Məhkəmə qərarları › İş №2-1(118)-120/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-120/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-120/2024 02.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Elşən oğlunun katibliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, 1B saylı evdə yerləşən 56 saylı mənzilin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə ünvan 1 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, 1B saylı evdə yerləşən 56 saylı mənzilin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Abşeron rayon İcra Hakimiyyəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, yataqxana, məhəllə 27, 1B saylı evdə yerləşən 56 saylı mənzil Bakı Xəz Məmulatları Fabriki tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli orderə əsasən iddiaçının qanuni sahibliyinə verilmişdir. Həmin vaxtdan göstərilən mənzil iddiaçının və ailə üzvərinin istifadəsindədir. O, zəruri sənədləri topayaraq mənzilin özəlləşdirilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi həmin müvəqqəti orderin səlahiyyəti olmayan şəxs tərəfindən verildiyini əsas gətirərək mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Halbuki iddiaçı ilə eyni binada yaşayan X6 (Abşeron rayonu, Xırdalan şəhəri, Yataqxana, məhəllə 27, 1B saylı evin 54 saylı mənzili) həmin təşkilatın, yəni Bakı Xəz Məmulatları Fabrikinin verdiyi müvəqqəti orderi təqdim etməklə yaşadığı mənzilə mülkiyyət hüququ əldə etmişdir. Göründüyü kimi cavabdehin həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinası əsassız və qanunsuzdur. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə ünvan 2 ünvanında yerləşən 56 nömrəli mənzilə dair təqdim edilmiş 1 nömrəli müvəqqəti orderin səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi aşkar edilmişdir. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Bakı Xəz Məmulatları fabriki tərəfindən verilmiş 1 nömrəli xx.xx.1991-ci il tarixli müvəqqəti orderindən görünür ki, “SintezKauçuk” zavodunun müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsi mənzil-məişət komissiyası ilə birgə müşavirəsinin 29 №-li, xx.xx.2003-cü il tarixli protokolundan çıxarışdan görünür ki, Təmir Tikinti sexində dülgər işləyən İddiaçı 4 nömrəli yataqxanadan 43 nömrəli otaq İddiaçı adına verilmişdir. - Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, Yataqxana, məhəllə 27, ev 1B, 56 saylı mənizlin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. - Abşeron RİHB-nın Xırdalan şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 778 nömrəli arayışdan görünür ki, İddiaçı həyat yoldaşı X3 və oğlu X12 ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X12, İddiaçı, X3, X12, X8 və X9, X2 rayonu, Xırdalan şəhəri, Yataqxana, məhəllə 27, ev 1B, mənzil 56 ünvanında qeydiyyatdadır. - Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il tarixli 14 sentyabr tarixli 149 nömrəli qərarı ilə yuxarıda Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən 1 B saylı binanın Abşeron rayon İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il tarixli 14 sentyabr tarixli 149 nömrəli qərarı və ona aid əlavənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X6 adına verilmiş çıxarış və onun verilməsi üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, sözügedən binada 72 mənzil özəlləşdirilmişdir. Bəzi mənzillərə dair özəlləşdirmə üçün əsas olan sənədlərdən görünür ki, həmin mənzillər Binəqədi XDS İK tərəfindən verilmiş order əsasında özəlləşdirilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı tələbinin əsası kimi Bakı Xəz Məmulatları fabiriki tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli müvəqqəti orderə istinad etmişdir. Həmin orderdən görünür ki, Xırdalan qəsəbəsi 27-ci məhəllə 1 saylı evdə yerləşən 54 saylı mənzil İddiaçı verilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinin ikinci cümləsinə əsasən dövlət mülkiyyətində olan yataqxanalar müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Qeyd edilməlidir ki, həmin qanunun müvafiq maddəsinin xx.xx.2006-cı il tarixədək olan redaksiyası ümumiyyətlə yataqxanalarda yaşayış sahələrinin özəlləşdirilməsini qadağan edirdi. Hazırkı halda isə istinad edilən normaya əsasən iddiaçının faktiki yaşadığı və qeydiyyatda olduğu yaşayış sahəsi müvəqqəti order əsasında ona verilmişdir. Həmin yaşayış sahəsi yalnız yerli icra hakimiyyətinin balansına verildikdən sonra onun qərarı əsasında bağlanmış mənzil kirayə müqaviləsi əsasında özəlləşdirilə bilər. Məhkəmə araşdırması sorğu nəticəsində göstərilən yataqxana binasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı xx.xx.1999-cu il tarixli qərarına əsasən Abşeron rayon İca Hakimiyyətiin balansına verilməsi öz təsdiqini tapdı. Belə olan halda iddiaçı mənzil kirayə müqaviləsinin bağlanması üçün həmin orqana müraciət etməli və yalnız bundan sonra mənzilin özəlləşdirilməsi məsələsini qaldırmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi Bakı Xəz Məmulatları fabirki tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli xidməti order “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyətinin orderi kimi qəbul edilə bilməz. Bu səbəbdən də iddiaçı üzərində hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hər hansı birini təqdim etmədiyindən cavabdeh inzibati orqan həmin Qanunun 15-ci maddəsinə əsasən iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Bununla bağlı məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə cavab verdiyindən əsassız hesab etmək olmaz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar