Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1203/2023 15.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1987-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi olan dövr üzrə Ç.ildırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı 5 il müddəti 2 il 6 ay hesablayıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixdə qəbul etdiyi 631 saylı qərarını rəhbər tutaraq, uzun müddət xidmət illərinə əlavə edilməklə və xüsusi rütbəli şəxs kimi Ədliyyə orqanlarında 22 il 09 ay 06 gün iş stajına malik olmağını nəzərə alaraq həmin dövrə kimi onun hüququ yarandığından xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş qanun tətbiq edilməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1ci maddəsinə əsasən ona xüsusi rütbəli şəxs kimi pensiyasının təyin olunması və hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci il tarixdə Xaçmaz rayonu, Yalama kəndində anadan olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, 3 övladı var. O, xx.xx.1993-cü il tarixdə Dağıstan Respublikası Dərbənd evtikmə kombinatına mexanik vəzifəsinə təyin olunmaqla xx.xx.1994-cü il tarixdə hüquqşünas köməkçisi işinə köçürülmüş və xx.xx.1995-ci il tarixə kimi həmin kombinatda işləmişdir. xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Xaçmaz rayonu “Yalama” sovxozuna baş hüquqşünas köməkçisi vəzifəsinə qəbul olunmaqla xx.xx.1995-ci il tarixə kimi həmin işdə işləmişdir. xx.xx.1995-ci ildə Ədliyyə polis orqanlarında xidmətə qəbul edilməklə inspektor, xx.xx.2001-ci ildən Xaçmaz rayon məhkəmə nəzarətçiləri və məhkəmə İcraçıları bölməsinin böyük məhkəmə icraçısı, xx.xx.2012-ci ildən Şirvan şəhəri üzrə İcra şöbəsinin icra məmuru, xx.xx.2014-cü ildən Xızı rayon İcra qrupunun icra məmuru, xx.xx.2015-ci ildən böyük icra məmuru vəzifələrində çalışmış, xx.xx.2017-ci il ildən öz ərizəsinə əsasən Ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. 2022-ci ilin sentyabr ayının 29-da o DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməklə 2017-ci ilin iyul ayına kimi olan dövr üzrə pensiyaya çıxmaq hüququnun yarandığını və ona görə də ona pensiya təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubu ilə ona pensiya təyin edilməsindən imtina etdi. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərləzi Filialı ədliyyə orqanlarında olan iş stajının 25 ildən az olmasını nəzərə alıb ona pensiya təyin edilməsindən imtina etmişdir. Bununla əlaqədər qeyd edir ki, o, 1987-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olmaqla 1992-ci ildə həmin tədris müəssisəsini bitirmişəm. 1993-cü ildə Dağıstan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaqla 1996-cı ildə həmin tədris müəssisəsini qiyabi təsilalma formasında bitirməklə iknci ali təhsili almışam və həmin diplom AR Təhsil Nazirliyi tərəfindən tanınıb. Lakin 1987-ci ildən 1992-ci ilin iyul ayına kimi olan dövr, yəni Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı 5 il yuxarıda istinad etdiyi qərarın tələblərinə zidd olaraq 2 il 6 ay staj kimi qəbul olunmamış və əsassız olaraq ona pensiya təyin olunmasından imtina edilmişdir. Yəni cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunda xx.xx.1995-ci ildən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 22 il 09 ay 06 gün ədliyyə stajını ( belə ki , Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsində xidmət etdiyim müddət ərzində yəni 30 noyabr 1995-ci il tarixdən 12 yanvar 2001-ci il tarixədək müddətdən 30 noyabr 1995-ci il tarixdən 01 may 1997-ci il tarixədək olan müddət fövqəladə vəziyyət dövrünə aiddir və həmin müddətdə xidmətin 1 gününün 2 gün kimi hesablanmasına görə iş stajıma 1 il 05 ay 01 gün əlavə olunmuşdur, bu barədə müvafiq arayış əlavə olunub) nəzərə almışdır. Əslində isə yuxarıda istinad etdiyi qərara əsasən Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı dövr də nəzərə alınmaqla iş stajının 25 il 03 ay 06 gün olması qəbul edilməli və ona xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” qanunun müddəaları əsasında pensiya təyin olunmalı idi. Fövqəladə vəziyyət dövrünə aid müddətdə hesablanmış olan 1 il 05 ay 01 gün əlavə staj müddəti nəzərə alınmadan tərəfindən 2021-ci ildə məhkəməyə bununla əlaqədar müraciət olunmuşdur. Bakı İnzibati Məhkəməsi 16 avqust 2021-ci il tarixli 2-1(112)- 7893/2021 saylı qətmasində (abzas 18) ali təhsil aldığı müddəti və ədliyyə nazirliyində xidmət illərini bir yerdə hesablayaraq (fövqəladə vəziyyət dövründə aid olan müddəti 1 il 05 ay 01 günü nəzərə almadan, bu barədə arayış tərəfindən 2022-ci ildə alınıb və hazırda ərizəyə əlavə olunur 01 iyul 2017-ci il tarixə cəmi 23 il 09 ay 06 gün stajın olması təsdiqləmişdir. Həmin staja fövqəladə dövründə hesablanmış 1 il 05 ay 01 gün əlavə olunduğda 01 .07.2017-ci il tarixə 25 il 03 ay 06 gün stajı yaranır bu da həmin tarixə tələb olunan 25 il stajdan da çoxdur. Cavabdehin imtinası əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, ona 1987-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər aldığı təhsil dövrü, hərbi biletdə qeyd edilən dövr və xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında qulluq etdiyi xidmət illəri onun sığorta stajına daxil edilərək, ona xx.xx.2017-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı üçün müraciət edərək 1987- 1992-ci illər təhsil aldığı müddətin 2 il 6 ay kimi nəzərə alınaraq xüsusi rütbəli şəxs kimi ona pensiya təyin olunmasını və hüququn yarandığı tarixdən ödənilməsini xahiş etmişdir. Bildirilir ki, iddiaçı xx.xx.1995-ci il tarixli əmrlə ədliyyə polisi orqanlarında işə qəbul olmuş və xx.xx.2017-ci il tarixdə öz arzusu ilə onun ədliyyə orqanlarında qulluq keçməsinş xitam verilmiş İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına istinad edilməklə tənzimlənmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunvericilikdə güzəştli illərlə deyil, birmənalı olaraq sözügedən kateqoriyalı vəzifədə şəxsin 25 il təqvimi qulluq stajının olması nəzərdə tutulub. Burada diqqət çəkilməli əsas məsələ qulluq stajı anlayışıdır. Qulluq stajı şəxsin işlədiyi müəssisədə qulluq etdiyi illəri ehtiva edir. Təhsil dövrü isə qulluq müddəti hesab olunmadığı üçün onu qulluq stajına daxil etmək qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirilir ki, ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinentinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə hesablanır. Sözügedən Qaydada qulluq illərinin hesablanması zamanı təhsil müddətinin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********1 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubu, etiraz ərizəsi, ЦВ 844481 nömrəli diplomun surəti, ГP 046716 nömrəli Hərbi biletin surəti, AT-V ******* nömrəli Əmək kitabçasının surəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən verilmiş 17/3-276 nömrəli, xx.xx.2022-ci il tarixli arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir . Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması və müvafiq sosial sığorta stajının olmasından yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin **********1 nömrəli, xx.xx.2020-ci il tarixli imtina cavabını almışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı Xaçmaz rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanun: Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1.əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaofunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra-sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.3. hərbi qulluqçular-Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2017-ci il tarixədək olan redaksiya). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixdə qəbul etdiyi 631 saylı qərarında göstərilir ki, “Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydalarına əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilmişdir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1 -ci maddəsinin v) bəndinə əsasən, Ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «u» bəndinə əsasən, Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- 1 (102)- 789/2019 nömrəli, 2-1(102)-2930/2019 nömrəli və 2-1(102)-108/2021 nömrəli qərarlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarına istinad edərək ali təhsil dövrünün 5 ilinin hər ili altı ay sayılmaqla ədliyyə qulluqçusunun xüsusi rütbəli şəxs kimi güzəştli şərtlə əmək pensiyası hüququnun yarandığı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən iddiaçı pensiya qanunvericiliyinin xx.xx.2017-ci ilə qədər olan redaksiyasına görə ədliyyə orqanlarında xüsusi rütbələr üçün nəzərdə tutulan vəzifələrdə azı 25 il stajı olan şəxsdir və ali təhsil dövrü də nəzərə alınarsa onun xüsusi rütbəli ədliyyə qulluqçusu kimi 25 il stajı mövcud olduğuna görə güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmış olur. İddiaçı xx.xx.1995-ci ildən ədliyyə polis orqanlarında xidmətə qəbul edilib, xx.xx.2017-ci ilədək xidmət müddəti 22 il 09 ay 06 gün təşkil etmişdir. Həmçinin 1987-ci ildə iddiaçı Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1993-cü ildə məzun olmuş, bundan sonra hərbi xidmət keçmişdir. Araşdırılmalı hal iddiaçının xx.xx.2017-ci ilə qədər ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajının mövcudluğu ilə bağlıdır. İddiaçı xx.xx.1995-ci ildən ən azından xx.xx.2017-ci ilə qədər ədliyyə orqanlarında qulluq keçmişdir. İddiaçının bu dövrdə ədliyyə orqanlarında qulluq keçməsini cavabdeh mübahisələndirməmişdir. xx.xx.1995-ci ildən iddia tələbində son müddət kimi qeyd edilən 05.04 2017-ci il tarixə qədər olan dövr 22 il 09 ay 06 gün təşkil edir (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən verilmiş 17/3-276 nömrəli, xx.xx.2022-ci il tarixli arayış ilə təsdiqlənir). 1993-cü ilin iyul ayının 1N dən etibarən N günlük hərbi hissədə toplanış müddəti də vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi’’ Qaydalarına əsasən iddiaçının hərbi qulluqçu vəzifələrində xidmət müddəti ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilməlidir. Digər həll edilməli olan məsələ iddiaçının ali təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmamasıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilə bilər. İşdə olan sənədlərə əsasən iddiaçı 1987-ci ildə ali məktəbə qəbul olunmuş, 1992-ci ildə bitirmişdir. İddiaçı xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1992-ci ilədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun qüvvəyə mindiyi vaxtdan ali təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək hüququna malikdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Hazırkı iş üzrə mübahisə həm də iddiaçının Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmamasıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti təhsil alınması ilə bağlı yaranan münasibətdir. İstər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Odur ki, iddiaçının əyani formada ali təhsil dövrü onun ümumi sığorta stajı kimi nəzərə alınmalıdır. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarın 1-ci hissəsinin on birinci abzasına görə iddiaçının ədliyyə orqanlarına vəzifəyə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilməklə bu dövr 2 il 6 ay olacaqdır. Nəticədə 22 il 09 ay 06 gün ədliyyə orqanlarında qulluq illəri, 40 gün hərbi xidmət dövrü və 2 il 6 ay təhsil illəri ilə birlikdə iddiaçının xx.xx.2017-ci il tarixə azı 25 il ədliyyə orqanlarında qulluq illəri mövcud olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ olduğundan və iddiaçının xx.xx.2017-ci ilə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olması sübuta yetdiyindən onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta (iş) stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarında olan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********1 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı mövcud mübahisə ilə bağlı 08 yanvar 2020-ci il tarixində cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 1987-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər aldığı təhsil dövrü, hərbi biletdə qeyd edilən dövr və xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında qulluq etdiyi xidmət illəri onun sığorta stajına daxil edilərək, ona xx.xx.2017-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1203/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1203/2023
15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver