməlidir. Qaydaların 1.2.6-cı bəndinə görə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Qeyd edilən normanın məzmunundan aydın olur ki, şəxsin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə olmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati iş materiallarında olan sübutlardan aydın olur ki, iddiaçının mərhum oğlu-X11 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarətlər aldığı vaxtdan vəfat etdiyi ana qədər fasiləsiz müalicə olunmuş, lakin buna baxmayaraq “beyin ödemi” xəstəliyindən vəfat etmişdir. Eyni zamanda iş materiallarından göründüyü kimi, mərhum X7 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə - hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr nəticəsində aldığı xəsarətlərdən qapalı kəllə beyin travması keçirməsi, baş beyin silkələnməsinin possttravmatik servikokranial distoniya laterotortikolislə nəticələnmiş qalıq əlamətinin olması və s. faktı öz əksini tapır. Məhkəmə qeyd olunan halları yuxarıda sadalanan qanunvericilik normaları ilə birlikdə qiymətləndirərək, belə qənaətə gəlir ki, mərhum X11 05 mart 2023-cü il tarixdə “beyin ödemi” xəstəliyindən vəfat etməsi, onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə - hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr nəticəsində aldığı xəsarətlərdən yaranmış xəstəlik nəticəsində vəfat etməsi kimi qiymətləndirilməlidir. Belə ki, X7 məhz Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aldığı xəsarətlər nəticəsində yaranmış xəstəlikdən vəfat etməsi, ona “şəhid” adının və onun ailəsinə “şəhid ailəsi” statusunun verilməsini istisna etmir. Belə olan halda isə cavabdeh orqanın iddiaçının müraciətindən imtinası əsassız olaraq, onların hüquqlarının pozulmasına gətirib çıxarmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, mərhum X9 “şəhid”, ailəsinə isə “şəhid ailəsi” statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı, oğlu X9 “Şəhid” statusunun, ailəsinə “Şəhid ailəsi” statusuna dair arayışın verilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar