Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1169/2024 17.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (torpaq sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə X7 adına qeydiyyata alınmış 0,0688 ha torpaq sahəsinin 0,045 ha hissəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə X7 adına qeydiyyata alınmış 0,0688 ha torpaq sahəsinin 0,045 ha hissəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə X11 arasında notariat qaydada bağlanılmış 27 sentyabr 2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsində cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə X7 adına qeydiyyata alınmış 0.0688 ha torpaq sahəsinin 0.045 ha hissəsi İddiaçı satılmışdır. Eyni zamanda 27 sentyabr 2022-ci il tarixdə bu barədə torpaq sahəsinin bölgü eskizinin təsdiqi sazişi bağlanmışdır. Cavabdehə torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi ilə bağlı müraciət olunmuş, lakin cavabdeh orqan tərəfindən müraciətin təmin olunmasından imtina olunmuşdur. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən xx.xx.2021-ci il tarixdə X7 adına qeydiyyata alınmış 0.0688 ha torpaq sahəsinin 0.045 ha hissəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair çıxarış və texniki pasportun verilməsinə dair vəzifənin cavabdehin üzərinə qoyulması mütləq və zəruridir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 9 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş, lakin iddia tələbinə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsinin sənəd üzrə yerdəyişməsi ilə faktiki yerdəyişməsi arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda faktiki torpaq sahəsinin bir hissəsi **********26-10301 reyestr nömrəli çıxarışla başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmənin 28 noyabr 2024-cü il tarixli qərardadı ilə X13, xx.xx.2023-cü il tarixli qərardadı ilə X11 (sonradan üçüncü şəxs qismində iştirakına xitam verilmişdir), xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan cavabdehin imtina məktublarından görünür ki, iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. • İş materiallarına əlavə edilmiş AN-İ № ******* olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Rəqibə Qədirova ona məxsus 0,0688 ha torpaq sahəsinin 0,045 ha hissəsini İddiaçı satmışdır. • Torpaq sahəsinin bölgü eskizinin təsdiqi sazişinə əsasən 0,688 ha torpaq sahəsinin bölgüsü aşağıdakı qaydada olmuşdur: 0,0450 ha hissə iddiaçıya, qalan hissə Rəqibə Qədirovaya məxsus olmaqla bölünmüşdür.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.
Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir: 1.1-ci bənd: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bənd: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bənd: Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bənd: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər mövcuddur. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Hökməli qəsəbəsi olduğu üçün həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçının cavabdeh orqana müraciəti təmin olunmamışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Hökməli qəsəbəsi olduğundan və Abşeron rayonunun inzibati ərazi dairəsinə aid olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).
Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin norma Mülki Məcəllənin 139-1.1.8-ci maddəsində də qeyd olunmuşdur).
“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı mərhum Rəqibə Qədirova ilə daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə bağlayaraq sonuncuya məxsus 0,0688 ha torpaq sahəsinin 0,045 ha hissəsini satın almışdır. İddiaçı satın aldığı 0,045 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini cavabdeh orqandan tələb etmiş, lakin cavabdeh təşkilat tərəfindən mübahisəli torpaq sahəsinin sənəd üzrə yerdəyişməsi ilə faktiki yerdəyişməsi arasında uyğunsuzluq olması və faktiki torpaq sahəsinin bir hissəsinin **********26-10301 reyestr nömrəli çıxarışla başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi səbəbindən hüququn qeydə alınmasından imtina etmişdir. Məhkəmə mübahisəli torpaq sahəsinin **********26-10301 reyestr nömrəli çıxarışla üst-üstə düşdüyü qeyd edilməsi səbəbilə həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim olunmasına dair cavabdeh orqana sorğu göndərmişdir. İlkin sənədlərdən müəyyən olunmuşdur ki, Abşeron rayon Hökməli qəsəbəsində yerləşən 1000 kv.metr (0,10 ha) torpaq sahəsi Abşeron rayon İHB-nın Hökməli qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1992-ci il tarixli sərəncamı ilə Ağamirzəyeva (Hüsiyeva) İlhamə Şamil qızına fərdi yaşayış evi tikintisi üçün ayrılmışdır (qərardan çıxarış, akt, plandan çıxarış və plan-ölçü sənədləri olmaqla). Həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli çıxarış verilmişdir. Daha sonra həmin torpaq sahəsinin 0,06 ha hissəsi X8 özgəninkiləşdirilmiş, bundan əlavə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X8 Abşeron rayon AİK-nın qərarı ilə 900 kv.metr torpaq sahəsi ayrılmış və müvafiq plan-ölçü sənədi verilmişdir. xx.xx.2007-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Vəli Allahverdiyev ona məxsus 900 kv.metr torpaq sahəsinin 0,04 ha hissəsini Rəqibə Qədirovaya, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən isə çıxarışla ona məxsus olan 0,11 ha torpaq sahəsini mərhum X14 (Rəqibə Qədirovanın mərhum əri) satmışdır. Həmin 0,11 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Rəqibə Qədirova mərhum X12 vərəsəsi olmaqla həmin 0,11 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu RX seriyalı ******* nömrəli çıxarışla öz adına rəsmiləşdirmişdir. AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən 0,11 ha torpaq sahəsi Rəqibə Qədirova tərəfindən hazırkı iş üzrə üçüncü şəxs qismində çıxış edən X2 və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış və plan-ölçü sənədi verilmişdir. Daha sonra Elçin Məmmədov tərəfindən həmin torpaq sahəsinin 0,02 ha hissəsi X15, 0,007 ha hissəsi X5, 0,013 ha hissəsi X1, 0,0092 ha hissənin isə ümumi yola ayrılmasına (notarial qaydada təsdiq edilmiş sənədlə) etiraz edilməmişdir. X9 xx.xx.2019-cu il tarixli çıxarışla 0,0546 ha hissədə torpaq qalmış və həmin torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi cavabdehin üst-üstə düşdüyünü ehtiva etdiyi X9 məxsus torpaq sahəsinə dair mülkiyyət hüququ reyestrdə qeydiyyata alınmaqla çıxarışla rəsmiləşdirilmiş, həmin torpağa dair plan-ölçü sənədi işlənmişdir. Üçüncü şəxs qismində cəlb olunmuş həmin şəxsə məxsus torpaq sahəsi ilə hansı hissədə uyğunsuzluq olduğu cavabdeh orqan tərəfindən müəyyən edilməmişdir. Bundan əlavə Rəqibə Qədirova ona məxsus çıxarışla xüsusi mülkiyyətində olan 0,0688 ha torpaq sahəsinin 0,0056 ha hissəsini X3, 0,045 ha hissəsini isə iddiaçıya satmış, müvafiq bölgü sexmi təsdiq edilmişdir. Həmçinin, təqdim edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir Göründüyü kimi iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. İddiaçının satın aldığı torpaq sahəsinə dair bölgü eskizinin təsdiq edilməsinə və alqı-satqı etdiyi etdiyi Rəqibə Qədirovaya məxsus torpaq sahəsinə dair çıxarış, plan və ölçü sənədinin verilməsinə baxmayaraq iddiaçının alqı-satqı etdiyi hissədə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi onun mülkiyyət hüquqularının pozulması ilə nəticələnmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə X7 adına qeydiyyata alınmış 0,0688 ha torpaq sahəsinin 0,045 ha hissəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış və texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə X7 adına qeydiyyata alınmış 0,0688 ha torpaq sahəsinin 0,045 ha hissəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev