Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1195/2020 30.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhər 18 saylı hüquq məsləhətxanasının vəkili, Bakı şəhəri, Şərifzadə küçəsi ev 192 mənzil 117-də yaşayan), Cavabdehin nümayəndəsi X2 (Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Məhkəmə işlərinin təşkili şöbəsinin rəisi işləyən, Bakı şəhəri, Əhmədli y/s, 2951-ci məhəllə, Q.Məmmədov küçəsi, ev 3c, mənzil 101-də yaşayan) iştirakı ilə, İddiaçı «İddiaçı” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli **********138106 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı «İddiaçı” MMCcavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli **********138106 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********182416 saylı qərarına əsasən iddiaçı müəssisədə səyyar vergi yoxlaması keçirilmiş və xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı müəssisənin əməkdaşları aktla razılaşmayaraq onu imzalamadan öz etirazını bildirmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə “Vergi ödəyicisinini vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən iddiaçıya ümumilikdə 1.412.622.41 manat əlavə vergi məbləği, 706.391.23 manat maliyyə sankiyası və vergi hesabatını müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə 80.00 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı həmin qərarı qanunsuz hesab edərək ləğv olunması barədə qərar çıxarılmasını xahiş edir. Belə ki, iddiaçı şirkət “BP X6” şirkətinin elan etdiyi tenderdə qalib gələrək BP ilə bağlanmış müqaviləyə əsasən onlara sərnişin daşınması xidmətini göstərir. Bu xidməti həyata keçirmək üçün 600-ə yaxın sürücü heyəti tələb edilirdi ki, bunun da böyük hissəsini işçi heyəti ilə, digər hissəsini isə bu istiqamətdə fərdi sahimkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə həyata keçirmişdir. işçilərlə əmək müqaviləsi, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə isə xidmət müqaviləsi bağlanmışdır. Xidməti müqavilə əsasında 206 nəfər fəaliiyət göstərir. Həmin şəxslər əvvəllər də BP şirkətinə xidmət göstərmişlər və əvvəl də bu cür müqavilələr əsasında fəaliyyət göstərmişlər. Yoxlama zamanı vergi orqanı hesab etmişdir ki, həmin 206 nəfərdən 16 nəfəri digər vergi ödəyicilərinə də xidmət göstərdiyindən onlarla bağlanan müqavilə qanuni hesab edilməli, qalan 190 nəfərlə isə əmək müqaviləsi bağlanmalı olmuşdur. Halbuki, bu iki tərəf arasında onların iradəsi ilə bağlanmış müqavilədir və vergi orqanının bu müqavilənin məzmununu dəyişdirmək səlahiyyəti yoxdur. Bundan başqa vergi orqanı tərəfindən prosessual pozuntulara da yol verilmişdir. Belə ki, yoxlama xx.xx.2020-ci il tarixdə başlasa da, əsassız olaraq xx.xx.2020-ci il tarixdə 1 il 1 ay sonra bitmişdir. Bu prosessual pozuntunun səbəbi isə iddiaçının üzərinə zorla qanunsuz vergi öhdəliyinin qoyulması olmuşdur. Cavabdeh həmçinin heç bir əsas olmadan 10810.45 manat mənfəət vergisi, 100620,44 manat ƏDV, 171091 manat ödəmə mənbəyindən vergi və həmin məbləğin 50 % həcmində maliyyə sanksiyası tətbiq etmişdir. Yoxlama müddətinin süni şəkildə uzadılması və iddiaçının bu müddətdə dəqiqləşmə bəyannaməsini verə bilməməsi iddiaçını ödənməmiş sığortanı dəqiqləşmə verərək ödəyə bilməsi üçün məhdudiyyət yaratmışdır. Bu isə öz növbəsinə iddiaçını maliyyə sanksiyasına məruz qalmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, cavabdeh vergi orqanının xx.xx.2019-cu il tarixli qərarına əsasən yanvar 2018- mart 2019-cu ilədək olan dövr üzrə İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2020-ci il tarixli **********182509 saylı aktla rəsmiləşdirilmişdir. Vergi orqanının xx.xx.2020-ci il tarixli **********138406 saylı qərarı ilə vergi ödəyicisinə 1412622.41 manat vergi hesablanmış, 706391.23 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən hər hansı dəqiqləşdirilmiş hesabat onda təyin edilmiş səyyar vergi yoxlamasına kimi təqdim edilə bilər və yoxlama müddətinin uzadılması və ya qısa müddətdə qurtarması dəqiqləşdirmə barədə hesabatların verilməsini mümkün etmir. Eyni zamanda vergi yoxlaması vergi ödəyicisində artıq təqdiç edilmi. hesabatlar üzrə aparılır və vergi ödəyicisi tərəfindən növbəto dövrlər üzrə hər hansı hesabatın verilməsini qadağan etmir. Müəssisənin təqdim etdiyi mühasibat uçotu göstəriciləri, vergi hesab fakturaları, bank ödəniş sənədləri və digər ilkin sənədlər əsasında əlavə dəyər vergisi bəyannamələri araşdırılarkən ƏDV-nin 100620.44 manat az hesablandığı müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən icarəyə götürdüyü nəqliyyat vasitələrini yenidən digər müəssisəyə icarəyə vermiş, lakin həmin xidmətə ƏDV tətbiq etməmişdir. Müəssisənin yoxlanılan dövr üzrə (yanvar 2018-mart 2019) 17529308.77 manat, o cümlədən 1095869.77 manat nəqliyyat və 16433439.00 manat ƏDV daxil dövriyyə olmaqla ümumi gəliri olmuşdur. Gəlirin 15510236.11 manatı 0% dərəcə ilə ƏDV-ə cəlb olunan dövriyyədir ki, cəmiyyətə qeyd olunan dövriyyə "AAS-EKOL" Məhdud Məsuliyyətli Cəmiyyətdən (aldığı sertifikat seriyası və nömrələri Azl730496, Azl830560, Azl830614 və qüvvədə olduğu dövrlər müvafiq olaraq xx.xx.2017-xx.xx.2018, xx.xx.2018-xx.xx.2018, xx.xx.2018xx.xx.2019), BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən, "Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti"nin Azərbaycan Respublikasindaki Nümayəndəliyindən, "Sdl Nobel" Məhdud Məsuliyyətli Cəmiyyətindən,Sosial Quruculuq İctimai Birliyinə qrant üzrə işlərin görülməsi və xidmətlərin göstərilməsindən və Bakı Gəmiqayırma Zavodundan əldə olunmuş gəlir, 1095869.02 manatı nəqliyyat xidmətindən əldə olunmuş gəlir və 782375.97 manat (ƏDV-li) gəlir göstərdiyi digər xidmətlərdən yaranmışdır. Müəssisə tərəfindən xidmət müqavilələri əsasında çalışan fiziki şəxslər (sürücülük edən və nəqliyyat xidməti göstərən) vasitəsilə digər müəssisələrə göstərdiyi xidmətlər və digər xidmətlərdən (o cümlədən yemək xidməti, təlim xidməti, mütəmadi olaraq nəqliyyata baxim xidməti və s.) əldə olunmuş gəlir məbləğlərinin 2018-ci il üzrə 474158.23 manatı və 2019-cu ilin ilk 3 ayı üzrə 84844.19 manatı ƏDV-yə cəlb edilməməsi nəticəsində ümumilikdə 100620.44 manat ƏDV-nin az hesablandığı müəyyən edilmiş, Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında 50310.22 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin yoxlanılan dövrün mənfəət vergisinin düzgünlüyü mühasibat uçotu göstəriciləri və ilkin sənədlər əsasında yoxlanarkən müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 104 və 108-ci maddələrinin tələbləri pozularaq vergiyə cəlb olunan mənfəət 54052.25 manat azaldılmış, nəticədə mənfəət vergisi 10810.45 manat az hesablanmışdır. Yoxlama ilə müəssisənin 2018-ci il üzrə ümumi gəlirlərinin 13860309.61 manat (ƏDV daxil) olduğu müəyyən edildi. Bunun 875390.10 manatı özünə məxsus nəqliyyat vasitələri ilə göstərdiyi nəqliyyat xidmətindən əldə olunmuş və ümumi gəlirdə xüsusi çəkisi 6.32% təşkil etmişdir. Digər gəlirləri (aşağıda qeyd olunan) 12984919.51 manat (ƏDV nəzərə alınmadan 12874682.97 manat) olmuşdur. Müəssisə tərəfindən mənfəət vergisi bəyannaməsində ümumi gəlir 550846.18 manat yəni, 12323836.79 manat az göstərilmişdir. Belə ki, müəssisənin fəaliyyəti şəhər və şəhərətrafı sərnişin quruyol nəqliyyatı fəaliyyəti olmasına baxmayaraq, xidmət müqavilələrinə əsasən sürücülük və nəqliyyat xidməti göstərən fiziki şəxslər vasitəsilə digər müəssisələrə göstərdiyi xidmətdən əldə etdiyi gəlirlər, əmək müqavilələrinə əsasən çalışan sürücülərə (xidməti alan müəssisələrin nəqliyyatı ilə xidmət göstərən) ödənilmiş (hesablanmış) əmək haqqı və əmək haqqı ilə bağlı digər ödənişlərə, sığorta, yanacaq xərclərinə, təmir və ehtiyat hissələri üzrə xərclərə ticarət əlavəsi tətbiq etməklə əldə etdiyi gəlirlər, yemək (ketrinq) xidməti, mütəmadi olaraq nəqliyyat baxım xidməti və treninq xidmətindən əldə etdiyi 12524136.79 manat gəlir malların təqdim edilməsindən (işlərin görülməsindən və xidmətlərin göstərilməsindən) gəlirlərə aid edilməmiş, 200300.00 manat digər faizi gəlirləri isə artıq göstərilmişdir. Ümumilikdə VM-nin 104-cü maddəsinin tələbləri pozularaq 12323836.79 manat gəlir məbləği azaldılmışdır. Bundan əlavə gəlirin əldə edilməsi ilə bağlı olan xərclər ümumilikdə 12800630.72 manat olmaqla VM-nin 108-ci maddəsinin tələbləri pozularaq xərclərdə nəzərə alınmamışdır. Qeyd edilən xərclər nəqliyyat xidməti üzrə gəlirin ümumi gəlirə nisbətən xüsusi çəkisi nəzərə alınmaqla hesablanmışdır. Beləliklə azaldılmış 54052.25 manat mənfəətə görə əlavə 10810.45 manat mənfəət vergisinin hesablanmış, azaldılmış vergi məbləğinin 50%-i miqdarında 5405.23 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. Bundan başqa yoxlamaya təqdim olunmuş əmək müqavilələri (kontraktlar), əmək haqqı cədvəlləri və digər sənədlərə əsasən müəssisə tərəfindən hesablanan əmək haqlarının düzgünlüyü yoxlanan zaman müəssisə tərəfindən işçilərə hesablanaraq ödənilmiş əmək haqlarının tam olaraq gəlir vergisinə cəlb olunmayaraq Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmişdir. Müəssisənin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə hesablanmış əmək haqqı 1858952.06 manat və hesablanmış əmək haqqına görə gəlir vergisinin məbləği 60632.66 manat olmaqla orta aylıq əmək haqqı 347.21 manat göstərilmişdir. Yoxlama ilə yuxarıda qeyd olunan sənədlərə əsasən müəssisə tərəfindən hesablanmış gəlir məbləğinin 6259752.46 manat (2295319.78 manat vergiyə cəlb olunan, 3964432.68 manat isə həyatın yığım sığortasına yönləndirilmiş gəlir məbləği) olduğu müəyyən olunaraq ümumilikdə hesablanmalı olan gəlir vergisinin 240201.55 manat olduğu aşkar edilmişdir. Həmçinin yoxlamaya təqdim olunmuş əmək müqavilələri (kontraktlar), əmək haqqı cədvəlləri və digər sənədlərə əsasən müəssisə tərəfindən hesablanan əmək haqlarından hesablanan sosial sığorta haqqından ayırmaların düzgünlüyü yoxlanan zaman Məcburi Dövlət Sosial Sığorta haqqında qanunun 14-cü maddəsinin tələblərinin pozulmasına görə yoxlanılan dövrün rübləri üzrə kənarlaşmalar müəyyən olunmuşdur. Belə ki, məcburi dövlət sosial sığortanın sığorta edənin hesabına hesablanan (22%) sığorta haqqından, sığorta olunan hesabına hesablanan (3%) sosial sığorta haqlarından ümumilikdə 381261.01 manat sosial sığorta haqqı, 190630.51 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Müəssisənin təqdim etdiyi işsizlik sığortası barədə bəyannamələri üzrə 1% hesablanmış işsizlik sığortasına görə (0.5% sığorta edənin və 0.5% isə sığorta olunan hesabına) 2018-ci il üzrə ümumilikdə 10615.68 manat (2018-ci ilin birinci rübü üzrə 3812.50 manat, 2-ci rübü üzrə 2338.55 manat, 3-cü rübü üzrə 2380.85 manat, 4-cü rübü üzrə 2083.78 manat) kənarlaşma müəyyən olunmuş, 5307.84 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində həmçinin əmlak və torpaq vergisinin ləğv edilməsini əsaslandırmamışdır. Belə ki, yoxlanılan dövrün əmlak vergisinin düzgünlüyü əsas vəsaitlərin siyahısına və ilkin sənədlərə əsasən yoxlanılarkən müəyyən edilmişdir ki, VM-nin 197 və 202-ci maddələrinin tələbləri pozularaq 3390.08 manat əmlak vergisi az hesablanmışdır (cəlb olunan əmlakın qalıq dəyəri 2018-ci (ilin əvvəlinə 360817.44+ ilin sonuna 340233.96 manat) /2*1%=3505.26 -115.18 =3390.08 manat). Buna əsasən 3390.08 manat əmlaK vergisinin azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında 1695.04 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa yoxlanılan dövrün torpaq vergisinin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılarkən müəyyən edilmişdir ki, müəssisənin mülkiyyətində və istifadəsində Abşeron rayonunda 0.15 ha torpaq sahəsi olmasına baxmayaraq VM-nin 205 və 206-ci maddələrinin tələbləri pozulmuş, buna görə də 2018-ci il üzrə 120.00 manat torpaq vergisi hesablanmış, 60 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən vergi hesabatını və arayışını əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 80.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddia ərizəsində işçilərin bir hissəsi ilə əmək müqaviləsi, digər hissəsi ilə işin xüsusiyyətindən asılı olaraq xidməti müqaviləsi imzalandığını, bağlanmış xidmət müqavilələri üzrə vergi ödəyicilərinin eyniləşdirmə nömrələri aldıqlarını, dövri olaraq gəlir vergisi bəyannamələri, DSMF hesabatları təqdim etdiklərini, gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları ödədiklərini göstərmiş, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə, Mülki Məcəllənin 324-cü maddəsinə istinad edərək hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ olduğunu, əmək müqavilələrinin sərbəst bağlandığını, heç kəsin əmək müqaviləsi bağlamağa məcbur edilə bilmədiyini, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsinin zəruri olduğu qeyd edilmişdir. Xidmətlərin göstərilməsinə, işlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslərlə (vergi orqanında qeydiyyatda olmasından asılı olmayaraq) rezident müəssisələr arasında yaranan münasibətlərdə əmək münasibətlərini şərtləndirən hallar olduğu halda qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanmalıdır. Vergi Məcəlləsinin 23.1.6-1 -ci maddəsinə əsasən səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Bunlardan əlavə, mülki-hüquqi müqavilə əsasında əmək müqaviləsindən irəli gələn eyni işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi tərəflər arasında mövcud əmək münasibətlərini pərdələmək məqsədi ilə bağlanan əqd kimi qiymətləndirilir və vergi öhdəlikləri bağlanmış əqdin faktiki mahiyyəti nəzərə alınmaqla hesablanmalıdır. Yuxarıda qeyd edilənləri əsas tutaraq, yoxlanılan dövr ərzində müəssisə tərəfindən sürücülük və dispetçer xidmətləri üzrə vergi orqanlarında qeydiyyatdan keçmiş (VÖEN-i olan) fiziki şəxslərə ümumilikdə xidmət haqqı kimi 2458448.81 manat məbləğində ödəniş edilmişdir. Araşdırma ilə müəyyən olunmuşdur ki, xidmət müqaviləsi əsasında işləyən şəxslərin siyahısında əvvəllər cəmiyyətin əmək müqaviləsi əsasında işçisi olmuş şəxslərin olması bu faktı bir daha təsdiqləyir. Yoxlama ilə qeyd olunan fiziki şəxslərin xidməti muzdlu işçi kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 101 -ci maddəsinə əsasən 171091.45 manat əlavə vergi hesablanmış, 85545.72 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin qeyd edilənlər nəzərə alınmaqla “Sosial sığorta haqqında” qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığortanın sığorta edənin hesabına hesablanan (22%) sığorta haqqından, sığorta olunan hesabına hesablanan (3%) sosial sığorta haqlarından ümumilikdə 535228.27 manat sosial sığorta haqqı hesablanmış, 267614.14 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa qeyd edilənlər əsas götürülməklə ümumilikdə 19916.14 manat əlavə işsizlikdən sığorta haqqı hesablanmış, 9958.07 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Göstərilənlərlə bağlı cavabdehn nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : -xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Milli Gəlirlər Departamenti tərəfindən İddiaçı MMC-də 2018-ci ilin yanvar ayından 2019-cu ilin mart ayınadək olan dövrün yoxlanılması üçün növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. -xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, İddiaçı MMC-də 2018-ci ilin yanvar ayından 2019-cu ilin mart ayı üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və yoxlama zamanı aşkar edilmişdir ki, MMC faktiki olaraq sair fərdi xidmətlərin göstərilməsi, şəhər və şəhərətrafı sərnişin quruyol nəqliyyat fəaliyyəti ilə məşğul olmuşdur. 2018-ci ilin mənfəət vergisi üzrə 10810.45 manat, ƏDV üzrə 85348.49 manat, əmlak vergisi üzrə 3390.08 manat, torpaq vergisi üzrə 120.0 manat, MDSS – işəgötürənlə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslərə 668.882.02 manat, işsizlik sığortası üzrə rüblük hesabat üzrə 30531.80 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 246963.52 manat, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80 manat, 2019-cu ilin ƏDV üzrə 15271.95 manat, MDSS – işəgötürənlə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslərə 247607.27 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 103696.83 manat cəmi 1.412.622.41 manat əlavə vergi borcu hesablamış və həmin məbləğin 50 % həcmində, yəni 706391.23 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. -xx.xx.2020-ci il tarixli **********138406 saylı qərardan görünür ki, İddiaçı MMC üzrə aparılan səyyar vergi yoxlaması nəticəsi olaraq 2018-ci ilin mənfəət vergisi üzrə 10810.45 manat, ƏDV üzrə 85348.49 manat, əmlak vergisi üzrə 3390.08 manat, torpaq vergisi üzrə 120.0 manat, MDSS – işəgötürənlə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslərə 668.882.02 manat, işsizlik sığortası üzrə rüblük hesabat üzrə 30531.80 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 246963.52 manat, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80 manat, 2019-cu ilin ƏDV üzrə 15271.95 manat, MDSS – işəgötürənlə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslərə 247607.27 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 103696.83 manat cəmi 1.412.622.41 manat əlavə vergi borcu hesablamış və həmin məbləğin 50 % həcmində, yəni 706391.23 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. -iddiaçı tərəfindən təqdim edilmiş xidmət müqaviləsinin nümunəsindən görünür ki, həmin müqavilə X1 (icraçı) ilə İddiaçı MMC (sifarişçi) arasında bağlanmışdır. Müqavilənin predmetini icraçının sifarişçinin uzunmüddətli tapşırığı əsasında, ona (yaxud sifarişçinin təyin etdiyi üçüncü şəxsə) mütamadi sürücü (avtonəqliyyat vasitəsinin idarə edilməsi ilə əşyaların və ya sərnişinlərin daşınması və çatdırılması) xidmətini göstərir, sifarişçi isə icraçının göstərdiyi mütamadi xidmətinin əvəzində ona (icraçıya) aylıq xidmət haqqı ödəyir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəlləyə əsasən, mülki-hüquqi xidmət müqavilələri vergi orqanlarında uçotda olan və olmayan fiziki şəxslərlə bağlana bilər. Vergi ödəyicisi olan işəgötürən vergi orqanında uçotda olmayan fiziki şəxslə mülki hüquqi müqavilə bağlayarkən vergi dərəcələrinə uyğun gəlir vergisi hesablanaraq hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyan edilməli və həmin müddətədək büdcəyə ödənməlidir. Vergi ödəyicisi vergi orqanlarında uçotda olan fiziki şəxslə mülki-hüquqi müqavilə bağlayarkən həmin xidmətlərə görə ona edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur. Vergi ödəyicisinin vergi ödəyicisi olmayan şəxslərlə xidmət müqaviləsi bağlanması hər iki tərəfin iradə ifadəsi ilə bağlıı olmuş və hər hansı tərəfin hüquqlarını pozmağa yönəlməmişdir. Məhkəmə hesab edir ki, vergi orqanının iddiaçı şirkətin ayrı-ayrı şəxslərlə bağladığı xidmət müqaviləsini əmək müqaviləsi kimi qiymətləndirməsi və bu əsasla ona əlavə vergi borcu hesablaması əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin xidmət müqavilələrini əmək müqaviləsi kimi qiymətləndirmiş və nəticədə vergi ödəyicisinə MDSS, işsizlik sığortası üzrə və muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə əlavə vergi borcu hesablamışdır. Bununla bağlı məhkəmə hesab edir ki, mübahisələndirilən qərar ƏDV, mənfəət, əmlak və torpaq vergisi isitisna olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı vergi orqanı tərəfindən hesablanmış əmlak və torpaq vergisinin əsasız hesab edilməsini əsaslandıra bilmədi. Belə ki, yoxlama zamanı müəyyən edilmişdir ki, VM-nin 197 və 202-ci maddələrinin tələbləri pozularaq 3390.08 manat əmlak vergisi az hesablanmışdır (cəlb olunan əmlakın qalıq dəyəri 2018-ci (ilin əvvəlinə 360817.44+ ilin sonuna 340233.96 manat) /1%=3505.26 - 115.18 =3390.08 manat). Buna əsasən 3390.08 manat əmlak vergisinin azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında 1695.04 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa yoxlanılan dövrün torpaq vergisinin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılarkən müəyyən edilmişdir ki, müəssisənin mülkiyyətində və istifadəsində Abşeron rayonunda 0.15 ha torpaq sahəsi olmasına baxmayaraq VM-nin 205 və 206-ci maddələrinin tələbləri pozulmuş, buna görə də 2018-ci il üzrə 120.00 manat torpaq vergisi hesablanmış, 60 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin müəssisənin balansında olan 50 avtomobil nəqliyyatı vasitəsi ilə Vergi Məcəlləsinin 58.2 maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan ümumilikdə 525 ay (ümumi maşınların fərqlənmə nişanı olmadan fəaliyyət göstərilmiş ay saylanna hasili) sərnişin daşınmasına görə cəmi 21000.00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən vergi hesabatını və arayışını əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 80.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********138106 saylı qərarı əmlak, torpaq vergisi, ƏDV, mənfəət vergisi və vergi hesabatının və arayışın verilməməsinə görə maliyyə sankisyasının hesablanması hissəsi istisna olmaqla ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********138106 saylı qərarı əmlak, torpaq vergisi, ƏDV, mənfəət vergisi və vergi hesabatının və arayışın verilməməsinə görə maliyyə sankisyasının hesablanması hissəsi istisna olmaqla ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1195/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1195/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver