Məhkəmə qərarları › İş №2-1(118)-1175/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1175/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1175/2025 19.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.1 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsi, ərazisində yerləşən 0.1 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi İcra Nümayəndəliyin xx.xx.1999-cu il tarixli 35 saylı sərəncamına əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi iddiaçıya ayrılmış, həmçinin onun istifadə və sahibliyinə verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində özünün mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində dövlət qeydiyyatına alınması məqsədilə xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2022-ci il tarixli cavab məktubunda ərizənin icrasından imtina etmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin sonuncu şifahi məhkəmə baxışı iclası 19 fevral 2025-ci il tarixə təyin edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (əri) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş, həmçinin, ölkə hüdudlarından kənarda olacağına görə üzrlü səbəbdən növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 7 oktyabr 1999-cu il tarixli, 35 nömrəli sərəncamından çıxarışla İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, həmin torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 məhkəmə icraatı dövründə təqdim etdiyi ərizəsi əsasında icraata üçüncü şəxs qismində cəlb edilmiş və məhkəmə iclasında iştirak edərək öz etirazını onun əsaslandırmışdır ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən, özünə məxsus torpaq sahəsinə gedən yolun ünvan 3 ünvanında qeydiyyatda olan X5 tərəfindən zəbt edildiyini və mişar daşlarla hasara alındığını bildirmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 7 oktyabr 1999-cu il tarixli 35 nömrəli sərəncamından çıxarışa əsasən 0,1 ha torpaq sahəs İddiaçı ayrılmışdır.  Abşeron rayon Dövlət Arxivindən əldə edilmiş xx.xx.2015-ci il tarixli F-398 nömrəli məktubda Abşeron Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1998-ci il tarixli 149 nömrəli sərəncamı ilə Saray qəsəbəsi üzrə nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24 ha torpaq sahəsindən İddiaçı adına 0,1 ha torpaq sahəsinin həyətyanı məqsədlə ayrılması və fərdi mənzil tikintisinə icazə verilməsi öz əksini tapmışdır.  İşdə olan Abşeron Rayon Saray bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 10 nömrəli məktubunda Saray bələdiyyəsi rəhbərliyinin Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 7 oktyabr 1999-cu il tarixli 35 saylı Sərəncamı ilə vətəndaş İddiaçı 0,1 ha torpaq sahəsinin ayrılmasına və həmin torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasına etiraz etmədiyi bildirilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 7 oktyabr 1999-cu il tarixli 35 nömrəli sərəncamı ilə İddiaçı ayrılmışdır. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Abşeron rayonu olduğu üçün həmin orqanın – 4 saylı Abşeron Ərazi İdarəsinin səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Abşeron rayon, Saray qəsəbəsi olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.8-ci maddə: Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlakobyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edənmüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin norma Mülki Məcəllənin 139-1.1.8-ci maddəsində də qeyd olunmuşdur).

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədəicra hakimiyyətivə ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. Məhkəmənin mövqeyi

Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.1 ha torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 7 oktyabr 1999-cu il tarixli 35 nömrəli sərəncamından çıxarışa əsasən İddiaçı ayrılmış və həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Sonradan həmin torpaq sahəsinə dair iddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəsə də cavabdeh orqan aşağıdakı səbəblərdən ərizənin icrasından imtina etmişdir: 1) Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 7 oktyabr 1999-cu il tarixli 35 nömrəli sərəncamından çıxarışla İddiaçı ayrılmış 0,1 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilməməsi; 2) Həmin torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması; Əlavə olaraq məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X1 rayonu Saray qəsəbəsi ərazisində yerləşən özünə məxsus torpaq sahəsinə gedən yolun iddiaçıya məxsus torpaq sahəsilə kəsişməsi səbəbindən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halları araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından edilən imtina öz təsdiqini tapmır. Belə ki, ilkin imtina ilə bağlı qeyd olunur ki, iddiaçıya torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2015-ci il tarixli F-398 nömrəli məktubu ilə müəyyən olunur ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1998-ci il tarixli 149 nömrəli sərəncamı ilə Saray qəsəbəsi üzrə nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24 ha torpaq sahəsindən İddiaçı adına 0,1 ha torpaq sahəsi həyətyanı məqsədlə ayrılmış və fərdi mənzil tikintisinə icazə verilmişdir. Bundan əlavə, Saray bələdiyyəsinin yerquruluşu planından (miqyas 1:10000) çıxarış Saray bələdiyyəsi və Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən imzalanaraq təsdiq edilmişdir (koordinatlar əlavə edilməklə). Ayrıc aktına, baş plana münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu və 3.0.31-ci bəndlərində vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Göründüyü kimi yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin qanunvericiliklərdən irəli gələn öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Eləcə də ayrıc aktının forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçıya müvafiq qərarlarla torpaq sahəsi ayrılan zaman ilkin baş planın və ayrıc aktının təqdim edilməməsində iddiaçının təqsiri yoxdur. Baş plana gəldikdə isə iddiaçıya torpaq sahəsinin yerləşdiyi ərazinin müvafiq qaydada təsdiq olunmuş yerquluşu planı təqdim edilmiş, lakin qeyd olunan sənəd cavabdeh təşkilatı qane etməmişdir. Torpaq sahəsinə dair yerquruluşu planında torpaq sahəsinin yerləşdiyi yer və koordinatları qeyd edilmişdir. Belə olan halda isə müvafiq torpaq sahəsinə dair ayrıc aktının və ilkin baş planın arxiv idarəsinə təhvil verilməməsi və aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu isə bir daha olaraq cavabdeh təşkilatın ilkin imtinasının əsassız olmasına dəlalət edir. Bundan əlavə həmin imtinaya münasibətdə məhkəmə onu da qeyd edir ki, formalaşmış məhkəmə mövqeyi də ondan ibarət olmuşdur ki, ayrıc aktının, habelə ilkin baş planının təqdim edilməməsi hüququn qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Digər imtina ilə bağlı isə bildirilir ki, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin qonşuluğunda mövcud olmuş torpaq sahələrinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınıb-alınmaması barədə cavabdeh orqana sorğu göndərilmiş və məhkəməyə təqdim edilmiş sənədlərdə iddiaçıya eyni əsaslarla ayrılmış torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verildiyi müəyyən edilmişdir. Həmin çıxarışlarda torpaq sahələrinin təyinatı yaşayış məntəqələrinin torpaqları hesab edilmişdir. Məhkəmə qeyd edir ki, eyni əsaslarla hüquqmüəyyənedici sənədlər olmasına baxmayaraq iddiaçıya münasibətdə torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb olar. Üçüncü şəxsin ərizəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, X3 məxsus olan torpaq sahəsinə gedən yolun iddiaçıya məxsus torpaq sahəsinə aid olması (kəsişməsi) iddiaçının mülkiyyət hüquqununun məhdudlaşması üçün əsas deyildir. Belə ki, yuxarıda adı çəkilən hüquqmüəyyənedici sənədlər və iddiaçıya torpaq sahəsinin ayrılması haqqında sərəncam qanunazidd davranışı istisna edən qaydada qəbul edilmiş, torpaq sahəsi iddiaçının istifadə və sahibliyinə verilmişdir. Hazırki vəziyyətdə məhkəmə iddiaçıya ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından və çıxarış verilməsindən imtina edilməsinin onun mülkiyyət hüquqlarının pozulması və onların həyata keçirilməsinə mane olunması qənaətinə gəlmişdir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, qanunvericiliyin müddəalarına əsasən vətəndaşlara fərdi yaşayış evinin tikintisi ilə bağlı həyətyanı torpaq sahəsi ayırmaq səlahiyyəti Abşeron Rayon İcra Hakimiyyətinə məxsus olmuş, o isə özünün bu səlahiyyətini qanunvericiliyin müddədalarına uyğun şəkildə özünün tabeliyindəki qurum olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəliyinə həvalə etmişdir. Nəzərə almaq lazımdır ki, səlahiyyətlərin ötürülməsi qaydasında qəbul edilmiş qərar hüquqa uyğun şəkildə səlahiyyət sahibi tərəfindən qəbul edilmiş qərar hesab olunur. Digər tərəfdən isə sərəncamlar verilərkən qüvvədə olan qanunvericilikdə səlahiyyətlərin sözügedən qaydada ötürülməsini mümkünsüz edən hər hansı müddəa da mövcud olmamışdır. Ona görə də, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəliyi tərəfindən qəbul edilmiş iddiaçıya torpaq sahəsinin ayrılmasına dair sərəncam da əslində, hüquq sahibi olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş sərəncam hesab olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə (2-1(102)-908/2023 nömrəli xx.xx.2023-cü il tarixli) qərarlarında da mövqeyi mövcud olmuşdur (işə əlavə edilmişdir). Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın iddia tələbinə etirazın əsası kimi istinad etdiyi halların əsassız olması səbəbindən iddia təmin edilməli, 0,1 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə faktiki istifadə vəziyyətinə uyğun müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,1 ha torpaq sahəsi üzərində torpağın faktiki istifadə vəziyyətinə uyğun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinetin olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi gündən) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinetin olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən (elektron kabinetin olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi gündən) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar