Məhkəmə qərarları › İş №2-1(118)-116/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-116/2021

05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-116/2021 05.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məsləhətçi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçının hüquq varisinin nümayəndəsi X5 (işləməyən, Ağsu rayon Padar kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı 1,59 hektar torpaq sahəsinin mərhun İddiaçı məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, hüquqlarının bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli 2-1(084)-1545/2019 saylı qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati–İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28.12.2019-cu il tarixli 2-1(085)-2098/2019 saylı qərardadı ilə inzibati işin ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən olunması üçün baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 14.02.2020-ci il tarixli 2-1(105)-165/2020 saylı qərardadı ilə inzibati işin ərazi aidiyyəti ilə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 17.08.2020-ci il tarixdə İddiaçı vəfat etdiyindən vərəsəlik hüququ üzrə şəhadətnamə əsasında oğlu X8 onun hüquq varisi kimi inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçının hüquq varisinin nümayəndəsi X7 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 1,59 hektar torpaq sahəsinin mərhun İddiaçı məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının hüquq varisinin nümayəndəsi X7 iddia tələbini müdafiə edərək izah etdi ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Ağsu rayon Padar kəndində torpaq islahatı aparılarkən iddiaçıya da torpaq sahəsi ayrılmışdır. Bununla yanaşı iddiaçının 0.20 ha qanuni torpaq sahəsi və 1.59 ha zəbt olunmuş həyətyanı torpaq sahəsi olduğu üçün həmin nisbətdə onun çöldəki pay torpağı azalmışdır. Yerdə qalan torpaq sahəsi haqqında iddiaçıya qanuni şəkildə dövlət aktı verilmişdir və bütün bunlar ilkin sənədlərdə öz əksini tapmışdır. Lakin ikinci dəfə zəbt olunmuş toraqlar ölçülərkən iddiaçının torpağının olması haqqında sənədlər yoxa çıxmışdır. İlkin sənədlərdə əvvəlcə iddiaçının ailə üzvləri haqqında sənədləşmə gedib, yəni X3, sonra iddiaçının ailə üzvlərinin olması qeydə alınmışdır. Sonralar isə iddiaçının atasının qeydiyyatından sonra, yəni X1, İddiaçı Əbülhəsən oğlunun qeydiyyatı aparılmışdır. Həqiqətən kənddə belə bir ailə mövcuddur. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz lakin Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsində iddiaçının torpağının qeydiyyatı barədə heç bir sənəd yoxdur. Odur ki, nə həyətyanı torpaq sahəsi üçün, nə də zəbt olunmuş torpaq sahələrinə görə hüquqi sənəd, yəni şəhadətnamə verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. İddiaçı tərəfindən qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılarkən məlum olmuşdur ki, İddiaçı iddia etdiyi 1.59 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyinə görə, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınamz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. İş materiallarında olan: - Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş 416 saylı 09.08.2016-cı il tarixli arxiv arayışından görünür ki, Ağsu rayon Padar kənd sovetinin 1980-1982-ci illərə aid 3-cü təsərrüfatbaşına kitabın 334-335-ci səhifələrindən müəyyən olunmuşdur ki, İddiaçı təsərrüfat başçısı olmaqla adına 0,20 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. - DTXK-nin Ağsu rayon şöbəsi tərəfindən verilmiş 226 saylı 17.12.2012-ci il tarixli arayışdan görünür ki, Ağsu rayonu Padar kəndində torpaq islahatı zamanı aparılan zaman İddiaçı hesabına 0.20 ha qanuni, 1.59 hektar zəbt olunmuş həyətyanı torpaq sahəsi qeydə alınmış və onun çöldəki pay torpağı həmin nisbətdə azalmışdır. Beləliklə, İddiaçı zəbt etdiyi 1.59 ha həyətyanı torpaq sahəsi ona aid hesab edilir. -Ağsu rayon Padar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 233 saylı 21.07.2019-cu il tarixli arayışdan görünür ki, torpaq islahatı zamanı İddiaçı adına Padar kəndində 0.20 ha qanuni, 1.59 ha zəbt torpaq sahəsi qeydə alınmışdır. -DTXK-nin Ağsu rayon şöbəsi tərəfindən verilmiş JN 190 kod 40914018 saylı dövlət aktından görünür ki, həmin akt Ağsu rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli 32 saylı qərarı ilə İddiaçı və qeyrilərinə ayrılmış 1.84 ha torpaq sahəsinə dair verilmişdir. - Ağsu rayon Padar bələdiyyəsi tərəfindən verilmiş 04 saylı 28.01.2016-cı il tarixli arayışdan görünür ki, Ağsu rayon Padar kəndində aparılan torpaq islahatı zamanı İddiaçı hesabına 0.20 ha həyətyanı və 1.59 ha zəbt olunmuş torpaq sahəsi yazılmışdır. - 2020-ci ilin mart ayında tərtib edilmiş texniki pasportdan görünür ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-cü il tarixli 32 saylı qərarı ilə ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş fərdi evin ölçüləri 133,8 kv m təşkil edir. - AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 23.12.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivində Ağsu rayonu Padar kəndi “Azərbaycan” kolxozunun torpaqlarından pay almaq hüququ olan vətəndaşların siyahısında mərhum İddiaçı adı 185-ci sırada qeyd edilmişdir və qanuni sənədlə verilmiş həyətyanı torpaq sahəsi qrafasında - 0,20 ha; faktiki istifadə olunan sahə qrafasında -1,79 ha göstərilmişdir. -ünvan 2 ünvanlanmış 14.01.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, mövcüd olmuş aqrar islahat komissiyasının Ağsu rayonu Padar kəndi “Azərbaycan” Kolxozunun torpaqlarından pay almaq hüququ olan vətəndaşların siyahısında 6 nəfər ailə üzvü ilə birlikdə İddiaçı adının qarşısında onun 0.20 qanuni, 1.79 ha torpaq sahəsinin faktiki istifadəsində olması qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı müraciətinə cavab olaraq cavabdeh DƏDRX-nin 14 saylı Ərazi İdarəsi bildirmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci və 11-ci maddələrində nəzərdə tutulan sənədlər idarəyə təqdim edilmməmşdir və bu səbəbdən onun müraciətinin icrası mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının hüquq varisinin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 25.06.1999-cu il tarixli 695-İQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina halları göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf məhkəmə araşdırması zamanı mübahisə obyekti olan 1.59 ha torpaq sahəsi üzərində hüquqların yaranması üçün əsas hesab edilə biləcək hər hansı hüquqmüəyyənedici sənəi təqdim edə bilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Abşeron Ərazi İdarəsinə qarşı DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı 1,59 hektar torpaq sahəsinin sənədlərinin verilməsindən imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar