Məhkəmə qərarları › İş №2-1(118)-1203/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1203/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1203/2024 12.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli, 05 saylı qərarı ilə mərhum X4 və ailə üzvlərinə ayrılmış 0.13 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının X2 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayon Qaladarə kənində yerləşən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli, 05 saylı qərarı ilə ailə üzvlərinə verilmiş 0.13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli, 05 saylı qərarı ilə mərhum X4 və ailə üzvlərinə ayrılmış 0.13 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının X2 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinə müraciət edərək Şamaxı rayonu, Qaladərəsi kəndində yerləşən Şamaxı rayon Aqrar islahat Komissiyasının 05 may 2001-ci il tarixli, 05 saylı qərarı ilə iddiaçının ailə üzvlərinə verilmiş 0,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsi tərəfindən iddiaçıya rəsmi poçt vasitəsilə təqdim olunmuş 21 iyul 2023-cü il tarixli, **********96 nömrəli məktubda həmin torpaq sahəsinin iki hissədən ibarət olması və torpaq sahəsinin digər hissəsinin üzərində başqa şəxsə məxsus fərdi yaşayış evinin mövcud olması əsas gətirilərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunduğu bildirilmişdir. İddiaçı hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtina etməməlidir. Belə ki, həmin torpaq sahəsi babalarından onlara qalmış mirasdır. Həmçinin həmin torpaq sahəsi Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 may 2001- ci il tarixli, 05 saylı qərarı ilə JN-021A, KOD 41010038 nömrəli Şəhadətnamə ilə ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin sahəyə görə iddiaçı uzun illər torpaq vergisi ödəmişdir. Artıq 22 ildir ki, o sahənin mülkiyyətində olduğuna inanaraq istifadə edir. Belə olan halda iddiaçının və ailə üzvlərinin qanunla qorunan və ümumi hüquq prinsiplərinə söykənən haqqları mövcuddur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilmiş məhkəmə iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonu Qaladərəsi kəndində yerləşən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli, 05 saylı qərarı ilə ailə üzvlərinə verilmiş 0.13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsini əsassız hesab edirik. Məlumat üçün bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Şamaxı regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 3166 nömrəli məktuba əsasən mərhum X1 vərəsəsi qismində çıxış etmiş İddiaçı Ərazi İdarəsinə daxil olmuş müraciəti ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şamaxı rayonunun Qaladərəsi kəndi ərazisində yerləşən 0.13 ha torpaq sahəsinin kadastr məlumatları yeni tərtib olunmuş rəqəmsal kadastr xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, yeni tərtib olunmuş rəqəmsal kadastr xəritəsinə əsasən həmin torpaq sahəsi iki hissədə qeydə alınmışdır. Qeyd olunanlarla yanaşı, həmin torpaq sahəsi faktiki olaraq iki hissədən ibarətdir və torpaq sahəsinin digər hissəsinin üzərində başqa şəxsə məxsus fərdi yaşayış evi mövcuddur. Məlumat üçün bildiririk ki, torpaq sahəsi rəqəmsal kadastr xəritəsi ilə uyğunsuzluq təşkil etdiyi və torpaq sahəsinin bir hissəsini üzərində başqa şəxsə məxsus fərdi yaşayış evi mövcud olduğuna görə, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Həmin sənədlərə aiddir: cavabdeh orqanın iddiaçıya ünvanladığı 21 iyul 2023-cü il tarixli imtina məktubu; JN-021A KOD 41010038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surəti; məhkəmə sorğusu əsasında cavabdeh orqan tərəfindən təqdim edilmiş müayinə aktları; xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi və məhkəmə sorğusu əsasında əldə edilmiş digər sənədlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 14 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 20 oktyabr 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Şamaxı rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan Şamaxı rayonu, Qaladərə kəndində yerləşən 0.13 ha torpaq sahəsi Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 saylı, 05 may 2001-ci il tarixli qərarı ilə iddiaçının mərhum atası X4 və onun ailə üzvlərinə ayrılmışdır. Həmin vaxtdan qeyd olunan torpaq sahəsi onun istifadəsində olmuşdur. xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” əsasında İddiaçı mərhum X1 vərəsəsi kimi tanınmışdır. İddiaçı hüquqmüəyyənedici sənədlər əsasında mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi mübahisəli torpaq sahəsinin kadastr məlumatlarının yeni tərtib olunmuş rəqəmsal kadastr xəritəsi ilə uyğunsuzluq təşkil etdiyini, torpaq sahəsinin iki hissədə qeydə alındığını və digər hissə üzərində başqa şəxsə məxsus fərdi yaşayış evininin mövcud olduğunu göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Məhkəmə cavabdeh orqanın qeyd edilən dəlilinin araşdırılması üçün Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 saylı, 05 may 2001-ci il tarixli qərarının və adlı siyahının (tam adlı siyahının), iddiaçıya ayrılmış torpaq sahəsinə dair digər əlaqəli sənədlərin məhkəməyə təqdim edilməsi üçün aidiyyatı üzrə sorğular ünvanlanmış, yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlər sorğu əsasında əldə edilmişdir. Göründüyü kimi iddiaçının tələbi üzrə torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri mövcud olduğu təqdirdə, cavabdeh tərəfindən formal olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə işin hallarının hərtərəfli araşdırılması üçün aidiyyatı üzrə sorğular ünvanlamışdır. Məhkəməyə sorğu əsasında cavabdeh orqan tərəfindən təqdim edilmiş müayinə aktında torpaq sahəsinin ölçüsünün hüquqmüəyyənedici sənəd üzrə 0.13 ha, faktiki olaraq isə 0.1660 ha olduğu; torpaq sahəsinin bir tərəfi 0.0480 ha, digər tərəfi isə 0.1180 ha təşkil edən iki hissədən ibarət olduğunu və 0.1180 ha torpaq sahəsi üzərində fərdi yaşayış evinin mövcud olduğunu qeyd etmişdir. Məhkəmə cavabdehin etirazının əsası kimi göstərdiyi dəlilinə münasibətdə bildirməyi zəruri hesab edir ki, qeyd edilən dəlilinin hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədi ilə cavabdeh orqana müvafiq sorğular ünvanlanmış, mübahisəli torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisinə dair məlumatların və hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi tələb edilmişdir. 04 aprel 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, idarədə mövcud olan Şamaxı rayon Qaladərəsi kəndinin DWJ məlumatlarında X1 adına 21A nömrəli 0.13 ha torpaq sahəsi işlənmişdir; torpaq sahəsi iki hissəyə ayrılmışdır, 0.1178 ha hissəsi X3 istifadəsindədir və torpaq sahəsi üzərində ona məxsus fərdi yaşayış evi mövcuddur. Məhkəmə torpaq sahəsinin bir hissəsində X5 məxsus fərdi yaşayış evinin olması məsələsinə münasibətdə bildirir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi ilə X3 0.13 ha torpaq sahəsinin iddiaçının mülkiyətinə verilməsinə etiraz etmədiyi müəyyən olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22-ci maddəsinə əsasən: 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə tədqiqatı zamanı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün yuxarıda qeyd olunan maddədə göstərilən hallardan heç biri müəyyən olunmamışdır. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli, 05 saylı qərarı ilə mərhum X4 və ailə üzvlərinə ayrılmış 0.13 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının X2 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli, 05 saylı qərarı ilə mərhum X4 və ailə üzvlərinə ayrılmış 0.13 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının X2 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar