Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1157/2021 02.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılov Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı “icra şöbəsinin hərəkətsizliyindən müdafiə və Sumqayıt Apellyasiya Məhkəməsinin 01 iyul 2019cu il tarixli, 2- 1(105)-56/2019 saylı qərarının icra edilməsi məqsədi ilə borclu “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”-nin əmlakının və bank hesablarının üzərinə həbs qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı “icra şöbəsinin hərəkətsizliyindən müdafiə və Sumqayıt Apellyasiya Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2- 1(105)-56/2019 saylı qərarının icra edilməsi məqsədi ilə borclu “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”-nin əmlakının və bank hesablarının üzərinə həbs qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə qarşı kompensasiya tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Tələbinin mahiyyəti ondan ibarət olmuşdur ki, "BilgəhSumqayıt Avtomobil Yolunun Tikintisi’’ Layihəsi çərçivəsində tikinti altına düşən Masazır duz gölünün şimali-qərb hissəsindən yolun mühafizə zonası saxlanılmaq şərti ilə yol kənarında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, tibbi müəssisə tikmək məqsədi ilə mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə torpaq sahəsinin hər sotu üçün 12.000 manat olmaqla 108.000 manat, əmlakının bazar dəyərinin 20%-i miqdarında əlavə 21.600 manat, torpağın satın alınması ilə əlaqədar müəyyən edilmiş kompensasiya ilə yanaşı torpağın könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətin 10 %-i məbləğində 10.800 manat əlavə hesablanmaqla 140.400 manat məbləğində kompensasiyanın, manatın devalivasiyası və əmlakından istifadədən 3 ildir məhrum olduğu üçün dəymiş zərərə görə 100.000 manat maddi zərər olmaqla cəmi 240.400 manat (iki yüz qırx min dörd yüz) manat kompensasiya məbləğinin ona ödənilməsinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (keçmiş "xxxx" ASC) və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)- 32/2018 №li 17 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli, 2-1(85)-32/2018 saylı qərarından verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli, 2-1(85)-32/2018 saylı qərarı ləğv edilmiş, onun cavabdeh "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə qarşı "Bilgəh-Sumqayıt Avtomobil Yolunun Tikintisi” Layihəsi çərçivəsində tikinti altına düşmüş, hüquqların dövlət qeydiyyatı haqqında seriya RX ******* saylı və ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən dövlət qeydiyyatına alınmış və mülkiyyətində olan hər birinin sahəsi 0,0505 ha və 0,0395 ha torpaq sahələrimin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 108.000 manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə uyğun olaraq isə 21.600 manat əlavə haqq olmaqla cəmi 129.600 manat pul kompensasiyasının dövlət bücəsi hesabından ona ödənilməsi öhdəliyinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulması barədə 01 iyul 2019- cu il tarixli, 2-1(105)-56/2019 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qərar qəbul etmişdir. Qərarın icrası üçün müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyul 2019-cu il tarixli, 2- l(105)-56/2019 saylı qərarı icra edilməsi üçün Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən həmin qərar üzrə verilən icra vərəqəsinin icrasının təmin edilməsi üçün icra vərəqəsini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi isə həmin iş üzrə 3-cü şəxs qismində iştirak etdiyi üçün Dövlət Büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılan puldan icra vərəqəsində qeyd edilmiş pul məbləğinin ona ödəməkdən boyun qaçırır. O, iddia ərizəsində də xahiş etmişdir ki, cavabdeh "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə pul dövlət büdcəsindən ayrılır və həmin pulun təyinatı üzrə xərclənməsinə Maliyyə Nazirliyi nəzarət edir. Ona görə də ona ödənilməli olan pul məbləği Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi köçürülməlidir. Binəqədi rayon İcra şöbəsinin icra məmuru icraatında olan həmin icra sənədini icra etməyərək, Maliyyə Nazirliyinin həmin qərarı icra etmədiyini bildirdikdən sonra o, məcbur qalaraq Sumqayıt İnzibati Məhkəməsinə qərara şərh verilməsinə dair ərizə ilə müraciət etmiş, həmin ərizəsi təmin edilməyərək, Sumqayıt İnzibati Məhkəməsinin 17.09.2020-ci il tarixli, 8-1(118)-6/2020 saylı qərardadı ilə rədd edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17.09.2020-ci il tarixli, 8- 1(118)-6/2020 saylı qərardadından apellyasiya şikayəti versə də, şikayəti təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndə və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. İş materiallarından görünür ki, iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının icrası ilə bağlı Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsin qərar və hərəkətlərindən narazıdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya hazırkı iddia ilə məhkəmə qərarının icrasına nəzarət edən məhkəməyə müraciət edə bilməsi və həmin məhkəmə tərəfindən yeni iddia tələbi şəklində deyil əsas iş üzrə qəbul edilmiş yekun qərarın icrasının davamı kimi baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı “icra şöbəsinin hərəkətsizliyindən müdafiə və Sumqayıt Apellyasiya Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2- 1(105)-56/2019 saylı qərarının icra edilməsi məqsədi ilə borclu “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”-nin əmlakının və bank hesablarının üzərinə həbs qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1157/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1157/2021
02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver