Məhkəmə qərarları › İş №2-1(118)-1189/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1189/2023

06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1189/2023 06.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “cavabdeh Sumqayıt şəhər Polis İdarəsi üzərinə üçüncü şəxslər X1, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2016-ci təvəllüdlü X6, xx.xx.2019-ci il təvəllüdlü X2 və X7 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 46/48, mənzil 13-dən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 46/48, mənzil 13, xx.xx.2022-ci il tarixindən onun xüsusi mülkiyyətindədir. Həmin mənzili xx.xx.2022-ci il tarixdən alqı-satqı yolu ilə X3 35000 (otuz beş min) manata almışdır. Üçüncü şəxslər mənzili satdıqdan sonra söz vermişdirlər ki, 1 (bir) ay ərzində qeydiyyatdan çıxacaqlar. Hal-hazırda keçmiş ev sahibləri həmin ünvanda qeydiyyatdadırlar. Lakin, qeydiyyatda olmaqlarına baxmayaraq həmin ünvanda yaşamırlar. Onlar mənzilində formal olaraq qeydiyyatda qalmışdırlar. Onların mənzil üzərində heç bir hüquqları yoxdur. Onların mənzildə qeydiyyatda qalmaları mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyinə səbəb olur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, mənzili satmışdır. İddia qaldıranda mənzil onun mülkiyyətində olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra mənzili başqa şəxsə satmışdır. Bu halda məhkəmə qeyd edir ki, iddiaçı hazırda digər şəxsin mülkiyyətində olan mənzilə dair tələb irəli sürdüyü üçün, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət edməsi üçün subyektiv hüququ yoxdur. Belə bir tələblə mənzilin hazırki mülkiyyətçisi məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, mövcud tələblə mənzilin hazırki mülkiyyətçisi məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar