Məhkəmə qərarları › İş №2-1(118)-12/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-12/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-12/2022 13.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi İddiaçı1, vəkili Vəkil1, 3-cü şəxsin, onun nümayəndəsi X10, vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İddiaçı1 verilmiş qeydiyyat tarixi xx.xx.2019-cu il tarixli seriya RX N-1480919 saylı çıxarış, İddiaçı4 verilmiş xx.xx.2019-cu il tarixli seriya RX N-1480916 saylı çıxarış, İddiaçı2 verilmiş xx.xx.2016-cı il tarixli seriya RX N-0851700 saylı çıxarış və İddiaçı3 verilmiş xx.xx.2016-cı il tarixli seriya RX N-0897706 saylı çıxarışlarda göstərilmiş torpaq sahəsinin koordinatlarının yerində (naturada) onlara göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılara Xaçmaz rayonu Aqrar İslahat komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə rayonun Şıxlar kəndində İddiaçı1 1.43 ha torpaq sahəsinə JN-0075, KOD 30214088 saylı, İddiaçı4 1.58 ha torpaq sahəsinə JN-0076, KOD 30214088 saylı, İddiaçı2 1.72 ha torpaq sahəsinə JN- 0077, KOD 30214088 saylı, İddiaçı3 1.77 ha torpaq sahəsinə JN-0078, KOD 30214088 saylı ümumilikdə 6.5 ha torpaq sahəsi üçün 4 ədəd torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bunun əsasında da, müvafiq olaraq İddiaçı1 qeydiyyat tarixi xx.xx.2019-cu il tarixli seriya RX N-21480919 saylı, İddiaçı4 xx.xx.2019-cu il tarixli seriya RX N-1480916 saylı, İddiaçı2 xx.xx.2016-cı il tarixli seriya RX N-0851700 saylı və İddiaçı3 xx.xx.2016-cı il tarixli seriya RX N-0897706 saylı çıxarışlar verilmişdir. Qeyd edilən torpaq sahəsi onlara verildikdən sonra onlarla bir kənddə yaşayan X20 və X21 onların mülkiyyətlərində olan torpaq sahələrinin əvvəl bir hissəsini sonra isə təxminən 0.55 ha hissəsini zəbt etmişlər. Bununla bağlı onlar dəfələrlə DƏDRX-in 5 saylı ərazi idarəsinə müraciət edərək Xaçmaz rayonu Aqrar İslahat komissiyasının qərarı ilə verilmiş, 22 ildən çoxdur ki bağ salaraq istifadə etdikləri və çıxarışla mülkiyyətlərində olan sahənin dəqiq koordinatları naturada göstərilməsini tələb etsələr də, müxtəlif vaxtlarda cavablarında onların sənəddəki koordinatlar ilə faktiki istifadə olunan torpaq sahəsinin koordinatları arasında kəskin uyğunsuzluq olduğunu qeyd edərək torpaq sahəsinin göstərilməsi mümkün olmadığı bildirilmişdir. Lakin onlar 22 ildən çoxdur mülkiyyətlərində olan Mustafayevlərin torpaq sahəsindən DƏDRX-in 5 saylı ərazi idarəsi, X15 qeydiyyat tarixi xx.xx.2019-cu il tarixində 0.10 ha torpaq sahəsinə və X18 qeydiyyat tarixi xx.xx.2019-cu il tarixində 0.10 ha torpaq sahəsinə iki ədəd çıxarış vermişdir. Onların guya torpaq sahəsində faktiki istifadə ilə sənəddəki koordinatlarda uyğunsuzluq olması bəhanəsi ilə onlara göstərilməsi mümkün olmayan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin naturadakı yerini digər şəxslərə yaşayış məntəqələrinin torpaqları kimi göstərməklə qanunvericiliyin bir neçə tələblərini pozmaqla çıxarışlar vermişdir. Ona görə də DƏDRX-in 5 saylı ərazi idarəsinin bu qanunsuz hərəkətləri sayəsində onlar-Mustafayev qardaşları uzun müddətdir ki əziyyət çəkirlər. Xaçmaz rayonu Aqrar İslahat komissiyasının qərarı ilə onlara 1997-ci ildə torpaq sahəsi ayrılanda torpağa mülkiyyət hüququna dair yerində, yəni naturada koordinatları göstərilməklə dövlət aktı verilmiş və faktiki istifadələrinə uyğun da DƏDRX-in 5 saylı ərazi idarəsinin mütəxəssisləri tərəfindən yerində baxış keçirməklə çıxarış verilmişdir. Kənar şəxslər tərəfindən onların qanuni mülkiyyətlərində olan torpaq sahələrini müxtəlif etibarsız əsası olmayan sənədlər (məs: şəhadətnamə, bələdiyyə qərarı, məhkəmə qətnaməsi, və s.) göstərməklə zəbt edilmiş və etibarsız sənədlər əsasında da həmin şəxslərə cavabdeh DƏDRX-in 5 saylı ərazi idarəsi tərəfindən (özlərinin qeyd etdiyi kimi mübahisəli torpaq sahəsinə) X15 və X18 yuxarıda qeyd etdikləri tarixlərdə çıxarışlar verilmişdir. Onlara verilmiş çıxarışdakı koordinatların yerində göstərilməsi üçün DƏDRX-ə ünvanladıqları ərizələrinə xx.xx.2020-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlarm (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını təmin etmək məqsədilə müvafik tədbirlər həyata keçiriləcək. Halbu ki, həmin fərmanın 2.3.2-ci bəndində isə qeyd edilmişdir ki, torpaqların istifadəsində mövcud uyğunsuzluqlarm aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi göstərilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunanlara əsasən iddiaçılar iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçıların nümayəndəsi İddiaçı1, vəkili Vəkil1 eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını yerində göstərilməsi ilə əlaqədər ərizə ilə 08.01,2020-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir.Müraciətə xx.xx.2020-ci il tarixli **********33 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki; Həmin torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki istifadə olunan torpaq sahəsinin koordinatları arasında kəskin uyğunsuzluq var və ərazi mübahisə olduğundan torpaq sahəsinin göstərilməsi mümkün deyil. Nəzərinizə çatdırırıq ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 saylı Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Həyata keçiriləcək tədbirlər çərçivəsində adıçəkilən ərazidə yerləşən torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Mülki işin araşdırılması elektron uçot xəritələrinin hazırlanmasından sonra mümkündür. Qeyd olunanları nəzərə alaraq İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edilir. Həmçinin, icraatda olan iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesində 3-cü şəxs X16 nümayəndəsi X19 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mülkiyyətində olan torpaq sahəsi təmsil etdiyi şəxsə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında verilib və həmin torpaq sahəsi iddiaçının torpaq sahəsinin üzərində yerləşmir. İddiaçıya verilən torpaq sahəsi özünün mülkiyyətindədir və iddiaçı vaxtı ilə ictimai yol olmuş ərazini zəbt edərək mübahisə predmeti olan torpaq sahəsinə əsassız iddialar irəli sürür. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində 3-cü şəxs X16 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ona heç bir aidiyyəti yoxdur. Belə ki, xəritələr əsasında müəyyən olunur ki, iddiaçının torpaq sahəsi ictimai yolun kənarında yerləşir. Lakin, iddiaçı ictimai yolu zəbt edərək şumlamış və öz torpaq sahəsinə əlavə etmişdir. 3-cü şəxsə verilən torpaq sahəsi rəsmiləşdirilməsi qanuni şəkildə aparılıb. Qeyd olunanlara əsasən 3-cü şəxsin vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə 3-cü şəxs X21 nümayəndələrinin və vəkilin verdiyi izahata uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli seriya RX N-21480919 saylı, xx.xx.2019-cu il tarixli seriya RX N-1480916 saylı, xx.xx.2016-cı il tarixli seriya RX N-0851700 saylı və xx.xx.2016-cı il tarixli seriya RX N- 0897706 saylı çıxarışlar, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 21 yanvar 2020-ci il tarixli, **********233 saylı imtina məktubu, xx.xx.2020ci il tarixli, **********51 saylı etiraz ərizəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********87 saylı Ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzr ə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçıların hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə dair Xaçmaz rayonu Aqrar İslahat komissiyasının qərarından sonra yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan daşınmaz əmlak DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçılar DƏDRX-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqan müraciəti müsbət həll edilməmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli torpaq sahəsinin Xaçmaz rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. İddia tələbinə məhkəmədə baxılan ərəfədə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək, qeyd olunan iddia tələbi üzrə gələcəkdə iddia tələbinin qaldırmaq niyyətində olduqlarını bildirərək, hal hazırda mübahisə predmeti olan torpaq sahəsinə verilən mülkiyyət hüququna dair çıxarışın yalnız İddiaçı4 torpaq sahəsin üzərinə düşməsi səbəbindən iddia tələbini İddiaçı4 Mustafa oğlu və onun ailə üzvləri adından qaldırılmasına razı olduqlarını bildirmişdilər. Eyni zamanda İddiaçı4 məhkəmədə iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, ona mükiyyət hüququ ilə məxsus olan 1.58 ha torpaq sahəsinin üzərinə X18 mülkiyyət hüquqna dair verilmiş **********92 qeydiyyat nömrəsi olan çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etdi. İddiaçı4 ailə üzvləri və birgə mülkiyyətçilər olan X5, X7, X6 və X9 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı4 tərəfindən verilən iddianı müdafiə etdiklərini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdilər. Məhkəmə hazırkı iddia tələbini İddiaçı4 Sədətxan oğlunun, X1, X2, X3 və X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi qarşı zəruri cəlbetmə qaydasında cəlb edilmiş X18 mülkiyyət hüququna dair verilmiş **********92 qeydiyyat nömrəsi olan çıxarışın ləğv edilməsi tələbi kimi qəbul edərək iddia tələbinə mahiyyəti üzrə baxmışdır. Məhkəmə qeyd olunan iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.12-ci və 3.1.16-cı bəndlərinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3-cü bəndinə əsasən DƏDRXnin vəzifələri aşağıdakılardan ibarətdir: 3.0.23) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; 3.0.29) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; 3.0.31) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir.Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerquluşu işləri hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi mövcuddur. Həmin şəxsin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı təstiq edilmiş Əsasnaməsi və publik hüquqi şəxsin nizamnaməsi var. Qeyd olunan Əsanamədə və Nizamnamədə Xidmətin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri öz əksini tapmışdır. Belə ki, DƏDKR-ın torpaq sahələrində mərzçəkmə işlərinin, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsi üçün yerquruluşu işləri aparılmaq kimi vəzifələri var. Qeyd olunan Əsanamədə və Nizamnamədə DƏDKR-ın üzərinə qoyulmuş vəzifələr onun deməyə əsas verir ki, yerquluşu, mərzçəkmə və digər texniki işlərin aparılması kimi hərəkətlərin edilməsi torpaq sahələri dövlət reyesterində qeydiyyata alınanadək həyata keçirilir. Nəzərə alınmalıdır ki, qeyd olunan torpaq sahələri Xaçmaz rayon X13 17 dekabr 1997-ci il tarixli 16 nömrəli Qərarı əsasında ayrılmış və vətəndaşların şəxsi mülkiyyətinə verilmişdir. Hesab olunur ki, torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınarkən islahat xəritələri nəzərə alınmalı idi. Eyni zamanda oda nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti öz xidməti vəzifəsinə görə tərtib etdiyi torpaq sahəsinin plan və ölçüsünün dəqiqliyinə məsuliyyət daşıyır. Belə ki, iş materiallarından məlum olur ki, mübahisə predmeti olan torpaq sahəsinə heç bir əsas olmadan iki dəfə torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Halbu ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti haqqında Qanunun 23.1-cü maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Xaçmaz rayonu Aqrar İslahat komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə rayonun Şıxlar kəndində İddiaçı1 1.43 ha torpaq sahəsinə JN-0075, KOD 30214088 saylı, İddiaçı4 1.58 ha torpaq sahəsinə JN-0076, KOD 30214088 saylı, İddiaçı2 1.72 ha torpaq sahəsinə JN- 0077, KOD 30214088 saylı, İddiaçı3 1.77 ha torpaq sahəsinə JN-0078, KOD 30214088 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktları verilmiş və həmin dövlət aktları əsasında xx.xx.2019-cu il tarixli seriya RX N-21480919 saylı, xx.xx.2019-cu il tarixli seriya RX N-1480916 saylı, xx.xx.2016-cı il tarixli seriya RX N-0851700 saylı və xx.xx.2016-cı il tarixli seriya RX N-0897706 saylı mülkiyyət hüquqna dair çıxarışlar verilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin 18 mart 2021-ci il tarixli mütəxəssis rəyindən məlum olmuşdur ki, Mustafayevlər ailəsinə 1999-cu ildə verilən Dövlət aktlarında əks olunmuş koordinatlar “Pulkova-1942” koordinat sistemi ilə, həmin dövlət aktları əsasında 2019-cu ildə verilən mülkiyyət hüququna dair çıxarışlara əlavə edilmiş plan və ölçü sənədindəki koordinatlar isə “WGS- 84” koordinat sistemi ilə işlənmişdir. Bundan başqa DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X16 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmış və xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. X18 çıxarışın verilməsi üçün əsas JN-091F saylı KOD 30214088 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”, torpaq sahəsinin A 334084 saylı plan və ölçü sənədinin verilməsi üçün isə həm qeyd olunan şəhadətnamə, həm də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi olmuşdur. Azərbaycan Respublikası Apellyasiya Məhkəmənin qətnaməsi tədqiq edilərkən müəyyən olunmuşdur ki, həmin qətnamə Xaçmaz rayon Məhkəməsinin 06 sentyabr 2001-ci il tarixli torpaq sahəsinin İddiaçı3 qanunsuz sahibliyindən X16 xeyrinə alınması haqqında qətnaməsinin qüvvədə saxlanılmasından ibarət olmuşdur. X16 adına verilən 02 dekabr 2003-cü il tarixli JN-091F saylı KOD 30214088 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə nəzər saldıqda müəyyən olunmuşdur ki, X18 0.10 ha torpaq sahəsinin verilməsi üçün əsas Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı olmuşdur. Nəzərə alınmalıdır ki, X16 torpaq sahəsinə verilmiş xx.xx.2019cu il tarixli A 334084 saylı plan və ölçü sənədinin əvəzinə yeni, yəni xx.xx.2019-cu il tarixli A 448874 saylı plan və ölçü sənədi verilmişdir. Lakin, xx.xx.2019-cu il tarixli A 448874 saylı plan və ölçü sənədinə nəzər saldıqda onun hansı məqsəd ilə 10 aydan sonra yenidən verilməsi məlum olmur. Həmçinin qətnamədən görünür ki, mübahisə X18 bələdiyyə tərəfindən verilmiş torpaq sahəsindən gedir. X8 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən çıxarış verilərkən torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsinə əsas 1MK-3066/2001 saylı xx.xx.2001-ci il tarixli qətnaməsi və JN-091F saylı xx.xx.2003-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə istinad edilmişdir. Həmin şəhadətnamədə koordinatlar olmadığı üçün qeyd edilən torpaq sahəsinin harada yerləşməsi bilinmir. Qımılqışlaq bələdiyyəsinin xx.xx.2001-ci il və xx.xx.2018-ci il tarixli arayışlarındanda görünür ki, İddiaçı4 və ailəsinə pay torpağına bitişik sahədə bələdiyyəyə aid torpaq sahəsi yoxdur. Torpaq sahəsinə yerində baxış keçirilərkən, həm də Xaçmaz rayonu Şixlar kəndinə dair 1997-ci ilin islahat xəritəsindən də görünür ki, X18 verilmiş çıxarışda olan torpaq sahəsi ilə İddiaçı3 mülkiyyətində olan torpaq sahəsi arasında İddiaçı2 mülkiyyətində olan 1.72 ha torpaq sahəsi vardır. xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən məlum olmuşdur ki, İddiaçı4 və ailə üzvlərinin mülkiyyətinə Xaçmaz rayonu Aqrar İslahat komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə rayonun Şıxlar kəndində verilmiş pay torpaqları kəndin kənarında olan yol ilə həmsərhəddir, sözügedən həmin yol ilə pay torpaqları arasında hər hansı mülkiyyət növünə aid torpaq sahəsi ayrılması öz əksini tapmır. Məhkəmə tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətindən Xaçmaz rayonunun Şıxlar kəndinə dair olan 1997-ci ilin islahat xəritəsi tələb edilmiş və həmin islahat xəritəsindən məlum olmuşdur ki, Mustayev Mustafa və onun ailə üzvlərinə verilən 1.58 ha torpaq sahəsinin faktiki yerləşdiyi yer xəritəyə uyğundur. Yəni islahat xəritəsində Mustafayevlər ailəsinə ayrılmış torpaq sahəsi aşağı hissədən ictimai yola birləşir və ictimai yol ilə həmin torpaq sahəsinin arasında hər hansı başqa bir şəxsə torpaq sahəsinin ayrılması nəzərdə tutulmamışdır. Anaoloji vəziyyət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin təsdiq etdiyi Şıxlar kəndinin baş sxemində də öz əksini tapıb. Belə ki, həmin baş sxemdə İddiaçı4 torpaq sahəsi ictimai yola qədər davam etməsi, Natiq Məmmədova ayrılan torpaq sahəsinin həmin ictimai yolun üzərində olması və Natiq Məmmədova ayrılan torpaq sahəsinin İddiaçı4 ayrılan torpaq sahəsindən kənarda yerləşməsi əks olunmuşdur. Lakin məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Natiq Məmmədovun mülkiyyətində olan torpaq sahəsi ictimai yolun üst tərəfində, yəni İddiaçı4 torpaq sahəsinin üzərində yerləşir. Eyni mənzərəni DƏKÜRX Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Bakı Lahiyə- Tədqiqat İdarəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli sxemindəndə görmək olar. Belə ki, həmin sxemdə X16 mülkiyyətində olan torpaq sahəsi içtimai yolun üst tərəfində, yəni İddiaçı4 torpaq sahəsinin üzərində yerləşir. Halbu ki, həmin sxemdə İddiaçı4 və onun ailə üzvlərinə 1.58 ha torpaq sahəsinin ayrılması və 1.58 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına baxmayaraq, faktiki istifadədə olan torpaq sahəsinin ölçüsünün 1.24 ha olması müəyyən edilir. Qeyd olunan sxem islahat xəritəsi və DTXK-nin Xaçmaz rayon şöbəsinin verdiyi baş sxemlə müqayisə edildikdə Mustafayevlər ailəsinə ayrılan torpaq sahələrinin faktiki istifadələrində olan torpaq sahələrinin konfiqurasiyalarına uyğun olması, yəni İddiaçı4 ayrılan torpaq sahəsinin islahat xəritəsinin baş tərəfində əks olunmuş Alpançayın kənarına torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış verilən ərazidən daha yaxın məsafədə yerləşməsi məlum olur. 3-cü şəxsin iddiaçı tərəfindən ictimai yolun zəbt edilərək öz torpaq sahəsinə əlavə edilməsi ilə bağlı arqumentini məhkəmə əsassız hesab edir. Belə ki, istər yerli baxış zamanı, istərsə də köhnə xəritələr ilə mütəxəssis rəyinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli sxem müqayisə edilərkən, müəyyən edilmişdir ki, mübahisəli torpaq sahələrinin qarşısında 2 (iki) ictimai yol olmuş və hər iki yol hal hazırda mövcuddur. Ona görədə məhkəmə bu səpkidə əlavə araşdırmanın aparılmasına lüzum bilmədi. Qeyd olunanlar cavabdeh təşkilat olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X16 adına verilən çıxarışın və plan ölçü sənədinin düzgün verilmədiyinə dəlalət edir. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, X16 adına verilən ********** qeydiyyat nömrəsi olan xx.xx.2019-cu il tarixli çıxarış və xx.xx.2019-cu il tarixli A 448874 saylı torpaq sahəsinin plan və ölçüsü ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X16 adına verilən ********** qeydiyyat nömrəsi olan xx.xx.2019-cu il tarixli mülkiyyət hüququna dair çıxarışın və xx.xx.2019-cu il tarixli A 448874 saylı torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar