Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1204/2024 21.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin 28 iyul 2003-cü il tarixli 3-17-1/2-R-171743/2-23 saylı imtinasının əsassız hesab olunması, iddiaçının əmək pensiyasının düzgün hesablanmamasının müəyyən olunması və pensiyasının 969,19 manat məbləğində yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək pensiyasının düzgün hesablanmamasının müəyyən olunması və pensiyasının 969,19 manat məbləğində yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda ona dövlət qulluğuna görə 712,19 manat əmək pensiyası təyin olunmuşdur. İddiaçı bununla razılaşmayaraq pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmişdir. 28 iyul 2003-cü il tarixli 3-17-1/2-R-171743/2-23 saylı imtina məktubu ilə ona bildirilmişdir ki, dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. İddiaçı 31 il pensiya fondunda müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, iddiaçının vəzifə maaşı 460 manat olduğu halda 448,50 manat, qulluq stajına görə 138 manat əlavə hesablanmalı olduğu halda 134,55 manat hesablanmışdır. Son 24 ay ərzində 15 vəzifə maaşı miqdarında mükafat və maddi yardım aldığı halda, ortalama 287,50 manat olduğu halda 220,42 manat mükafat və maddi yardım hesablanmışdır. 2020-ci ilin yanvar-avqust aylarında Şamaxı ASAN Xidmət Mərkəzindən 2022,16 manat mükafat aldığ halda 2022,16:24=85,25 manat orta aylıq mükafatdan hesablama aparılmamışdır. Beləliklə, cəmi 1056,52 manat orta aylığın 80%-i 845,21 manat əvəzinə 890,24 manat olan orta aylığın 80%-i məbləğində iddiaçıya pensiya hesablanmışdır. Eyni zamanda iddiaçı 14 avqust 2020-ci ildən 16 mart 2023-cü il tarixə kimi publik hüquqi şəxs zamanı 17854,08 manat pensiya kapitalı toplamışdır. 17854,08 manat:144=123,98 manat dövlət qulluğu pensiyasının üzərinə hesablanmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Mübahisə ilə bağlı keçirilmiş məhkəmə iclasında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazı müdafiə edərək iddianının təmin edilməməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl yaşa görə dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması ilə bağlı da müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Belə ki, 15 mart 2023-cü il tarixindən iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə iddiaçının qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 448,50 manat, qulluq stajına görə vəzifə maaşının 30 %-i miqdarında əlavəsi – 134,55 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 220,42 manat, digər növ əlavəsi 21,77 manat olmaqla iddiaçının orta aylıq əmək haqqı 890,24 manat təşkil edib. Bundan əlavə qanuna əsasən sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasına mütəxəssis qismində dəvət edilmiş X1 iddia tələbinə etiraz edərək onunla əsaslandırmışdır ki, iddiaçının pensiyası son 24 aya münasibətdə hesablanmışdır. Belə ki, vəzifə maaşına görə əmək pensiyası 6 ay 414 manatdan, 18 ay isə 460 manatdan hesablanmışdır. 414 manatdan hesablanma səbəbi iddiaçı barəsində tənbeh tədbirinin tətbiq olunması olmuşdur. Beləliklə də, vəzifə maaşı 10% azaldılmış, 24 aylıq ortalama 448,5 manat olmuşdur. Bu səbəbdən də qulluq stajı 448 manatın 30%-i həcmində hesablanmaqla 134,4 manat olmuşdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş 28 iyul 2023-cü il tarixli əmək pensiyasının hesablanması haqqında məktuba əsasən iddiaçının tələbinin təmin olunmasından imtina edilmişdir. İddiaçı tərəfindən işə əlavə edilmiş Şamaxı regional “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa və xx.xx.2020-xx.xx.2020-ci il üzrə aldığı mükafatlar barədə məlumata əsasən iddiaçı həmin müddətdə 2022,16 AZN əldə etmişdir. İş materiallarında olan iddiaçıya məxsus əmək haqqı barədə arayışa 2 nömrəli əlavədə onun 2018-2020-ci illər üzrə ödəmələri daxil edilmişdir (əsas əmək haqqı, mükafat, dərəcə pulu, maddi yardım, məzuniyyət haqqı olmaqla). Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən pensiya işinə iddiaçıya məxsus ИТ seriaylı ******* nömrəli əmək kitabçası da əlavə edilmişdir. İddiaçı əmək fəaliyyətinə 1976cı ildə başlamışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilmiş ödənilmiş məcburi dövlət sosial sığorta haqları haqqında məktuba əlavə edilmiş sığortaolunanın hesabına əsasən onun 2018- 2020-ci illərdəki gəliri barədə məlumat verilmişdir. Belə ki, iddiaçının 2018-ci ilin sentyabrından 2019-cu ilin fevralınadək cəmi gəliri 3538,12 manat, 2019-cu ilin mart ayından 2020-ci ilin avqust ayınadək 15102,73 manat, 2020-ci ilin yanvar-avqust aylarında isə 2022,16 manat məbləğində gəliri olmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin inzibati orqanın xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı inzibati orqana müraciət etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı Şamaxı şəhəri olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38: Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
“İnsan hüquqları haqqında” Ümumi Bəyannamə Maddə 22: Hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19.Dövlət qulluqçusunun əsas hüquqları (...) 19.0.14. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədarvə yaradıcılıq məzuniyyətləri), özünün və ya ailə üzvlərinin əlilliyi ilə əlaqədar pensiyalar və müavinətlər almaq (...)
Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlətqulluğu vəzifəsində qulluq stajındanvə dövlət məvacibinin məbləğindən asılıdır.Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il(bu Qanunun 23.2-1-ci maddəsindənəzərdətutulan hal istisna olmaqla)qulluq stajı tələb olunur. 23.2-1. Dövlət orqanınınəsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənpublikhüquqi şəxsin yaradılmasıiləəlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə“Əmək pensiyalarıhaqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdətutulmuşəmək pensiyasıyaşınaçatmasınaənçoxu 2 il qalmışdövlət qulluqçusu kimiəmək pensiyasınaəlavəalmaq hüququ onların dövlət qulluğu vəzifəsindəminimum 13 il qulluq stajıolduğu halda yaranır. 23.4. Dövlət qulluqçusununmüavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir). Maddə 1. Əsas anlayışlar Əməkpensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosialsığortaolunanların (bundan sonra – sığortaolunan)onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxudsığortaolunanlarin ölümü iləəlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən,pensiya təyinatı tarixinədəkdövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavətəyin edilir. 20.30. Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.2-1. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qərarını yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlar və məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırır. 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
6. Məhkəmənin mövqeyi
İş materialları ilə müəyyən edildi ki, xx.xx.1958-ci il təvəllüdlü iddiaçı hazırda əmək pensiyaçısı kimi 712,19 manat pensiya alır. Onun bildirdiyinə görə ona 1056,52 manat orta aylıq əmək haqqının 80%-i məbləğində 845,21 manat əvəzinə 890,24 manat orta aylığın 80%-i məbləğində pensiya hesablanmışdır. Eyni zamanda o, 14 avqust 2020-ci ildən 16 mart 2023-cü il tarixə kimi 17854,08 manat pensiya kapitalı toplamışdır. 17854,08 manat:144=123,98 manat dövlət qulluğu pensiyasının üzərinə hesablanmalı olduğu halda hesablanmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının təhlili ilə müəyyən edilir ki, şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən,pensiya təyinatı tarixinədəkdövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. İddiaçıya münasibətdə qeyd olunmalıdır ki, sabiq dövlət qulluqçusu olan iddiaçıya qüvvədə olan Əmək pensiyaları haqqında Qanununun 20.11.2-ci maddəsi tətbiq olunaraq 28 il 1 ay 21 gün dövlət qulluğuna uyğun olaraq orta aylıq əmək haqqının, yəni əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli Qərardan da göründüyü kimi 890,24 manat dövlət məvacibi hesablanmışdır ki, həmin məvacibin 80%-i məbləğində də haqlı olaraq 712,19 manat pensiya təyin edilmişdir. Mütəxəssis rəyindən də göründüyü kimi iddiaçının əmək pensiyası onun son 24 ay aldığı əmək haqqına müvafiq olaraq hesablanmışdır. Belə ki, iddiaçıya vəzifə maaşına görə 6 ay müddətində 414 manat, 18 ay müddətində isə 460 manatdan hesablanmışdır. Həmin 6 ay müddətində iddiaçıya hesablanan 414 manat məbləğin hesablanması səbəbi isə ona həmin müddətə inzibati tənbeh tətbiq edilməsi olmuşdur. Ona görə də, 460 manatın 10%-i azaldılaraq 6 ay müddətinə 414 manat hesablanmışdır. Bu isə 24 aylıq müddətə münasibətdə orta hesabla 448,5 manat olmuşdur. Nəticə etibarı ilə də qulluq stajı da 448,5 manatın 30%-i məbləğində hesablanmaqla 134,4 manat olmuşdur. Qeyd olunanlarla bağlı məhkəmə qeyd edir ki, son məhkəmə iclasında bu deyilənləri, yəni vəzifə maaşına və qulluq stajına münasibətdə hesablanmış məbləği iddiaçı özü də qəbul etmişdir (iş materiallarına əlavə edilmiş audio-video yazıda öz əksini tapmışdır). İddiaçının mübahisələndirdiyi məqam isə ondan ibarət olmuşdur ki, ona mükafatlar ödənildiyi və həmin mükafatlardan sosial sığorta haqqı mövcud normalara əsasən tutulmasına baxmayaraq pensiyasının hesablanmasında nəzərə alınmamışdır. Bununla bağlı məhkəmənin mövqeyi belə olmuşdur ki, əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Həmin ödənişlər büdcədənkənar vəsaitlər hesab olunduğu üçün onlar əmək pensiyasının hesablanması zamanı nəzərə alınmamalıdır. Qeyd olunanan qanunvericilik normalarını ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin imtinası əsaslı hesab edilməli, iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin 28 iyul 2003-cü il tarixli 3-17-1/2-R-171743/2-23 saylı imtinasının əsassız hesab olunması, iddiaçının əmək pensiyasının düzgün hesablanmamasının müəyyən olunması və pensiyasının 969,19 manat məbləğində yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev