Məhkəmə qərarları › İş №2-1(118)-1182/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1182/2023

21.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1182/2023 21.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi İddiaçının nümayəndəsi X4, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-4640A KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X12 filialının Quba şəhər X8 İcraiyyə Komitəsinin 12 avqust 1980-ci il tarixli 10 nömrəli protokoluna dair 14 iyul 2022-ci il tarixli 657 nömrəli arxiv çıxarışına əsasən fərdi ev tikdirmək üçün torpaq sahəsi verilmiş vətəndaşların adları olan siyahıda iddiaçının adı yer almaqdadır. Həmin protokol əsasında qeyd olunan ünvanda tikilmiş yaşayış evinə dair 31 avqust 1987-ci il tarixli qeydiyyat şəhadətnaməsi təqdim olunmuşdur. X13 və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı və onun ailə üzvlərinə Quba şəhəri ərazisində fərdi yaşayış evi tikintisi üçün 0,4 ha torpaq sahəsinin verilməsinə dair JN-4640A KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə sözügedən sənədin Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarı əsasında verilməsi bildirilmişdir. X12 filialının verdiyi xx.xx.2022-ci il tarixli 757 nömrəli məktubunda göstərilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci ildə keçirilmiş 05 saylı iclası 05 may 2000-ci il tarixdə yox, 25 may 2000-ci il tarixdə keçirilmişdir. Həmin iclas protokolunda torpaq sahəsi alacaq vətəndaşların adlı siyahısı yoxdur. Həmçinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 iyun 2022-ci il tarixli **********62 nömrəli məktubuna əsasən yuxarıda qeyd olunan şəhadətnamənin idarəyə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyata alınmadığı məlum olmuşdur. Göründüyü kimi Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2002-ci il tarixdə iclası keçirilmədiyi və faktiki olaraq 25 may 2002-ci il tarixdə keçirildiyi, həmin iclas protokolunda adı siyahı olmadığı halda mövcud olmayan qərara istinad edilərək şəhadətnamənin verilməsi tam əsassızdır. Yuxarıda göstərilən şəhadətnamədə adları qeyd olunan bəzi şəxslər ilkin sənədləşmə zamanı hələ dünyaya gəlməmişdirlər. Belə olan halda həmin şəxslərin adlarının siyahıda olması qeyri-mümkündür. Bu da bir daha şəhadətnamənin qanunsuz və əsassız olmasına dəlalət edir. 5 saylı Xaçmaz Ərazi idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73cü maddəsinin 1-ci bəndinə və 75-ci maddəsinin 1- ci bəndinə əssən vətəndaş torpaq sahəsindən könüllü olaraq imtina etdikdə torpaq üzərində mülkiyyət hüququna məhkəmə tərəfindən xitam verilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddia ərizəsində göstərilənlərlə əlaqədar bildirlir ki, vətəndaş İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 Adil Abbas oğlunun və ailə üzvlərinə məxsus Quba şəhərində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin təsdiq olunmuş surətinin verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bildiririk ki, İddiaçı və ailə üzvlərinin adına olan JN-4640A KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı ərazi idarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçməmişdir.Qeyd edilir ki, JN- 4640A KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” DVJ və DBF məumatlarında öz əksini tapmışdır. Həmin şəhadətnamənin təsdiq olunmuş surətini sizə təqdim edirik.” Yuxarıda göründüyü kimi, iddiaçının 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət məktubunun məzmunu daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi bağlıdır və Ərazi İdarəsi tərəfindən cavab məktubu hüquqların dövlət qeydiyyatının aparılmasından (ləğvindən) imtina olunması barədə deyildir. Bu səbəbdən də iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia müddətini üzürlü səbəb olmadan ötürdüyünə görə iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********44 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubunun surəti, cavabdehin etiraz ərizəsi, JN-4640A KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surəti, Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 657 nömrəli məktubun surəti, Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 757 nömrəli məktubun surəti, razılıq ərizələrinin notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzr ə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan daşınmaz əmlaka dair A N-216126 nömrəli X11 və Ölçüsü sənədinin verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan daşınmaz əmlak DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqan **********44 nömrəli, xx.xx.2022ci il tarixli məktubla müraciəti müsbət həll edilməmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli torpaq sahəsinin Quba rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə təqdim olunmuş iş materiallarından müəyyən olundu ki, Quba şəhər X8 İcraiyyə Komitəsinin 12 avqust 1980-ci il tarixli 10 nömrəli protokoluna əsasən fərdi ev tikdirmək üçün iddiaçıya torpaq sahəsi verilmiş və qeyd olunan ünvanda tikilmiş yaşayış evinə dair 31 avqust 1987-ci il tarixli qeydiyyat şəhadətnaməsi təqdim olunmuşdur. Daha sonra məlum olmuşdur ki, müvafiq torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı və onun ailə üzvlərinə JN-4640A KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə işlənilmişdir. İddiaçı həmin şəhadətnamənin qanunsuz tərtib edildiyi qənaətinə gələrək, cavabdehə həmin şəhadətnamənin ləğv edilməsini tələb etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin etməməsində etdiyi həkətlər aşağıdakı əsaslara görə qanunsuzdur. Belə ki, “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı və onun ailə üzvlərinə JN-4640A KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarı əsasında verilməsi bildirilmişdir. X12 filialının verdiyi xx.xx.2022-ci il tarixli 757 nömrəli məktubunda göstərilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci ildə keçirilmiş 05 saylı iclası 05 may 2000-ci il tarixdə yox, 25 may 2000-ci il tarixdə keçirilmişdir. Həmin iclas protokolunda torpaq sahəsi alacaq vətəndaşların adlı siyahısı yoxdur. Həmçinin cavabdehin 13 iyun 2022-ci il tarixli **********62 nömrəli məktubundan da görünür ki, qeyd olunan şəhadətnamənin idarəyə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyata alınmadığı məlum olmuşdur. Beləliklə Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2002-ci il tarixdə iclası keçirilmədiyi və faktiki olaraq 25 may 2002-ci il tarixdə keçirildiyi, həmin iclas protokolunda adı siyahı olmadığı halda mövcud olmayan qərara istinad edilərək şəhadətnamənin verilməsi qanunsuzdur. İndiki halda həmin sənədin qüvvədə olması İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə əngəllər törədir, bu səbəbdən də onun adına hüquqi əsas olmadan işlənmiş JN-4640A KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ləğv edilməlidir. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Məcəllənin 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Bundan başqa məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmçinin, cavabdeh təşkilat və üçüncü şəxsin etirazlarında bildirdiyi iddianın mümkünlük məsələsinə qərarın mükünlük hissəsində hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN- 4640A KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar