Məhkəmə qərarları › İş №2-1(118)-1162/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1162/2022

11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1162/2022 11.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X15 Ramiz qızının katibliyi, İddiaçı Nurəddin oğlunun (işləməyən, Qusar rayonu, Hil kəndində yaşayan) və vəkili X13 iştirakı ilə, İddiaçı Nurəddin oğlunun cavabdeh Qusar rayon Hil Bələdiyyəsinə qarşı X19 iştirakçısı və əlili olmuş atası X4 verilməli olan, torpaq islahatı zamanı Hil kəndində mövcud olmuş adambaşı pay torpaq sahəsi normasının 2 mislində, yəni 0,59 x 2 1,18 ha torpaq sahəsinin Hil bələdiyyəsinin hesabından əvəzsiz olaraq ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Nurəddin oğlu cavabdeh Qusar rayon Hil bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X19 iştirakçısı və əlili olmuş atası X4 verilməli olan, torpaq islahatı zamanı Hil kəndində mövcud olmuş adambaşı pay torpaq sahəsi normasının 2 mislində, yəni 0,59 x 2 1,18 ha torpaq sahəsinin Hil bələdiyyəsinin hesabından əvəzsiz olaraq ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası mərhum X2 Vətən Müharibəsi iştirakçısı, müharibə əlili olmuşdur. Qusar rayonun Hil kəndində torpaq islahatları keçirilən zaman naməlum səbəblərdən atam X4 pay torpaq sahəsi verilməmişdir. Torpaq islahatları zamanı Qusar rayonun Hil kəndində adambaşına düşən pay torpaq sahəsinin norması 0,59 ha olmuşdur. Torpaq islahatları keşirilən zaman atam X1 qeydiyyatda olmuşdur və o, 03 iyun 1998ci il tarixdə vəfat etmişdir. İddiaçının ailə üzvlərinə pay torpaq sahəsinin verilməsinə dair kodu 30111018 olan JN:525 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və anası X5 pay torpaq sahəsinin verilməsinə dair kodu 30111018 olan JN:524 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 14 dekabr 1999-cu il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində qeydiyyata alınmış, onlara isə daha gec qaytarılmışdır. X20 alandan sonra onlara məlum olmuşdur ki, atası X4 pay torpaq sahəsi verilməmişdir. Sonradan anası X9 da 28 oktyabr 2013-cü il tarixdə vəfat etmişdir. O, atası N.Muradəliyevin vərəsəsi kimi qanunla ona verilməli olan pay torpaq sahəsini tələb edir. “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı ıl tarixli Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq huququna malikdirlər. Həmin Qanunun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq huququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətə venlir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlil olmuş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Buna uyğun olaraq X19 iştirakçısı, müharibə əlili olmuş atası X4 da 2 normada pay torpaq sahəsi verilməli idi. Torpaq islahatları qurtardıqdan sonra yerli aqrar islahat komissiyaların balansında qalan torpaq sahələri yeni yaradılmış bələdiyyələrin balansına keçmişdir. O cümlədən Hil kənd yerli aqrar islahat komissiyasının balansında qalmış torpaq sahələri hal-hazırda Hil bələdiyyəsinin balansına keçmişdir. Ona görə də çavabdeh Qusar rayonu Hii bələdiyyəsinin hesabından atasının pay torpağı kimi Hil kəndində mövcud olmuş adambaşı pay torpaq sahəsi normasının 2 mislində, yəni 0.59 x 2 = 1,18 ha torpaq sahəsi əvəzsiz olaraq ona verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı Nurəddin oğlu və nümayəndəsi X18 iddia tələbini müdafiə etdilər və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - JN- 525 KOD 30111018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, İddiaçı Nurəddin oğlu və onun ailə üzvlərinə Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli qərarı ilə 2.34 hektar torpaq sahəsi ayrılmışdır. - JN- 524 KOD 30111018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X10 Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli qərarı ilə 0,60 hektar torpaq sahəsi ayrılmışdır. - DTXK–nin Qusar rayon şöbəsi tərəfindən X6 ünvanlanmış 15.11.20212-ci il tarixli məktubdan görünür ki, mərhum əri X2 Vətən Müharibəsi əlili olduğu üçün ona islahat zamanı əlavə pay torpaq sahəsi verilməli idi, verilməmiş əlavə pay torpaq sahəsinə görə məhkəməyə müraciət etmək hüququ vardır. - Qusar rayon Hil kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tətəfindən verilmiş 09.02.2022-ci il tarixli arayışdan görünür ki,1996-cı ildə torpaq islahat komissiyası tərəfindən Qusar rayonu Hil kənd üzrə orta hesabla adam başına 0.59 ha torpaq sahəsi təyin olunmuşdur. Cavabdeh Qusar rayonu Hil bələdiyyəsinin 02 fevral 2022-ci il tarixli 02 saylı məktubundan görünür ki, bələdiyyə torpaqlarını vətəndaşlara pay torpaq sahəsi kimi qaytarılması bələdiyənin səlahiyyətində deyildir. Bələdiyyələr dövlət tərəfindən həmin vaxt Qusar rayonu Hil kəndində qeydiyyatda olub, pay torpaq sahəsi verilməyən vətəndaşlara pay torpaqlarının qaytarılmasını məhkəmələrin qərarlarına əsasən həyata keçirmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinəgörə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. 7-ci maddənin 3-cü bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. “Bələdiyyə torpaqıarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Yuxarıda sadalanan normaların məzmumundan aydın olur ki, torpaq islahatları zamanı bələdiyyələrin mülkiyyətinə dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxıldıqdan sonra qalan torpaqlar aid edilmişdir. Bələdiyyələr tərəfindən torpaqların vətəndaşların icarəsinə və ya mülkiyyətinə verilməsi qaydaları qanunvericilik normaları ilə tənzimlənmişdir və həmin normalarda dövlət tərəfindən verilməyən pay torpaqları əvəzinə bələdiyyə mülkiyyətindən vətəndaşa torpaq ayrılması vəzifəsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X21 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və bununla da ölkədə aparılan islahat başa çatmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin həmin vaxt qüvvədə olan 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan başqa “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qeyd edir ki, bələdiyyələr aqrar-islahat komissiyalarının hüquq varisləri deyildir və vətəndaşlara verilməyən pay torpaqlarını bələdiyyə torpaqları ilə əvəzləşdirmək vəzifəsi daşımırlar. Bələdiyyə torpaqları cavabdehin mülkiyyətində olmaqla cavabdehin həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istfiadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Bu halda məhkəmə hesab edir ki, cavabdeh Qusar rayonu Hil bələdiyyəsinini iddiaçıya verdiyi imtina cavabı qanunauyğundur. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Nurəddin oğlunun cavabdeh Qusar rayon Hil Bələdiyyəsinə qarşı X19 iştirakçısı və əlili olmuş atası X4 verilməli olan, torpaq islahatı zamanı Hil kəndində mövcud olmuş adambaşı pay torpaq sahəsi normasının 2 mislində, yəni 0,59 x 2 1,18 ha torpaq sahəsinin Hil bələdiyyəsinin hesabından əvəzsiz olaraq ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar