Məhkəmə qərarları › İş №2-1(118)-1181/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1181/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1181/2021 08.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, Masazır qəsəbəsində iddiaçının mülkiyyətində olan yaşayış sahəsi 32 kvadrat metr, köməkçi sahəsi 15,4 kvadrat metr 2 otaqdan ibarət fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Masazır qəsəbəsində mülkiyyətində olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən və mülkiyyətində olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə 29 mart 2021-ci il tarixli ərizə ilə nümayəndəsi vasitəsi ilə cavabdeh orqana müraciət etmişdir. Müraciətə fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsini də əlavə etmişdir. Lakin cavabdeh mübahisəli ev üzərində hüququn dövlət qeydiyyatının aparılmasından 20.04.2021-ci il tarixli bildirişlə imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçı sözügedən fərdi yaşayış evi üzərində hüququn ilkin qeydiyyatının aparılması üçün cavabdehə müraciət etməmişdir. O, qeydiyyat vəsiqəsinin çıxarışla əvəz olunması üçün müraciət etmişdir. Cavabdeh orqan isə imtinasında bir-birilə əlaqəsi olmayan əsaslar gətirməklə qərəzli olaraq hüququn qeydiyyatından imtina etmişdir. Torpaq sahəsi üzərində inşa edilmiş tikinti (fərdi yaşayış evi) üzərində hüquq 2004-cü ildə dövlət qeydiyyatına alınmış və hazırda da öz hüquqi qüvvəsini saxlayır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması (əvvəllər tanınmış hüquqların qeydiyyata alınması ilə) ilə bağlı iddiaçının nümayəndəsi X2 29 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Qeyd olunmalıdır ki, texniki baxış zamanı 31659 nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinə dair texniki pasportun müraciətə əlavə edilmədiyi və arxiv əsaslarında saxlanılan texniki pasportda baş plan göstərilmədiyi üçün sözügedən fərdi yaşayış evinin baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, əlavə edilmiş sənədlərdə də eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçü digər əsasların olub-olmaması müəyyən edilir. Həmin qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alnmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər (15). Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Abşeron rayonu, Masazır qəsəbəsində mülkiyyətində olan yaşayış sahəsi 32 kvadrat metr, köməkçi sahəsi 15,4 kvadrat metr 2 otaqdan ibarət fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən 13.07.2021-ci il tarixdə məhkəməyə daxil olan ərizədə onun səhhətilə əlaqədar növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyi, işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunması xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazı müdafiə edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmiş, sonuncu məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aiddir: İşdə olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 23 dekabr 2004-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 32 kvadrat metr yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evi iddiaçının adına qeydə alınmışdır. Qeydiyyat vəsiqəsi 31659 nömrə ilə reyestr kitabında yazılmışdır. Məhkəmə sorğusu nəticəsində iş materiallarına fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu, Azərbaycan Respublikası Abşeron rayon Masazır Bələdiyyə sədrinin sərəncamı, 23.12.2004-cü il tarixli müqavilə əldə edilmişdir. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən iddiaçıya Masazır kəndində 31659 nömrə ilə qeydiyyata alınmış yaşayış evinin verilməsi müəyyən edilir. Azərbaycan Respublikası Abşeron rayon Masazır Bələdiyyə sədrinin 53 nömrəli, 2003-cü il tarixli vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması haqqında Sərəncamına əsasən Masazır Bələdiyyə torpaqlarından X3 torpaq sahəsi ayrılmışdır. 241617 nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayon Masazır kəndində yerləşən 32 kvadrat metr yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evi iddiaçıya satılmışdır. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə sübyektiv hüquqa malik olmuşdur. Belə ki, cavabdeh inzibati orqan hazırkı iddiaya cavab verməli olan qurumdur, iddiaçı ilk əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin bununla bağlı imtinası var, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində cavabdehin hərəkətindən məhkəməyə müraciət etmişdir ki, buna görə də iddia mümkün sayılmalıdır. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, invertarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün tələb olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə sorğusu nəticəsində əldə olunmuş sübutların tədqiqatı zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Abşeron rayonu Masazır Bələdiyyə sədrinin sərəncamı ilə X3 ayrılmış Abşeron rayonu Masazır kəndində yerləşən torpaq sahəsində inşa edilmiş 32 kvadrat metr kömrəkçi sahədən ibarət yaşayış sahəsi (mənzil) 241617 nömrəli, 23.12.2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə iddiaçının mülkiyyətinə verilmişdir. Həmin yaşayış evinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma Kadastrı İdarəsi tərəfindən Qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı adına fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma Kadastrı İdarəsi tərəfindən 31659 nömrəli reyestr kitabında qeydə alınan Qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh təşkilat imtinasının əsası kimi texniki baxış zamanı 31659 nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinə dair texniki pasportun müraciətə əlavə edilmədiyi və arxivdə saxlanılan texniki pasportda baş plan göstərilmədiyi üçün sözügedən fərdi yaşayış evinin baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etməyin mümkünsüz olduğunu göstərmişdir. Məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin torpaq sahəsinə dair gətirdiyi imtinasını əsassız hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ — subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır (4.2.). 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər (4.3.) . Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İşdən göründüyü kimi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma Kadastrı İdarəsi tərəfindən 31659 nömrəli reyestr kitabında qeydə alınan Qeydiyyat vəsiqəsi 23.12.2004-cü il tarixdə qeydə alınmışdır. X4 daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunaraq, Abşeron rayonu, Masazır qəsəbəsində iddiaçı İddiaçı mülkiyyətində olan yaşayış sahəsi - 32 kvadrat metr, köməkçi sahəsi - 15,4 kvadrat metr 2 otaqdan ibarət olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Cavabdehnə həvalə olunmalıdır. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu, Masazır qəsəbəsində İddiaçı mülkiyyətində olan yaşayış sahəsi - 32 kvadrat metr, köməkçi sahəsi - 15,4 kvadrat metr 2 otaqdan ibarət fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Cavabdehnə həvalə olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar