Məhkəmə qərarları › İş №2-1(118)-1195/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1195/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1195/2021 28.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “ “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27.04.2021-ci il tarixli **********7967 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi (bundan sonra - cavabdeh vergi orqanı) 01.03.2021-ci il tarixli **********2296 nömrəli qərara əsasən iddiaçı "xxxx" MMC-də operativ vergi nəzarəti həyata keçirilmiş və operativ vergi nəzarətinin nəticələri barədə 17.03.2021-ci il tarixli 001593 nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında 27.04.2021-ci il tarixli **********7967 nömrəli Qərar qəbul edilmiş və həmin qərar ilə iddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58,13-cü maddəsinə əsasən 53 837,87 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Aşağıda göstərilənlərə əsasən, iddiaçı barəsində qəbul edilmiş 27.04.2021-ci il tarixli **********7967 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cdlb edilmdsi haqqında" Qərarı tamamilə əsassız və qanunsuz hesab edilir. Cavabdeh vergi orqanı tərəfindən cəmiyyətə məxsus təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və 538378,7 manat dəyərində malların elektron qaimə- faktura təqdim edilməli olduğu halda elektron qaimə-faktura verilmədən təqdim edilməsi aşkar edilmişdir. Başqa sözlə desək, vergi orqanı cəmiyyətə məxsus obyektdə qəfil reyd zamanı 17.03.2021-ci il tarixdə 53 837,87 manat dəyərində malların satıldığını, lakin həmin təqdim edilmiş mallara görə alıcıya elektron qaimə-fakturanm təqdim edilmədiyini aşkar etmişdir. İlk öncə qeyd etdi ki, iddiaçıda operativ vergi nəzarəti 02.03.2021-ci il tarixdə həyata keçirilmiş və yoxlamanın nəticəsinə dair akt da həmin tarixdə tərtib edilmişdir. Lakin məsuliyyətə cəlb etmə qərarında aktın tarixi 17.03.2021-ci il, nömrəsi isə 001593 göstərilmişdir ki, onlar həmin aktdan məlumatlı deyillər. Bundan başqa, cavabdeh vergi orqanı tərəfindən operativ vergi nəzarəti keçirilən gün (02.03.2021-ci il tarixdə) cəmiyyətə məxsus obyektdə 538378,7 manat dəyərində malların satışı həyata keçirilməmişdir. Həmin məbləğ yoxlama keçirilən günədək satılan malların dəyəridir ki, həmin mallar pərakəndə ticarət qaydasında satılmışdır. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektronqaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 16.1.11-6-cı maddəsinə əsasən bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi (16.1.11-6.1), dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi (16.1.11-6.2) və notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi (16.1.11-6.3) istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir.16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Sadalanan normalardan aydın olduğu kimi, mallar alıcıya son istehlak məqsədi ilə təqdim edildiyi halda həmin fəaliyyət pərakəndə, malların alıcıya onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün təqdim edildiyi halda isə həmin fəaliyyət topdansatış fəaliyyəti hesab edilir. Vergi ödəyicisi malların (işlərin, xidmətlərin) alıcılarına alınan pulun müqabilində pərakəndə ticarət fəaliyyəti zamanı nəzarət-kassa aparatının çekini, topdansatış fəaliyyəti zamanı isə elektron qaimə-faktura təqdim etməyə borcludur. Pərakəndə ticarət fəaliyyəti zamanı elektron qaimə-fakturanın təqdim edilməsi yalnız malın (işin, xidmətin) alıcısı tələb etdiyi halda, məcburi xarakter daşıyır. Bundan əlavə olaraq, Vergi Məcəlləsinin 50-ci maddəsində əsasları və qaydaları müəyyən edilən operativ vergi nəzarəti tədbirinin mahiyyəti ondan ibarətdir ki, həmin yoxlama əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində həyata keçirilir və yalnız tədbir keçirilən zaman (gündə və saatda) aşkar edilən qanun pozuntuları rəsmiləşdirilər ək onlara münasibətdə hər hansı cəza tədbiri (maliyyə sanksiyası) tətbiq edilir. Belə ki, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və 50.1.1-50.1.14-cü maddələrdə sadalanan məsələləri, o cümlədən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasmın tərtib edilməsinə nəzarət edilməsini (50.1.13) əhatə edən vergi nəzarəti formasıdır. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Lakin iş materialarmdan göründüyü kimi, vergi orqanı yoxlama keçirilən gün hər hansı pozuntu aşkar etmədiyi halda, yoxlamadan əvvəlki tarixlərdə həyata keçirilmiş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Bundan başqa, iddiaçı vergi ödəyicisi kimi 2 saylı Ərazi Vergilər Baş İdarəsində uçotda olduğu halda, nəzarət tədbiri əsassız olaraq buna hüququ olmayan Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən həyata keçirilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə 01.03.2021-ci il tarixdən 30.03.2021-ci il tarixədək (30.03.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 17.03.2021-ci il tarixdə saat 14:30-da Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında yerləşən anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə tələb olunduğu halda heç bir e-qaimə verilmədən 538378,74 manat məbləğində malların ayrı-ayrı vergi ödəyicilərinə topdan qaydada satılması faktı aşkar olunmuş və 17.03.2021-ci il tarixli 001593 nömrəli Akt tərtib edilmişdir. 17.03.2021-ci il tarixli 001593 nömrəli Akt İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 təqdim edilsə də, nümayəndə aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir və imtina etməsi barədə Baş İdarənin əməkdaşları tərəfindən 17.03.2021-ci il tarixli Akt tərtib edilmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 17.03.2021-ci il tarixli 001593 nömrəli N-li aktına, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən İddiaçı MMC-nin 53837,87 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Eyni zamanda İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə 17.03.2021-ci il tarixində təqdim etdiyi arayışda qeyd etmişdir ki, MMC-yə məxsus olan təsərrüfat subyektləri aşağıdakılardır: 1.Sumqayıt şəhəri, məhəllə 46 ünvanında yerləşən (**********-29001) kodlu anbar; 2. Sumqayıt şəhəri, Çerkassi ünvanında yerləşən (**********-29002) kodlu anbar. 3. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında yerləşən (11001) kodlu anbar. Qeyd olunan ünvanda yerləşən anbarlardan başqa heç bir yerdə təsərrüfat obyektimiz, saxlanc yerimiz və yolda olan malımız yoxdur. 17.03.2021-ci il tarixinə mal qalığımız yoxdur. Bütün malları müxtəlif vergi ödəyicilərinə satmışam. MMCnin iş vaxtı həftənin 6 günü saat 09:00-dan 18:00-dəkdir. Bazar günü istirahət günüdür. MMC-nin ticarət əlavəsi 5 faizdir. Qeyd olunanlardan göründüyü kimi İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 da malların müxtəlif vergi ödəyicilərinə satılması faktını etiraf etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63 maddəsində topdansatışın anlayışı verilmişdir: topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Göründüyü kimi İddiaçı MMC tərəfindən vergi məcəlləsinin 58.13 maddəsinin tələbləri pozularaq heç bir elektron qaimə təqdim edilmədən 538378,74 manat məbləğində mal müxtəlif vergi ödəyicilərinə topdan şəkildə satılmışdır. Həmçinin iddiaçı tərəf iddia ərizəsində bildirmişdir ki, “iddiaçıda operativ vergi nəzarəti 02.03.2021-ci il tarixdə həyata keçirilmiş və yoxlamanın nəticəsinə dair akt da həmin tarixdə tərtib edilmişdir. Lakin məsuliyyətə cəlb etmə qərarında aktın tarixi 17.03.2021-ci il, nömrəsi isə 001593 göstərilmişdir və biz həmin aktdan məlumatlı deyilik”. Bildirilir ki, operativ vergi nəzarətinin keçirilməsi haqqında **********22297 nömrəli Qərarda operativ vergi nəzarətinin 01.03.2021 -ci il tarixdən 30.03.2021-ci il tarixədək (30.03.2021-ci il tarixi daxil olmaqla) həyata keçirilməsi qeyd edilmişdir. Eyni zamanda Baş İdarə tərəfindən 001593 nömrəli Akt 17.03.2021-ci il tarixdə tərtib edilmişdir. Bundan əlavə iddiaçı tərəf iddia ərizəsində bildirmişdir ki, İddiaçı MMC 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olduğu halda, operativ nəzarət tədbiri əsassız olaraq buna hüququ olmayan Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən həyata keçirilmişdir”. Bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin Əsasnaməsinin 2.0.1 -ci bəndində Baş İdarənin fəaliyyət istiqamətlərində: İdxal-ixrac əməliyyatları aparan vergi ödəyicilərinin fəaliyyətinə nəzarət etmək məqsədilə məlumatlar toplamaq, monitorinqlər keçirmək, vergi ödəyicilərinin qarşılıqlı əlaqələrini və riskləri təhlil etmək, operativ vergi nəzarəti keçirmək, o cümlədən idxal olunan malların daşıyıcı tərəfindən mal sahibinə çatdırılmasına nəzarət etmək qeyd olunmuşdur. Göründüyü kimi Baş İdarə öz səlahiyyətləri çərçivəsində operativ vergi nəzarətini həyata keçəmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçı MMC barəsində Dövlət qeydiyyatı haqqında məlumat vərəqinin surəti, “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27.04.2021-ci il tarixli **********7967 nömrəli qərarın surəti, cavabdehin etirazı və digər materiallar. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı "xxxx" MMC-də operativ vergi nəzarəti həyata keçirilmiş və operativ vergi nəzarətinin nəticələri barədə 17.03.2021ci il tarixli 001593 nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında 27.04.2021-ci il tarixli **********7967 nömrəli qərar qəbul edilmiş və həmin qərar ilə iddiaçı "xxxx" MMC-yə Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 53837,87 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Vergi orqanının hərəkətindən narazı qalmış iddiaçı həmin qərarın qanunsuz olduğu qənaətinə gələrək ləğv edilməsini məhkəmədən xahiş edir. Cavabdeh vergi orqanı mübahisələndirilən qərar və hərəkətlərinin qanuniliyini onunla əsaslandırır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 17.03.2021-ci il tarixdə saat 14:30-da Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında yerləşən anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə tələb olunduğu halda heç bir e-qaimə verilmədən 538378,74 manat məbləğində malların ayrıayrı vergi ödəyicilərinə topdan qaydada satılması faktı aşkar olunmuş və 17.03.2021-ci il tarixli 001593 nömrəli Akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçını vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın yuxarıda qeyd olunanlara əsasən “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27.04.2021-ci il tarixli **********7967 nömrəli qərarı əsaslı olduğu üçün iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən e-qaimə verilmədən malların ayrı-ayrı vergi ödəyicilərinə topdan qaydada satılması faktı iş materiallarından müəyyən olunur. Belə ki, İddiaçı MMC barəsində Dövlət qeydiyyatı haqqında məlumat vərəqinin surətindən görünür ki, MMC-nin fəaliyyət sahəsi ixtisaslaşdırılmış topdansatış və saxlama və anbarlara yığma fəaliyyəti ilə məşğul olmaqdır. Bundan başqa iş materiallarına əlavə edilmiş ümumi kassa çekindən müəyyən olunur ki, 13.03.2021-16.03.2021-ci il tarixləri arasında (4 gün ərzində) iddiaçı tərəfindən ümumi məbləği 480.602 manat olan mallaer, ayrı ayrılıqda 400, 500, 700, 800, 900 manat şəklində və hər 15-20 dəqiqədən bir kassaya çek vurulması iddiaçı tərəfindən edilmiş həyata keçirilmiş satışın pərakəndə olmamasına dəlalət edir. Yəni 4 gün ərzində iddiaçı tərəfindən 15-20 dəqiqə ara məsafəsi verilməklə 480.602 manat dəyəri olan malın pərakəndə qaydada satılması inandırıcı deyil. Bundan başqa o da nəzərə alınmalıdır ki, 2020-ci ildə qeyd olunan malların satışı Bakı şəhərində yerləşən “Karvansaray” ticarət mərkəzində həyata keçirilmiş və həmin müddət ölkə ərazisində pandemiya ilə bağlı ticarət mərkəzlərinin açıq şəkildə fəaliyyət göstərmədiyi dövrlərə təsadüf edir. Bu isə bir daha qeyd olunan malların topdan satış qaydasında satılması anlamına gəlir. Bu səbəbdən də cavabdeh vergi orqanı əsaslı olaraq “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27.04.2021-ci il tarixli **********7967 nömrəli qərarını qəbul etmişdir. Belə ki, Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan müvafiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmamış, yuxarıda qeyd edilənlərə əsasən əsaslı olaraq mübahisələndirilən qərarı qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “ “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27.04.2021-ci il tarixli **********7967 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “ “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27.04.2021-ci il tarixli **********7967 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar