Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1168/2023 28.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 09 dekabr 2005ci il tarixli 54 saylı qərarı ilə kommersiya obyektinin tikintisi məqsədilə Sumqayıt şəhərinin 8-ci mikrorayon ərazisində iddiaçının mərhum həyat yoldaşı X5 icarəsinə verilmiş sahəsi 50 kvadrat metr olan torpaq sahəsi üzərində icarə hüququnun və həmin torpaqda inşa edilmiş 44.2 kvadrat metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X6 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən sahəsi 50 kvadrat metr olan torpaq sahəsi üzərində yaranmış icarə hüququnun dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1168/2023 saylı qərardadı ilə Sumqayıt bələdiyyəsi inzibati icraata üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsinə dair ərizələr təqdim edərək, “Sumqayıt bələdiyyəsinin 09 dekabr 2005-ci il tarixli 54 saylı qərarı ilə kommersiya obyektinin tikintisi məqsədilə Sumqayıt şəhərinin 8-ci mikrorayon ərazisində iddiaçının mərhum həyat yoldaşı X5 icarəsinə verilmiş sahəsi 50 kv. metr olan torpaq sahəsi üzərində icarə hüququnun və həmin torpaqda inşa edilmiş 44.2 kvadrat metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X6 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin 09 dekabr 2005-ci il tarixli 54 saylı qərarı ilə iddiaçının mərhum həyat yoldaşı, əmək veteranı X1 obyektinin tikintisi məqsədi ilə Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində 50 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 13 aprel 2006-cı il tarixli 139 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsində obyektin tikintisinə icazə verilmişdir. Torpaq sahəsi mərhum həyat yoldaşına verildiyi gündən bu günə kimi onların istifadəsindədir. 05 noyabr 2010-cu il tarixdə həyat yoldaşı X8 vəfat etmiş və onun vəfatından sonra mərhumun 1-ci növbədə qanun üzrə vərəsəsi kimi iddiaçı mirası qəbul etməklə həmin obyektdən faktiki istifadə edir. Qeyd olunan torpaq sahəsini adına sənədləşdirilməsi üçün ilk öncə Sumqayıt şəhər Məhkəməsinə “istifadədə olma faktının müəyyən edilməsi və hüquqların qeydiyyata alınması” tələbinə dair ərizə ilə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 26 noyabr 2012-ci il tarixli 2(060)-4251/2012 saylı qətnaməsi ilə ərizədə qeyd olunan tələbi təmin edilərək X6 məxsus Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində inşa edilmiş, sahəsi 50 kvadrat metr olan kommersiya obyektinin yerləşdiyi torpaq sahəsi X2 istifadəsində olması faktı müəyyən edilmiş və həmin hüququn Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsində dövlət qeydiyyatına alınması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən onun adına qeyd olunan torpaq sahəsinin plan və ölçüsü tərtib olunaraq X11 kitabında xx.xx.2013-cü il tarixdə 6590 nömrə ilə uçota alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi əsasında Sumqayıt Bələdiyyəsi ilə iddiaçı arasında 07 avqust 2013-cü il tarixdə 31 dekabr 2017-ci il tarixə kimi qüvvədə olan 57 saylı torpaq icarə müqaviləsi, 30 avqust 2021-ci il tarixdə 26 saylı torpaq icarə müqaviləsi və 04 noyabr 2022-ci il tarixdə 53 saylı torpaq icarə müqavilələri bağlanmışdır. Qeyd olunan icarə müqavilələri üzrə hər il vaxtı vaxtında torpaq icarə haqqını Sumqayıt Bələdiyyəsinə ödəmişdir. Sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən onun adına Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair xx.xx.2021-ci il tarixli AZE seriyalı 003993 saylı Şəhadətnamə verilmişdir. Bundan başqa Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 10 noyabr 2021-ci il tarixli 12 saylı Tikinti obyektinin istismara icazə aktı və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti müfəttişliyi tərəfindən 004152 saylı İstismara hazırlıq aktı verilmişdir. Göründüyü kimi iddiaçı torpaq sahəsinə və qeyri yaşayış obyektinə dair bütün sənədləri əldə etmişdir. Bundan sonra torpaq sahəsi və qeyri-yaşayış obyekti üzərində hüquqlarını qeydiyyata aldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmişdir və cavabdeh təşkilat 25 fevral 2022-ci il tarixli **********00 saylı məktubla onun müraciətindən imtina etmiş və bundan sonra o, ikinci dəfə cavabdeh təşkilata müraciət etmiş və yenidən 31 avqust 2022-ci il tarixli məktubla ilə onun hüquqlarını qeydiyyata almaqdan imtina etmişlər. Lakin cavabdeh təşkilat onun müraciətinə imtina edərkən nə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə, nə də qeyri yaşayış sahəsinə dair əldə etdiyi digər sənədlərə əhəmiyyət verməmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsi torpaq sahəsini açıq torpaq hərracından keçirdikdən sonra onunla icarə müqaviləsi bağlamalı idi. Halbuki, qeyd olunan torpaq sahəsi 09 dekabr 2005-ci il tarixdə onun mərhum həyat yoldaşına ayrılmışdır və onun vəfatından sonra Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi əsasında 1ci növbə vərəsə kimi onunla Sumqayıt Bələdiyyəsi arasında torpaq icarə müqavilələri bağlanmışdır. Belə ki, qanunvericiliklə 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ilə ayrılması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd etdiyi torpaq sahəsi isə Sumqayıt Bələdiyyəsinin 09 dekabr-2005 ci il tarixli qərarı ilə mərhum həyat yoldaşının icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində yaranmış icarə hüququnun uzadılmasına 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının ayrılması qaydası tətbiq edilə bilməz. Bu müddəa müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Belə olan halda hesab edir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Bu səbəbdən cavabdehin onun hüquqlarını qeydiyyata almaqdan imtina etməsini əsassız sayır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə 06 yanvar 2022-ci il tarixli və 10 may 2022-ci il tarixli ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və onun müraciəti müvafiq olaraq, ********** nömrəsi ilə və ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması haqqında Sumqayıt şəhər Bələdiyyəsinin qərarı xx.xx.2005-ci il tarixdə verilsə də, həmin tarixdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinə dair müvafiq müqavilə bağlanmamışdır. Təqdim olunan xx.xx.2021 -ci il tarixli, 26 nömrəli bilavasitə bağlanmış torpaq icarəsi müqaviləsi qanunvericiliyin tələblərinə zidd tərtib olunmuşdur. Həmçinin sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, 9 dekabr 2005-ci il tarixində Sumqayıt Bələdiyyəsinin müvafiq torpaq sahəsinin X6 ayrılması barədə qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı, 30 avqust 2021-ci il tarixində qanunvericiliyin tələblərinə zidd olaraq İddiaçı ilə hərracdan kənar icarə müqaviləsi bağladığı müəyyən olunmuşdur. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə’’ 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklərə əsasən, bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixdən sonra ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra bu Qanunun 9.1-cr maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 16-cı bəndinə əsasən, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərar qəbul edir. Bundan əlavə, torpaq sahəsinə dair müqavilə İddiaçı ilə bağlanmış olsa da, ərizəyə əlavə olunmuş Ö/004152 nömrəli, xx.xx.2020-ci il tarixli istismarına hazırlıq aktında və 12 nömrəli, 10.11,2021-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində sifarişçi kimi X5 adı qeyd olunmuşdur. Həmçinin, daşınmaz əmlaka texniki baxış keçirilərkən müəyyən edilmişdir ki, əlavə 2.2 kv.m ərazi zəbt edilmişdir. Eləcə də, tikilinin layihədə 1 otaqlı, bir giriş qapısı qeyd edilsə də. faktiki olaraq taxta arakəsmə ilə 2 hissəyə bölünərək əlavə qabaq və arxa hissəyə layihədənkənar qapı açılmışdır. Arxa tərəfdə ü/sahəsi 1.7 kv.m sanitar qovşağı sərhəddənkənar (özbaşına) inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası müm- kün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Sumqayıt şəhər bələdiyyəsinin 54 saylı, 09 dekabr 2005-ci il tarixli qərarının surətindən görünür ki, əmək veteranı X6 Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisindən kommersiya obyektinin tikinti-quraşdırılma məqsədilə 50 (əlli) kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 139 saylı, 13 aprel 2006-cı il tarixli sərəncamının surətindən görünür ki, əmək veteranı X6 Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisindən kommersiya obyektinin tikinti-quraşdırılma məqsədilə ayrılmış 50 kv.m torpaq sahəsində kommersiya obyektinin tikinti-quraşdırılmasına icazə verilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4251/2012 saylı, 26 noyabr 2012-ci il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, X6 məxsus olmuş Sumqayıt şəhəri, 8ci mikrorayon ərazisində inşa edilmiş, sahəsi 50 kvadrat metr olan kommersiya obyektinin yerləşdiyi torpaq sahəsinin İddiaçı istifadəsində olması faktının müəyyən edilməsi və həmin hüququn Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsində dövlət qeydiyyatına alınması qət edilmişdir. - “Evlənmək haqqında” İ-ИЕ № 316705 saylı şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı arasındakı nikah 29 oktyabr 1961-ci ildə qeydə alınmışdır. - AZ-İ № 431633 saylı, 19 noyabr 2010-cu il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 19 noyabr 2010-cu il tarixdə ölmüşdür. - 08 aprel 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 vərəsələri arvadı İddiaçı və oğlu X7r. - 57 saylı, 07 avqust 2013-cü il tarixli, 26 saylı, 30 avqust 2021-ci il tarixli və 53 saylı, 04 noyabr 2022-ci il tarixli “Torpaq icarəsi müqaviləsi”nin surətlərindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 50 kv.metr torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş, xx.xx.2013-cü il tarixdə 6590 nömrə ilə uçota alınmış AZ № 470243 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nünü surətindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 50 kv.metr torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. - № Ö/004152 saylı, 20 oktyabr 2020-ci il tarixli “İstismara hazırlıq aktı”nın surətindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində 1 mərtəbəli kommersiya obyektinin istismarına hazırlıq aktı tərtib edilmişdir. - “Tikinti-Quşardırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının” 50 saylı, 28 noyabr 2014-cü il tarixli aktının surətindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərizəsində vətəndaş İddiaçı tərəfindən ticarət obyektinin tikintisi zamanı tikinti norma və qaydalarına tam riayət olunmuş və istismara yararlı hesab edilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən imzalanmış 12 saylı, 10 noyabr 2021 il tarixli Tikinti obyektinin istismarına icazə sənədindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, 30 avqust 2021-ci il tarixli , 26 saylı “Torpaq icarəsi müqaviləsi” əsasında Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binasının tikintisi icra hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəyə uyğundur; sözügedən qeyri-yaşayış obyektində əlavə 2.2 kv.m ərazi zəbt edilmişdir şimal-qərb hissədən; qeyri-yaşayış obyekti arakəsmə ilə 2 hissəyə bölünərək əlavə qapı açılmışdır; qeyri-yaşayış obyektində əlavə 2.2 kv.m zəbt edilmiş ərazi üzərində tikili mövcuddur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 31 avqust 2022-ci il tarixli və 15 mart 2023-cü il tarixli imtina məktublarının surətlərindən görünür ki, iddiaçının Sumqayıt şəhəri, 8-ci mikrorayon ərizəsində yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş qeyriyaşayış obyekti üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Sumqayıt İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 31 avqust 2022-ci il tarixli və 15 mart 2023-cü il tarixli imtina məktubları ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də əsaslı iddia olduğundan təmin edilməlidir. İddiaçının tələbi iki hissədən ibarətdir:
1. Sumqayıt bələdiyyəsinin 09 dekabr 2005-ci il tarixli 54 saylı qərarı ilə kommersiya obyektinin tikintisi məqsədilə Sumqayıt şəhərinin 8-ci mikrorayon ərazisində iddiaçının mərhum həyat yoldaşı X5 icarəsinə verilmiş sahəsi 50 kvadrat metr olan torpaq sahəsi üzərində icarə hüququnun;
2. Həmin torpaqda inşa edilmiş 44.2 kvadrat metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X6 mıxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 9-cu bəndinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.2-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində malik olduğu səlahiyyətlərindən biridir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtinasını onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə mümkündür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və göstərdiyi dəlillər əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər bələdiyyəsinin 54 saylı, 09 dekabr 2005-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyi nəzərə alınaraq, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində iddiaçının mərhum əri X1 obyektinin tikinti-quraşdırılma məqsədilə 50 (əlli) kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. X8 19 noyabr 2010-cu il tarixdə ölmüş, İddiaçı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən onun qanuni vərəsəsi qismində tanınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4251/2012 saylı, 26 noyabr 2012-ci il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, X6 məxsus olmuş Sumqayıt şəhəri, 8ci mikrorayon ərazisində inşa edilmiş, sahəsi 50 kvadrat metr olan kommersiya obyektinin yerləşdiyi torpaq sahəsinin İddiaçı istifadəsində olması faktının müəyyən edilməsi və həmin hüququn Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsində dövlət qeydiyyatına alınması qət edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında 57 saylı, 07 avqust 2013-cü il tarixli Torpaq İcarəsi müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən ümumi sahəsi 50 kv.m olan torpaq sahəsi X2 icarəsinə verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsas kimi torpaq sahəsinin, icarəyə, açıq torpaq hərracı və ya müsabiqəsi ilə verilmədiyini əsas göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış 26 saylı, 30 avqust 2021-ci il tarixli və 53 saylı, 04 noyabr 2022-ci il tarixli Torpaq İcarəsi müqavilələri heç də müstəqil müqavilə olmayıb, Sumqayıt şəhər bələdiyyəsinin 54 saylı, 09 dekabr 2005-ci il tarixli qərarının davamı olaraq bağlanılmışdır və bələdiyyə ilə İddiaçı arasında 07 avqust 2013-cü ildən əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan 9-cu maddəsinə əsasən həmin qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Həmin qanun 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş, dərc edildiyi, yəni 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmişdir. Qanunvericilikdə torpaqlara münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş və 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş qanunun tətbiqi ilə yaranmış və bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında icarə hüquq münasibətləri cavabdehin imtinasında, etirazında istinad etdiyi qanunvericilik normasının tətbiqdən əvvəl meydana gəlmiş və bu xüsusat yeni qanunla da icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi tələbinin tətbiq olunduğu torpaq sahələrinə aid edilməmişdir. Eyni zamanda cavabdeh orqan məhkəməyə ünvanladığı iddiaya qarşı yazılı etirazında iddiaçının qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinasının əsası kimi isə 2.2 kv.m ərazinin zəbt edilməsini, tikilinin layihədə 1 otaqlı, bir giriş qapıdı qeyd edilsə də, faktiki olaraq taxta arakəsmə ilə 2 hissəyə bölünərək əlavə qabaq və arxa hissəyə layihədənkənar qapı açılmasını, arxa tərəfdə ü/sahəsi 1.7 kv.m sanitar qovşağı sərhəddənkənar (özbaşına) inşa edildiyini qeyd etmişdir. Məhkəmə qeyd edilən halların araşdırılması üçün cavabdeh orqana 10 fevral 2023-cü il tarixli məktubu ilə sorğu ünvanlayaraq, zəruri suallarla bağlı mütəxəssis rəyinin tərtib edilməsini tələb etmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, 30 avqust 2021-ci il tarixli , 26 saylı “Torpaq icarəsi müqaviləsi” əsasında Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binasının tikintisi icra hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəyə uyğundur; sözügedən qeyri-yaşayış obyektində əlavə 2.2 kv.m ərazi zəbt edilmişdir şimal-qərb hissədən; qeyri-yaşayış obyekti arakəsmə ilə 2 hissəyə bölünərək əlavə qapı açılmışdır; qeyri-yaşayış obyektində əlavə 2.2 kv.m zəbt edilmiş ərazi üzərində tikili mövcuddur. Göründüyü kimi cavabdeh orqanın mütəxəssisi tərəfindən tərtib edilmiş rəydə mübahisə predmeti olan qeyri-yaşayış obyektinin Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəyə uyğun olması öz əksini tapmışdır. Məhkəmə cavabdehin qeyri-yaşayış obyektində əlavə 2.2 kv.m zəbt edilmiş ərazi üzərində tikili mövcud olması dəlilinə münasibətdə bildirir ki, sorğu əsasında əldə edilmiş müayinə aktından da görünür ki, iddiaçının faktiki istifadəsində olan qeyri-yaşayış obyektinin sahəsində həqiqətən də, 2.2 kv.metr zəbt mövcuddur. Lakin hazırki iddia tələbində iddiaçı qeyd olunan qeyri-yayaış obyektinə dair 44.2 kv.metr sahə üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istəyir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçı sənəd üzrə göstərilmiş ölçüdən artıq sahədən istifadə etmiş olsaydı, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadə ilə nəticələnmiş olardı. Lakin hazırki halda iddiaçı nəinki zəbt sahədən istifadə etmir, əksinə onun faktiki istifadəsində olan qeyri-yaşayış obeyktinin 44.2 kvadrat metr ölçüsü üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istəyir. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini əsassız hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt bələdiyyəsinin 09 dekabr 2005-ci il tarixli 54 saylı qərarı ilə kommersiya obyektinin tikintisi məqsədilə Sumqayıt şəhərinin 8-ci mikrorayon ərazisində iddiaçının mərhum həyat yoldaşı X5 icarəsinə verilmiş sahəsi 50 kvadrat metr olan torpaq sahəsi üzərində icarə hüququnun və həmin torpaqda inşa edilmiş 44.2 kvadrat metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X6 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin 09 dekabr 2005-ci il tarixli 54 saylı qərarı ilə kommersiya obyektinin tikintisi məqsədilə Sumqayıt şəhərinin 8-ci mikrorayon ərazisində iddiaçının mərhum həyat yoldaşı X5 icarəsinə verilmiş sahəsi 50 kvadrat metr olan torpaq sahəsi üzərində icarə hüququnun və həmin torpaqda inşa edilmiş 44.2 kvadrat metr qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva