Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1164/2021 24.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum anası X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsinə qarşı iddia qaldıraraq “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum anası X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən tərdi yaşayış evi mərhum anası X2 məxsus olmuşdur. Anası 24 iyul 2010-cu il tarixdə dünyasını dəyişmişdir. 2019-cu il tarixdə isə bacısı X3 dünyasını dəyişmişdir. Hal-hazırda ailənin yeganə övladı kimi tək o qalmışdır. Mərhum anası X2 məxsus olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini sənədləşdirmək üçün dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Etdiyi müraciətlərə hər dəfə müxtəlif bəhanələr gətirilmişdir. Sonuncu müraciətinə isə 15 aprel 2021-ci il tarixdə cavabdeh orqan tərəfindən imtina məktubu verilmişdir. Bu səbəbdən də mərhum anası X2 məxsus olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdeh orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən X2 məxsus fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 16 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən X2 məxsus 82 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinə dair arxiv əsaslarının və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı aşkar edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ ‘'insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan SSR Kommunal Təsəürrüfatı Nazirliyi Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 82 inventar nömrəli, may 1968-ci il tarixli pasportdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Oktyabr küçəsi dalan 1, 4 saylı evə dair X1 adına pasport tərtib edilmişdir. -Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1986-cı il tarixli, 296/4 saylı qərarından çıxarışdan görünür ki, Xırdalan qəsəbəsi, oktyabr küçəsi 1 nömrəli dalanın 4 nömrəli fərdi evində yaşayan İddiaçı anası X2 məxsus evdə yaşamasını anasının 22,4 kv.m ölçüdəki bir yaşayış otağında 7 nəfər ailə üzvünün yaşamasını və İddiaçı özünün 5 nəfər ailə üzvü olması nəzərə alınaraq, X1 həyətyanı torpaq sahəsindən 292 kv.m kəsilib, oğlu İddiaçı Mürvıət oğluna təhkim edilməsi və həmin sahədə yaşayış sahəsi 42,9 kv.m olan 3 otaqlı fərdi yaşayış evi tikintisinə icazə verilməsi haqqında Xırdalan qəsəbə XDS icraiyyə komitəsinin qərarının nəzərə alınması qərara alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin **********84 saylı, 15 aprel 2021-ci il tarixli bildirişindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən X2 məxsus 82 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. - ev dəftəri və sorğuya cavab - Məhkəmənin sorğusu əsasında Abşeron Rayon dövlət arxivindən daxil olmuş 21.09.2021-ci il tarixli, H232 saylı məktubdan görünür ki, X1 adı arxiv sənədlərinin içərisində aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının anası X1 adına Abşeron rayonu, Xırdalan şəhəri, Oktyabr küçəsi dalan 1, 4 saylı evə dair Azərbaycan SSR Kommunal Təsəürrüfatı Nazirliyi Texniki İnventarlaşdırma bürosu tərəfindən Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 82 inventar nömrəli, may 1968-ci il tarixli pasport tərtib edilmişdir. İddiaçı həmin fərdi yaşayış evi ilə bağlı hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabehin **********84 saylı, 15 aprel 2021-ci il tarixli məktubu ilə iddiaçıçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsası kimi fərdi yaşayış evinə dair arxiv əsaslarının və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli, 439 saylı Fərmanının 2.4cü maddəsinə əsasən, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin əsası hesab olunur. Məhkəmə qeyd edir ki, iddiaçının anasının adına tərtib edilmiş Azərbaycan SSR Kommunal Təsəürrüfatı Nazirliyi Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 82 inventar nömrəli, may 1968-ci il tarixli pasportun arxivdə olmaması və ya arxivə təhvil verilməməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə qeyd edir ki, iddiaçının anasının mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yarandığından, həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq arayış verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mərhum anası X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və arayışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və arayışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 7 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1164/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1164/2021
24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver