Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1158/2023 25.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Vəkil Ziyaddın oğlunun iştirakları ilə İddiaçı cavabdeh Quba rayonu Quba bələdiyyəsinə qarşı “Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32/6 saylı qərarının (07 saylı protokol), Quba şəhəri “Dəvədabanı” Yaşayış Massivində yerləşən 0.05 ha torpaq sahəsinin X1 dair hissədə ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Quba rayonu Quba bələdiyyəsinə qarşı “Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32/6 saylı qərarının (07 saylı protokol), Quba şəhəri “Dəvədabanı” Yaşayış Massivində yerləşən 0.05 ha torpaq sahəsinin X1 dair hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X11, 2-1(118)-1158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin 16 iyun 1995-ci il tarixli 36 saylı sərəncamı ilə, nümayəndəliyin torpaq bölgüsü komissiyasının 15 iyun 1995-ci il tarixli 11 saylı protokolu nəzərə alınaraq iddiaçıya, birinci qrup Qarabağ müharibəsi əlili olaraq, Quba şəhəri ‘"Dəvədabanı” ərazisindən fərdi yaşayış evi tikmək üçün 500 kv.m torpaq sahəsi verilmişdir. Ona verilən torpaq sahəsi yerində ölçülərək ona təhkim olunmuşdur. Bundan sonra həmin torpaq sahəsində birotaqlı ev tikmişdir. Həmin ərazi yeni yaşayış massivi olduğundan müəyyən çatışmamazlıqlar olduğu üçün ora köçməyi yubanmış, amma vaxtı-vaxtında ona verilmiş torpaq sahəsinə gedib-gəlmişdir. 2019-cu ildən pandemiya zamanı bir müddət həyətyanı torpaq sahəsinə getməmişdir. 2022-ci ilin əvvəlində torpaq sahəsinə və evə baş çəkmək üçün həmin əraziyə getmiş, ona məxsus torpaq sahəsindəki evin söküldüyünün şahidi olmuşdur. Öyrənmişdir ki, torpaq sahəsini X11 tutub, evi də o söküb. Ona bu torpaq sahəsinin onun olduğunu bildirsə də bunun heç bir nəticəsi olmamışdır. Şakir torpaq sahəsini Quba Bələdiyyəsindən aldığını bildirdi. 2022-ci ilin iyul ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR phş 5 saylı Ərazi İdarəsinə etdiyim müraciətə cavabda Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 07 saylı protokolundan çıxarışa və xx.xx.2006-cı il tarixli, 412 nömrəli torpaqların alqı-satqısına dair aktına əsasən həmin torpaq sahəsinə dair X4 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli çıxarış verilmişdir. Bələdiyyə qərarının surətini almaq üçün Quba Bələdiyyəsinə və X14 filialına müraciətinə, həmin qərarın bələdiyyədə və arxivdə aşkarlanmadığına dair cavablar verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi həmçinin vəkili Vəkil Ziyaddın oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir və cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz bildirilməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 26 saylı, 16 iyun 1995-ci il tarixli sərəncamından görünür ki, Quba şəhəri, “Dəvədabanı” ünvanında yerləşəd 500 kv.metr torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün İddiaçı ayrılması qərara alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 22 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 26 saylı, 16 iyun 1995-ci il tarixli sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin onun adına rəsmiləşdirilməsindən, mübahisəli torpaq sahəsinin Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 07 saylı protokolundan çıxarışa (32/06 nömrəli qərar) və xx.xx.2006-cı il tarixli, 412 nömrəli torpaqların alqı-satqısına dair akta əsasən X5 adına xx.xx.2022-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********6 reyestr nömrəli çıxarışla rəsmiləşdirildiyindən imtina edilmişdir. - Quba bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış 717 saylı, 31 avqust 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Quba bələdiyyəsinin xx.xx.2005-ci tarixli protokolu (32/06 saylı qərar) və xx.xx.2006-cı il tarixli 412 nömrəli torpaqların alqı-satqısına dair aktı əsasında X8 0.05 ha torpaq sahəsi ayrılması barədə Quba bələdiyyəsində məlumat aşkarlanmamışdır. - Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən daxil olmuş 02 fevral 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının adına olan torpaq sahəsi Quba regional “ASAN xidmət” notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-46 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmiş, xx.xx.2023-cü il traixli, ********** qeydiyyat nömrəli çıxarışla X3 adına özgəninkiləşdirilmiş, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X3 mülkiyyət hüququ tanınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Quba bələdiyyəsinin 32/06 saylı, 20 fevral 2005-ci il tarixli qərarınnın təsdiq edilmiş surətindən görünür ki, X9 fərdi yaşayış evi tikintisi üçün 0.05 ha torpaq sahəsi ayrılmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş ********** qeydiyyat nömrəli, xx.xx.2022ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Quba şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətində olmuşdur. - Məhkəməyə sorğu əsasında daxil olmuş ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Quba şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
“İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İnzibati iş materiallarından göründüyü kimi, iddiaçı ona münasibətdə əlverişsiz inzibati akt olan və mübahisələndirdiyi Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32/6 saylı qərarının ona təqdim edilməsi ilə bağlı cavabdeh orqan Quba bələdiyyəsinə müraciət etmiş, Quba bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış 717 saylı, 31 avqust 2022-ci il tarixli məktubla isə Quba bələdiyyəsinin xx.xx.2005-ci tarixli protokolu (32/06 saylı qərar) və xx.xx.2006-cı il tarixli 412 nömrəli torpaqların alqı-satqısına dair aktı əsasında X8 0.05 ha torpaq sahəsi ayrılması barədə bələdiyyədə məlumat aşkarlanmadığı qeyd edilmişdir. Göründüyü kimi iddiaçı hal-hazırda mübahisələndiriyi qərarı əldə edə bilməmiş, bələdiyyə qərarı məhkəmə sorğuları əsasında məhkəməyə təqdim edilmişdir. Bununla da hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi, yəni Quba şəhəri, “Dəvədabanı” ünvanında yerləşən 500 kv.metr torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 26 saylı, 16 iyun 1995-ci il tarixli sərəncamı ilə İddiaçı ayrılmışdır. İddiaçı qeyd edilən hüquqmüəyyənedici sənədi ilə torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, inzibati orqan isə mübahisəli torpaq sahəsinə dair digər şəxsin adına çıxarış verilməsini əsas gətirərək, tələbinin təmin edilməsindən imtina etmişdir. Hal-hazırda iddiaçı qeyd olunan torpaq sahəsinin üçüncü şəxs X5 mülkiyyətinə verilməsinə dair Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32/6 saylı qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə aşağıda qeyd etdiklərinə əsasən hesab edir ki, iddia təmin edilməli və X5 mülkiyyətinə torpaq sahəsinin ayrılmasına dair hissədə Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32/6 saylı qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikas Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri). Məhkəmə tərəfindən inzibati işin araşdırılması zamanı X8 torpaq sahəsinin ayrılması ilə bağlı Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32/6 saylı qərarının əsaslılığının yoxlanılması üçün aidiyyatı üzrə dövlət orqanlarına sorğular verilmişdir. Belə ki, X8 torpaq sahəsinin ayrılması ilə bağlı Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32/6 saylı qərarının məhkəməyə təqdim edilməsi üçün Quba rayon Dövlət Arxivinə sorğu ünvanlanmış, lakin sorğu əsasında məhkəməyə mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmasına dair Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 26 saylı, 16 iyun 1995-ci il tarixli sərəncamı təqdim edilmişdir. Bundan sonra mübahisə predmeti olan qərarın təqdim edilməsi üçün Quba rayonu Quba bələdiyyəsinə sorğu ünvanlanmış, lakin məhkəmə sorğusu tərəflərindən cavablandırılmamışdır. Eyni zamanda iş materiallarında sadalanan müvafiq cavab məktublarından da görünür ki, bələdiyyənin mübahisələndirilən qərarı və onunla əlaqəli sənədlərin dövlət arxivində arxiv nüsxələri tapılmamışdır. Lakin mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmasına dair Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 26 saylı, 16 iyun 1995-ci il tarixli sərəncamının arxiv nüsxələri mövcuddur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.6-ci mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Göründüyü kimi X8 torpaq sahəsinin ayrılması yuxarıda göstərilən qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Məhkəmə sorğuları ilə müəyyən edilmişdir ki, X8 torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətli orqan kimi rayon torpaq şöbəsi, habelə memarlıq və şəhərsalma idarəsi tərəfindən rəylər verilmiş, torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına müvafiq ödəniş edilmiş, bəllədiyyə ilə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 26 saylı, 16 iyun 1995-ci il tarixli sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin bələdiyyə tərəfindən X2 nəticəsində iddiaçı ona ayrılmış torpaq sahinə dair hüquqlarını həyata keçirə bilməmiş, bu hal iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qanunun 28.1-ci maddəsinə əsasən, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən halları sübutetmə yükü cavabdehin üzərindədir və cavabdeh tərəfindən məhkəməyə həmin halların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Quba bələdiyyəsinin xx.xx.2005ci il tarixli, 32/6 saylı qərarı Quba şəhəri “Dəvədabanı” Yaşayış Massivində yerləşən 0.05 ha torpaq sahəsinin X1 dair hissədə ləğv edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32/6 saylı qərarı Quba şəhəri “Dəvədabanı” Yaşayış Massivində yerləşən 0.05 ha torpaq sahəsinin X1 dair hissədə ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva