Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1155/2025 21.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə inzibati işə 21 aprel 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Quba rayon Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 nömrəli qərarından görünür ki, İddiaçı 0,12 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır.
2. 31 iyul 2006-cı il tarixdə Küpçal bələdiyyəsinin nümayəndəsi, torpaq alan İddiaçı və rayon torpaq şöbəsi müdirinin iştirakları ilə “Torpaqların alqı-satqısına dair akt” tərtib edilmişdir.
3. 14 sentyabr 2006-cı il tarixli, 01 nömrəli qəbzdən görünür ki, İddiaçı Küpçal bələdiyyəsinin hesabına 154 manat məbləğində “torpaq alqı-satqısı” təyinatlı ödəniş köçürmüşdür.
4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 21 aprel 2008-ci il tarixli, A seriyalı, 041353 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, İddiaçı Quba rayon Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 nömrəli qərarı ilə ayrılmış 1.200 kv.m torpaq sahəsinin əsas kadastr göstəriciləri, qaiməsi (sertifikatı), baş plandan çıxarış, planı (miqyas 1:1.000) əsas döngə nöqtələrin koordinatları, arasındakı məsafələr göstərilmişdir.
5. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin 79 nömrəli arayışı.
6. Azərbaycan Respublikası Quba Rayonu İcra Hakimiyyəti başçısının aparatı Memarlıq və Tikinti Şöbəsinin 3 fevral 2023-cü il tarixli, 34 nömrəli rəyindən görünür ki, fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsi Küpçal-Dağlı bələdiyyəsinə aid olan ərazinin hüdudları çərçivəsində yerləşir. Həmin ərazidə Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə uyğun olaraq yaşayış məntəqəsinin ərazi planlaşdırma sənədlərinə və tikinti layihələri əsasında mövcud tikinti norma və qaydalarına riayət etmək şərti ilə fərdi yaşayış evi tikintisi üçün torpaq qanunvericiliyinin tələblərini nəzərə almaqla torpaqayırma sənədlərinin hazırlanması məqsədəmüvafiqdir.
7. Quba rayonu Küpçal-Dağlı bələdiyyəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmiş 13 fevral 2023-cü il tarixli, 12 nömrəli arayışından görünür ki, 30 iyul 2006-cı il tarixdə İddiaçı 0,12 ha torpaq sahəsinin verilməsi barədə 07 nömrəli qərar qüvvədədir və çixarışın verilməsinə etiraz edilməmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 21 avqust 2023-cü il tarixli, 3-21-3-34/2- 11367/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən 0,12 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş Quba rayonu Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 saylı qərarı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təhvil verilmiş qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir və arxiv nüsxəsi Ərazi idarəsində aşkar edilməmişdir. Bildirilmişdir ki, 0,12 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) X7 ərazidir və torpaq sahəsinin islahat uqodiyası isə kənd təsərrüfatı örüş torpaq sahəsidir. Bundan əlavə, torpaq sahəsi üçün tərəfindən ləğv edilmiş DTXK-n Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş **********0043 nömrəli torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Lakin, torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsinin cizgisi məlumat bazasında öz əksini tapmamışdır. Bu səbəbdən də, **********0043 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin işlənilməsinə əsas olan sənədlərin verilməsinə köməklik göstərmək məqsədi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən Kadastrı və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-ə sorğu göndərilərək ərizənin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində sözügedən AN-041353 (kod **********0043) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.6-cı maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
9. Azərbaycan Respublikası Dövlət X8 6 avqust 2024-cü il tarixli, 3-48-DA- 6F/2-1xx-xx/2024 nömrəli məktubundan görünür ki, Quba rayon Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 7 saylı iclas protokolunun özü X11 Filialına təhvil verilməmişdir. Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 7 saylı iclas protokoluna əlavə sənədlərdə İddiaçı torpaq sahəsi verilməsi haqqında heç bir məlumat aşkar edilməmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 9 sentyabr 2024-cü il tarixli, 3-21-3- 34/2-9751/2024 nömrəli məktubundan görünür ki, Quba rayonu Küpçal kəndində yerləşən 0,12 ha torpaq sahəsinin ayrılmasına əlavə olunmuş Quba rayonu Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 saylı qərarı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təhvil verilmiş qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir və arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir. Həmiçinin də, **********0043 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin işlənilməsinə əsas olan sənədlərin verilməsinə köməklik göstərmək məqsədi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-ə sorğu göndərilmiş və sorğunun cavabı Mərkəzin arxivində sözügedən AN-041353 (kod **********0043) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir. Bu səbəblərdən torpaq sahəsinin mülkiyyət və kateqoriyası barədə məlumatın verilməsi mümkün olmamışdır.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 24 oktyabr 2024-cü il tarixli, 3-21-3- 34/2-12791/2024 nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, Quba rayonu, Küpçal kəndində yerləşən 0,12 ha torpaq sahəsinə naturada (yerdə) baxış keçirilmişdir. İddiaçı faktiki istifadəsində olan və tərəfindən iddia olunan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə götürülmüşdür. Müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. Qeyd edilir ki, torpaq sahəsinin daxilində bir mərtəbəli tikili mövcuddur. Həmin ərazi mişar daşı ilə hasarlanmışdır. Kameral araşdırma nəticəsi olaraq bildirilmişdir ki, faktiki istifadəsində olan torpaq sahəsi 0,1570 ha təşkil edir. Bildirilmişdir ki, DT və XK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş A 041353 saylı plan-ölçü (kadastr planı) sənədinə əsəsən göstərilmiş torpaq sahəsi vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. A 041353 saylı plan-ölçü (kadastr planı) sənədinə əsasən göstərilmiş torpaq sahəsinin 36 kv.m hissəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən **********51 reyestr nömrəli çıxarışa əsəsən X2 məxsus torpaq sahəsi ilə üst-üstə düsür. Torpaq sahəsinin 143 kv.m hissəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən **********51 reyestr nömrəli çıxarışa əsəsən X2 məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisəli torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X4b uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. Həmin torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatlar və ortofoto görüntülər qoşma şəklində göndərilmişdir.
12. Azərbaycan Respublikası Quba rayonu Küpçal-Dağlı bələdiyyəsinin 24 oktyabr 2024-cü il tarixli, 171 nömrəli məktubundan görünür ki, Küpçal-Dağlı bələdiyyəsi 2015-ci ildən həmən ad altında fəaliyyət göstərir. İddiaçı Quba rayonu Küpçal bələdiyyəsi tərəfindən 30 iyul 2006-ci il tarixli, 7 saylı qərarına əsasən verilmiş torpaq sahəsinin sənədləri Küpçal-Dağlı bələdiyyəsinə təhvil verilməmişdir.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 28 noyabr 2025-ci il tarixli, 3-21-3- 34/2-16885/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 24 noyabr 2020-ci il qeydiyyat tarixli, **********3 qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Küpçal kəndində yerləşən 0,12 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 16 fevral 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Küpçal kəndində yerləşən 0,1179 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 fevral 2025-ci il tarixli, 3-21-3-34/2- 1947/2025 nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, Quba rayonu, Küpçal kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və qonşuluqda yerləşən X2 məxsus torpaq sahəsinə naturada (yerdə) yenidən baxış keçirilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2-1 (118)-4051/2024 saylı məktubuna cavab olaraq hazırlanmış müayinə aktında (§11) A 041353 saylı Planölçü (kadastr planı) sənədinə əsasən göstərilmiş torpaq sahəsinin 36 kv.m hissəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən **********51 reyestr nömrəli çıxarışa əsasən X2 məxsus torpaq sahəsi ilə, İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsinin 143 kv.m hissəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən **********51 reyestr nömrəli çıxarışa əsasən X2 məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd olunmuşdur. Qeyd edilir ki, torpaq sahələri baza məlumatlarında olan xəritə materiallarına əsasən üst-üstə düşsə də, faktiki olaraq naturada heç bir üst-üstə düşmə mövcud deyildir. X2 məxsus torpaq sahəsinə dair hazırlanmış **********51 reyestr nömrəli çıxarış DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş plan-ölçü (kadastr planı) sənədində olan koordinatlara əsasən tərtib olunmuşdur. DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş plan-ölçü (kadastr planı) sənədində olan koordinatlar ilə faktiki istifadə olunan torpaq sahəsinin koordinatları arasında cənub-qərb istiqamətdə uyğunsuzluq vardır. Uyğunsuzluğun səbəbi isə çıxarışın verilməsinə əsas olmuş kadastr planı sənədi hazırlanarkən texniki qüsurun yol verilməsidir. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
15. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 0,12 ha torpaq sahəsi üzərində qeydiyyat hüququnun qeydiyyatına alınmasından imtina qərarını əsassız sayaraq, torpaq sahəsinin qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi işin hallarına (§1-8) istinad edilərək onunla əsaslandırılmışdır ki, mübahisələndirilən torpaq sahəsi islahat vaxtı kənd təsərrüfatı örüş torpaq sahəsin olduğu qeyd edilmişdir. Ölkədə torpaq islahatı keçiriləndən sonrakı 10 il ərzində vəziyyət dəyişmiş, həmin torpaq sahələrinin həyətyanı kimi əhaliyə satılması daha məqsədəuyğun hesab edilmiş və bütün ərazi həyətyanı sahələr kimi satılmışdır. Hal-hazırda qonşuları tərəfindən evlər tikilmiş, həyətyanı sahələrinə və evlərinə çıxarışlar verilmişdir. Həmin ərazidə örüşdən əsas-əlamət yoxudur, kənd sakinləri artıq həmin sahədə fərdi yaşayış evlərinin tikintisində çalışmağa üstünlük verirlər.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
18. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Quba rayonu, Küpçal kəndində yeləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 16 may 2024-cü il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
19. Məhkəmənin 30 yanvar 2025-ci il tarixli, 2-1(118)-1155/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə X1 (bundan sonra – “üçüncü şəxs”) məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır.
20. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
21. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
22. Etiraz onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, 0,12 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş Quba rayonu, Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 saylı qərarı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təhvil verilmiş qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir və arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir. Bildirilmişdir ki, 0,12 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) X7 ərazidir və torpaq sahəsinin islahat uqodiyası isə kənd təsərrüfatı örüş torpaq sahəsidir. Bundan əlavə, torpaq sahəsi üçün ləğv edilmiş DTXK-n Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş **********0043 nömrəli torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Lakin, torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsinin cizgisi məlumat bazasında öz əksini tapmamışdır. Bu səbəbdən də, **********0043 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin işlənilməsinə əsas olan sənədlərin verilməsinə köməklik göstərmək məqsədi ilə Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-ə sorğu göndərilərək ərizənizin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində sözügedən AN-041353 (kod **********0043) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir.
23. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2, 11.1-ci maddələrinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
24. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır.
26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
29. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
30. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
31. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
32. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
33. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
34. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
35. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
36. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
“Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.”
“Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. ...” “Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...” 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ...
“Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi ... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. ...” “Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...”
38. TM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
“ Maddə 5 5 . Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; ...”
“Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
“Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ...”
“Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
39. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28 oktyabr 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
İX. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. X. Bu qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. Xİ. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir (12 dekabr 2008-ci il tarixdə dərc edilmişdir).
40. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-)
Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
41. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada):
7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
42. MM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
“Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ...”
“Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar
139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...”
43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
44. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
45. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”
“Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”
c) Məhkəmənin mövqeyi
46. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.
47. İddiaçı tələbinin əsası kimi bələdiyyə qərarı əsasında ona torpaq sahəsinin ayrılmasına, həmin ərazi üzərində alqı-satqı müqaviləsinin bağlanılmasına, həmçinin mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazinin örüş torpaqlarına aid olmadığı, qonşular tərəfindən həyətyanı torpaq sahəsi kimi istifadə edilməsinə istinad edir.
48. Cavabdehin etirazı isə aşağıdakılardan ibarətdir: a) Quba rayonu, Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 saylı qərarı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təhvil verilmiş qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir və arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir; b) torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) X7 ərazidir və torpaq sahəsinin islahat uqodiyası isə kənd təsərrüfatı örüş torpaq sahəsidir; c) torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsinin cizgisi məlumat bazasında öz əksini tapmamışdır; d) AN-041353 (kod **********0043) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir.
49. Məhkəmə hər iki tərəfin istinad etdiyi halları, həmçinin qeyd olunmuş uyğunsuzları araşdırmaq məqsədi ilə, X11 Filialına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-yə, Azərbaycan Respublikası Quba rayonu Küpçal-Dağlı bələdiyyəsinə sorğular ünvanlamışdır.
50. Həmin sorğulara verilmiş cavab məktublarında olan məlumatlardan aşağıdakı hallar müəyyən edilmişdir: - Quba rayon Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 7 saylı iclas protokolunun özü X11 Filialına təhvil verilməmişdir; - Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 7 saylı iclas protokoluna əlavə sənədlərdə iddiaçıya torpaq sahəsi verilməsi haqqında X11 Filialında heç bir məlumat aşkar edilməmişdir; - Quba rayonu Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 saylı qərarı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təhvil verilmiş qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir və arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir; - Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivində sözügedən AN-041353 (kod **********0043) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir; - Quba rayonu Küpçal bələdiyyəsi tərəfindən 30 iyul 2006-ci il tarixli, 7 saylı qərarına əsasən iddiaçıya verilmiş torpaq sahəsinin sənədləri Küpçal-Dağlı bələdiyyəsinə təhvil verilməmişdir.
51. Göründüyü kimi, Quba rayonu Küpçal-Dağlı bələdiyyəsi tərəfindən cavabdehə göndərilmiş arayışda 30 iyul 2006-cı il tarixdə iddiaçıya 0,12 ha torpaq sahəsinin verilməsi barədə 07 nömrəli qərarın qüvvədə olduğunun qeyd edilməsinə baxmayaraq, həmin qərarın nüsxəsi Dövlət Arxivinin və Küpçal-Dağlı bələdiyyəsinin arxiv materiallarında aşkar edilməmişdir.
52. Eyni zamanda, iş materiallarına əlavə edilmiş 21 aprel 2008-ci il tarixli, A seriyalı, 041353 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri də mövcud deyildir.
53. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
54. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir.
55. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.
56. Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
57. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Küpçal kəndində yeləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova