Məhkəmə qərarları › İş №2-1(118)-1168/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1168/2021

17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1168/2021 17.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı (X2 montyor işləyən, Quba şəhəri, SU-81, ev 8 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə mülkiyyət hüquqlarının vərəsəliyin rəsmiləşdirilməsi üçün anası, mərhum X4 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən Çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 0.05 ha torpaq sahəsi mülkiyyət hüququnun mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14.12.1995-ci il tarixli, 58 saylı sərəncamı ilə onun anası X3 Quba şəhərinin “Dəvədabanı” yaşayış massivindən 0,05 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi verilmişdir. N.Ağabəyova 10.06.2003-cü ildə vəfat etmişdir. O, həmin torpaq sahəsinin anasına məxsus olması və gələcəkdə vərəsəlik məsələlərinin həlli məqsədi ilə bütün müvafiq sənədlərin əsil nüsxələrinin əlavə etməklə, 01.03.2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 09.03.2021 -ci il tarixli, **********24 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə imtina məktubu ilə mülkiyyət sənədlərinin verilməsindən imtina olumuşdur. Məktubda imtinanın ona səbəbi kimi guya Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyətinin olmaması göstərilmiş, lakin bunun hansı qanunvericilik aktına əsaslandığı göstərilməmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, müraciətlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizədə qeyd olunan 0.05 ha torpaq sahəsi Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14.09.1995-ci il tarixli 58 saylı sərəncamı əsasında ayrılmışdır. Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur. Bu səbəbdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamışdır. İş materiallarında olan : - Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14.09.1995-ci il tarixli 58 saylı sərəncamından görünür ki, Quba şəhəri, 8 Mart küçəsi, 30 nömrəli evdə yaşayan X3 fərdi yaşayış evi tikmək üçün şəhərin Dəvədabanı ərazisində 500 kv.m torpaq sahəsi verilmişdir. -Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 07.01.2021-ci il tarixli 35 saylı məktubundan görünür ki, İddiaçı ərizəsinə və 09.04.2018-ci il tarixli 2V-370 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı 10.06.2003-cü il tarixdə vəfat etmiş X1 qanun üzrə vərəsəsidir. -AZ-İ № 049430 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 10.06.2003-cü ildə vəfat etmişdir. -Xİİİ-ЖГ № 479628 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı X1 oğludur. -Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 14.07.2021-ci il tarixli 678 saylı arxiv çıxarışından görünür ki, Quba şəhərində fərdi mənzil tikmək üçün növbədə duran X3 növbəsi çatdığı üçün torpaq sahəsi verilmişdir. - Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14.09.1995-ci il tarixli 58 saylı sərəncamından görünür ki, Quba RİHB-nın Şəhər üzrə nümayəndəliyində fəaliyyət göstərən torpaqbölüşdürmə komissiyasının 14.09.1995-ci il tarixli 13 saylı protokolu təsdiq edilmişdir. -Quba rayon XDS-nin qərarından görünür ki, Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisi üçün ayrılacaq torpaq sahəsinin ölçüsü hər bir təsərrüfat üzrə 0.05 ha müəyyən edilmişdir. -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 09.03.2021-ci il tarixli **********24 saylı imtina məktubundan görünür ki, müraciətlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizədə qeyd olunmuş 0.05 ha torpaq sahəsi Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14.09.1995-ci il tarixli 58 saylı sərəncamı əsasında ayrılmışdır. Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının izahatını dinləyərək, araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 1998-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının mərhum anasına torpaq sahəsinin guya səlahiyyətsiz şəxs tərəfindən ayrılması barədə cavabdeh inzibati orqanın imtina məktubunda göstərdiyi dəlili tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. Mərhum N.Ağabəyovaya torpaq sahəsi ayrılarkən heç bir qanunpozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anasına məxsuslğunu təsdiq edilməsinin tələb etməsi qüvvədə olan qanunvericiliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini rədd etməsini əsaslı hesab etmək olmaz. Bununla bağlı məhkəmə qeyd edir ki, Qubra rayon XDS_nin qərarına əsasən Quba şəhərində vətəndaşlara fərdi mənzil tikintisi üçün ayrılacaq torpaq sahəsinin ölçüsü hər bir təsərrüfat üzrə 0.05 ha müəyyən edilmiş və rayon XDS Rəyasət Heyətinə .......vətəndaşlara verilən həyətyanı torpaqların qanuniliyini yoxlamaq üçün komissiya təşkil edilməsi və yoxlamanın nəticələrindən əlavə olaraq tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. Bundan sonra Quba şəhər RİHB-nən şhəər üzrənümayəndəliyinin torpaq bölgüsü komissiyasının 14.09.1995-ci il tarixli 13 saylı protokolu nəzərə alınaraq X3 fərdi yaşayış evi tikmək üçün Dəvədabanı ərazisində 500 kv m torpaq sahəsinin verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 06 saylı 15.10.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrində 02.11.2012-ci il tarixdə qeydiyyata alınaraq, 03.11.2012-ci il tarixdən qüvvəyə minmiş «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmsına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat»ın 7.1-ci bəndinə əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs Reyestrə müraciət edərək, lakin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan öldükdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət yüzrə vərəsələrinin müraciəti əsasında ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə görə isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və/və ya onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri reyestrə təqdim edənədək öldükdə həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Yuxarıda qeyd olunan normaların məzmununudan göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu ilə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə həmin əmlak üzərində hüquqların dövlət qeydiyatı haqqnda çıxarışın vərəsələk sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi müəyyən edilsə də, sözügedən Təlimatda vərəsələrin müraciəti əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququ barədə ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilməsi nəzərdə tutulmuşdur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.1-ci maddəsinin mənasına görə normativ hüquqi akt – qanunla və ya fərmanla dövlət orqanının səlahiyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanunun 20-ci maddəsi mərkəzi icra hakimiyyəti orqanları tərəfindən normativ hüquqi aktların qəbul edilməsini nəzərdə tutmuşdur. Bu müddəaların tələblərinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qəbul etdiyi Təlimat normativ hüquqi akt hesab olunmalıdır. Göründüyü kimi, daşınmaz əmlak üzərində hüquq əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində mülkiyyət hüququ barədə çıxarışın verilməsi ilə bağlı məsələdə yuxarıda qeyd olunan «Təlimat»ın müddəaları ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları arasında ziddiyət mövcuddur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə görə fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təqkil etdikdə qanun tətbiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır . NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar