Məhkəmə qərarları › İş №2-1(118)-1161/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1161/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1161/2023 24.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində X7 adına ********** nömrəsi ilə aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində X7 adına ********** nömrəsi ilə aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X8 tərəfindən mülkiyyət hüququ ilə ona məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanda yerləşən 87 nömrəli fərdi həyət evinə dair 06 oktyabr 1998-ci il tarixdə X1 adına vəsiyyətnamə qoyulmuşdur. 29 yanvar 2001-ci il tarixdə atası X8 vəfat etmişdir. Bundan sonra, X3 miras əmlaka dair Suımqayıt 2 saylı DNK-da xx.xx.2001-ci il tarixdə 2V2/87 nömrə ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsaəsn Sumqayıt şəhər Dövlət Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən X3 miras əmlakın 1/2 hissəsinə Qeydiyyat vəsiqəsi verilmiş, 1/2 hissədə isə məcburi pay nəzərə alınmaqla açıq saxlanılmışdır. Miras qalmış əmlaka məcburi pay üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün cavabdehə müraciət etmiş lakin cavadeh onun müraciətini müsbət həll etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanda yerləşən 87 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsi üzərində xx.xx.2021-ci il tarixli, 2V-1688 nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə 10 dekabr 2021-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil bildirilmişdir ki, sözügedən fərdi yaşayış evi Sumqayıt Şəhər Məhkəməsinin 2-382 nömrəli, 2003-cü il tarixli qətnaməsi əsasında tam payda X1 adına qeydiyyata alınmış və qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan Sumqayıt şəhəri, 4 saylı notariat kontorunun 4Ə-1194 nömrəli, xx.xx.2018-ci il bağışlanma müqaviləsi əsasında fərdi yaşayış evi üzərində mülkiyyət hüququ X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir və hal-hazırda fərdi yaşayış evinin mülkiyyətçisidir. Bildirilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3723/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə cavabdeh X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2-382 nömrəli, 2003-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1411/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3723/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadından iddiaçı X5 və cavabdeh X6 tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş və qərardad dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, ərizəyə əlavə edilmiş məhkəmə aktlarında fərdi yaşayış evi üzərində X7 mülkiyyət hüququnun qeydiyyata alınmasına münasibət bildirilməmişdir. Odur ki, hazırki mülkiyyətçinin hüquqları yalnız məhkəmə qaydasında mübahisələndirilə bilər. Qeyd olunanlara əsasən, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, hazırkı iddia tələbinin X7 adına ********** nömrəsi ilə aparılmış qeydiyyatın ləğv edilməsindən ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan plenum qərarının tələbləri baxımından hazırki iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmələr tərəfindən baxılacaq iddia tələblərinin növləri göstərilmiş və iddia tələbinə cavab verməli tərəfin inzibati orqan olmasının zəruriliyi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınının 17-ci bəndində göstərilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.” Göründüyü kimi, X7 adına verilmiş ********** nömrəli çıxarışın verilməsi üçün əsas 4Ə-1194 nömrəli, xx.xx.2018-ci il bağışlanma müqaviləsi olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində X7 adına ********** nömrəsi ilə aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində X7 adına ********** nömrəsi ilə aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar