Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1177/2021 10.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi X2 oğlunun iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 06.04.2021-ci il tarixdə qeydiyyata alınmış ərizəsinin cavablandırılması və mülkiyyəti üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas ola bilən razılaşdırılmış eskiz layihənin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən ərizəsinin cavablandırılaraq mülkiyyəti üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas ola bilən razılaşdırılmış eskiz layihənin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş,daha sonra iddiasını dəqiqləşdirərək Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 06.04.2021-ci il tarixdə qeydiyyata alınmış ərizəsinin cavablandırılması və mülkiyyəti üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas ola bilən razılaşdırılmış eskiz layihənin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki qeyri yaşayış sahəsinin Çıxarışını almaq və Özəlləşdirmək üçün Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 Saylı Sumqayıt Ərazi İdarəsinə 13 fevral 2021-ci il tarixli müraciət ünvanlamışdır. Müraciətinə cavabda Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 Saylı Sumqayıt Ərazi İdarəsinin rəisi Fətəli Atakişiyev imzası ilə bildirmişdir ki, qeyri-yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas ola bilən razılaşdırılmış eskiz lahiyəsi ərizəyə əlavə olunmalıdır. Bununla bağlı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu əsas tutaraq və Qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə 06 aprel 2021-ci il tarixli ərizə ünvanlayaraq mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki qeyri, yaşayış sahəsinin eskiz lahiyəsini təsdiq edilməsini xahiş etmiş və ərizəsinə mülkiyyətinin Eskiz lahiyəsi və Texniki pasportunu əlavə etmişdir. Ərizə həmin idarənin Ümumi şöbəsində Zamanova tərəfindən 06.04.2021-ci il tarixdə qeydiyyata alınmışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Bildirir ki, Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşı Kənan müəllimin zəng dəvəti əsasında onunla görüşüb danışdıqdan sonra ərizəi Ümumi şöbədə qeydiyyatdan keçirmişdir. Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsi 3 aydan artıq zamandır ki, onun müraciətlərilə tanış və məlumatlıdırlar. Həmin idarədə oğlu Tural Məhərrəm bu məsələlərlə əlaqədar onun razılığı ilə dəfələrlə görüşlərdə olmuş, onu oğlu əvəz etmişdir. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Həmin Qanunun 4-cü maddəsinə əsasən vətəndaşların müraciətlərinə baxılmasının qanunçuluq, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması, müraciətlərə dair tələblərin vahidliyi, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi və vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması əsas prinsiplərdir. Həmin Qanunun 16-cı maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Bundan əlavə, 25-ci maddənin 1-ci hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmçinin, 29-cu maddəyə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə * prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinə əsasən hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. İnformasiya sahibinə müraciət edən hər kəs, sorğu edilən informasiyanın informasiya sahibində olubolmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq, informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən İnformasiya əldə etmək haqqında \zərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının konstitusiyasından, bu Qanundan və bu Qanunun tələblərinə uyğun hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikasının digər normativ hüquqi jJalarında informasiyanın əldə olunması ilə bağlı bu Qanunun tələblərindən fərqli qaydalar müəyyənləşdirilə bilməz. Həmin Qanunun 8-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı sənədlərin saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə dair qaydalar müəyyənləşdirir. İnformasiya sahibi malik olduğu sənədlərin bu Qanunun 8.1-ci maddəsində göstərilən qaydalara uyğun saxlanmasının, komplektləşdirilməsinin və mühafizəsinin təşkilinə görə məsuliyyət daşıyır. İnformasiya sahibi fiziki şəxsin özü haqqında fərdi məlumatlarla tanış olması və lazım gələrsə onlarda dəqiqləşdirmələr aparılması üçün bu Qanunun və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydalar müəyyənləşdirir və bu qaydaların icrasını təmin edir. Həmin Qanunun 10-cu maddəsinə əsasən İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. Həmin Qanunun 29-cu maddəsinin 1-ci hissəsinin 8-ci, 10-cu,11-ci, 15-ci, 29-cu və 30-cu bəndlərinə əsasən İnformasiya sahibinin informasiyanı açıqlamaq vəzifəsi dövlət və bələdiyyə satınalmalarının şərtləri, nəticəsi, eləcə də dövlət və bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatları, normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan, normativ hüquqi aktlar qüvvəyə mindiyi gündən, dövlət orqanlarının və bələdiyyələrin əmr, sərəncam və qərarları - əmr, sərəncam və qərarlar qüvvəyə mindiyi gündən, qanunla nəzərdə tutulduğu həddə dövlət reyestrləri haqqında məlumatlar və informasiya sahiblərinin reyestri açıqlamaqdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. İddiaçı hesab edir ki, Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsi öz qanunsuz hərəkətsizliyi ilə onun mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki qeyri yaşayış sahəsinin eskiz lahiyəsini təsdiq edilməsini bilərəkdən həyata keçirmir və mülkiyyətinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və müvafiq çıxarışın verilməsinə ona süni maneçilik törədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasındsa iddiçı İddiaçı nümayəndəsi X2 oğlu iştirak etmiş iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkjəmədən xahiş etmişdir. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi iddiaya etiraz edərək qeyd etmişdir ki, iddiaçı iddiaya cavab verməli olmayan Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə qarşı iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın İİİ bölməsinin 1-ci yarımbölməsində Azərbaycan Respublikasının yerli İcra hakimiyyəti orqanları sırasında Azərbaycan Respublikası rayonu və şəhər İcra hakimiyyəti orqanları göstərilmiş, həmin orqanların tabeliyində olan idarələrin isə konkret siyahısı əks olunmuş, onların sırasında isə cavabdeh qurum göstərilməmişdir. Habelə, cavabdeh istinad edilmiş Təsnifatın V bölməsində nəzərdə tutulmuş qaydada qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi şəxslərin dairəsinə aid deyildir. Belə ki, iddaçının iddia ərizəsindən belə nəticəyə gəlmək olar ki, o, tikintiyə icazə icraatı çərçivəsində hüquq əldə edən icazə tələb edir, bunun üçün isə hüquqi nəticə yaradan inzibati akt Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq yerli İcra hakimiyyətinin tikintiyə icazə verilməsi barədə sərəncamıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkməmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər qismən əsalıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddiaçı cavabdeh orqana müraciət etmiş, onun müraciətinə cavab verilməmişdir. İddia öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Cavabdeh orqanın mövqeyi ondan ibarətdir ki, onlar inzibati orqan sayılmırlar, cavab verməli orqan deyillər. Məhkəmə hesab edir ki, cavabdeh orqana inzibati akt qəbul etmək səlahiyyəti verildiyinə görə cavabdehin bu dəlilinin hüququ əsası yoxdur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia qismən əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Sumqayıt şəhər 9-cu mikrorayon ərazisindəki qeyri yaşayış sahəsinin eskiz layihəsinin təsdiq edilməsi üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə rəsmi qaydada cavab verilməmiş, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi iddiaya etiraz edərək qeyd etmişdir ki, iddiaçı iddiaya cavab verməli olmayan Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə qarşı iddia qaldırmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın İİİ bölməsinin 1-ci yarımbölməsində Azərbaycan Respublikasının yerli İcra hakimiyyəti orqanları sırasında Azərbaycan Respublikası rayonu və şəhər İcra hakimiyyəti orqanları göstərilmiş, həmin orqanların tabeliyində olan idarələrin isə konkret siyahısı əks olunmuş, onların sırasında isə cavabdeh qurum göstərilməmişdir.Habelə, cavabdeh istinad edilmiş Təsnifatın V bölməsində nəzərdə tutulmuş qaydada qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi şəxslərin dairəsinə aid deyildir. Belə ki, iddaçının iddia ərizəsindən belə nəticəyə gəlmək olar ki, o, tikintiyə icazə icraatı çərçivəsində hüquq əldə edən icazə tələb edir, bunun üçün isə hüquqi nəticə yaradan inzibati akt Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq yerli İcra hakimiyyətinin tikintiyə icazə verilməsi barədə sərəncamıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın etirazında qeyd etdiyi dəlillər əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbyacan Respublikası Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin əsasnaməsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış, Azərbyacan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edimişdir və həmin əsasnamənin birinci bəndində qeyd edilir ki, “Azərbyacan Respublikası Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış müstəqil hüquqi şəxs statusu olan qurumdur. Azərbyacan Respublikası Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi haqqında Əsasnamənin 7.1-ci bəndinə əsasən İdarənin şəhərsalma, memarlıq və tikinti sahələrində öz səlahiyyətləri çərçivəsində yerli səviyyədə normativ tənzimləməni həyata keçirilməsini təmin etmək, 7.3-cü bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət nəzarətini həyata keçirmək, 7.4-cü bəndinə əsasən şəhərin baş planının, müfəssəl planlaşdırma layihələrinin, yaşayış məntəqələrinin hüdudları layihələrinin, sənaye qovşaqlarının, sanatoriya-kurort, istirahət və turizm komplekslərinin baş sxemləri və layihələrinin, şəhərin mühəndis-kommunikasiya xətlərinin sxem və layihələrinin və onlarda müvafiq dəyişikliklər nəzərdə tutan layihələrin hazırlanmasını təşkil etmək və.s vəzifələri müəyyən edilmişdir. Göründüyü kimi səliyyətli inzibati orqanlar tərəfindən cavabdehə inzibati akt qəbul etmək səlahiyyəti verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respubliaksı Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın V bölməsinə əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqanlarda inzibati orqan hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli qərarındada qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi bir orqanın inzibati məhkəmə icraatında cavabdeh ola bilməsi üçün tələb olunan şərt həmin orqanın inzibati orqan vəya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqan olması və mübahisənin cavabdehin publik hüquqdan irəli gələn hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqəli yaranması təşkil edir. Hazırkı işdədə cavabdeh orqana inzibati akt qəbul etmək səlahiyyəti verilmişdir və hazırkı mübahisə onun bu səlahiyyətlərinin tətbiqi imkanları ilə əlaqəlidir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə rəsmi qaydada cavab verilməlidir. Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” qanunun 10.1ci maddəsinə əsasən qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Hazırki işdədə inzibati akt qəbul etmək səlahiyyəti olan cavabdeh orqan tərəfindən iddiaçının müraciətlərinə cavab verildiyi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 06.04.2021-ci il tarixdə qeydiyyata alınmış ərizəsinin cavablandırılması hissəsində təmin edilməlidir. İddia tələbinin “İddiaçı mülkiyyəti üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas ola bilən razılaşdırılmış eskiz layihənin təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı deyil və rədd edilməlidir. Belə ki, qanunvericilikdə tikintiyə dair ümumi tələblər, müəyyən prosedur qaydalar müəyyən edilmişdir. Səlahiyyətli inzibati orqanın tikintiyə icazə ilə bağlı sərəncamında tikinti işlərinin lahiyəsinin müvafiq səlahiyyətli orqanla razılaşdırılması nəzərdə tutula bilər. Praktikadada müvafiq lahiyə razılaşdırılaraq, lahiyəyə uyğun tikinti işlərinin aparılmasına icazə verilməlidir. İddiaçı isə qeyri-yaşayış sahəsini inşa etdikdən sonra eskiz layihənin təsdiqini xahiş edir. Beləliklə iddiaçı artıq mövcud olan tikilinin eskiz layihəsinin təsdiq edilməsini məhkəmədən tələb edir ki, eskiz layihə tikintisi nəzərdə tutulmuş, mövcud olmayan obyektin tikintisi üçün əvvəlcədən hazırlanmış və müvafiq səlahiyyətli orqan tərəfindən razılaşdırılmalı olan bir sənəddir. Həmin layihə tikintisi nəzərdə tutulan tikili ilə bağlı tərtib olunur. Artıq mövcud olan tikilinin eskiz layihəsinin təsdiq edilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh orqan isə qeyd edilənləri izah edərək, iddiaçıya cavab vermək əvəzinə rəsmi müraciətlə bağlı əsassız olaraq hərəkətsizlik etmişdir. Ona görədə məhkəmə hesab edir ki, cavabdeh orqan onun səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı iddiaçıya müvafiq cavab verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 06.04.2021-ci il tarixdə qeydiyyata alınmış ərizəsinin cavablandırılması öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 06.04.2021-ci il tarixdə qeydiyyata alınmış ərizəsinin cavablandırılması öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi üzərinə vəzifə olaraq qoyulsun. İddia qalan hissəsə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1177/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1177/2021
10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver