Məhkəmə qərarları › İş №2-1(118)-1197/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1197/2022

12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1197/2022 12.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafazadə Aygün Əlmədar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında «Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi»nə qarşı “əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilərək ona hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında «Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi»nə qarşı “ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında «Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi»nə qarşı “əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilərək ona hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hazırki iddia ərizəsinə əlavə edilmiş Quba rayon Hərbi komissarlığının (hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsi) 1993-cü il tarixli arayışının, 2018 nömrəli Hərbi Hissənin komandirinin Quba rayon Hərbi komissarına ünvanladığı xx.xx.2011-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.1993-cü il tarixli və xx.xx.1993-cü il tarixli “Xəstəlik tarixçlərinin surətlərindən göründüyü kimi o, 1993-cü ilin aprel ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçıları ilə gedən döyüşlər zamanı yaralanmışdır. Həmin sənədlərin əslləri və ya təsdiq olumuş surətləri, “məhkəmə sorğusu əsasında verilir" kimi əsaslarla ona verilmədiyindən, həmin sənədlərin tələbinə dair vəsatəti hazırki iddia ərizəsinə əlavə etmişdir. Azərbaycan Respublikasının səhiyyə müəssisələrində müalicələr alsa da əlilliyinin aradan qaldırılması mümkün olmamışdır. O, əlil olaraq qalmışdır. Hazırki iddia ərizəsinə əlavə edilmiş Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası (DSX MHHK) sədrinin verdiyi № 2863 nömrəli arayışın surətindən göründüyü kimi Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinin xx.xx.2012-ci İl tarixli, 680/51 saylı göndərişinə əsasən o DSX MHHK-da şəhadətləndirilmiş və nəticəyə əsasən - “Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №-li qərarı ilə təsdiq edilmiş «Xəstəliklər cədvəlinin» 30 «b», 35 «b», 24 «c», 54 «a», 17 «ç» maddələrinin İİİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmişdir”. Hazırki iddia ərizəsinə əlavə edilmiş X3 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2014-cü il tarixli “Tibbi Rəyi”-nin surətindən göründüyü kimi, gözlərinin müayinəsi zamanı hs OD = işıq duyğusu 0,02 k/e (yüzdə iki), hs OS = 1,0 (vahid), T, OD 20,4 m.os T,OŞ = 18,4mcs, OD – büllur qismən bulanıb və s. Hazırki iddia ərizəsinə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2015-ci il tarixli müayinəyə dair SER TSE-01 № 086566 nömrəli arayışının surətindən göründüyü kimi hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş və əlilliyi ikinci qrupa aid edilmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 38 saylı Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2016-cı il tarixli müayinəyə dair № xxxxxxx0002 nömrəli arayışının surətindən göründüyü kimi Hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş və əlilliyi xx.xx.2021-ci il tarixə qədər ikinci qrupa aid edilib. Həmin dövrlərdə əlilliyimə görə o müavinətlə təmin olunmuşdur. Hazırki iddia ərizəsinə əlavə edilmiş X4 adına Milli Oftalmologiya Mərkəzinin 03 may 2021-ci il tarixli “Tibbi Rəyi”-nin əslindən göründüyü kimi müayinə zamanı aşağıdakılar müəyyən edilmişdir: “işıq duyğusu 0,5 k/e (onda beş), OD - buynuz qişada nöqtəvari bulanlıq, bəbək deformasiyası, işığa reaksiyasız, büllur bulanıb, arxa seqment patalogiyası.. Saat 800 güzehli qişanın koloboma OS ön seqment N, büllur başlanğıc bulanıb. OU gsm hüdudları aydın rəngli açıq çəhrayi, makulyar refleks var, və s. OD - yetişmiş fəsadlı katarakta, buynuz qişada nubekula OS başlanğıc fəsadlı katarakta." Hazırki iddia ərizəsinə əlavə edilmiş X4 adına Milli Oftalmologiya Mərkəzinin 03 may 2021-ci il tarixli “Tibbi Rəyi”- nin əslindən göründüyü kimi müayinə zamanı aşağıdakılar müəyyən edilmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş X4 adına Milli Oftalmologiya Mərkəzinin 29 noyabr 2021-ci il tarixli “Tibbi Rəyi”-nin əslindən göründüyü kimi müayinə zamanı aşağıdakılar müəyyən edilmişdir: VİS OD - “işıq duyğum 0,5 k/e (onda beş), OD buynuz qişada nöqtəvari bulanma, nubekula, bəbək, deformasiyah, işığa reaksiyası zəif, büllurda bulanma, saat 800 güzehli qişanın koloboması, OS ön seqment normal, büllurda bulanma, Göz dibi: OU Gsd açıq çəhrayi rəngdədir. Mərkəzi refleks bir qədər zəifdir. Periferiyada dəyişiklik izlənmir A/V- 2/3 Bskan: OD qişalar yerindədir. Şüşəvari cismdə azsaylı zəif reflektivli bulanmalar. VEP-OU-P100 latent iyi normal, amplitudası orta dərəcədə azalıb. (OD daha çox) OU-P2 latentliyi normal, amplitudası orta dərəcə azalıb.. Diaqnoz: OD- yetişmiş fəsadlı katarakta. Buynuz qişada nubekula. Zədədən sonrakı vəziyyət. OS başlanğıc katarakta. Diaqnoz: H26.2-Ağırlaşmış katarakta: H54.4 Monokulyar korluq: Hİ7.0 Yapışan leykoma. Hazırki iddia ərizəsinə əlavə edilmiş 2020 - 2021 illər üzrə müayinəsinə dair “TSEK üçün” arayışın əslindən göründüyü kimi işıq duyğusu 0,5 k/e (onda beş), buynuz qişada nöqtəvari bulanlıq, bəbəy deformasiyalı, işığa reaksiya yox, büllur.. müayinə olunmur. Saat 8:00 güzehli qişanın koloboma OS ön seqment N, büllur başlanğıc bulanıb. OU gsm hüdudları aydın rəngli açıq çəhrayi, makulyar refleks var. Periferiya OS görmə sahəsi N, OS patalogiyasız, BSKAN OD qişalar yerindədir, Ş/cismdə az saylı bulanmalar var. VEP P100 latentliyi N, amrli orta azalıb (OD>OS)”, Son dövrlərdə əlilliyi ilə bağlı müayinələrdə süründürməçiliklərə yol verilmiş, bu barədə o hər hansı rəsmi məlumat əldə edə bilməmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş 01 fevral 2022-ci il tarixdə onlayın qaydada çıxarılaraq ona təqdim edilmiş göndərişdən göründüyü kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs onu müayinə edərək nəticə barədə cavabdeh təşkilata xx.xx.2021 müayinə tarixli “Tibbi sosial ekspert komissiyasına № 0244003AAMPJ” nömrəli GÖNDƏRİŞ göndərmişdir. Həmin göndərişlə bağlı müayinə zamanı aşağıdakı xəstəlikləri müəyyən olunmuşdur: "OD buynuz qişada nöqtəvari bulanma bəbək deformasiya, işığa reaksiya yox, büllur bulanıb, arxa seqment müayinə olunmur. Saat 8:00 güzehli qişanın koloboma OS ön seqment N, büllur başlanğıc bulanıb. OU gsm hüdudları aydın rəngli açıq çəhrayi, makulyar refleks var. Periferiya OS görmə sahəsi N, OS patalogiyasız, BSKAN OD qişalar yerindədir, Ş/cismdə az saylı bulanmalar var. VEP P100 latentliyi N, amrli orta azalıb (OD >OS)” VİZUS müayinə - VİS OD = işıq duyğusu 0,5 k/e (onda beş), əsas diaqnoz — H26,2 (Ağırlaşmış katarakta OD yetişmiş fəsadlı katarakta buynuz qişada nubekula OS başlanğıc fəsadlı katarakta), ağırlaşma — H54,4 — monokulyar korluq. Hİ 7,0 yapışan leykoma. Yuxarıda istinad edilən rəsmi sənədlərdən göründüyü kimi o faktiki kordur, tibbi müalicələri görmə imkanlarımın bərpasını təmin edə bilməmişdir. Göründüyü kimi, onun müayinəsinin nəticəsi barədə “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2021 müayinə tarixli “Tibbi sosial ekspert komissiyasına GÖNDƏRİŞ № 0244003AAMPJ” göndərişi cavabdeh Tibbi-Sosial Ekspertiza Komissiyasına iyul 2021ci il tarixdə göndərilsə də həmin vaxtdan ötən 06 ay müddət ərzində cavabdeh müayinəni qiymətləndirməmişdir. Məsələ ilə bağlı araşdırmalar zamanı ona yaxın insanların köməkliyi ilə 16 fevral 2022-ci il tarixdə əldə etdiyi onlayn çıxarışdan məlum olmuşdur ki, iyul 2021-ci il tarixdən davam edən süründürməçilik “Əlavə yoxlanış aparılır" bəhanəsi ilə həyata keçirilmişdir. Hesab edir ki, onun əlilliyi ilə bağlı cavabdehin “Əlavə yoxlanış aparılır" mövqeyi qanunsuzdur, bir neçə saat vaxt kifayət etdiyi halda əlavə yoxlanış adı altında qiymətləndirmənin 06 ay uzadılması əsassızdır, ona əlillik təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tİbbi-Sosial Ekspertiza Komissiyanın üzərinə vəzifə olaraq qoyulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H25-H28 - Büllurun xəstəlikləri => H26 - Digər kataraktalar => H26.2 - Ağırlaşmış katarakta; Diaqnozun mətni: OD-YETİŞMİŞ FƏSADLİ KATARAKTA.VİS OD -0,02 K/E; VİS OS =1.0(VAHİD ); Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: DİGƏR” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik: X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H25-H28 - Büllurun xəstəlikləri => H26 - Digər kataraktalar => H26.2 - Ağırlaşmış katarakta; Diaqnozun mətni: OD-YETİŞMİŞ FƏSADLİ KATARAKTA.VİS OD -0,02 K/E ; VİS OS = 1,0(VAHİD ); Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: DİGƏR" səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs; X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri -> H25- H28 - Büllurun xəstəlikləri => H26 - Digər kataraktalar => H26.2 - Ağırlaşmış katarakta; Diaqnozun mətni: Ağırlaşmış katarakta. OD yetişmiş fəsadlı katarakta .OS başlanğıc fəsadlı katarakta.VİS OD= işıq duyğusu.VİS OD=0,5 k/e (onda beş ); Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4);” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılarkən, İddiaçı Hərbi Qərar Şəhadətnamə təqdim etməmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı X4 adına Milli Oftalmologiya Mərkəzi xx.xx.2021-ci il tarixli 11155 nömrəli Tibbi Rəydə diaqnoz “VİS OD-işıq duyğusu VİS QS-0,5k/e. Ağırlaşmış katarakta. Monokulyar korluq" kimi müəyyənləşdirilmişdir. Həmin diaqnoz müayinə zamanı təsdiqlənmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.14 bəndinə müvafiq olaraq Ümumi xəstəliklə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. (Gözdən əlil) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edildikdən sonra altsistemə Ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - DSX MHHK sədri t/x polkovnikinin 2863 saylı arayışından görünür ki, DSX MHKKnın xx.xx.2013-cü il tarixli qərarı ilə DSX sabiq hərbi qulluqçusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 30“b”, 35“b”, 24“c”, 54“a”, 17“ç” maddələrinin İİİ qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması qərar alınmışdır. - AKAD. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 21 fevral 2014-cü il tarixli tibbi rəyindən görünür ki, İddiaçı müayinəsi zamanı , gözlərinin müayinəsi zamanı hs OD = işıq duyğusu 0,02 k/e (yüzdə iki), hs OS = 1,0 (vahid), T, OD 20,4 m.os T,OŞ = 18,4mcs, OD – büllur qismən bulanıb, bazal kolotoma, saat 19:00, OS-ön təbəqələr dəyişilməməsi aşkar edilmiş və ona OD-yetişməmiş fəsadlı katarakta diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 38 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı 26 may 2016-cı ildən 26 may 2021-ci ilədək ikinci dərəcə əlillik təyin edilmiş və TSEK-in diaqnozu kimi OD- yetişmiş fəsadlı katarakta. VİS OD-0,02 K/E; VİSOS=1.0 (vahid) göstərilmişdir. - X5 Milli oftalmologiya Mərkəzinin 03 may 2021-ci il tarixli və 29 noyabr 2021-ci il tarixli tibbi rəylərindən görünür ki, İddiaçı müayinəsi aparılmış və müayinə zamanı ona OD-yetişmiş fəsadlı katarakta diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına 0244003AAMPJ saylı, 12 avqust 2021-ci il tarixli (TQS №88) göndərişdən görünür ki, iddiaçıya əsas diaqnoz olaraq H26.2 Ağırlaşmış katarakta OD yetişmiş fəsadlı katarakta buynuz qişada nubanula OS başlanğıc fəsadlı katarakta, ağırlaşma kimi H54.4 Monokulyar korluq, H17.0 yapışan leykoma diqanozu qoyulmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********3 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.14-cü bəndinə müvafiq olaraq ümumi xəstəliklə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı 26 aprel 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı 08 iyul 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Əyani müayinənin araşdırılması aparılarkən İddiaçı Hərbi Qərar\şəhadətnamə təqdim etməmişdir. İddiaçı barəsində xx.xx.2021-ci il tarixindən “ümumi xəstəlik – gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini qərarı verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin hallarından müəyyən edilir ki, DSX MHKK-nın xx.xx.2013-cü il tarixli qərarı ilə DSX sabiq hərbi qulluqçusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 30“b”, 35“b”, 24“c”, 54“a”, 17“ç” maddələrinin İİİ qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması qərara alınmışdır. İddiaçıya 26 may 2016-cı ildən 26 may 2021-ci ilədək hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin müddət bitdikdən sonra iddiaçı təkrar müayinələrdən keçirilərək Quba rayon Mərkəzi xəstəxanası tərəfindən Tibbi-sosial Ekspert Komissiyasına xx.xx.2021-ci il tarixli, 0244003AAMPJ saylı Forma- 088 göndərişi təqdim edilmişdir. Həmin arayışda iddiaçının xətəliyinin əsas diaqnozu kimi “H26.2 .Ağırlaşmış katarakta OD yetişmiş fəsadlı katarakta buynuz qişada nubanula OS başlanğıc fəsadlı katarakta, ağırlaşma kimi H54.4 Monokulyar korluq, H17.0 yapışan leykoma” göstərilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qeyd olunan diaqnoz əsasında iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı bundan narazı qalaraq məhkəməyə müraciət etmişdir. İş məhkəmənin icraatında olarkən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********3 saylı qərarı ilə iddiaçıya ümumi xəstəliklə əlaqədar müddətsiz İİİ dərəcə əlillik təyin edilmişdir. İddiaçı ona təyin edilmiş əlilliyin səbəb əlaqəsi ilə razılaşmayaraq hesab edir ki, əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək “hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə” əlil kimi qeyd edilməlidir.. Cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtinasının əsası kimi iddiaçı tərəfindən əyani müayinə aparılarkən hərbi qərar/şəhadətnamənin təqdim edilmədiyini göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya 26 may 2016-cı ildən 26 may 2021-ci ilədək təyin edilmiş əlilliyin səbəbi “hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə” qeyd olunsa da, həmin müddət bitdikdən sonra iddiaçının əlilliyinin təkrar müayinəsi zamanı əlilliyin səbəbli əlaqəsi “ümumi xəstəlik” səbəbindən qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh orqana ona yeni diqanoz əsasında əlillik təyin edilməsi ilə bağlı müraciət etməmiş, onun müraciəti əlilliyinin müddəti bitdiyindən xəstəliyinin davam etməsi ilə əlaqədar olaraq əlilliyin təyini ilə bağlı olmuşdur. İddiaçıya eyni diaqnoz əsasında yenidən İİİ qrup əlillik təyin edilməsinə baxmayaraq növbəti dəfə əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək “ümumi xəstəlik” kimi qeyd edilmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş DSX MHHK sədri t/x polkovnikinin 2863 saylı arayışından da göründüyü kimi DSX MHKK-nın xx.xx.2013-cü il tarixli qərarı ilə DSX sabiq hərbi qulluqçusu İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 30 “b”, 35”b”, 24”c”, 54 “a”, 17 “ç” maddələrinin İİİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: -7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. -7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». Yuxarıda sadalanan normalarından müəyyən olunur ki, hərbi qulluqçuların şəhadətləndirilməsi üzrə müvafiq qərarın qəbul olunması hərbi-həkim komissiyasının səlahiyyətindədir və hərbi həkim komissiyası tərəfindən iddiaçı “hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilmişdir. Belə olan halda cavabdeh orqanın iddiaçı tərəfindən iddiaçının əlilliyin səbəbinin məhz “hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə” qeyd olunmamasını əsassız hesab edir. İnzibati icraat haqqında” Qanunun : 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək ona “hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə” kimi qeyd edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında «Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi»nin üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək ona “hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə” kimi qeyd edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında «Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi»nin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar