Məhkəmə qərarları › İş №2-1(118)-1166/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1166/2022

03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1166/2022 03.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtinasının əsassız hesab edilərək iddiaçının xəstəliyinə görə əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dаir iddiа ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “cavabdehin imtinasının əsassız hesab edilərək iddiaçının xəstəliyinə görə əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş, cavabdehdən inzibati icraat materiallarının təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması tələb olunmuşdur. Məhkəmə qeyd edir ki, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması ilə bağlı cavabdeh qanunda nəzərdə tutulmuş tədbir görməyə haqlıdır və bu məqsədlə iddiaçının yenidən müayinə olunması təmin edilməlidir. Belə ki, İPM-in 11-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 33.3-cü maddəsinə görə inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır (33.4). İPM-in 67.1-ci maddəsində qeyd edilmişdir ki, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. “İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.1.2-ci bəndinə görə müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Göstərilənlərə əsaslanaraq və İPM-in 33, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı əyani müayinəyə dəvət edilərək onun əlillik vəziyyətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 1 aylıq müddət təyin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin müddət ərzində müayinənin nəticəsi barədə məhkəməyə məlumat versin. Hаkim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar