Məhkəmə qərarları › İş №2-1(118)-1181/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1181/2025

23.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1181/2025 23.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Sumqayıt şəhəri Corat bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunamüvafiq qaydada sənədləşmə işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz oğlunun sədrliyi, Misirxanova Ayşən Valeh qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X12 üçüncü şəxslər X13 və X3 iştirakı ilə İddiaçı Sumqayıt şəhəri Corat bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iddiası üzrə inzibati işə 23 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Corat bələdiyyəsinin 11 iyul 2023-cü il tarixli, 89 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilmiş məktubundan görünür ki, Corat Bələdiyyəsinin ərazisindən (Corat qəsəbəsi, 1 məhəllə, ev 7D/1) fərdi evin tikintisi məqsədilə ayrılması nəzərdə tutulan 220 kv.m torpaq sahəsinin sənədləşdirilməsinə dair 22 sentyabr 2012-ci il tarixli, **********89, **********90, **********59, **********66 nömrəli çıxarışları üst-üstə düşdüyünə görə həmin uyğunsuzluqların aradan qaldırılması, həmin 220 kv.m torpaq sahəsinin sənədləşdirilməsi qanuna müvafiq olaraq davam olunması xahiş edilmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 16 avqust 2023-cü il tarixli, 3-21-3-31/2-2703/2023 nömrəli Sumqayıt şəhəri Corat bələdiyyəsinə göndərilmiş məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən **********89, **********90, **********59, **********66 reyestr nömrəli torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən idarəyə müraciət ediləcəyi təqdirdə dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı müvafiq aidiyyəti aparıldıqdan sonra sözügedən 220 kv.m torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 1 iyul 2024-cü il tarixli, 3-21-3-31/2-2283/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində təqdim edilmişdir: - 31 iyul 2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,022 ha olaraq göstərilmiş, qeyd edilmişdir ki, torpaq sahəsi **********89, **********90 reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşür. Üst-üstə düşən qonşu torpaq sahələrində faktiki koordinatlar təyin olunmuş və məlum olmuşdur ki, kadastr məlumat bazasında 12,4 metr sürüşmə ilə qeyd olunmuşdur. Torpaq sahələrinin konfiqurasiyası faktiki vəziyyətlə uyğun gəlir. Torpaq sahələri yerüstü kommunikasiya xətlərinin mühafizə zonasında yerləşmir. **********59 və **********66 reyestr nömrəli torpaq sahələrinə baxış keçirmək mümkün olmamışdır. - torpaq sahəsinin ortofoto görüntüsü və koordinatları; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 27 sentyabr 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən **********89-10301 reyestr nömrəli 0,015 ha torpaq sahəsi X9 xüsusi mülkiyyətindədir. Torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 11 oktyabr 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə, 7D ünvanında yerləşən **********90-10301 reyestr nömrəli 0,015 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətindədir. Torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 27 mart 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə, 7C ünvanında yerləşən **********59 reyestr nömrəli 0,02 ha torpaq sahəsi X13 xüsusi mülkiyyətindədir. Torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 1 fevral 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə, 7A ünvanında yerləşən **********66-10301 reyestr nömrəli 0,03921 ha torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir. Torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər;

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 9 oktyabr 2024-cü il tarixli, 3-21-3-60/2-2389/2024 nömrəli məktubundan görünür ki, TEKUİS məlumat bazasına əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 220 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarına aiddir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 6 oktyabr 2025-ci il tarixli, 3-21-3-31/2-3914/2025 nömrəli məktubu ilə **********89, **********90, **********59 və **********66 reyestr nömrəli çıxarışların verilməsinə əsas olmuş hüquq müəyyənedici sənədlərin surəti qoşma şəklində təqdim edilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 9 sentyabr 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən **********89-10301 reyestr nömrəli 0,015 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. Torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər;

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vərəsəlik işlərinin açılıbaçılmaması barədə məlumat”dan görünür ki, 5 iyul 2024-cü il tarixdə vəfat etmiş X5 dair 25 aprel 2025-ci il tarixdə 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

7. İddiaçı Sumqayıt şəhəri Corat bələdiyyəsi (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Corat qəsəbəsi ərazisində yerləşən və uzun müddətdir X2 faktiki istifadəsində olaraq sənədləşdirilməsi nəzərdə tutulmuş sahəsi 220 kvadrat metr torpaq sahəsi ilə bağlı texniki sənədlərdəki uyğunsuzluqların aradan qaldırılması və həmin torpaq sahəsi üzərində Corat Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbində işin hallarına istinad edərək onunla əsaslandırılmışdır ki, X1 Bələdiyyəsinə ərizə ilə müraciət edərək, faktiki istifadə etdiyi sahəsi 220 kvadrat metr olan torpaq sahəsinin mülkiyyətinə verilməsi ilə bağlı müvafiq sənədləşmə işlərinin aparılmasını xahiş etmişdir. Həmin ərizə əsasında iddiaçı tərəfindən 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və sözügedən torpaq sahəsinin qanunamüvafiq qaydada sənədləşdirilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə verilmiş cavabda sənədləşdirilməsi xahiş edilmiş 220 kvadrat metr torpaq sahəsinin başqa torpaq mülkiyyətçilərinin torpaqları ilə üst-üstə düşdüyü, həmin torpaq mülkiyyətçilərinin idarəyə müraicət edəcəyi təqdirdə dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı müvafiq qeydiyyat aparıldıqdan sonra sözügedən 220 kvadrat metr torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydiyyata alınması məsələsinə baxılacağı bildirilmişdir. Lakin sənədləşdirilməsi xahiş olunan torpaq sahəsində üçüncü şəxs X8 tərəfindən fərdi yaşayış evi inşa edilmiş və həmin torpaq sahəsi adı çəkilən şəxsin faktiki istifadəsindədir. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi üçüncü şəxsin faktiki və mübahisəsiz qaydada istifadəsindədir ki, bu da həmin torpaq sahəsi ilə qonşu torpaq sahələrinin fərqli koordinatlarda yerləşdiyini və naturada üst-üst düşə bilmək ehtimalının olmadığını sübuta yetirir. Cavabdeh tərəfindən qonşu torpaq sahələrinə dair tərtib edilmiş texniki sənədlərdə koordinatlar səhv çəkildiyindən, həmin koordinatlar mübahisələndirilən torpaq sahəsi istiqamətində sürüşdürülmüşdür. Bununla bağlı iddiaçı tərəf 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət edərək torpaq sahələrinin koordinatlarında yol verilmiş uyğunsuzluqların düzəldilməsi xahiş edilsə də, müraciətdən formal əsaslarla imtina edilmişdir. Mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsidir və cavabdehin sənədləşmə işlərində yol verdiyi texniki səhvlər bələdiyyənin öz mülkiyyəti üzərində sərəncam hüququnu məhdudlaşdırmaqdadır. Bütün bunları nəzərə alaraq iddiaçı pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin “Sporring və Lonnort İsveçə qarşı”, “Marks Belçikaya qarşı” işlər üzrə Qərarlarına, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48, 66, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.2, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 2.2, 12.1, prosessual hüquqi əsası kimi isə İPM-in 2, 34, 46-cı maddələrinə istinad olunmuşdur.

10. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

11. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Corat Bələdiyyəsinin mülkiyyətində olan sənədləşdirilməsi nəzərdə tutulmuş Corat qəsəbəsi ərazisində yerləşən (X2 faktiki istifadəsində olan) 220 kvadrat metr torpaq sahəsi ilə bağlı **********89, **********90, **********59 və **********66 reyestr nömrəli torpaq sahələrinin “planı və ölçüsü” sənədlərində və elektron baza məlumatlarında torpaqların faktiki istifadə vəziyyətinə uyğun düzəlişlər edilərək uyğunsuzluqların (220 kvadrat metr torpaqla üst-üstə düşmə halının) aradan qaldırılması, 220 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 23 fevral 2026-cı il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

12. Məhkəmənin 4 noyabr 2025-ci il tarixli, 2-1(118)-1181/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iş üzrə X19, X11, X14 və X10 (bundan sonra – “üçüncü şəxslər”) üçüncü şəxslər qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.

13. Məhkəmənin 3 yanvar 2026-cı il tarixli, 2-1(118)-1181/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi əsl Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra – “cavabdeh”) ilə əvəz edilmişdir.

14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

15. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, imtina məktubunda göstərilən hallara (§2) istinad edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

16. Etirazın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2, 11.1, prosessual hüquqi əsası kimi İPM-in 35.1-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

17. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın dəlillərini müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, torpaq sahələrinin faktiki olaraq üst-üstə düşmədiyini, sistemdə sürüşmə olduğunu qeyd etmiş və mübahisə mövzusu olan torpaq sahəsinin iddiaçının olduğunu bildirmişdir.

19. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X10 torpaq sahəsinin yerində olduğunu, evinin arxa divarının qonşunun hasarı ilə üst-üstə düşdüyünü, həmin hissənin bağlanmasını tələb etməsinə baxmayaraq, qonşu tərəfindən həmin istiqamətdə torpağın qazılaraq güllər əkildiyini və davamlı suvarıldığını, bu səbəbdən evində rütubət probleminin yarandığını, qeyd etdiyi problemin aradan qaldırılacağı halda iddia tələbinin təmin olunmasını etiraz etməyəcəyini hazırki vəziyyətdə isə məsuliyyətin cavabdeh orqanın üzərində olduğunu bildirərək, iddia tələbinin təmin edilməsinə etiraz etdiyini bildirir.

20. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X19 iddia tələbinin təmin edilməməsini xashiş etmiş, həmçinin faktiki torpaq sahəsinə heç kimin müdaxilə etmədiyini bildirmişdir.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

23. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

24. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

25. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

26. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

27. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

28. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

29. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

30. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

31. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...

32. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. (-)

3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)

34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)

Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.

37. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

c) Məhkəmənin mövqeyi

38. Məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.

39. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.

40. İddiaçı tərəfin mövqeyinə görə, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, texniki xarakterli səhvlər onun mülkiyyət üzərində sərəncam hüququnun həyata keçirilməsini məhdudlaşdırır.

41. Cavabdeh tərəfin mövqeyinə görə isə, **********89, **********90, **********59, **********66 reyestr nömrəli torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən idarəyə müraciət ediləcəyi təqdirdə dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı müvafiq qeydiyyat ediləcəyi təqdirdə dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı müvafiq qeydiyya aparıldıqdan sonra sözügedən 220.0 kv.m torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır.

42. Məhkəmə tərəfindən iddia tələbinin və etirazın dəlilləri əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə və faktiki 0,022 ha olaraq göstərilmiş, torpaq sahəsi **********89, **********90 reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşür. Üst-üstə düşən qonşu torpaq sahələrində faktiki koordinatlar təyin olunmuş və məlum olmuşdur ki, kadastr məlumat bazasında 12,4 metr sürüşmə ilə qeyd olunmuşdur. Torpaq sahələrinin konfiqurasiyası faktiki vəziyyətlə uyğun gəlir. Torpaq sahələri yerüstü kommunikasiya xətlərinin mühafizə zonasında yerləşmir.

43. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin məktubundan görünür ki, TEKUİS məlumat bazasına əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 220 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarına aiddir.

44. Göründüyü kimi, iş materialına əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, üst-üstə düşən qonşu torpaq sahələrində faktiki koordinatlar təyin olunmuş və məlum olmuşdur ki, faktiki olaraq üst-üstə düşmə halı mövcud deyildir. Kadastr məlumat bazasında 12,4 metr sürüşmə ilə qeyd olunmuşdur. Torpaq sahələrinin konfiqurasiyası isə faktiki vəziyyətlə uyğun gəlir.

45. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək, qanunvericiliyin normalarını, həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

46. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. Corat Bələdiyyəsinin mülkiyyətində olan sənədləşdirilməsi nəzərdə tutulmuş Corat qəsəbəsi ərazisində yerləşən (X2 faktiki istifadəsində olan) 220 kv.metr torpaq sahəsi ilə bağlı **********89, **********90, **********59 və **********66 reyestr nömrəli torpaq sahələrinin “planı və ölçüsü” sənədlərində və elektron baza məlumatlarında torpaqların faktiki istifadə vəziyyətinə uyğun düzəlişlər edilərək uyğunsuzluqların (220 kvadrat metr torpaqla üst-üstə düşmə halının) aradan qaldırılması, 220 kvadrat metr torpaq sahəsi üzərində Corat Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar