Məhkəmə qərarları › İş №2-1(118)-1164/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1164/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1164/2022 04.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinə qarşı “cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə X2 ona məxsus ünvan 1 ünvanı üzrə qeydiyyatının ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, X2 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 27 yanvar 2022-ci il tarixli, 128-36104-3222 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. X8 zəruri cəbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır k.N.Əsgərov küç.döngə-5,ev.7 ünvanında yerləşən tikili rəsmi çıxarışa əsasən, iddiaçının mülkiyyətini təşkil edir. Bu evdə onun ailə üzvləri yaşayır. 2017-ci ildə mərhum oğlu, Davud ondan xəbərsiz evləndiyi X5 evinə gətirmişdir lakin, həmin qadın onlarla dolanmadığından tez bir zamanda evi tərk etmişdir. Bundan bir müddət sonra oğlu yeni doğulmuş övladı və arvadını gətirərək bir neçə ay burada yaşayacağını bildirmiş və iddiaçı etiraz etməmişdir. Sonra oğlu, Davud övladının onların ərazi üzrə poliklinikaya qeydiyyata alınmamasını deyərək uşağın anasının evə müvvəqəti qeydiyyata salmasını xahiş etmiş və iddiaçı razılaşmışdır. Çox keçməmiş X8 dava salıb bütün əşyalarını yığaraq 2018-ci il tarixdə evi daimi tərk etmişdir. Oğlu vəfat edəndən sonra, Könül ilə bütün əlaqələri kəsilmişdir. Könül yenidən ailə həyatı qurmuş və ərinin ”Qasımova” soyadını daşımaqla onunla birgə yaşayır. Buna baxmayaraq Qasımova(Yusifova) Könül Melağa qızı ondan pul qopartmaq məqsədi ilə məhkəmələrə müracət edib evə köçürülməsini tələb etmişdir. Sumqayıt Apellyasiya məhkəməsi özünün, 28.11.2018-ci il tarixli qətnaməsində iddianı rədd edib müəyyən etmişdir ki, Qasımova(Yusifova) Könül Melağa qızı,Abşeron rayonu,Masazır k.N.Əsgərov küç.döngə-5,ev.7 ünvanı üzrə evə dair istifadə hüququ qazanmadığından tələbi əsassızdır(qətnamə əlavə olunur).AR Ali Məhkəməsinin 22.04.2019-cu il tarixli Qərarı bu qətnaməni qüvvəsində saxlayaraq müəyyən edib göstərmişdir ki, X3 Abşeron rayonu, Masazır k.N.Əsgərov küç.döngə-5,ev.7 ünvanı üzrə istifadə hüququ olmadığından onu bu evə köçürülməsi qanunla yolverilməzdir(Qərar əlavə olunur).Bu məhkəmə aktları qüvvəsini almışdır. Göründüyü kimi,qeyd olunan məhkəmə aktları ilə, X2, Abşeron rayonu,Masazır k.N.Əsgərov küç.döngə-5,ev.7 ünvanı üzrə istifadə hüququ tanınmamışdır. Bu əsasla evində,cəmi üst-üstə 6 ay yaşamış, X2 mülkiyyətində olan evə dair qeydiyyatınin saxlanması qanuna zidd hesab olunmaqla mülkiyyət hüquqlarını pozur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə istinad edərək dekabr 2022-ci ildə, Abşeron rayon Polis İdarəsinə rəsmi ərizə ilə müracət edib X2,Abşeron rayonu,Masazır k.N.Əsgərov küç.döngə-5,ev.7 ünvanı üzrə qeydiyyatının məhkəmə AKT-larına əsasən ləgv edilməsini xahiş etmişdir. Ərizədə bildirmişdir ki, X2 evinin ünvanı üzrə qeydiyyata alınması üçün əvvəlcədən hüquqi əsası olmamışdır və onun yaşayış yeri 2018-ci ildən başqa ünvan olduğundan, evinin ünvanı üzrə qeydiyyatı formal xarakter daşıyır. Bu ərizəyə Abşeron RPİ cavab verir ki,’’Azərbaycan Respublikası DİN-nin 550 sayh əmrinin 5-ci bəndinə əsasən vətəndaş yaşayış yeri üzrə qeydiyyata alınması 10 nömrəli arayışa əsasən və məhkəmənin qüvvəsini almış hökmü əsasında çıxarıla bilər”. Qanunun 9 maddəsinin 5-ci bəndinə əsasən məhkəmə qətnaməsi əsasında mənzildə istifadə hüququnu itirilmiş şəxslərin qeydiyyatdan çıxarılması mümkün hesab olunur. Qanunda nəzərdə tutulmuş bu tələbə əsasən, Qasımova(Yusifova) Könül Melağa qızının evimin ünvanı üzrə qeydiyyatı ləgv olunmalıdır çünkü,məhkəmə AKT-larına əsasən onun evə dair heç bir hüququ o, cümlədən istifadə hüququ olmamış və hal-hazırda da yoxdur. Beləki, Sumqayıt Apellyasiya məhkəməsinin qətnaməsindən həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Qərarından müəyyən olunur ki, Qasımova(Yusifova) Könül Melağa qızı ona məxsus evdə istifadə hüququ əldə etməmişdir və bu səbəbdən o,yaşayış yeri kimi bu evə köçürülə bilinməz. Qətnamədən müəyyən olunur ki, Qasımova(Yusifova) Könül Melağa qızının mövcud olmayan istifadə hüququnun ləgv edilməsi üçün hüquqi əsas qalmamışdır. Göründüyü kimi, məhkəmənin qərar və qətnaməsi ilə, X2 qeydiyyatı ilə əlaqədər istifadə hüququna qiymət verilmişdir və bu qeydiyyatın ləğvi üçün qanuni əsas yaratmışdır. Digər tərəfdən, Abşeron rayon Polis İdarəsi həmən vaxt qüvvədə olmuş qanun pozuntusuna yol verərək, iddiaçının notarial təsdiq edilmiş ərizəsi olmadan X5 qeydiyyata almışdır. Beləliklə, Abşeron rayon polis İdarəsi əsassız olaraq, X2 formal qeydiyyatının ləgv edilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı, Azərbaycan Respublikası İPM-n 33-cü maddəsinə əsasən arzuladığı aktın qəbul edilməsini cavabdeh, Abşeron RPİ üzərinə qoyulmasına dair iddia qaldırmaqda haqlı hesab olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X4 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 uşağı ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli 2(105)-1782/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək, Abşeron rayon Məhkəməsinin iş üzrə 28 noyabr 2018-ci il tarixli 2(012)- 5407/2018 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X3 cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5531/2019 saylı, 28.08.2019-cu il tarixli Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019cu il tarixli, 2(105)-1782/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Göründüyü kimi məhkəmə qətnaməsi ilə üçüncü şəxsin mənzilə qanunla müəyyən olunmuş qaydada istifadə hüququ yaranmadığından onun həmin evə iddiası təmin edilməmişdir. Üçüncü şəxs hazırda həmin ünvanda pasport qeydiyyatındadır. Üçüncü şəxsin, iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxs iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da onun həmin evdə yaşaması və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar