Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1165/2022 12.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 13.03.2015-ci ildən 01.01.2018-ci ilədək olan müddət üçün pensiya fərqinin (01.01.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən 01.01.2021-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlillliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, 13.03.2015-ci ildən 2ci qrup müharibə əlilidir. Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 13.03.2015-ci ildən 15.01.2021-ci ilədək əmək pensiyası almışdır. 15.01.2021-ci il tarixdən Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 2-ci dərəcə əlilinə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən aldığı əmək pensiyası dayandırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 2021-ci ili yanvar ayından etibarən 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilir. Xüsusi Şərtlərlə Təyinat İdarəsindən ona 13.03.2015-ci ildən 01.01.2018-ci ilədək olan müddət pensiya yenidən hesablanması barədə müraciət etmiş, lakin cavabdeh ona 01.01.2018-ci ildən 01.01.2021-ci ilədək qeyd etdiyi müddət üçün 3 il ödəniş etmiş, qalan 13.03.2015-ci ildən 01.01.2018-ci ilədək müddət üçün ödəniş etməkdən imtina etmişdir. Dəfələrlə cavabdehə bu barədə ərizə ilə müraciət etsə də cavabdeh hər dəfə cavab məktubunda qeyd etmişdir ki, keçmiş dövr üzrə alınmamış pensiyanın məbləği ən çoxu üç il müddəti üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hesab edirəm ki, cavabdehin mənə yazdığı cavab məktubları əsasız və qanunsuzdur, belə ki, mənə 13.03.2015-cı ildən 01.01.2018-ci ilədək olan müddət üçiin pensiya fərqinin (01.01.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığım əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən 01.01.2021-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlillliyə görə aldığım pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsi qanunamüvafiqdir. Ali Məhkəmənin 2-1(102)-1539/2021 nömrəli, 13.10.2021-ci il tarixli analoji qərarına əsasən hesab edir ki, iddia tələbi haqlıdır və təmin edilməlidir. Cavabdehin imtinası əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinin məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı 15 yanvar 2021-ci il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 6 yanvar 2021-ci il tarixli MN-13752 nömrəli məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən ona Mərkəzi Filial tərəfindən 1 fevral 2021-ci il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin (591,00 manat) 80 faizi-472,80 manat məbləğində əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə alınmamış əmək pensiyasının məbləği ən çoxu üç il müddəti üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 12124,48 manat fərq məbləğinin 761,08 manat hissəsi 2021-ci ilin aprel və may aylarında, qalan 11363,40 manat hissəsi isə Mərkəzi Filiala müraciətlərini nəzərə alaraq 2021-ci ilin iyun ayında müvafiq kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya təyin olunmuş əlilliyin müddəti 13 mart 2021-ci il tarixindən bitdiyi üçün ona pensiya ödənişi 31 mart 2021-ci il tarixindən dayandırılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********2 nömrəli, 01.02.2022-ci il tarixli imtina məktubu, etiraz ərizəsi MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının 444 nömrəli, 31.12.2020-ci il tarixli qərarının surəti, iddiaçıya aid pensiya işinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir” . Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ yaralandığı üçün hərbi qulluqçu kimi əmək pensiyasının alması vaxtından yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Nəbi Zeynalov Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin **********2 nömrəli, 01.02.2022-ci il tarixli imtina cavabını almışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə hesab edir ki, aşağıdakıları qeyd edilənlərə əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, (Abşeron rayonu üzrə 840464 nömrəli pensiya işindən) İddiaçı 13.03.2015-ci ildən 15.01.2021-ci ilədək İİ qrup əlilliyə görə sosial müavinət almışdır. 15.01.2021-ci il tarixdən Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında iddiaçıya 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin olunmuş və əvvəllər aldığı sosial müavinət dayandırılmışdır. Cavabdeh tərəfindən 2021-ci ilin fevral ayından etibarən iddiaçıya 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiya hesablanıb ödənilir. İddiaçı Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ona 13.03.2015-ci ildən 01.01.2018-ci ilədək olan müddət üçün hərbi qulluqçu kimi əmək pensiyasının yenidən hesablanması barədə müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməmişdir. Cavabdehin etirazından fərqli olaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçının pensiya işindən də görünür ki, ona 2015-ci ildən 2021-ci ilədək sosial müavinət təyin edilib. Yəni iddiaçı həmin illər ərzində əlil kimi əmək pensiyası almış olsaydı, ona mövcud mübahisə üçün qüvvədən düşmüş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin norması tətbiq oluna bilərdi. Ancaq iddiaçıya münasibətdə 2015-ci ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun normaları tətbiq edildiyindən və həmçinin iddiaçının 2021-ci ilin fevral ayından etibarən 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduğundan, ona sosial müvainət aldığı müddətin (2015-ci ildən 2021-ci ilədək) əmək pensiyaçılara təyin edilməsi əsasları kimi tətbiq edilməsi yol verilməzdir. Cavabdeh tərəfindən üzərinə düşən vəzifə kimi İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən 01 fevral 2021-ci il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi qanunvericiliyin tələbləri baxımından mükün deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunun 20.16.1-ci maddəsinə əsasən müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə—80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə—55 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər pensiya məbləği hesablanaraq ödənilir. Həmin qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır və həmin maddənin 37.7-ci bəndində qeyd olunur ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1 və 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 13.03.2015-ci ildən 01.01.2018-ci ilədək olan müddət üçün pensiya fərqinin (01.01.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən 01.01.2021-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlillliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1165/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1165/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver