Məhkəmə qərarları › İş №2-1(118)-1203/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1203/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1203/2021 16.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X13 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X7 (2 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsində böytük hüquqşünas işləyən,Sumqayıt şəhəri, 51-ci məhəllə, ev 1, mən 223-də yaşayan) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı **********940400 18.06.2020-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək **********275100 03.05.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərziə verərək cavabdeh tərəfindən qəbul edilmiş 18.06.2020-ci il tarixli **********940400 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 01.07.2021-ci il tarixli qərardadı ilə iddia müddəti bərpa edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı iddiaçının xəbəri olmadan ona əsassız vergi borcu hesablamışdır. Daha sonra həmin borcla bağlı ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin borcdan onun məhz həmin işə baxılarkən xəbərdar olmuşdur. Əsassız hesablanmış vergi borcunun silinməsi ilə bağlı vergi orqanına müraciət etsə də, 03.05.2021-ci il tarixli №**********907300 nömrəli qərara əsasən inzibati şikayəti təmin edilməmişdir. Vergi orqanı tərəfindən iddiaçının vergi ödəyicisi kimi qeydiyyata alınmağlndan heç bir xəbəri və razılığı (ərizəsi) olmamışdır, eləcə də yuxarıda qeyd edildiyi kimi məhkəmə bildirişi ünvanına daxil olanadək göstərilən bu halla bağlı vergi orqani tərəfindən iddiaçıya bu və ya digər formada məlumat verilməmişdir. Bununla əlaqədar o, 01.02.2021-ci il tarixdə şikayətlə 2 Saylı Ərazi Vergilər idarəsinin rəisi Abbas İsmayilova müraciət edərək vergi ödəyicisi kimi qeydiyyatının ləğv edilməsi və hesablanmış vergilərin silinməsini xahiş etmişdir. Qeyd olunan şikayət üzrə Dövlət Vergi Xidmətinin inzibati şikayətlərə baxılması Baş idarəsi tərəfindən inzibati araşdırma aparılmışdır. O, üç qızı və ailəsinin pullarını dəyişmək üçün valyuta dəyişmə məntəqəsinə getmişdir. Belə ki, 2020-ci il mart ayında valyuta dəyişmə məntəqələrində yaranan böyük izdihamlı növbələrin yaranması onlarda illər boyu əldə etdikləri ehtiyyatın itirilməsi qorxusunu yaratmışdır. Həmin pulları qızları və kürəkənləri işlədiyi üçün, o, vaxt imkanı olduğuna görə bu işləri görmüşdür. Bunları üç qızı, kürəkəni, yoldaşı yazdıqları iltizamla təsdiqləmişlər. Həmin ərəfədə o, cəmi 28416,26 manat məbləğində pul dəyişdirmişdir. Onlardan böyük qızı X8 3000 manat, qızı X9 4000 manat, kiçik qızı X12 3000 manat, kürəkəni Hümbətova Aidənin həyat yoldaşı X6 7215 manat, onun həyat yoldaşına 8000 manat, onun özünə isə 3201 manat pul məxsus olmuşdur. Cavabdeh vergi orqanına iddiaçını fərdi sahibkar kimi vergi uçotuna alınması və adına VOEN (**********) açması qanunsuz və əsassızdır. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktubu 04.06.2020-ci il tarixli sənədi o, vergi orqanından tələb etdikdə 23.02.2021-ci il tarixdə nömrəsiz, imzasız məktubu 8 ay sonra vermişlər. Bundan başqa vergi borcunun ödənilməsinə dair bildiriş sənədi 19 iyun 2020-ci il tarixdə hazırlanmasına baxmayaraq, iddiaçıya 18 mart 2021-ci ildə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən fiziki şəxs tərəfifndən 28416,25 manat məbləğində valyuta mübadiləsi əməliyyatının aparılması və pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir.Həmin gəlirin təsərrüfat fəaliyyətindən əldə edilib-ediməməsi, nağd pul vəsaitinin əldə olunma mənbəyi, konvertasiya olunmuş vəsaitin hansı dövrün gəlirlərinə aid olması, həmin gəlirin əldə edilməsinə əsas verən əməliyyatlara dair sənədlər, habelə həmin gəlirin vergiyə cəlb edilib-edilməməsi barədə vergi orqanına məlumat verilməsi üçün 04.06.2020-ci il tarixli **********441900 nömrəli kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə uyğunsuzluq məktubu göndərilmiş, lakin məktuba heç bir münasibət münasibət bildirilməmişdir.Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 04.06.2020-ci il tarixli **********441900 nömrəli məktub göndərilmiş, lakin fiziki şəxs tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq izahat, təsdiqedici sənədlər və cari (dəqiqləşdirilmiş) vergi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-cu il üçün gəlir vergisi üzrə 3978,28 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18.06.2020-ci il tarixli **********940400 nömrəli qərar qəbul edilərək fiziki şəxsə göndərilmişdir.Həmçinin, vergi ödəyicisinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş 03.02.2021-ci il tarixli (AVİS qeydiyyatı: 03.02.2021-ci il tarixli **********839800 nömrəli), 17.02.2021-ci il tarixli (AVİS qeydiyyatı: 17.02.2021ci il tarixli **********273400 nömrəli) və 23.02.2021-ci il tarixli (AVİS qeydiyyatı: 23.02.2021-ci il tarixli **********267700 nömrəli) məktublar daxil olmuşdur.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə məktubun icra müddəti uzadılmış, bununla bağlı fiziki şəxsə 23.02.2021- ci il tarixli **********354500 nömrəli və 08.04.2021-ci il tarixli **********985800 nömrəli məktublarla məlumat verilmişdir.Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə vergi qanunvericiliyinin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayəti təmin edilməməlidir.Fiziki şəxs müraciətlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, mübadilə edilmiş məbləğin özünün və ailə üzvlərinin pensiya və əmək haqqlarından ibarət olduğu bildirilmişdir.Fiziki şəxs həyat yoldaşı X18 qızı, qızı X14 və kürəkəni X10 tərəfindən verilmiş iltizamları araşdırmaya təqdim etmişdir. İltizamlarda fiziki şəxsə ABŞ dollarına konvertasiya etmək məqsədilə X18 qızı tərəfindən 11.03.2020-ci il tarixdə 8000,0 manat, X14 tərəfindən 18.03.2020-ci il tarixdə 3000,0 manat və X10 tərəfindən 18.03.2020-ci il tarixdə 7215,0 manat verildiyi qeyd edildiyi lakin müvafiq iltizamların notarial qaydada təsdiq olunmadığı müəyyən edilmişdir.Araşdırmaya təqdim edilmiş bank hesabından çıxarışlara əsasən 2019-cu il ərzində fiziki şəxsə köçürülən pensiya 3364,44 manat, İsmayıl-X3 əmək haqqı və pensiya məbləği ümumilikdə 4464,39 manat, X1 əmək haqqı məbləği 4646,62 manat və X6 01.09.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək köçürülən əmək haqqı və mükafat məbləği 3551,22 manat təşkil etdiyi müəyyən edildi.Araşdırma ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminin məlumatlarına əsasən X18 qızının aylıq əmək haqqı məbləğinin 198,95 manat, X11 aylıq əmək haqqı məbləğinin 375,0 manat və X5 aylıq əmək haqqı məbləğinin 27.08.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək olan dövr üzrə 990,0-1325,0 manat aralığında olduğu müəyyən edilmişdir.Göründüyü kimi fiziki şəxsin konvertasiya olunmuş vəsaitin mənbəyi barədə məlumatların iddianın təmin edilməsinə əsas vermədiyinin inzibati araşdırma ilə təsdiqləndiyini, fiziki şəxsə ABŞ dollarına konvertasiya etmək məqsədilə verilmiş iltizamların notarial qaydada təsdiq olunmadığını, habelə əlavə araşdırma ilə vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım miras və s.) pensiya, digər gəlir) müəyyən edilmədiyini, araşdırma ilə müəyyən edilən aylıq gəlirlərinin ailə üzvlərinin yaşayış minimumun təmin edilməsinə və həyat səviyyəsi göstəriciləri üzrə mövcud xidmətlərin əldə edilməsinə uyğun olduğunu, bu məqsədlə nağdsız qaydada ödənişlərin edildiyini, bununla vəsaitin bir hissəsinin əlavə ehtiyatlara (yığıma) yönəldilməsinin real olmadığını, inzibati araşdırma zamanı bunun əksinin sübuta yetrilmədiyini, habelə gəlirlərin sahibkarlıq fəaliyyətindən əldə edilməsinin təsdiqlənmədiyini, konvertasiya olunmuş vəsaitinin mənbəyi və onun vergiyə cəlb edilmiş gəlir olduğunun sübuta yetirilmədiyini nəzərə alaraq şikayət təmin edilməməlidir.Beləliklə, yuxarıda qeyd olunanlara nəzərə alaraq fiziki şəxsin 03.02.2021-ci,17.02.2021-ci və 23.02.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməməli və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 18.06.2020-ci il tarixli **********940400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı qüvvədə saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Nurullayev etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : -Sumqayıt Kommersiya Məhkəməsinin 27.01.2021-ci il tarixli qərardadı ilə ərizəçi 2 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs İddiaçı qarşı ölkədən getmə hüqunun məhdudlaşdırılması barədə ərizəsi baxılmamış saxlanılmışdır. -Dövlət Vergi Xidmətinin **********907300 nömrəli qərarından görünür ki, İsmayıl-X4 vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 03.02.2021-ci il, 17.02.2021-ci il və 23.02.2021-ci il inzibati şikayətləri təmin edilməmiş, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 18.06.2020-ci il tarixli **********940400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Dövlət Vergi Xidmətinin 04.06.2020-ci il tarixli mətubundan görünür ki, İsmayıl-X2 vergi yoxlamasının keçirilməsi üçün zəruri sənədlər tələb edilmişdir. - 19.06.2020-ci il tarixli vergi borclarının ödənilməsinə dair bildirişdən görünür ki, İddiaçı 19.06.2020-ci il tarixinə dövlət büdcəsinə vergilər üzrə 2978.28 manat faizlər üzrə 175.04 manat olmaqla ümumilikdə 4152,32 manat borcu yaranmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı barəsində konvertasiya olunmuş vəsaitin hansı dövrlərin gəlirinə aid olması məqsədilə vergi orqanı tərəfindən yoxlama təyin edilmiş və yoxlamanın nəticəsi olaraq 18.06.2020-ci il tarixli **********835500 nömrəli “Vergilərin hesablanması haqqında” qərar tərtib edilməklə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Nəzərə alınmaldır ki, iddiaçı tərəfindən valyuta mübadiləsi əməliyyatı 2020-ci ildə aparılmışd və 2016-ci ilin sonlarından hal-hazıradək Azərbaycan manatın ABŞ dollarına münasibətdə məzənnə üzrə kəskin fərqi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məlumatına əsasən 2015-ci il fevralın 21-nə qədər 1 manat 0,78 dollar təşkil etsə də, həmin gün Mərkəzi Bankın qərarı ilə manat devalvasiya edilmiş və 34% ucuzlaşdırıldıqdan sonra 1 dollar 1,05 manata bərabər olmuşdur. X27 Heyəti 21 dekabr 2015-ci il tarixdə manatın “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul etmiş və bundan sonra 1 ABŞ dolları 1,55 manata, 2016-cı ilin dekabr ayından bu günə kimi isə rəsmi məzənnə ilə 1 ABŞ dolları 1.700 manata bərabər olmuşdur. Göründüyü kimi 2020-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında dayanaqlığı təmin edilmişdir. Yəni Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnə nisbətində kəskin fərq olmadığına görə həmin vəsaitin konvertasiyası nəticəsində 3978.28 manat gəlirin əldə edilməsindən söhbət gedə bilməz. Bundan başqa o da nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia tələbinə aiddir və İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi hazırki iddia tələbi üzrə cavabdeh olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi iddiaçı B.Əzizovu tərəfindən 13.03.2020-ci ildə aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində gəlir əldə etməsi ilə bağlı məhkəməyə əsaslı dəlil təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 18.06.2020-ci il tarixli **********940400 saylı “Vergilərin hesablanması haqqında” qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İddia müddəti ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının vəsatətinə əsasən məhkəmənin 01 iyul 2021-ci il tarixli qərardadı ilə iddia müddəti bərpa edilmişdir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı İsmayı-X24 barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 18.06.2020-ci il tarixli **********940400 saylı qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar