Məhkəmə qərarları › İş №2-1(118)-1156/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1156/2023

01.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1156/2023 01.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 30 noyabr 2021-ci il tarixli qərarı (Protokol 17) və 20 dekabr 2021-ci il tarixli qərarı (Protokol 18) qərarının ləğv edilməsi, Sumqayıt Bələdiyyəsinin 04 avqust 2021-ci il tarixli Qərarı (12 saylı Protokol) ilə “Novxanı” bağlar massivində istifadəsində olan ümumi sahəsi 1142 m2 olan 1795K saylı torpaq sahəsinə dair onunla Sumqayıt Bələdiyyəsi arasında alğı-satqı müqaviləsinin bağlanması vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 30 noyabr 2021-ci il tarixli qərarı (Protokol 17) və 20 dekabr 2021-ci il tarixli qərarı (Protokol 18) qərarının ləğv edilməsi, Sumqayıt Bələdiyyəsinin 04 avqust 2021-ci il tarixli Qərarı (12 saylı Protokol) ilə “Novxanı” bağlar massivində istifadəsində olan ümumi sahəsi 1142 m2 olan 1795K saylı torpaq sahəsinə dair onunla Sumqayıt Bələdiyyəsi arasında alğı-satqı müqaviləsinin bağlanması vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri “Novxanı” bağlar massivində yerləşən 1200 m2 torpaq sahəsi uzun illərdir ki, onun və ailənin istifadəsindədir. Həmin torpaq sahəsinin bir tərəfi daş hasar üç tərəfi isə dəmir torla hasarlanmışdır. Həmin torpaq sahəsində vaqon yerləşdirərək ailənin dolanışığını təmin etmək üçün atası ilə birlikdə tərəvəz məhsulları əkmiş, həmin torpaq sahəsində ağaclar əkmiş, həmin torpaq sahəsini onlar 1994-cü ildən istifadə edirlər. Hətta həmin torpaq sahəsində vaqon yerləşdirmişlər ki, tərəvəzdə işləyən vaxtı orada dincələ bilək. Təxminən 3 ildən çoxdur ki, Sumqayıt bələdiyyəsinə müraciət edərək həmin torpaq sahəsinin onun istifadəsində olduğu üçün onun adına hərrac və müsabiqə keçirilmədən rəsmiləşdirilməsini xahiş etmişdir. Bələdiyyə 13 noyabr 2020-ci il tarixdə yazılı mümciəti qeydə alınmış və bundan sonra 2020-ci ilin dekabr ayında bələdiyyə istifadə etdiyi torpaq sahəsinin yerquruluşu planın hazırlanması barədə "xxxx" MMC-yə müraciət etmişdir. Bundan sonra həmin idarənin mütəxəssisləri ərazinin mövqe planını çəkmiş, ayrılan torpaq sahəsinin kadastr göstəricilərini tərtib etmişlər. Həmin kadastr göstəricilərinin xüsusi qeydlər hissəsində ayrılması nəzərdə tutulan 1200 kv.m torpaq sahəsinin ümumi hasara alınmış 2276,0 kv.m torpaq sahəsinin daxilində yerləşdiyi qeyd edilmişdir. Sonra Sumqayıt Bələdiyyəsinin 12 saylı protokolunun 04 avqust 2021-ci il tarixli qərarı ilə onun rəsmiləşdirilməmiş istifadə etdiyi yaşayış məntəqələri torpaqları kateqoriyasına olan torpaq sahəsinin mülkiyyətinə ayrılmasının məqsədə uyğunluğu barədə qərar qəbul edimiş və istifadə etdiyi torpaq sahəsinin bilavasitə bələdiyyə qərarı ilə onun mülkiyyətinə ayrılması üçün “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razhaşdırılması qaydaları haqqında” Əsasnamənin 17-ci bəndinə əsasən həmin torpaq sahəsinə Sumqayıt bələdiyyəsinin adına rəy alınması üçün DƏDRX-in 2 saylı Ərazi İdarəsinə müraciət olunmuşdur. Torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsinin müdiri və nümayəndəsinin imzası ilə 6 noyabr 2021-ci il tarixli 186 nömrəli Sumqayıt bələdiyyəsinə rəy verilmiş, həmin rəydə torpaq sahəsinin başqa hüquqi və fiziki şəxslərin mülkiyyatinə və icarəsinə verilmədiyini, üzərində yüklülüyün olmaması bildirilmişdir. Bundan sonra DƏDRX-in 2 saylı Ərazi İdarəsi Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə baxış aktını 20 dekabr 2021-ci il tarixdə tərtib etmiş həmin baxış aktında həmin torpaq sahəsinin dörd bir tərəfinin bağlı olduğu qeyd edilmiş, lakin həmin torpaq sahəsində mübahisəli hal olduğu qeyd edilmiş, ondan başqa digər iddiaçının 18.102021-ci ildə ********** nömrəli ərizə ilə müraciət etdiyini bildirilmişdir. xx.xx.2021-ci il tarixli, **********10 reyestr nömrəli çıxarış hazırlanmış, çıxarışa əlavə olunmuş Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş həmin plan və ölçünün tərtib edilməsinin əsası kimi Sumqayıt Bələdiyyəsinin 12 saylı xx.xx.2021-ci il tarixli qərarı qeyd edilmişdir, hansı ki, həmin qərara əsasən onun torpaq sahəsinin onun mülkiyyətinə ayrılması nəzərdə tutulmuşdur. 17 fevral 2022-ci il tarixli məktubla Sumqayıt Bələdiyyəsinə və Sumqayıt Regional Ədliyyə İdarəsinə müraciət edərək Sumqayıt Bələdiyyəsinin 30 noyabr 2021-ci il tarixli 12 saylı qərarının və protokolunun ləğv edilməsini, torpaq sahəsinin ona satılması prosedurunun başlaasını xahiş etmişdir. Bundan əlavə ilkin olaraq Sumqayıt Bələdiyyəsinin 04 avqust 2021-ci il tarixli 12 saylı qərarı ilə həmin torpaq sahəsini onun mülkiyyətinə ayrılması məqsədilə 0.1142 ha torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il tarixli, **********10 saylı çıxarış hazırlanmışdır. Bundan əvvəl Əmlak Məsələləri Məsələləri Dövlət Xidməti Hərracların X2 Hüquqi Şəxsin rəsmi internet saytı olan “http://auksion.gov.az” - da 03 mart 2022-ci il tarixində ƏMDX Sumqayıt ərazi şöbəsində Torpaq müsabiqələrinin və hərracların keçirilməsi haqqında məlumatda onun mülkiyyətinə ayrılması nəzərdə tutulan istifadəsində olan 1142 m2 torpaq sahəsinin müsabiqə vasitəsilə satılacağı qeyd edilmişdir. Bundan sonra o Sumqayıt Bələdiyyəsinə qarşı müvəqqəti xarakterli ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Bələdiyyəsinin 04 avqust 2021-ci il 12 saylı qərarı ilə onun mülkiyyətinə ayrılması barədə qərar verilmiş istifadəsində olan ümumi sahəsi 1142 kv.m olan 1795 saylı bağlı torpaq sahəsinin Əmlak Məsələləri Məsələləri Dövlət Xidməti Hərracların X2 Hüquqi Şəxsin rəsmi internet saytı olan http://auksion.gov.az yerləşdirilmiş elana əsaən 03 mart 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsində özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Sumqayıt Bələdiyyəsinin 30 noyabr 2021-ci il tarixli qərarı (Protokol 17) əsassızdır ona görə ki, onun istifadə etdiyim torpaq sahəsi üzərinə mübahisə yoxdur, Rafiq Süleymanov adlı şəxs müraciət etmiş, ona da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi cavab vermiş, bundan sonra isə həmin şəxsin iddiası olmamışdır. İddiaçı isə bələdiyyəyə müraciət edərək həmin məsələnin araşdırılmasını xahiş etmiş, onun ərizəsi, eləcə də Rafiq Süleymanovun nə vaxtsa etdiyi mübahisə bələdiyyənin həmin qərarının ləğv edilməsi üçün əsas ola bilməz. X4 əvvəlcədən mübahisə var idisə Rafiq Süleymanov bələdiyyəyə müraciət edib həmin torpaq sahəsini istəyərdi, 25 dekabr 2020-ci ildə bələdiyyə istifadə etdiyi torpaq sahəsinin yerquruluşu planın hazırlanması barədə Daşınmaz əmlakın Kadastrı və Ünvanlı Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMCyə etməzdi, onun rəyində bu hal qeyd olunardır. Bunların heç biri yoxdur. Ən əsası bələdiyyə onun hüquqlarının pozulmasına əsas olan qərarın ləğv edilməsi zamanı onu çağırmamışdır. Bundan başqa Sumqayıt Bələdiyyəsinin 20 dekabr 2021-ci il tarixli qərarı (Protokol 18) əsassızdır ona görə ki, həmin torpaq sahəsinin bələdiyyənin qərarına əsasən ona satılması üçün xx.xx.2021-ci il tarixli, **********0 reyestr nömrəli Çıxarış verilmiş, həmin çıxarışın AN 634376 nömrəli Torpaq sahəsinin planı və ölçüsü təsdiq edilmişdir. Yəni həmin torpaq sahəsinə bələdiyyənin adına artıq çıxarış vardır. Təkrar olaraq çıxarış hazırlanmışdır. Göründüyü kimi həmin torpaq sahəsi, torpaq sahəsinin istidəçisi olduğu və onun istifadəsində olmasına dair məlumatların göstərilməsi ilə kadastr ölçü planı, çıxarış və s hüquq müəyyənedici sənədlər işlənildiyi üçün həmin torpaq sahəsi ondandan başqa digər şəxsə satıla bilməz. İddiaçı 17 fevral 2022-ci il tarixli məktubla Sumqayıt Bələdiyyəsinə və Sumqayıt Regional Ədliyyə İdarəsinə müraciət edərək Sumqayıt Bələdiyyəsinin 30 noyabr 2021-ci il tarixli 12 saylı qərarının və protokolunun ləğv edilməsini, torpaq sahəsinin ona satılması prosedurunun başlanılmasını xahiş etmiş, lakin bələdiyyənin 25 fevral 2022-ci ıl tarixli məktubunda Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsinin 26 noyabr 2021-ci il tarixli 186 rəyinin verildiyi həmin rəydə torpaq sahəsinin hərrac və ya müsabiqə yolu ilə mülkiyyətə verilməsi qeyd edildiyi üçün onlar da torpaq sahəsini hərrac və ya müsabiqəyə çıxarılması barədə qərar qəbul etdiklərini bildirmişlər. Həmin məktubla bağlı bildirmək istəyir ki, torpaq sahəsi üzərinə mülkiyyət hüquqları bələdiyyəyə məxsusdur.Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsi bələdiyyəyə məxsus torpaq sahəsinin satılmasının qaydasını müəyyən edə bilməz. Bundan əlavə rəydə torpaq sahəsinin hərrac və ya müsabiqə ilə mülkiyyətə verilə bilər deyə qeyd edilmişdir. Yəni verilməlidir deyə qeyd edilməmişdir. Hazırkı halda mən bələdiyyənin qərarını mübahisələndirdiyi üçün onun istifadəsində olan torpaq sahəsinin müsabiqədə satılması onun maraqlarına toxunur və istifadə hüququ pozulmasına səbəb olur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbi ilə bağlı yazılı etiraz təqdim etməmişdir. Lakin, məhkəmənin ötən proseslərində iştirak edən cavabdeh təşkilatın nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, torpaq sahəsinin bələdiyyənin adına rəsmiləşdirilməsi üçün qəbul edilən qərarın iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, bələdiyyə iddiaçıya torpaq sahəsinin onun adına rəsmiləşdirilməməsi ilə bağlı hər hansı bir öhdəlik götürməmişdir. Hal-hazırkı, iddia tələbi üzrə 3-cü şəxs hərracda iştirak edərək hərracın qalibi olmuş və torpaq sahəsi əldə etmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı 30 noyabr 2021-ci qərarının ləğv edilməsi ilə bağlı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, Sumqayıt Bələdiyyəsinin iddiaçının nümayəndəsinə ünvanladığı 362 saylı 14 fevral 2022-ci il tarixli məktubunda qeyd olunan qərarın ləğvi barədə iddiaçıya məlumat verilmişdir. Hesab olunur ki, 30 noyabr 2021-ci il tarixli qərarın ləğvi barədə X1 2022-ci ilin fevral ayından məlumatlı olmuşdur. Bu isə ona dəlalət edir ki, iddia müddətinin verilməsi üçün 30 günlük prosessual müddət ötürülmüşdür. 20 dekabr 2021-ci il tarixli qərardan şikayət verilməsi üçün prosessual müddət ötürülüb. Belə ki, qeyd olunan qərar müsabiqənin keçirilməsi ilə bağlı olmuşdur ki, iddiaçını təmsil edən nümayəndələri həmin müsabiqədə iştirak etmişdirlər. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və Sumqayıt Bələdiyyəsinin 30 noyabr 2021-ci il tarixli qərarı (Protokol 17) və 20 dekabr 2021-ci il tarixli qərarı (Protokol 18) qərarının qərarının ləğv edilməsi üçün məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. İddia tələbinin müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qərarlar qüvvədə olduğuna görə cavabdehin üzərinə müqavilənin bağlanması öhdəliyinin qoyulması mümkün deyil. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 30 noyabr 2021-ci il tarixli qərarı (Protokol 17) və 20 dekabr 2021-ci il tarixli qərarı (Protokol 18) qərarının ləğv edilməsi, Sumqayıt Bələdiyyəsinin 04 avqust 2021-ci il tarixli Qərarı (12 saylı Protokol) ilə “Novxanı” bağlar massivində istifadəsində olan ümumi sahəsi 1142 m2 olan 1795K saylı torpaq sahəsinə dair onunla Sumqayıt Bələdiyyəsi arasında alğı-satqı müqaviləsinin bağlanması vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar