Məhkəmə qərarları › İş №2-1(118)-12/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-12/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-12/2025 07.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın hissəvi ləğvi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ““Torpağa mülkiyyət hüququna dair dövlət aktı” və akt əsasında verilmiş çıxarışın ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 7 mart 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. JN 0009 KOD 30107038 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, həmin dövlət aktı Qusar rayonu Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 nömrəli qərarına əsasən, İddiaçı və onun ailə üzvlərinə 4,78 ha torpaq sahəsi verilmişdir.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 24 sentyabr 2020-ci il tarixli, **********05 nömrəli məktubundan görünür ki, JN-0009 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın bir hissəsinə Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən X7 adına JN-352 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənmiş və həmin dövlət aktına daşınmaz əmlakın dövlət reyestrindən X7 adına 4 iyun 2007-ci il tarixli, MH ******* seriyalı çıxarış verilmişdir. Qeyd edirik ki, X7 adına olan MH ******* seriyalı çıxarışa əsasən Qusar rayonu, Gündüzqala kəndində yerləşən 4,048398 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun 31 iyul 2018-ci il tarixli, 40-1362 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirmişdir.

3. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(118)- 775/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Qusar rayon Notariat Kontoruna, X8 və X4 qarşı “Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən iş üzrə cavabdeh X7 adına işlənmiş JN-352 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın, həmin Dövlət Aktına əsasən X7 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH ******* seriyalı, 4 iyun 2007-ci il tarixli çıxarışın və X7 adına olan MH ******* seriyalı, 4 iyun 2007-ci il tarixli çıxarışa əsasən Qusar rayonunun Gündüzqala kəndi ərazisində yerləşən 4,04 ha torpaq sahəsinin X1 barədə Qusar rayon notariat ofisində təsdiq edilmiş 31 iyul 2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və JN -0009 KOD 30107038 olan 15 oktyabr 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə verilmiş 4,78 ha torpaq sahəsinin 3,11 ha hissəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının bərpa edilməsi, X7 adına verilmiş JN-352 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin surətlərinin DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsindən tələb edilməsi” iddia tələbi mümkün hesab edilməmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 2 avqust 2021-ci il tarixli, **********81 nömrəli məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən,1 hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan ünvan 3ində yerləşən X7 adına hazırlanmış 4,0484 ha torpaq sahəsinə dair çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 28 oktyabr 2021-ci il tarixli, **********42 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - JN 0352 KOD 30107038 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Qusar Rayon Məhkəmsinin 11 aprel 2006-cı il tarixli, 2-158 nömrəli qətnaməsi ilə X8 ünvan 3i ərazisindən 68,43 ha torpaq sahəsi verilmişdir. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 4 iyun 2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3ində yerləşən 4,048398 ha torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir. - 31 iyul 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”ndən görünür ki, satıcı X2 rayonu, Gündüzqələ kəndi ünvanında yerləşən ümumi sahəsi 4,0484 ha olan torpaq sahəsini alıcı X3 mülkiyyətinə vermişdir. - X3 adına tərtib edilmiş **********03 reyestr nömrəli əmlaka dair 13 sentyabr 2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 14 sentyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3ində yerləşən 4,0484 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 11 avqust 2023-cü il tarixli, 3-21-3- 34/2-10709/2023 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir. - DTXK-nın Qusar rayon şöbəsi tərəfindən iddiaçıya verilmiş JN-0009 kod 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 4,78 ha torpaq sahəsinin 3,11 ha hissəsi mübahisə predmetidir və JN-0009 kod 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 3,11 ha torpaq sahəsi naturada mövcuddur. - Torpaq sahəsinin koordinatları naturadan alındı. JN-263 kod 30217048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı məhkəmə iş materiallarına əlavə olunmadığından həmin Dövlət Aktında olan koordinatlar ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatlarının uyğun olub-olmaması müəyyən etmək mümkün deyildir. - JN-0009 kod 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında 3,11 ha olaraq qeyd olunmuş torpaq sahəsinin cizgisinə dair koordinatlarla X8 verilmiş JN-352 kod 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 352T (4,0483 ha) kimi qeyd olunmuş torpaq sahəsinin cizgisinə dair koordinatlar üst-üstə düşür. - Göstərilən torpaq sahələrinin koordinatları tam olaraq üst-üstə düşür. (Sxem tərtib olunmuşdur) Qeyd edilmişdir ki, İddiaçı verilmiş JN-0009 kod 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında 3,11 ha olaraq qeyd olunmuş torpaq sahəsinin cizgisinə dair koordinatlarla X8 verilmiş JN-352 kod 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 352T (4,0483 ha) kimi qeyd olunmuş torpaq sahəsinin cizgisinə dair koordinatlar üst-üstə düşür. Dövlət Aktlarında üst-üstə düşən hissələrin koordinatları ilə **********03 nömrəli çıxarışa əsasən X3 adına qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə də üst-üstə düşür.

7. Qusar Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, G(029)-518/2021 nömrəli məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivində mövcud olan 2-158 saylı mülki iş başqa şəxslər arasında olan tələb ilə əlaqədardır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri:

8. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonunun Gündüzqala kəndində yerləşən, JN 0009 KOD 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair”dövlət aktı”na əsasən iddiaçıya və ailə üzvlərinə məxsus cəmi 4,78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,11 ha hissəsinə dair verilmiş JN-352 KOD 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın və həmin akt əsasında X7 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 4 iyun 2007-ci il tarixli, MH ******* seriyalı çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi işin hallarına istinad edərək onunla əsaslandırılmışdır ki, iddiaçı və ailə üzvləri həmin torpaq sahəsini heç kimə satmamış, torpaq sahəsinə dair sərəncam hüququ üzrə heç bir əqd bağlamamışdırlar. Həmin torpaq sahəsinin Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən verildiyi göstərilsə də, belə bir qətnamə mövcud deyildir. Ona görə də, Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən verildiyi qeyd olunan JN-352 KOD 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” özlüyündə qanunsuz bir sənəd olmuş və həmin dövlət aktı heç bir qanuni əsas olmadan iddiaçının və ailə üzvlərinin 3,11 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu pozmuşdur.

10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1, 141.2, 141.3, 149.2, 157.1, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 35, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150-ci maddələrinə istinad olunmuşdur.

11. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

13. Məhkəmənin 8 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1756/2021 nömrəli qərardadı ilə X11 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər.

14. Məhkəmənin 23 iyun 2022-ci il tarixli, 2-1(118)-226/2022 nömrəli qərardadı ilə məhkəmə-texniki-tikinti ekspertiza təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri:

15. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, imtina məktubunun əsaslarına istinad edilərək onunla əsaslandırılmışdır ki, JN-0009 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın bir hissəsinə Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən X7 adına JN-352 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənmiş və həmin dövlət aktına daşınmaz əmlakın dövlət reyestrindən X7 adına 4 iyun 2007-ci il tarixli, MH ******* seriyalı çıxarış verilmişdir. Qeyd edilmişdir ki, X7 adına olan MH ******* seriyalı çıxarışa əsasən Qusar rayonu, Gündüzqala kəndində yerləşən 4,048398 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun 31 iyul 2018-ci il tarixli, 4Ə-1362 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışdırlar.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs X11 məhkəmə iclasında təmsil olunmamışdır.

18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

20. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

21. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi X12 etirazın dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

23. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş üçüncü şəxs X3 vəkilləri (həm də nümayəndələri) Vəkil1 Rəfayil oğlu və Vəkil4 tərəflərindən təqdim edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının qərarlarına istinad etmiş, həmin aktlara əsasən təmsil edilən üçüncü şəxsin vicdanlı alıcı hesab olduğunun təsdiq olunduğu üçün iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

24. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

25. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

26. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

28. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

“Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.”

“Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. ...”

“Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...” 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ...

“Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi ... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. ...” “Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...”

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ...” “Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar

139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...” Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası] Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). ...

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

34. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”

“Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”

c) Məhkəmənin mövqeyi

35. Məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatlarını nəzərə alaraq, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara mövcud olan qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.

36. İddiaçı tələbinin əsası kimi qeyd olunmuşdur ki, dövlət aktına əsasən torpaq sahəsi iddiaçıya və ailə üzvlərinə məxsusdur və torpaq sahəsinə dair heç bir əqd bağlanılmamışdır. Lakin mübahisələndirilən torpaq sahəsi JN-352 KOD 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən üçüncü şəxs X8 məxsus olan torpaq sahəsi ilə üst-üstə düşür. Üçüncü şəxsə məxsus olan dövlət aktı qanunsuz olduğu üçün həmin akt və onun əsasında verilmiş çıxarış ləğv olunmalıdır.

37. Cavabdeh tərəf etirazında dövlət reyestrində aparılmış qeydiyyatın hüquqmüəyyənedici sənədlər əsasında aparıldığını əsas gətirərək, tələbin təmin edilməməsini xahiş etmişdir. Belə ki, üçüncü şəxs X7 adına olan MH ******* seriyalı çıxarışa əsasən Qusar rayonu, Gündüzqala kəndində yerləşən 4,048398 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun 31 iyul 2018-ci il tarixli, 4Ə-1362 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs X3 adına özgəninkiləşdirmişdir.

38. Məhkəmə tərəfindən alınmış cavabdeh orqanın mütəxəssis rəyindən müəyyən edilir ki, DTXK-nın Qusar rayon şöbəsi tərəfindən iddiaçıya verilmiş JN- 0009 kod 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 4,78 ha torpaq sahəsinin 3,11 ha hissəsi mübahisə predmetidir və JN- 0009 kod 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 3,11 ha torpaq sahəsi naturada mövcuddur. İdiaçıya verilmiş JN-0009 kod 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında 3,11 ha olaraq qeyd olunmuş torpaq sahəsinin cizgisinə dair koordinatlarla üçüncü şəxs X8 verilmiş JN-352 kod 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 352T (4,0483 ha) kimi qeyd olunmuş torpaq sahəsinin cizgisinə dair koordinatlar üst-üstə düşür. Dövlət Aktlarında üst-üstə düşən hissələrin koordinatları ilə **********03 nömrəli çıxarışa əsasən üçüncü şəxs X3 adına qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə də üst-üstə düşür.

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/9520 nömrəli ekspert rəyi ilə mütəxəssis rəyində göstərilmiş hallar təsdiq olunmuşdur.

40. Məhkəmə tərəfindən mübahisələndirilən dövlət aktına münasibətdə aparılmış araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən JN-352 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsini əsas götürərək, həmin dövlət aktına daşınmaz əmlakın dövlət reyestrindən üçüncü şəxs X7 adına MH seriyalı, ******* nömrəli, 4 iyun 2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarış verilmişdir. Üçüncü şəxs X7 adına olan çıxarışa əsasən Qusar rayonu, Gündüzqala kəndində yerləşən 4,048398 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun 31 iyul 2018-ci il tarixli, 4Ə-1362 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs X3 adına özgəninkiləşdirmişdir. Daha sonra isə adına RX seriyalı, ******* nömrəli, 14 sentyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarış verilmişdir.

41. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsi üçüncü şəxs X8 verilmiş dövlət aktına əsasən hazırda üçüncü şəxs X3 mülkiyyətindədir.

42. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 11 oktyabr 2022-ci il tarixli, **********56 nömrəli məktubundan görünür ki, İddiaçı və ailə üzvlərinin adına olan 4,78 ha torpaq sahəsinə verilmiş JN-0009 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət akt”nın 0009Z (1,6656 ha) hissəsinin cizgisi bazada öz əksini tapmış, 0009 (3,111 ha) hissəsinə isə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Qusar rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsinə əsasən X7 adına 68,43 ha torpaq sahəsinə verilmiş JN-352 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət akt” işlənmiş və həmin dövlət aktı əsasında X7 adına dövlət reyestrindən 4,048398 ha torpaq sahəsinə 4 iyun 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarış verilmişdir. X7 adına olan 4,048398 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun 31 iyul 2018-ci il tarixli, 4Ə-1362 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirmiş, 14 sentyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X3 mülkiyyət hüququ tanınmışdır.

43. Göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən JN-352 KOD 30107038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” cəmi 68,43 ha torpaq sahəsinə verilmişdir. Məhkəmə hesab edir ki, həmin torpaq sahəsinə münasibətdə qanuni qüvvəsini almış aşağıdakı qərarlarla müəyyən edilmiş hallar hazırkı iş üzrə də nəzərə alınmalıdır.

44. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(102)-5652/2022 nömrəli qərarından aşağıdakı hallar müəyyən edilir: - İddiaçı X6 cavabdehlər X4, X8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin satılmasına dair Qusar rayon Notariat Kontorunda cavabdehlər X11 və X9 arasında bağlanılmış 31 iyul 2018-ci il tarixli, 4Ə1369 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdeh X7 adına verilmiş 4 iyun 2007-ci il tarixli, seriya MH, ******* saylı və cavabdeh X3 adına verilmiş 14 sentyabr 2018-ci il tarixli, seriya RX ******* saylı çıxarışların ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. - Qusar Rayon Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli, 2(029)-571/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 3,13434 hektar torpaq sahəsinin satılmasına dair Qusar rayon Notariat Kontorunda cavabdeh X11 ilə cavabdeh X9 arasında bağlanılmış 31 iyul 2018-ci il tarixli, 4Ə-1369 reyestr nömrəli alqı-satqı müqaviləsinin 2,65 hektar torpaq sahəsinə dair hissədə etibarsız hesab olunması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdeh X7 adına verilmiş 4 iyun 2007-ci il tarixli, seriya MH, ******* saylı və cavabdeh X3 adına verilmiş 14 sentyabr 2018-ci il tarixli, seriya RX, ******* saylı çıxarışların 2,65 hektar torpaq sahəsinə dair hissədə ləğv edilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(105)-2352/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli, 2(029)- 571/2020 nömrəli qətnaməsi cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Ali Məhkəmənin Mülki kollegiyasının 14 mart 2022-ci il tarixli, 2(102)- 1374/2022 nömrəli qətnaməsi ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbinin X11 və X9 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş 14 sentyabr 2018-ci il tarixli, RX ******* saylı çıxarışın ləğv edilməsi hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2(105)-1256/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən – iddia tələbinin “X11 və X9 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, onun əsasında verilmiş 14 sentyabr 2018-ci il tarixli, RX ******* saylı çıxarış ləğv edilsin” hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, iddia qismən təmin edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(102)-5652/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2022ci il tarixli, 2(105)-1256/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

45. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2(102)-4950/2022 nömrəli qərarından aşağıdakı hallar müəyyən edilir: - İddiaçı X10 cavabdehlər X8, X4 və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 ilə X9 arasında ünvan 3ində yerləşən 1,6044 ha torpaq sahəsinə dair bağlanmış 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X3 adına verilmiş 11 sentyabr 2018-ci il tarixli, seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində iddiaçının və onun ailə üzvlərinin mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - Qusar Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(029)-713/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 may 2022-ci il tarixli, 2(105)-720/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(029)-713/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2(102)-4950/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 may 2022ci il tarixli, 2(105)-720/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

46. Sonuncu qərarda qeyd olunmuşdur ki, “54. İş üzrə cavabdehin vicdanlı alıcı olmaması və onun Ç.Cəlilovun yaxın adamı olmasına münasibətdə isə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Azərbaycan Respublikası MM-in 140-cı maddəsini rəhbər tutaraq daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına uyğun mübahisələndirilən daşınmaz əmlakın alıcısı olan Ruslan Kamilovu vicdanlı əldə edən olmasını nəzərə almaqla, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, habelə həmin cavabdehin adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunmasını əsassız hesab etmişdir.

55. Belə ki, Azərbaycan Respublikası MM-in 140-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində olan qeydin prezumpsiyasına əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.”

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. ... Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir.Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. ...”

48. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.

49. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

50. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayonunun Gündüzqala kəndində yerləşən, JN 0009 KOD 30107038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus cəmi 4,78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,11 ha hissəsinə dair verilmiş JN-352 KOD 30107038 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın və həmin akt əsasında X7 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 4 iyun 2007-ci il tarixli, MH ******* seriyalı çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar