Məhkəmə qərarları › İş №2-1(118)-1199/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1199/2023

30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1199/2023 30.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehə məxsus, aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 292,5 manat olan 90 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********3142 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən ünvan 1 ünvanda yerləşən, fiziki şəxs Cavabdeh (VÖEN: **********) məxsus mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 292,5 manat olan 90 qutu tütün məmulatı aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” xx.xx.2022-ci il tarixli DVX N-000030 nömrəli Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2022-ci il tarixli DVX N-000030 nömrəli Protokol tərtib edilərək götürülmüşdür.Vergi ödəyicisi operativ vergi nəzarəti tədbiri zamanı yoxlama materialları ilə tanış olmuş, öz imzası ilə təsdiq edərək bir nüsxəsini qəbul etmişdir. Baş İdarə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “aksiz markası olmayan malların müsadirə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(119)-1883/2022 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilmiş və işə inzibati məhkəmələrdə baxılmalı olduğu bildirilmişdir. Bu səbəbdən də inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alıb, iddia tələbinə nümayəndənin iştirakı olmadan baxıb, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vergi ödəyiciyi olan Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Lakin vəsatətlə məhkəməyə müraciət edərək, ailə vəziyyəti ilə əlaqədar məhkəmə prosesinə gələ bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İş materialları məhkəməyə təqdim edilmişdir: xx.xx.2022-ci il tarixli **********3142 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”n surəti, xx.xx.2022-ci il tarixli DVX N-000030 nömrəli Aktın surəti, “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2022-ci il tarixli DVX N-000030 nömrəli Protokol surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında“ xx.xx.2022-ci il tarixli, **********3142 nömrəli qərara əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN: **********) məxsus ünvan 1 ünvanda yerləşən mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və həmin tədbir zamanı orada 292,5 manat dəyərində 90 qutu tütün məmulatları aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatları aşkar edilərək, 25 aprel 2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin Aktda göstərilən 292,5 manat dəyərində 90 qutu tütün məmulatları vergi orqanının müfəttişləri tərəfindən tərtib edilmiş 25 aprel 2022-ci il tarixli Protokol əsasında götürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi” Qaydalarının 2.0.4-cü bəndinə əsasən tütün məmulatları aksiz markaları ilə markalanmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinin tələblərinə görə məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək (maddə 23.1.15) və aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək (maddə 23.1.15-4) - vergi orqanının hüququdur. Həmin Məcəllənin 24-cü maddəsinin tələblərinə görə vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq (maddə 24.0.2-2) - vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN: **********) ünvan 1 ünvanda yerləşən mağazada aksiz markaları ilə markalanmalı olan tütün məmulatlarının satışını lazımi qaydada həyata keçirmədiyindən, vergi əməkdaşları tərəfindən 25 aprel 2022-ci il tarixli Protokol əsasında götürülmüş 292,5 manat dəyərində 90 qutu tütün məmulatları müsadirə edilməsi barədə iddia tələbi əsaslıdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh (VÖEN: **********) məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış cəmi 292,5 manat dəyərində 90 qutu tütün məmulatları müsadirə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh (VÖEN: **********) məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış cəmi 292,5 manat dəyərində 90 qutu tütün məmulatları müsadirə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar