Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1175/2024 19.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Siyəzən şəhəri, H.Əliyev küçəsi, 15 saylı evdə yerləşən 7 saylı mənzilin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Siyəzən şəhəri, H.Əliyev küçəsi, ev 15 ünvanında yerləşən 7 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhəri, H.Əliyev küçəsi, 15 saylı evdə yerləşən 7 saylı mənzilin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən şəhəri, H.Əliyev küçəsi, 15 saylı evdə yerləşən 7 saylı mənzil “Siyəzənneft” NQÇİ ilə bağlanmış xx.xx.1963-cü il tarixli icarə müqaviləsinə əsasən iddiaçının mərhum atası X2 verilmiş və həmin tarixdən B.Mövsümov ailə üzvləri ilə bu evə köçərək orada yaşamış və pasport qeydiyyatında olmuşlar. Həmin vaxtdan mənzil kirayə və kommunal xidmət haqlarını da ödəmişlər. Mənzilin əsas kirayəçisi B.Mövsümov xx.xx.1988-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı Siyəzən rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil icarə müqaviləsinin onun adına keçirilməsini xahiş etmiş və Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 18 aprel 2019-cu il tarixli 31 saylı sərəncamına əsasən həmin mənzilin icarə müqaviləsinin iddiaçının adına dəyişdirilməsinə razılıq verilmişdir. İddiaçı bu mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, guya tərəfindən mənzilə dair hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir və Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 2019-cu il tarixli sərəncamı qeydiyyat üçün əsas deyildir və bu sərəncam yeni Mənzil Məcəlləsi qəbul edildikdən sonra, yəni xx.xx.2009-cu ildən sonra verilmişdir. Cavabdehin bu imtinası tam əsassızdır. Belə ki, bu mənzil iddiaçının mərhum atasına işlədiyi müəssisədən verilmiş və artıq 60 ildir ki, mənzil onların istifadəsindədir. Mənzilin olduğu bina sonradan Siyəzən rayon İcra Hakimiyyətinin balansına verilmiş və onlar faktiki olaraq mənzil kirayə münasibətlərini davam etdirməklə mənzil kirayə və kommunal xidmət haqlarını ödəmişlər. Bundan başqa hazırda bu binanın olduğu mənzilləri öz balansına götürmüş Siyəzən Rayon İcra Hakimiyyəti həmin mənzilə dair 1963-cü ildə bağlanan müqaviləni hüquqmüəyyənedici sənəd kimi tanımış və 2019-cu ildə həmin kirayə müqaviləsinin əsas kirayəçinin ölümü ilə bağlı digər ailə üzvlərindən birinin adına dəyişdirilməsinə razılıq vermişdir. Bu mənzildə qeydiyyatda olan 18 yaşdan yuxarı yaşı olan sakinlər də mənzilin özəlləşdirilməsinə dair notarial qaydada razılıq ərizələrini vermişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayənəsi iddianı qəbul etməyərək izah etdi ki, aparılan araşdırma zamanı ərizəyə sözügedən daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Təqdim edilən Siyəzən rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2019-cü il tarixli 31 nömrəli sərəncam mənzil üzərində hüququn qeydiyyatı üçün əsas deyildir. Belə ki, sərəncam Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qanuni qüvvəyə minəndən (01 oktyabr 2009-cu il) sonra verilmişdir. İş materiallarında olan: - Siyəzən rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə Siyəzən şəhəri, H.Əliyev küçəsi, 15 nömrəli evdə yerləşən 7 nömrəli mənzil X6 vəfat etdiyi üçün həmin mənzilin icarə müqaviləsi İddiaçı ilə bağlanmaqla mənzilin şəxsi hesabı onun adına dəyişdirilmişdir. - İİİ-ЖГ № 402739 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli və Siyəzən rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 844 nömrəli arayışlarından görünür ki, X1 şəhəri, H.Əliyev küçəsi, ev 15, mənzil 7 ünvanında qeydiyyatdadır. - X3 notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o, Siyəzən şəhəri, H.Əliyev küçəsi, ev 15, 7 saylı mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmir. - xx.xx.2023-cü il tarixli Siyəzən şəhəri, H.Əliyev küçəsi, ev 15, 7 saylı mənzilin müayinə aktından görünür ki, mənzildə inventarlaşma işi aparılmış, mənzil ikimərtəbəli binanın ikinci mərtəbəsində yerləşir. Mənzilin balkonunda ümumi sahəsi 31 kv m olan taxta aynabənd artırlıb. Mənzildən təyinatı üzrə istifadə olunur. Balkon 0,3 əmsal ilə ümumi sahəyə daxil edilib. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göstərilən Qanunun 4-cü maddəsinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi iddiaçı mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün tələb olunan bütün sənədləri cavabdeh inzibati orqana təqdim edildiyi halda, cavabdeh qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla imtina bildirişi vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının mənzil üzərində mülkiyyət hüququnu qeydə alınmasını tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Mənzil Məcəlləsinin 146.4-cü maddəsinə görə dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. Hazırki iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir, belə olan halda cavabdeh orqanın imtinası əsassız olmuşdur. Belə ki, sözügedən mənzilin kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsi haqqında Siyəzən rayon İcra Hakimiyyətinin 18 aprel 2019-cu il tarixli sərəncamının 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsindən sonra verilsə də, iş materialları ilə iddiaçının həmin mənzillə bağlı hüquq münasibətlərinin xx.xx.2019-cuil tarixədək yaranması müəyyən edilmişdir. Belə olan halda cavabdehin hazırda qüvvədə olan Mənzil Məcəlləsin istinad etməsi əsassızdır. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə mənzilin iddiaçının adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununda, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Siyəzən şəhəri, H.Əliyev küçəsi, 15 saylı evdə yerləşən 7 saylı mənzilin özəlləşdirilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Siyəzən şəhəri, H.Əliyev küçəsi, 15 saylı evdə yerləşən 7 saylı mənzilin iddiaçı X4 adına özəlləşdirilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1175/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1175/2024
19.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver