Məhkəmə qərarları › İş №2-1(118)-1184/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1184/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1184/2022 27.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, Masazır kəndində yerləşən mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 4 saylı Abşeron Ərazi İdarəsinin tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, **********39 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0873 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) və **********41-10301 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi, Hüseyn Dəmirli küçəsi, ev 129 (köhnə qaydalarla M.S.ünvan 1 ünvanında yerləşən 0.1165 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahəsində Abşeron Rayon İcra Hakimiyyəti başçısının 26.04.2018-ci il tarixli, 570-T nömrəli məktubu ilə təsdiq edilmiş layihəyə əsasən iki mərtəbəli fərdi yaşayış evi və köməkçi tikili inşa etdirmişdir. Həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququn daşınmaz əmlakın dövlət reyestrində adıma qeydə alınması, buna dair müvafiq çıxarış və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmiş. Müraciət edərkən, tikiliyə va torpaq sahəsinə aid bütün sənədləri həmin müraciətə əlavə etmiş, cavabdeh tərəfindən ona verilmiş 18.02.2022-ci il tarixli, **********06 nömrəli bildiriş məktubunda sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlat reyestrində qeydiyyata alınması va reyestrdən çıxarışın verilməsindən imtina edildiyi bildirilmişdir. Həmin cavab məktubunda imtina üçün fərdi yaşayış evinin birinci mərtəbəsində aşırımın uzunluğunun 6 metrdən çox olduğu əsas kimi göstərilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın ona məxsus torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtinası qanunsuz olmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçının nümayəndəsi dəqiqləşdirmə ərizəsi verərək, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0873 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1.514,5 m2 olan tikilinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 18 fevral 2022-ci il tarixli, ********** daxilolma nömrəli müraciətinizə baxılmışdır. Aparılan araşdırma zamanı, yeni layihələndirilmiş fərdi yaşayış evinin 1-ci mərtəbəsində aşırımının uzunluğunun 6.0 metrdən çox olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Belə ki, hazırda təqdim edilmiş sənədlərlə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu, fərdi yaşayış evinin aşırımının uzunluğu 6.0 metrdən çox olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələrinə əsasən aşırımının uzunluğu 6.0 metrdən çox olan tikiliyə tikintisinə icazənin alınması tələb olunur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: DƏDRX tərəfindən verilmiş **********39 reyestr nömrəli çıxarışın surəti, yaşayış sahəsinə dair plan və ölçünün, eskiz layihənin notarial qaydada təsdiqlənmiş surəti, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 26.04.2018-ci il tarixli, 570-T nömrəli məktubun surəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin **********06 nömrəli, 18.02.2022-ci il tarixli imtina məktubu, etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan qeyri-yaşayış binasına Abşeron Rayon İcra Hakimiyyətinin obyektin tikintisinə icazənin verildiyi vaxtdan yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan yaşayış sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********06 nömrəli, 18.02.2022-ci il tarixli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Qeyd olunana və cavabdehin rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndiskommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində (tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı çərcivəsində aparılan tikililər) nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 101.2-ci maddəsinin 01 fevral 2018-ci il tarixinə qüvvədə olan redaksiyasına əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti) tərəfindən verilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulmuş müddəa tikintisinə icazə tələb edilməyən obyektlərə şamil olunmur. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən tikintiyə nəzarətin məqsədi obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmaqla tikilməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən tikintiyə nəzarətin 1) dövlət nəzarəti, 2) texniki nəzarət, 3) müəllif nəzarəti, 4) daxili əməliyyat nəzarəti növləri vardır. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən tikintiyə texniki nəzarət sifarişçi tərəfindən təmin edilir və müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən tikintiyə texniki nəzarətin həyata keçirilməsi qaydaları şəhərsalma və tikintiyə dair normativ sənədlərlə tənzimlənir. Həmin Məcəllənin 98.3-cü maddəsinə əsasən texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı”nın 3-cü bəndinə əsasən mövcud tikinti obyektləri və (və ya) onların hissələri, həmin obyektlər və hissələrdə onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklər edilməsini nəzərdə tutan tikinti layihələri əsasında tikinti-quraşdırma işləri aparıldıqda həmin tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə texniki nəzarətin aparılması tələb olunmur. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması, yaxud bərpası (bundan sonra – tikinti-quraşdırma) işlərinin bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsi prosedurunu və mexanizmini müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən tikintiyə dövlət nəzarətinin məqsədi tikinti-quraşdırma və söküntü işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını, bu işlərin yerinə yetirilməsi prosesində yol verilmiş pozuntuların vaxtında aşkar edilməsini və aradan qaldırılmasını, tikinti obyektlərinin etibarlılığını (dayanıqlılığını və möhkəmliyini) təmin etməkdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən bu Qaydaların müddəaları, Məcəllənin 79.1-ci maddəsinə uyğun olaraq tikintisinə icazə tələb edilməyən obyektlər istisna olunmaqla, bütün tikinti obyektlərinə, habelə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun 10-cu maddəsinə uyğun olaraq Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə də şamil olunur. Yuxarıda qeyd olunan maddi hüquq normalarından müəyyən edilir ki, tikintiyə nəzarətin məqsədi obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmaqla tikilməsini təmin etməkdən ibarətdir. Tikintiyə nəzarətin 1) dövlət nəzarəti, 2) texniki nəzarət, 3) müəllif nəzarəti, 4) daxili əməliyyat nəzarəti növləri vardır. Tikililərə dövlət nəzarəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir və nəzarət çərçivəsində obyektin tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Texniki nəzarət- müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir və obyektin texniki şərtlərə cavab verib-verməməsini müəyyən edir. Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən olunur. Müəllif nəzarəti-layihəçi tərəfindən, daxili əməliyyat nəzarət isə podratçı tərəfindən həyata keçirilir. Hazırkı iddia tələbinin araşdırılması zamanı müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, **********39 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0873 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) və **********41-10301 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi, Hüseyn Dəmirli küçəsi, ev 129 (köhnə qaydalarla M.S.ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0.1166 ha torpaq sahəsi üzərində olan ümumi sahəsi 616.2 m2 olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Qeyd olunan torpaq sahələri bitişik ərazidə yerləşir. Abşeron rayon İcra Hakimiyyətinə məlumatlandırma icraatı çərçivəsində müraciət olunaraq həmin torpaq sahəsində yeni tikilinin inşa edilməsi haqqında xəbərdarlıq verilmiş və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 26.04.2018-ci il tarixli, 570-T nömrəli məktubu ilə təsdiq edilmiş layihəyə əsasən iki mərtəbəli fərdi yaşayış evi və köməkçi tikili inşa etdirməsi ilə bağlı razılıq əldə edilmişdir. Tikilinin inşası başa çatdırıldıqdan sonra iddiaçı həmin tikilinin üzərində mülkiyyət hüququn daşınmaz əmlakın dövlət reyestrində adıma qeydə alınması, buna dair müvafiq çıxarış və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh təşkilat yeni tikilinin birinci mərtəbəsində aşırımın uzunluğunun 6.0 metrdən çox olmasını əsas gətirərək yeni tikili üzərində mülkiyyət hüququnu qeydə alınmasından imtina etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən inşa edilmiş tikilinin 1-ci mərtəbəsində bir aşırımın uzunluğu 6,55 metr təşkil edir. Belə ki, məhkəmənin tapşırığı əsasında cavabdeh təşkilatın mütəxəssisi tərəfindən daşınmaz əmlaka baxış keçirilərək, birinci mərtəbədə yerləşən bir aşırımın 6 metrdən çox, yəni 6,55 metr olması müəyyən edilmişdir. Lakin məhkəmə hesab edir ki, qeyd olunan çatışmamazlıq iddiaçının inşa etdirdiyi yeni tikilinin qeydə alınmasından imtina üçün əsas sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı”nın tələblərinə əsasən tikilinin aşırımın 6 metrdən çox olması tikilinin konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etmədiyinə, yəni tikintisinə icazə verilmiş tikintinin parametrlərini keçmədiyə görə tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə texniki nəzarətin aparılması tələb olunmur. Başqa sözlə desək fərdi yaşayış evinin binasının konstruktiv göstəricilərinə xələl gətirmədən quraşdırılmış və tikilinin daxilindən kənara çıxmadığına görə müvafiq razılığın alınmasına zərurət yoxdur. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui- istifadə qadağandır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. Hazırkı, iddia tələbi üzrə cavabdeh təşkilatın tutduğu mövge onun tərəfindən “İnzibati İcraat” haqqında Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütanasiblik prinsipinə, yəni inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamasına dəlalət edir. Belə ki, “İnzibati İcraat” haqqında Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə tələb olunur. İnzibati İcraat haqqında Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Beləliklə, cavabdehin gətirdiyi bütün arqumentlər əsassız olduğundan iddia təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasımn (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0873 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1514,5 m2 olan tikiliyə İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar