Məhkəmə qərarları › İş №2-1(118)-1192/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1192/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1192/2023 18.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “ona məxsus Şamaxı rayonu Göylər kəndində faktiki istifadəsində olan Şamaxı rayonu Engels adına sovxoz tərəfindən 29 iyun 1996-cı il tarixli 76 saylı əmri ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinə X2 uçot informasiya sistemində başqa şəxsin adına işlənmiş (şifahi olaraq bildirilib ki, X1 adına işlənmiş) qeydlərin etibarsız hesab edilməsi və onun torpaq sahəsinə qeydiyyat vəsiqəsinin veirilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “ona məxsus Şamaxı rayonu Göylər kəndində faktiki istifadəsində olan Şamaxı rayonu Engels adına sovxoz tərəfindən 29 iyun 1996-cı il tarixli 76 saylı əmri ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinə X2 uçot informasiya sistemində başqa şəxsin adına işlənmiş (şifahi olaraq bildirilib ki, X1 adına işlənmiş) qeydlərin etibarsız hesab edilməsi və onun torpaq sahəsinə qeydiyyat vəsiqəsinin veirilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Göylər kəndində yaşayır, ona 29 iyun 1996-cı ildə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə Şamaxı rayonu “Engels” adına sovxozun 29 iyun 1996-cı il tarixli 76 saylı əmri vardır. Həmin torpaq sahəsi onun faktiki istifadəsindədir. Onda olan arxiv çıxarışının bu torpaq sahəsinə mülkiyyət hüququnun olmasını təsdiq edən sənəd bilib, bu barədə qeydiyyat vəsiqəsi almaq üçün aidiyyəti üzrə müraciət etməmişdir. Ona məxsus torpaq sahəsinə qeydiyyat vəsiqəsi almaq üçün aidiyyəti üzrə 14 saylı Şamaxı ərazi idarəsinə müraciət etmiş və ona aydın olmuş ki, torpaq sahəsi başqa adamın adına elektronda qeydiyyata alınmışdır. Bildirir ki, 1996-cı ildən bu torpaq sahəsi onun faktiki istifadəsindədir, bu torpaq sahəsi ona Şamaxı rayonu Engels adına sovxoz tərəfindən həyətyanı torpaq sahəsinə ehtiyacı nəzərə alaraq verilmişdir. Şamaxı 14 saylı Ərazi idaərsi tərəfindən ona məxsus həyətyanı torpaq sahəsinə qeydiyyat vəsiqəsi verilmədi, bildirildi ki, bu torpaq sahəsi elektron xəritədə başqa şəxsin adına yəni, X1 adına işlənmişdir. Bu barədə sənəd tələb etsə də verməmişlər. Ona görə də məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, İddiaçı Ərazi idarəsinə müraciət edərək, Şamaxı rayonun Göylər kəndində yerləşən 0.08 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlər əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi elektron baza xəritəsində başqa şəxsin X1 adına qeyd olunmuşdur.Torpaq sahəsi mübahisəli ərazidə yerləşdiyinə görə, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, məhkəməsinin icraatında olan 2-1(118)-1192/2023 saylı iş üzrə X5 Filialının Sumqayıt İnzibatı Məhkəməsinə göndərdiyi 29 mart 2023-cü il tarixli, 3-48-DA-l 1F/-2-Y-56-39 saylı cavabını və ona əlavə edilmiş 2 səhifəlik qoşma sənədi, yenə X5 Filialının Sumqayıt İnzibati Məhkəməsinə göndərdiyi 13 iyun 2023-cü il tarixli, 3-48- DA-l 1F/-2-Y-91-39-23 saylı cavabını və ona əlavə edilmiş 2 səhifəlik qoşma sənədi və nəhayət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3- 60/2-1336/2023 saylı cavabı və ona əlavə edilmiş 1 səhifəlik qoşma sənədi oxumuş və həmin cavablarda və onlara qoşma edilmiş sənədlərdə İddiaçı qaldırdığı 0,08 ha torpaq sahəsinin onun mülkiyyətində olmasına dair dair heç bir məlumat və sübut yoxdur. Ona görə də İddiaçı ərizəsi əsassız və qanunsuz olduğundan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və ya dövlət qeydiyyatının ləğv etmək istədiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində olan elektron baza xəritəsində başqa şəxsin, yəni X1 adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə tərəfindən müvafiq orqanlara sorğular verilərək, İddiaçı Şamaxı rayonu Engels adına sovxoz tərəfindən 29 iyun 1996-cı il tarixli 76 saylı əmri ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinin konkret olaraq hansı ərazidən ayrılması müəyyən etmək olmamışdır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Şamaxı rayon Göylər Bələdiyyəsi tərəfindən təqdim edilmiş 312 nömrəli, 08 avqust 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı Şamaxı rayonu Engels adına sovxoz tərəfindən 29 iyun 1996-cı il tarixli 76 saylı əmri ilə verilmiş 0,08 ha torpaq sahəsinin konkret olaraq hansı ərazidən verilməsi məlum deyildir və eyni zamanda İddiaçı iddia etdiyi ərazidə aqrar islahat aparılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının müvafiq dövlət aktının ləğv etməsinə (Anaş Allahyarovaya məxsus mülkiyyət hüququna dair aktın) subyektiv hüququ olmadığına görə onun tələbinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyil. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “ona məxsus Şamaxı rayonu Göylər kəndində faktiki istifadəsində olan Şamaxı rayonu Engels adına sovxoz tərəfindən 29 iyun 1996-cı il tarixli 76 saylı əmri ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinə X2 uçot informasiya sistemində başqa şəxsin adına işlənmiş (şifahi olaraq bildirilib ki, X1 adına işlənmiş) qeydlərin etibarsız hesab edilməsi və onun torpaq sahəsinə qeydiyyat vəsiqəsinin veirilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar