Məhkəmə qərarları › İş №2-1(118)-1175/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1175/2022

17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1175/2022 17.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) və onun nümayəndəsi Vəkil (ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 22 iyun 2005-ci il tarixdə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0698 seriyalı Kod 41017028 nömrəli Dövlət aktı ilə qeydiyyata alınmış 29,5 ha torpaq sahəsinin 27 ha hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 22 iyun 2005-ci il tarixdə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0698 seriyalı Kod 41017028 nömrəli Dövlət aktı ilə qeydiyyata alınmış 29,5 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatı ilə bağlı yeni çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınamz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 22 iyun 2005-ci il tarixdə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0698 seriyalı Kod 41017028 nömrəli Dövlət Aktı ilə qeydiyyata alınmış 29,5 ha torpaq sahəsinin 27,0 ha hissəsi üzərində mülkjiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 10 may 2005-ci il tarixli müraciəti əsasında Şamaxı rayonu Məlhəm bələdiyyəsinin 12 may 2005-ci il tarixli qərarı ilə torpaq islahatı zamanı Məlhəm bələdiyyəsinin mülkiyyətinə verilmiş və baxımsızlıq nəticəsində kollaşaraq yararsız vəziyyətə düşmüş 6,0 ha meyvə bağı və 13,5 ha kolluq sahədən ibarət olmaqla, cəmi 19,5 ha torpaq sahəsinin alq-satqı qaydasında satılması qərara alınmışdır. Torpaq sahəsinin normativ qiyməti müəyyən edilərək Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən satılması nəzərdə tutulmuş cəmi 19,5 ha torpaq sahəsinin Məlhəm Bələdiyyəsinin mülkiyyətinə aid olması və alqı-satqı predmetinin olması, habelə iddiaçıya satılmasının qanuna müvafıqlİyi barədə xx.xx.2005-ci il tarixli rəy verildikdən sonra Şamaxı rayon Məlhəm bələdiyyəsi, Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi ilə aralarında üçtərəfli 26 nömrəsi ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair” 14 may 2005-ci il tarixli akt imzalanmışdır. Bundan başqa iddiaçının təkrar müraciəti əsasında Şamaxı rayonu Məlhəm bələdiyyəsinin 03 iyun 2005-ci il tarixli qərarı ilə torpaq islahatı zamanı Məlhəm bələdiyyəsinin mülkiyyətinə verilmiş Məlhəm kəndinin qərb tərəfində yerləşən ərazidən 10 ha torpaq sahəsinin satılması və s. qərara alınmışdır. Torpaq sahəsinin normativ qiyməti müəyyən edilərək Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən satılması nəzərdə tutulmuş cəmi 10 ha torpaq sahəsinin Məlhəm bələdiyyəsinin mülkiyyətinə aid olması və alqı-satqı predmetinin olması, habelə satılmasının qanunamüvafıqliyi barədə rəy verildikdən sonra Şamaxı rayonu Məlhəm Bələdiyyəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi ilə aralarında üçtərəfli 28 nömrəsi ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair” 07 iyun 2005-ci il tarixli akt imzalanmışdır. Beləliklə, Şamaxı rayon Məlhəm bələdiyyəsinin 12 may 2005-ci il tarixli və 03 iyun 2005-ci il tarixli qərarları ilə iddiaçıya Məlhəm bələdiyyəsinin mülkiyyətinə aid edilən ərazidən cəmi 29,5 ha torpaq sahəsi satılmışdır. Bundan sonra Şamaxı rayon Məlhəm bələdiyyəsinin 14 may 2005-ci il tarixli və 09 iyun 2005-ci il tarixli məktubları ilə müvafiq sənədlər əlavə edilməklə iddiaçı tərəfindən alınmış torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənədin hazırlanıb verilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmişdir. Beləliklə, iddiaçıya 22 iyun 2005-ci il tarixdə Torpağa mülkiyət hüququna dair JN-0698 seriyalı KOD 41017028 nömrəli dövlət aktı verilmişdir. Beləliklə, Məlhəm bələdiyyəsinin mülkiyyətinə aid edilən ərazidən iddiaçıya satılmış cəmi 29,5 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, 02 dekabr 2005-ci il tarixdə JN-0698 seriyalı KOD 41017028 nömrəli Dövlət Aktı ilə mülkiyyətinə verilən 29,5 ha torpaq sahəsinin 2 ha hissəsində istirahət və müalicə kompleksinin tikilməsi icazə verilməsi barədə akt tərtib edilmişdir. Həmin akt Şamaxı rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin baş mühəndisi, RİH-nin Memaılıq və Tikinti şöbəsinin Mühəndisi, X8 Təhlükəsizlik Xidmətinin rəisi, Gigiyena və Epidemiologiya və Təbii Sərvətlər idarəsinin rəisi, Şamaxı rayon Qaz İstismarı sahəsinin rəisi, X5 və Təbii Sərvətlər İdarəsinin rəisi, X6 şəbəkəsinin rəisi, Kabel magistralları texniki xidmətinin 3 saylı sex rəisi, Telekommunikasiya qovşağının rəisi və Su-kanal sahəsinin rəisi tərəfindən imzalanaraq təsdiqlənmişdir. Bundan başqa istirahət və müalicə kompleksinin tikilməsinə icazə verilməsi barədə iddiaçının ərizəsi, ərizəyə əlavə edilmiş sənədlər, habelə kompleksin tikintisinin mümkünlüyü barədə yuxarıda qeyd olunan komissiyanın 02 dekabr 2005-ci il tarixli aktı nəzərə alınaraq Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 182 nömrəli 05 dekabr 2005-ci il tarixli sərəncamı ilə Məlhəm kəndi ərazisində iddiaçıya məxsus 29,5 ha torpaq sahəsindən tikinti üçün ayrılmış 2 hektarında əhalinin istirahəti və müalicəsi məqsədi ilə restoran, motel, müalicə korpusu, koteclər və müxtəlif təyinatlı idman meydançaların tikintisinə icazə verilmişdir. İddiaçı müvafiq sənədələri toplayaraq mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi özünün xx.xx.2022-ci il tarixli bildiriş məktubu ilə ərizənin icrasından qanunsuz və əsassız olaraq imtina etmişdir. İmtinanın əsası kimi cavabdeh tərəfindən göstərilmişdir ki, mülkiyyətində olan torpaq sahəsinin koordinatları sənəd üzrə eyni olsa da, guya 29,5 ha torpaq sahəsinin 2,5 ha hissəsi JN-193 nömrəli dövlət aktına əsasən digər mülkiyyətçiyə məxsus pay torpaq sahəsi ilə üst-üstə düşür və torpaq sahəsi bələdiyyə tərəfindən satılmasına baxmayaraq, elektron baza xəritəsində dövlət meşə fonduna aid edilmişdir. Hazırda iddiaçı məhkəmə mübahisəsinin uzanmaması üçün mübahisəli 2.5 ha torpaq sahəsinsən imtina edir və 27 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı Şamaxı rayon Məlhəm bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 nömrəli və xx.xx.2005-ci il tarixli 06 nömrəli qərarları ilə 2.0 ha tikinti, 27.50 ha yaşıllaşdırma məqsədilə ümumilikdə 29.50 ha torpaq sahəsi satılmışdır.Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə JN-698, kod 41017028 nömrəli dövlət aktı tərtib olunmuşdur. Torpaq sahəsinin koordinatları sənəd üzrə eynidir, lakin qeyd olunan 29.5 ha torpaq sahəsinin 2.5 ha hissəsi JN-193 nömrəli dövlət aktına əsasən digər mülkiyyətçiyə məxsus pay torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsi bələdiyyə tərəfindən satılmasına baxmayaraq, elektron baza xəritəsində həmin torpaq dövlət meşə fonduna aid edilmişdir. Torpaq sahəsinin bir hissəsinin mübahisəli ərazidə yerləşdiyinə görə həmçinin torpaq qanunvericiliyin tələblərinə zidd olaraq xususi mülkiyyətə satıldığına görə, İddiaçı ərizəsinin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən imtina olunmuşdur. İş materiallarında olan : - Şamaxı rayonu Məlhəm bələdiyyəsinin 12 may 2005-ci il tarixli qərarından görünür ki, torpaq islahatı zamanı Məlhəm bələdiyyəsinin mülkiyyətinə verilmiş baxımsızlıq nəticəsində kollaşaraq yararsız vəziyyətə düşmüş 6,0 ha meyvə bağı, 13,5 ha kolluq sahədən ibarət olmaqla cəmi 19,5 ha torpaq sahəsinin alq-satqı qaydasında İddiaçı satılması qərara alınmışdır. -Torpaqların alqı-satqısına dairxx.xx.2005-ci il tarixli aktdan görünür ki, Şamaxı rayon Məlhəm bələdiyyəsi X4 19.5 ha torpaq sahə satmışdır. -Torpaq sahəsinin yerquruluşu layihəsindən çıxarışdan görünür ki, həmin sənəd İddiaçı satılmış torpaq sahəsi barəsindədir. -DTXK-nin Şamaxı rayon Şöbəsinin xx.xx.2005-ci il tarixli rəyindən görünür ki,idarə 19.5 ha torpaq sahəsinin X1 etiraz etmir. -Şamaxı rayonu Məlhəm bələdiyyəsinin 03 iyun 2005-ci il tarixli qərarından görünür ki, torpaq islahatı zamanı Məlhəm bələdiyyəsinin mülkiyyətinə verilmiş Məlhəm kəndinin qərb tərəfində yerləşən ərazidən 10,0 ha torpaq sahəsinin alq-satqı qaydasında İddiaçı satılması qərara alınmışdır. -Torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli aktdan görünür ki, Şamaxı rayon Məlhəm bələdiyyəsi X4 10 ha torpaq sahə satmışdır. -Torpaq sahəsinin yerquruluşu layihəsindən çıxarışdan görünür ki, həmin sənəd İddiaçı satılmış torpaq sahəsi barəsindədir. -DTXK-nin Şamaxı rayon şöbəsinin xx.xx.2005-ci il tarixli rəyindən görünür ki, şöbə 10,0 ha torpaq sahəsinin X1 etiraz etmir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı məxsus 29.5 ha torpaq sahəsinin üst-üstə düşən 2.5 ha hissəsi torpaq İslahatı zamanı Şamaxı rayon Aqrar islahat Komissiyasının qərarı ilə Şamaxı rayonunun Məlhəm kəndində yaşayan X2 özü də daxil olmaqla 7 nəfərdən ibarət olan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaqlara JN-193, kod 41017028 nönr dövlət aktı tərtib olunmuşdur. Qeyd olunan JN-193, kod 41017028 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin bir hissəsi Abşeron rayon 1 saylı DNK–da bağlanmış xx.xx.2004-cü il tarixli 3m/316 saylı alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirildiyi üçün, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən yerdə qalan 5.03 ha torpaq sahəsinə JN-557, kod 41017028 nömrəli dövlət aktı tərtib olunmuşdur. İddiaçı məxsus 29.5 ha torpaq sahəsinin 2.5 ha hissəsi JN-557, kod 41017028 nömrəli dövlət aktında qeyd olunan 557A nömrəli, sahəsi 30724.11 kv m olan kontur ilə üst-üstə düşür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Məhkəmə qeyd edir ki, cavabdeh imtina cavabının dəlilləri kimi mübahisəli torpaq sahəsinin 2.5 hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi və torpaq sahəsinin meşə fonduna aid olduğunu göstərmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin həcmini başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşən hissədə, yəni 2.5 ha torpaq sahəsi hissəsində azaltmış və cəmi 27.5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Cavabdeh mübahisəli torpaq sahəsinin meşə fonduna aid olmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruru hesab edir ki, cavabdehin özünün etirazında bildirdiyi kimi iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsi başqa şəxsə pay torpağı kimi ayrılmış, həmin şəxs dövlət aktı əsasında ona məxsus torpaq sahəsinin bir hissəsini alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirmiş, qalan 5.03 ha hissəsi ona yenidən dövlət aktı verilmişdir. Məhkəmə hesab edir ki, həmin torpaq sahəsi meşə fonduna aid olmuş olsa idi, pay torpağı kimi vətəndaşa ayrıla bilməzdi. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş JN -0698 kod 41017028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasnda İddiaçı məxsus 29.5 ha torpaq sahəsinin 27.0 ha hissəsi üzərində onun mülkiyyət hüququnun qedyə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş JN -0698 kod 41017028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasnda İddiaçı məxsus 29.5 ha torpaq sahəsinin 27.0 ha hissəsi üzərində onun mülkiyyət hüququnun qedyə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar