Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-120/2020 12.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, X1 katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1 A saylı evdə yerləşən 17 saylı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ barədə çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı X4 üzərinə qoyulması tələbinə” dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ünvan 1 ünvanında yerləşən 17 saylı mənzil "Azərkimyatəmir" Tresti mənzil məişət komissiyasının 02 saylı xx xxxxxx 1994-cü il tarixli protokol qərarı əsasında Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının aparatınm mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən xx xxxxxx 1996-cı il tarixli 196 saylı orderlə ona verilmişdir. Mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi (mənzilin özəlləşdirilməsi) ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinin təmin olunmasından imtina olunmuşdur. İmtinaya əsas kimi mənzilin yerləşdiyi binanın Sumqayıt Şəhər İcra hakimiyyəti tərəfindən istismara (balansa) qəbul olunmaması göstərilmiş, bu qanunsuzdur və onun mülkiyyət hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Məmmədov X3 şəhəri, 11–ci mikrorayon, ev 1A, ünvanda yerləşən 17 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar xx xxxxx 2019-cu il tarixli ərizə və ərizəyə əlvə edilmiş sənədlərlə Cavabdehnə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, yaranmış zərurətlə əlaqədar olaraq sözü gedən yaşayış sahəsinin dövlət mənzil fonduna aid olub–olmaması barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə xx xxxxx 2019-cu il tarixli **********69 nömrəli sorğu ünvanlanmışdır.Sorğuya cavab olaraq, Sumqayıt şəhər İcra Hakimiyyətinin 571 nömrəli, xx xxx 2019-cu il tarixli məktubunda qeyd olunan yaşayış binasının Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən istismara (balansa) qəbul olunmadığı göstərilmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1139-1.1,9.2-ci maddəsinə və‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.10.1-ci maddəsinə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.Beləliklə, qanunvericiliyin tələblərinə əsasən 2013-cü il yanvarın 1-dək inşa edilmiş və istismara qəbul edilməmiş, habelə 2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş və istismarına icazə verilməmiş tikinti obyektləri və ya onların ayrı-ayrı hissələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmayıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri Qanununun 15-ci maddəsinə əsasən hüququn dövlət qeydiyyatından imtina edilmiş və bu barədə İddiaçı xx xxx 2019-cu il tarixli **********77 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X7 qarşı iddiası mümkün sayılmamalıdır.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir.Qeyd edilənlərə əsasən iddianın qeyri-mümkün sayılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli **********77 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********01 nömrəli etirazı, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-6207/2018 saylı Qətnaməsinin notarial qaydada təsdiqlənmiş surəti, arayış, "Azərkimyatəmir" tresti mənzil məişət komissiyasının 02 saylı xx xxxxxx 1994-cü il tarixli protokol qərarının surəti, xx xxxxxx 1996-cı il tarixli 196 saylı orderin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə də aidiyyəti dövlət orqanı tərəfindən mənzil ayrılarkən iddiaçının hüquqi gözləntisi mübahisəli mənzili xüsusi mülkiyyətinə keçirmək olmuşdur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göstərilən Qanunun 9-cu maddəsinin 2-ci bəndinə əsasən həmin vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə iddiaçının sözügedən mənzilin qanuni əsaslarla sahibi (kirayəçisi) olmasını və mənzilin onun adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 9-cu maddəsinin 2- ci bəndində, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X8 iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina bildirişində göstərdiyi həmin mənzilin Sumqayıt şəhər İcra hakimiyyəti balansında olmamasına dair arqument məhkəmədə öz təstiqini tapmadı.Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2020ci il tarixli 341 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri,11-ci mikrorayon,ev 1A ünvanında yerləşən 17 saylı mənzil dövlət mənzil fonduna aiddir. Eyni zamanda mənzilin Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən xx xxxxxx 1996cı il tarixli 196 saylı orderlə iddiaçıya qanuni əsaslarla ayrılması müəyyən edilmişdir. Bu səbəbdən mənzilin yerli icra hakimiyyəti orqanının balansında olmaması barədə cavabdehin nümayəndəsinin məhkəmə iclasında səsləndirdiyi dəlil də əsassız hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1 A saylı evdə yerləşən 17 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı X4 üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1 A saylı evdə yerləşən 17 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı X4 üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-120/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-120/2020
12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver