Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1166/2023 28.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “iddiaçının şəhid ailəsi qismində mənzillə təmin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, şəhid ailəsi qismində mənzillə təmin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 16 may 2022-ci il tarixli, B-49-068 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)- 99/2019 nömrəli qərarı ilə İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “21 may 2007-ci il tarixdən mənzil növbəsində olan X1nın 01 may 2015-ci il tarixdə ölümündən sonra anasının ailə üzvü və hüquqi varisi kimi, onun yerinə mənzil növbəsinə bərpa edilməməsinin əsassız hesab edilməsi və onun yerinə mənzil növbəsinə bərpa edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilmiş, İddiaçı 21 may 2007-ci il tarixdən şəhid ailəsi kimi mənzil növbəsində olan X1nın 01 may 2015-ci il tarixdə ölümündən sonra anasının ailə üzvü və hüquqi varisi kimi, onun yerinə mənzil növbəsinə bərpa edilməməsi əsassız hesab edilmiş və onun yerinə mənzil növbəsinə bərpa edilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli B-49-068 nömrəli imtina cavabı aşağıdakı məzmunda verilmişdir. “Mənzillə təmin olunmanız barədə tərəfinizdən Azərbaycan Respublikası Prezidentinin ünvanına daxil olmuş müraciətə aidiyyatı üzrə şəhər İcra Hakimiyyətində baxılmışdır. Müəyyən olunmuşdur ki, ananız X4 şəhid ailəsi kimi xx.xx.2007-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsinə alınmış, xx.xx.2015-ci il tarixdə ölümü ilə əlaqədar mənzil növbəliyi ləğv edilmişdir. Sizin cavabdeh sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddianız əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)- 99/2019 nömrəli qərarı ilə şəhid ailəsi kimi xx.xx.2007-ci il tarixdən mənzil növbəsində olan ananız X8mm xx.xx.2015-ci il tarixdə ölümündən sonra ananızın ailə üzvü və hüquqi varisi kimi, onun yerinə mənzil növbəsinə bərpa edilməniz öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarı icra olunmuş, Siz şəhid ailəsi imtiyazı əsasında xx.xx.2007-ci il tarixdən mərhum ananızın yerinə mənzil növbəsinə bərpa edilmisiniz. Bildiririk ki, AR Mənzil Məcəlləsinə uyğun olaraq vətəndaşlar yaşayış sahəsi ilə yalnız növbəlilik qaydasında təmin olunurlar. Eyni zamanda bildiririk ki, mənzil təminatı və onunla bağlı məsələlər şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 25 avqust 2022-ci il tarixli **********6 saylı imtina məktubu aşağıdakı məzmundadır.” Mənzil şəraitinizin yaxşılaşdırılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə daxil olmuş olmuş müraciətinizə aiddiyyəti üzrə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına” na əsasən şəhidin arvadı(əri), valideynləri, 18 yaşma çatmamış uşaqları, 18 yaşma çatanadək sağlamlıq imkanlarının mədudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları, qardaşları və bacıları (uşaq evlərində tərbiyə olunanlar), texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alanlar isə bu məktəbi bitirənədək, lakin ən çoxu 23 yaşma çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şəhid ailəsi üzvü hesab edilirlər. Yuxarıda qeyd edilən qərarla təsdiq olunmuş qaydalarda müəyyən olunan ailə üzvü hesab edilmədiyinizdən Sizin sosial-məişət şəraitinizin yaxşılaşdırılması Nazirliyin səlahiyyəti xaricindədir.” İddiaçının qardaşı X16 10 yanvar 1994-cü ildə Ağdam istiqamətində, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən, qardaşına “Şəhid” statusu, ailəsinə isə “Şəhid ailəsi” statusu verilmişdir. Azərbaycan Respublikası, Sumqayıt şəhər ƏSMM tərəfindən X1na 007585 nömrəli vəsiqə verilmişdir. X1 21 may 2007-ci il tarixdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi kimi Sumqayıt şəhər İcra Hakimiyyətində mənzil növbəsinə alınmışdır. Anası 01 may 2015-ci il tarixdə vəfat etmişdir. Bu yaxınlarda Sumqayıt şəhər İcra Hakimiyyətinin mənzil təsərrüfatı və mənzillərin uçotu şifahi olaraq bildirilmişdir ki, X4 mənzil növbəsindən çıxarılmışdır. İddiaçının X1 01 may 2015-ci il tarixdə vəfat etdikdən sonra qanunvericiliyin tələblərinə zidd olaraq, “şəhid ailəsi” X4, ailə üzvləri, hüquqi varisi kimi onun yerinə mənzil növbəsinə uçota alınmamışdır. X2 mənzil növbəsindən çıxarılmasının səbəbi və vaxtı barədə heç bir məlumat verilməmişdir. Anasının 01 may 2015-ci il tarixdə ölümündən sonra hüquqi varisi kimi, onun yerinə mənzil növbəsinə iddiaçının uçota alınmamağı və anasının mənzil növbəsindən çıxarılmasının səbəbi və vaxtı barədə heç bir məlumat verilməməsi nəticəsində hüquqları pozulmuşdur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli 36 nömrəli Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən, hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cii il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” nın 3.2.16-cı bəndinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Azərbaycan SSR Mənzil Məcəllənin 29-cu maddəsinə əsasən, həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailənin hər bir üzvü üçün rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə müəyyən edilmiş səviyyədən aşağı olan mənzil sahəsinə malik vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilirlər. Mənzil Məcəlləsinin 33-cü maddəsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə uçota götürülürlər. Mənzil Məcəlləsinin 34-cü maddəsinə əsasən, aşağıdakı hallarda vətəndaşların yaşayış sahəsi almaq üçün uçotda qalmaq hüququ saxlanılır: Uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür. Beləliklə, göstərilən qanunvericiliyin tələblərinə əsasən, uçotda olan vətəndaş öldükdə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür. Lakin, Sumqayıt şəhər İcra Hakimiyyətinin mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsi tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və ailəm ilə birlikdə uzun illər mənzil növbəsində olan, “şəhid ailəsi” anam X2 01 may 2015-ci il tarixdə ölümündən sonra hüquqi varisi kimi, ailə üzvlərimizdən heç kim onun yerinə mənzil növbəsinə uçota götürülməmişdir. Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Mən ailəm ilə birlikdə uzun illər mənzil növbəsində olan, “şəhid ailəsi” X2 01 may 2015-ci il tarixdə ölümündən sonra hüquqi varisi kimi, ailə üzvlərindən heç biri onun yerinə mənzil növbəsinə uçota götürülməmişdir. Göründüyü kimi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(085)-99/2019 nömrəli qərarı ilə İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “21 may 2007-ci il tarixdən mənzil növbəsində olan X1nın 01 may 2015-ci il tarixdə ölümündən sonra anasının ailə üzvü və hüquqi varisi kimi, onun yerinə mənzil növbəsinə bərpa edilməməsinin əsassız hesab edilməsi və onun yerinə mənzil növbəsinə bərpa edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə İddiası təmin edilmiş, İddiaçı 21 may 2007-ci il tarixdən şəhid ailəsi kimi mənzil növbəsində olan X1nın 01 may 2015-ci il tarixdə ölümündən sonra anasının ailə üzvü və hüquqi varisi kimi, onun yerinə mənzil növbəsinə bərpa edilməməsi əsassız hesab edilmiş və onun yerinə mənzil növbəsinə bərpa edilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi iddiaçını şəhid ailəsi kim mənzillə təmin etməkdən imtina edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 2-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. İddiaçı 1978-ci ildə anadan olmuş və mərhum anası xx.xx.2007-ci ildə mənzil növbəsinə ailə üzvü kimi götürüləndə onun 29 yaşı olmuşdur. Qanunvericiliyin tələbinə əsasən o artıq şəhid ailəsi statusuna malik deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.7-ci maddəsinə əsasən vətəndaş vəfat etdikdə yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotundan çıxarılır. Əlavə olaraq onu da bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul 322 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası” mövcuddur. Sözügedən normanın adından və Mənzil Məcəlləsinin 55.3-cü maddəsindən görünür ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsin vəfatı ilə əlaqədar, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması yalnız əlilliyi olan şəxsə münasibətdədir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı qardaşı X16 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı şəhid olmuşdur. İddiaçının X1 şəhid ailəsi imtiyazı əsasında xx.xx.2007-ci il tarixdən yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. xx.xx.2015-ci il tarixdə X4 vəfat etmişdir. Bununla da, o, imtiyazlı şərtlərlə mənzil almaq hüququ olan şəxslərin siyahısından çıxarılmışdır. 29 may 2019-cu ildə qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-99/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı şəhid ailəsi imtiyazı əsasında xx.xx.2007-ci il tarixdən yaşayış yeri üzrə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və şəhid valideynlərinin birgə növbəlilik siyahısına bərpa edilmişdir. İddiaçı şəhid ailəsi qismində mənzillə təmin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı 1978-ci ildə anadan olmuş və mərhum anası xx.xx.2007-ci ildə mənzil növbəsinə ailə üzvü kimi götürüləndə onun 29 yaşı olmuşdur. Qanunvericiliyin tələbinə əsasən o artıq şəhid ailəsi statusuna malik deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.7-ci maddəsinə əsasən vətəndaş vəfat etdikdə yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotundan çıxarılır. Əlavə olaraq onu da bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul 322 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası” mövcuddur. Sözügedən normanın adından və Mənzil Məcəlləsinin 55.3-cü maddəsindən görünür ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsin vəfatı ilə əlaqədar, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması yalnız əlilliyi olan şəxsə münasibətdədir. Bundan əlavə cavabdeh orqan məhkəmə sorğusuna cavabında qeyd edir ki, “ “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 7 mart 2023-cü il tarixli 5-6/2-395/2023 nömrəli məktubla Nazirliyə təqdim olunmuş mənzil növbəsinə dayanmış imtiyazlı şəxslərin siyahısında İddiaçı 21 may 2007-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda olduğu göstərilmişdir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ər-arvad, valideynlər, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar (uşaq evlərində tərbiyə olunanlar), peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şəhid ailəsi üzvü hesab edilirlər. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci və 3-cü bəndlərinə əsasən, şəhidin şəhid ailəsi üzvü hesab olunan arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına (uşaqları, qardaş və bacıları tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), qanunla onları saxlayan olmadıqda baba və nənələrinə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın (bundan sonra - Qaydalar) 2-ci bəndinə uyğun olaraq şəhid ailəsi üzvü hesab olunan və şəhid ailəsi statusunu almış ailə üzvlərinin həmin Qaydalarda müəyyən edilmiş güzəştlərdən istifadə etməsi nəzərdə tutulmuşdur. Yuxarıda adıçəkilən Qərarla təsdiq olunmuş Qaydalarda müəyyən olunan şəhid ailə üzvü hesab edilməyən şəxslərin Nazirlik tərəfindən sosial-məişət şəraitinin yaxşılaşdırılması mövcud qanunvericiliyə uyğun deyildir. Eyni zamanda Birinci Qarabağ müharibəsinin şəhidi X16nun anası X5 2007-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna alınarkən mərhumun ikinci nikahından olan övladı - 9 may 1978-ci il təvəllüdlü İddiaçı şəhid ailəsinin üzvü statusuna malik olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın mövqeyi əsaslı olmamışdır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanuna əsasən: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır. Maddə 5. Şəhid və şəhid ailələrinin məsələləri ilə məşğul olan dövlət orqanları və onların qarşılıqlı əlaqəsi Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Qanunvericiliyin göstərişi üzrə 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan; uşaq evlərində tərbiyə olunan; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək qardaş və bacılar şəhid ailəsinin üzvləri hesab olunur. Lakin məhkəmə hesab edir ki, iddiaçının mərhum anası şəhid ailəsinin üzvü olduğuna görə, iddiaçının vərəsəlik qaydasında mənzillə təmin edilmək hüququ var. Qeyd edilən məsələyə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “21 may 2007-ci il tarixdən mənzil növbəsində olan X1nın 01 may 2015-ci il tarixdə ölümündən sonra anasının ailə üzvü və hüquqi varisi kimi, onun yerinə mənzil növbəsinə bərpa edilməməsinin əsassız hesab edilməsi və onun yerinə mənzil növbəsinə bərpa edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması”na dair inzibati işə baxılan zaman aydınlıq gətirilmişdir. Belə ki, Məhkəmənin 2-1(85)-99/2019 saylı, 11 aprel 2019-cu il tarixli Qərarı ilə iddia təmin edilməklə İddiaçı 21 may 2007-ci il tarixdən şəhid ailəsi kimi mənzil növbəsində olan X1nın 01 may 2015-ci il tarixdə ölümündən sonra anasının ailə üzvü və hüquqi varisi kimi, onun yerinə mənzil növbəsinə bərpa edilməməsi əsassız hesab edilsin və onun yerinə mənzil növbəsinə bərpa edilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Qərarda qeyd edilmişdir: “Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının X1 xx.xx.2007-ci il tarixdən şəhid ailəsi kimi mənzil növbəsinə alınmışdır. X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bundan sonra X4 mənzil növbəliliyindən çıxarılmışdır. Cavabdeh qeyd edir ki, X4 vəfat edən zaman müvafiq sənədlər təqdim edilmədiyinə görə onun mənzil növbəliliyindən çıxarılması qərara alınmışdır. Məhkəmə cavabdehin bu dəlilini əsaslı hesab etmir. İddiaçının və ailəsinin anaları X2 mənzil növbəsindən çıxaralması və müvafiq sənədlərin lazım olması ilə bağlı cavabdeh orqan tərəfindən məlumatlandırılması müəyyən olunmur. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri xx.xx.2007-ci il tarixdən yarandığına görə mabahisənin həlli zamanı həmin vaxt qüvvədə olmuş hüquq normaları tətbiq edilməlidir. 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 35-ci maddəsində vətəndaşların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarmaq üçün aşağıdakı əsaslar müəyyən edilmişdir: 1) mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda; 2) daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə; 3) iş yerində uçotda olan vətəndaş, bu Məcəllənin 34-cü maddəsinin 2-ci və 3- cü bəndlərində nəzərdə tutulmuş hallardan başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda; 4) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikdə, yaxud uçota götürülmək məsələsinin həllində vəzifəli şəxslər hüquqa zidd hərəkətlər etdikdə; 5) altı aydan artıq müddətə azadlıqdan məhrum olunmağa məhkum edildikdə. Həmin normalar hazırda qüvvədə olmasa da, onların əsasında verilmiş, bu normaları özündə ehtiva edən qanunvericilik aktları, o cümlədən müvafiq qaydalar hüquqi cəhətdən ləğv edilməmişdir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin qaydalarına uyğun olaraq, mənzil şəraitinin yaxşıladırılması ilə əlaqədar olaraq uçota dayanmaq üçün əsas qalmadıqda vətəndaşlar uçotdan çıxarılmalıdırlar. Bundan başqa, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 55-ci maddəsində də yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması əsasları müəyyən edilmişdir. Həmin Qanunun tələbinə görə, vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda onlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarıla bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçının X1nın mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarmaq üçün yuxarıda sadalanan əsaslarla deyil, vəfat etməsi ilə bağlı olmuşdur.Lakin onun hüquqi varislərinin olub-olmaması məsələsi cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış, nəticədə iddiaçının hüququ pozulmuşdur. Halbu ki, 2009cu il oktyabrın 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 34-cü maddəsi müəyyən edir ki, uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür. X2 hüquqi varisləri X6, X10, X11, X7 notarial qaydasında təsdiqlənmiş ərizələri məhkəməyə daxil olmuş və onlar X2 vəfatından sonra mənzil növbəliliyinin İddiaçı adına keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Digər hüquqi varis X17 etibarnamə ilə məhkəmədə İddiaçı tərəfindən təmsil olunmuş və etirazı olmadığı müəyyən edilmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, İddiaçı anasının hüquqi varisi kimi mənzil növbəliliyinin bərpa edilməsindən cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır.” Göründüyü kimi məhkəmə qərarı ilə iddiaçının vərəsəlik qaydasında mənzil növbəsinə bərpa edilməli olduğu müəyyən edilmişdir. Habelə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 29 may 2019-cu ildə qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-99/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı şəhid ailəsi imtiyazı əsasında xx.xx.2007-ci il tarixdən yaşayış yeri üzrə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və şəhid valideynlərinin birgə növbəlilik siyahısına bərpa edilmişdir. Sözügedən siyahı xx.xx.2022-ci il tarixli 1919 saylı məktubla AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə göndərilmişdir. (Sumqayıt şəhər İcra Hakimiyyətinin 04 may 2023-cü il tarixli, 5-6/2-736/2023) Qeyd edilənlərdən göründüyü kimi iddiaçının X1 güzəştli mənzil növbəsində olmuş, vəfat edən zaman müvafiq sənədlər təqdim edilmədiyinə görə onun mənzil növbəliliyindən çıxarılması qərara alınmışdır. İddiaçı isə şəhid ailəsi imtiyazı əsasında xx.xx.2007-ci il tarixdən yaşayış yeri üzrə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və şəhid valideynlərinin birgə növbəlilik siyahısına bərpa edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2018-ci il tarixli “R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına əsasən Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bunlara aşağıdakılar aiddir: qətilik, müstəsnalıq, preyudisiallıq, icraedilənlik və məcburilik. Preyudisiallığın xüsusiyyəti ondan ibarətdir ki, əvvəl baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar məhkəmə və digər proses iştirakçıları üçün məcburidir. Hazırki iş üzrə məhkəmə hesab edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(085)-99/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı preyudisial əhəmiyyət daşıyır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında İddiaçı şəhid ailəsi imtiyazı əsasında xx.xx.2007-ci il tarixdən yaşayış yeri üzrə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və şəhid valideynlərinin birgə növbəlilik siyahısına bərpa edilmişdir. Beləliklə, iddiaçının həmin siyahı əsasında mənzillə təmin edilmək hüququ var. Qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı şəhid ailəsi növbəliyində (şəhid ailəsi imtiyazı əsasında xx.xx.2007-ci il tarixdən bərpa edildiyi yaşayış yeri üzrə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və şəhid valideynlərinin birgə növbəlilik siyahısı əsasında) mənzillə təmin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı şəhid ailəsi növbəliyində (şəhid ailəsi imtiyazı əsasında xx.xx.2007-ci il tarixdən bərpa edildiyi yaşayış yeri üzrə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və şəhid valideynlərinin birgə növbəlilik siyahısı əsasında) mənzillə təmin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1166/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1166/2023
28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver