Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1186/2023 02.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı ünvan 1 ünvanındakı əmlak kompleksinin mövcud tikililəri üzərində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi olunla əsaslandırılmışdır ki, Xaçmaz şəhəri, Nəsrəddin Tusi küçəsi 40 ünvanmdakı əmlak kompleksi İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən özəlləşdirilmişdir. Həmin əmlak kompleksinə dair Cəmiyyətin adına xx.xx.1998-ci il tarixli texniki pasport da tərtib edilmişdir. Qeyd edilən əmlak kompleksinin yerləşdiyi 26593,0 kv.m (2,6593 ha) torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı Cəmiyyət arasında 2516 saylı 17 iyun 2022-ci il tarixli özəlləşdirilən obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə də bağlanılmışdır. Qeyd edilən əmlak kompleksi uzun müddət əvvəl özəlləşdirilsə də, həmin əmlak kompleksi üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu məqsədlə cavabdeh təşkilata etdiyi müvafiq müraciətə cavabdeh tərəf xx.xx.2022-ci il tarixli məktubla cavab verərək həmin əmlak kompleksinə daxil olan tikililərin bəzisinin söküldüyünü, bu səbəbdən yerdə qalan tikililərlə texniki pasportda göstərilən tikililərin ölçülərinin uyğunsuzluq təşkil etdiyini bildirmiş və ərizəmizin icrasından imtina etmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddia ərizəsində göstərilənlərlə əlaqədar bildiririk ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Xaçmaz şəhəri ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş qeyri-yaşayış binasına məxsus tikililərin bir hissəsi sökülmüşdür.Qeyri- yaşayış binasına məxsus yerdə qalan tikilinin ölçüləri ərizəyə əlavə olunmuş texniki pasportda göstərilən ölçülərdən fərqlidir. Bundan əlavə qeyriyaşayış binasının A tikilisinin bir hissəsi 10 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşür. İddiaçı ASC-nə məxsus torpaq sahəsinin 0.1766 ha hissəsi vətəndaşlar tərəfindən hasarlanaraq istifadə olunur və həmin yerlərə dövlət reyestrindən çıxarış verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından xx.xx.2021-ci il tarixli, **********49 nömrəli məktubla imtina olunmuşdur. Bundan sonra İddiaçı ASC Xaçmaz şəhəri ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********85 nömrəli və xx.xx.2022-ci il tarixli, **********99 nömrəli məktublarla da anoloji cavablar verilmişdir. Həmçinin, iddia ərizəsində mübahisələndirilən qeyri-yaşayış binasının sənəd üzrə göstəriciləri faktiki vəziyyətdən fərqlidir. Bununla bağlı icraatda olan iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini, Fövqəladə Hallar Nazirliyini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, Xaçmaz rayon İcra Hakimiyyətini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. (Vəsatət əlavə olunur) Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin Fövqəladə Hallar Nazirliyini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, Xaçmaz Rayon İcra Hakimiyyətini və Əmlak Məsələləri Dövlət Xidmətini üçüncü şəxs qismində işə cəlb olunmasının zəruriliyinə münasibətdə məhkəmə qeyd edir ki, adları qeyd olunan təşkilatların müvafiq rəylərinin olması, o cümlədən qeyd olunan rəylər mübahisə predmeti olmadığına görə həmin təşkilatların nə zəruri, nə də adi qaydada cəlb edilməsinə lüzum yoxdur. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2022-ci il tarixli, **********85 nömrəli imtina məktubu, etiraz ərizəsi, 2516 nömrəli, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin surəti, ASC-nin təsis sənədlərinin surəti, Tikilinin texniki pasportunun surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-4112/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-34/2-7228/2023 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan qeyri-yaşayış kompleksinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKRin 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********85 nömrəli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xaçmaz rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Xaçmaz şəhəri, Nəsrəddin Tusi küçəsi 40 ünvanındakı əmlak kompleksi İddiaçı ASC tərəfindən özəlləşdirilmişdir. Həmin əmlak kompleksinə dair ASC-nin adına xx.xx.1998-ci il tarixli texniki pasport tərtib edilmişdir. Qeyd edilən əmlak kompleksinin yerləşdiyi 26593,0 m2 (2,6593 ha) torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı arasında 2516 saylı 17 iyun 2022-ci il tarixli özəlləşdirilən obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanılmışdır. İddiaçı sözügedən qeyri-yaşayış kompleksini onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınması məqsədi ilə DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə, cavabdeh onun tikili üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi arqumentlər aşağıdakılardan ibarət olmuşdur. 1) Qeyri-yaşayış binasına məxsus tikililərin bir hissəsi sökülməsi, 2) Qeyri-yaşayış binasının A tikilisinin bir hissəsi 10 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi, 3) İddiaçı ASC-nə məxsus torpaq sahəsinin 0.1766 ha hissəsi vətəndaşlar tərəfindən hasarlanaraq istifadə olunması, 4) Qeyri-yaşayış binasına məxsus yerdə qalan tikilinin ölçüləri ərizəyə əlavə olunmuş texniki pasportda göstərilən ölçülərdən fərqli olması, Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, Qeyri-yaşayış binasına iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Cavabdeh təşkilatın gətirdiyi 1-ci və 4-cü arqumentə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Xaçmaz şəhəri, Nəsrəddin Tusi küçəsi 40 ünvanında yerləşən əmlak kompleksinin mövcud tikililəri üzərində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasını xahiş edir. Belə ki, işin araşdırılan hallarından da göründüyü ki, əmlak kompleksinin A-literli tikilisi sökülmüşdür və iddiaçı da həmin əmlakdan imtina edir. Başqa sözlə desək, iddiaçı ona məxsus əmlak kompleksin mövcud tilikiləri üzərində mülkiyyət hüquqlarının qeydə alınması tələbi onun konstitusion hüquqlarının həyata keçirilməsindən irəli gəlir və iddiaçıya qeyri-yaşayış binasının A tikilisi üzərində dövlət qeydiyyatına alınmasına məcbur etmək onun konstitusion hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən mütəxəssis rəyi alınmış və 3-21-3-34/2-7228/2023 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı ASC məxsus olmuş inzibati və yardımçı binanın ölçüsü ilkin olaraq 523.70 m2 təşkil etmiş və sonradan həmin qeyriyaşayış binasının A tikilisi sökülərək tikilinin ölçüsü 476.2 m2 təşkil etmişdir. İddiaçı tərəfindən qeyd olunan tikilinin ölçüsü azalma əvəzinə artırılmış olsaydı o halda cavabdeh təşkilatın imtina əsaslı olmuş olardı. Belə olan halda cavabdehin gətirdiyi 1-ci və 4-cü arqumentlər öz əhəmiyyətini itirmiş olur. Cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentə, yəni qeyri-yaşayış binasının A tikilisinin bir hissəsinin 10 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, A tikilisi mövcud olmadığından və A tikilisi üzərində mülkiyyət hüququnun tanınması mübahisə predmeti olmadığından gətirilən 2-ci arqumentdə əsassız hesab edilməlidir. Cavabdeh təşkilatın gətirdiyi 3-cü arqumentə, yəni İddiaçı ASC-nə məxsus torpaq sahəsinin 0.1766 ha hissəsi vətəndaşlar tərəfindən hasarlanaraq istifadə olunmasına münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən mütəxəssis rəyi alınmış və 3-21-3-34/2-7228/2023 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçıya aid mövcud tikili mübahisələndirilən 0.1766 ha torpaq sahəsi üzərində yerləşmir. Belə olan halda cavabdehin gətirdiyi 3-cü arqument də öz əhəmiyyətini itirmiş olur. Həmçinin məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Xaçmaz şəhəri, Nəsrəddin Tusi küçəsi 40 ünvanında yerləşən əmlak kompleksinin mövcud tikililəri üzərində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1186/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1186/2023
02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver