Məhkəmə qərarları › İş №2-1(118)-1204/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1204/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1204/2025 20.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh YYYna qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə, üçüncü şəxsin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh YYYna qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. AA******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı 7 mart 1957-ci il tarixdə doğulmuşdur.

2. İddiaçı məxsus ИТ-İ seriyalı, ******* saylı əmək kitabçası.

3. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Bakı Şəhəri üzrə X9 Departamentinin 3 fevral 2013-cü il tarixli, 05/132 nömrəli arayışında iş qovluğundakı sənədlərə əsasən “Qızıl Qum” kooperativinin /SUN6635/ 1 yanvar 1991-ci il tarixdən 1 yanvar 2013-cü il tarixədək hesablanıb ödənilmiş sosial-sığorta haqların dinamikası göstərilmişdir. Qeyd edilmişdir ki, 25 dekabr 2013-cü il tarixdən sonra müəssisə tərəfindən hesabat təqdim edilməmişdir.

4. “Qızıl-Qum” Kooperativinin 24 dekabr 2020-ci il tarixli, 132 nömrəli arayışından görünür ki, X4 30 dekabr 1996-cı il tarixdən 25 dekabr 2006-cı il tarixə kimi “Qızıl-Qum Kooperativi”ndə İV dərəcəli qaz-qaynaqçısı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il çıxarış 911 nömrəli qərarına əsasən (********) 2 saylı siyahı üzrə güzəştli pensiya düşür.

5. Azərbaycan Texniki Universitetinin 12 yanvar 2023-cü il tarixli, 022-387 nömrəli arxiv arayışından görünür ki, Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (hal-hazırkı Azərbaycan Texniki Universiteti) sənədlərinə əsaslanaraq, İddiaçı, həqiqətən 158a-U(p) nömrəli 28 noyabr 1977-ci il tarixli əmrə əsasən müsabiqədən müvəffəqiyyətlə keçərək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (əyani) hazırlıq şöbəsinə 1977/1978-ci tədris ili üçün (azərbaycan bölməsi üzrə) dinləyici kimi qəbul edilmiş (qr.№47a), 112-U(p) nömrəli 24 avqust 1978-ci il tarixli əmrə əsasən (hazırlıq şöbəsindən) Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun əyani şöbəsinə qəbul olmuş (qr.№558a), 101-U(p) nömrəli 5 iyul 1983-cü il tarixli əmrə əsasən İddiaçı institutun “Metallurgiya” fakültəsinin “Tökmə istehsalının maşınları və texnologiyası” ixtisası üzrə tam bitirmiş və ona ИB 040757 nömrəli mühəndis mexanik diplomu verilmişdir (qeydiyyat nömrəsi 716). Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il tarixli Qərarına əsasən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu Azərbaycan Texniki Universiteti olaraq adlandırılmışdır.

6. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsinin 25 yanvar 2023-cü il tarixli, 24 nömrəli arayışından görünür ki, 1957-ci il təvəllüdlü İddiaçı 1 noyabr 1975-ci il tarixdən 13 oktyabr 1977ci il tarixədək SSRİ SQ-da müddətli həqiqi hərbi xidmət keçmişdir. Ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan çıxarılmışdır.

7. YYYnın İddiaçı göndərilmiş 15 dekabr 2023-cü il tarixli, 3-17-1/2-J-296255/2023 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubundan görünür ki, təqdim edilən sənədlərin surətlərinə əsasən sığorta stajı (1 noyabr 1975-ci il tarixdən 13 oktyabr 1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət, 28 noyabr 1977-ci il tarixdən 1 iyul 1978-ci il tarixədək və 1 sentyabr 1978-ci il tarixdən 29 iyun 1983-cü il tarixədək təhsil aldığı illər nəzərə alınmaqla) 16 il 8 ay 10 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş 2 iyun 1993-cü il tarixdən 25 dekabr 1996-cı il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (qeydlərdə latın qrafikalı əlifbadan istifadə edilib, daha sonra üzərinə qaralama edilərək kiril qrafikası ilə düzəliş edilib) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün 30 dekabr 1996-cı il tarixdən 24 dekabr 2006-cı il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Bildirilmişdir ki, sözügedən dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST mərkəzlərinə təqdim etməklə təkrar müraciətinin əsasında həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qanunvericiliyinin tələblərinə əsasən 7 mart 2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, 1 yanvar 2023-cü il tarixdən 220 manata çatdırılıb. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər.

8. “Qızıl-Qum” Kooperativinin 29 iyul 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı 30 dekabr 1996-cı il tarixdən 24 dekabr 2006-cı il tarixədək kooperativdə “qaynaqçı” vəzifəsində çalışmışdır. Həmin tarixlər üzrə əmək haqqı cədvəldə göstərilmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 14 oktyabr 2024-cü il tarixli, 3-17-1/2-249419/2024 nömrəli məktubu ilə qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsistemindən 28 fevral 2023-cü il tarixli elektron çıxarışdan görünür ki, İddiaçı 7 mart 2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. - YYYnın Sosial müavinət təyinatı üzrə 28 fevral 2023-cü il tarixli, 3-17-1/1-İ-22347/2023 nömrəli qərarından görünür ki, İddiaçı 1 yanvar 2023-cü il tarixdən ömürlük 220 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İddiaçı 27 yanvar 2023-cü il tarixli “Müraciət vərəqəsi”. - İddiaçı məxsus ИB seriyalı, 040757 nömrəli diplomdan görünür ki, o, Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1983-cü ildə həmin institutda “tökmə istehsalının maşınları və texnologiyası” ixtisası üzrə tam kursu bitirmişdir. - Azərbaycan Texniki Universitetinin 12 yanvar 2023-cü il tarixli, 022-387 nömrəli arxiv arayışı (§5). - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsinin 25 yanvar 2023-cü il tarixli, 24 nömrəli arayışı (§6).

10. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 5 avqust 2024-cü il tarixli, 3-48-2F/2-1639/2024 nömrəli məktubundan görünür ki, "xxxx" X3 və “Qızıl Qum” Kooperativi müəssisələrinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 27 avqust 2024-cü il tarixli, 3-21-2-1/2-A-4xx-xx/2024 nömrəli məktubundan görünür ki, dövlət reyestrində “Qızıl Qum” Kooperativi və "xxxx" X3 adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçmələri barədə məlumat mövcud deyildir.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 6 noyabr 2024-cü il tarixli, 3-17-1/3-1-90015/2024 nömrəli xidməti məktubundan görünür ki, İddiaçı ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş 1 yanvar 2006-cı il tarixdən 24 dekabr 2006-cı il tarixədək “Qızıl-Qum” kooperativində olan əmək fəaliyyəti ilə əlaqədar məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı məlumatın təqdim edilməsi barədə aidiyyəti üzrə sorğular göndərilmişdir. Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının 29 avqust 2024-cü il tarixli, 3-17- 1/3-1-69223/2024 nömrəli xidməti məktubuna əsasən “Qızıl-Qum” kooperativinin 1996-2006-cı illərə dair “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat” məlumatları iş qovluğunda aşkarlanmamışdır. Eyni zamanda Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 28 avqust 2024-cü il tarixli, 3-17-1/3-1-68771/2024 nömrəli xidməti məktubuna əsasən “Qızıl- Qum” kooperativinə dair Nazirliyin uçot bazasında məlumat aşkar edilmədiyindən İddiaçı 2006cı il üzrə məlumatlarının araşdırılması mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 30 dekabr 1996-cı il tarixdən 25 dekabr 2006-cı il tarixədək əmək fəaliyyəti dövrlərinin sığorta stajına əlavə edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

13. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 25 dekabr 2024-cü il tarixli, 3-48- 4/2-2117/2024 nömrəli məktubundan görünür ki, “Qızıl-Qum” Kooperativinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Eyni zamanda İddiaçı "xxxx" X1 işləməsi ilə əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2023-cü il tarixli, 47 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun sənədlərindən istifadə Qaydası”nın 3.1-ci maddəsinə əsasən sorğuda qeyd edilən şəxsə aid müvafiq hadisə, fakt haqqında axtarış məlumatları (burada: şəxsin əmək fəaliyyətində olduğu müəssisənin tabe olduğu qurum, müəssisənin fəaliyyət sahəsi, işlədiyi illər və s.) qeyd olunmadığına, o cümlədən sözügedən vətəndaşın əmək kitabçasının surəti təqdim olunmadığına görə sorğunu icra etmək imkan xaricindədir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddiaçı tərəfin tələbi və əsasları

14. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh YYYna (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 noyabr 1975-ci il tarixdən 13 iyun 1977-ci il tarixədək, 28 noyabr 1977-ci il tarixdən 5 iyul 1983-cü il tarixədək, 28 noyabr 1983-cü il tarixdən 25 oktyabr 1988-ci il tarixədək, 6 noyabr 1988-ci il tarixdən 9 oktyabr 1989-cu il tarixədək, 16 noyabr 1989-cu il tarixdən 7 dekabr 1989-cu il tarixədək, 7 dekabr 1989-cu il tarixdən 21 may 1990-cı il tarixədək, 25 may 1990-cı il tarixdən 2 mart 1993-cü il tarixədək, 15 mart 1993-cü il tarixdən 8 aprel 1993-cü il tarixədək, 9 aprel 1993-cü il tarixdən 21 may 1993-cü il tarixədək, 2 iyun 1993-cü il tarixdən 25 dekabr 1996-cı il tarixədək və 30 dekabr 1996-cı il tarixdən 24 dekabr 2006-cı il tarixədək illərin ümumi iş stajı olmaqla nəzərə alınaraq yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: - iddiaçı 7 mart 1957-ci il tarixdə anadan olmuşdur. 1 noyabr 1975-ci il tarixdən 13 iyul 1977-ci il tarixədək SSRİ SQ-də hərbi xidmətdə olmuşdur; - 28 noyabr 1977-ci il tarixdə Ç.İldırım adına (Azərbaycan Texniki Universiteti) Politexnik İnstitutunun hazırlıq şöbəsinə, 24 avqust 1978-ci il tarixdə əyani şöbəsinə qəbul edilmiş və 5 iyul 1983-cü il tarixdə bitirmişdir. - 28 noyabr 1983-cü il tarixdə Bakı Təcrübə-Sınaq zavoduna işə qəbul edilmiş, 25 oktyabr 1988-ci il tarixdə öz xahişilə işdən azad edilmişdir. - 6 noyabr 1988-ci il tarixdə “Şuşa” Kooperativinə işə qəbul edilmiş, 9 oktyabr 1989-cu il tarixdə öz xahişilə işdən azad edilmişdir. - 16 noyabr 1989-cu il tarixdə tikinti trestinə işə qəbul edilmiş və 7 dekabr 1989-cu il tarixdə işdən azad edilmişdir. - 7 dekabr 1989-cu il tarixdən 21 may 1990-cı il tarixədək Məişətçi kooperativində işləmişdir. - 25 may 1990-cı il tarixdə “Bulaq” kooperativinə işə qəbul edilmiş və 12 mart 1993-cü il tarixdə işdən azad edilmişdir. - 15 mart 1993-cü il tarixdə Azərbaycan Dövlət İqtisad İnstitutunun təmir-tikinti idarəsinə işə qəbul edilmiş, 8 aprel 1993-cü il tarixdə işdən azad edilmişdir. - 9 aprel 1993-cü il tarixdə İsəli kiçik müəssisəsinə işə qəbul edilmiş, 21 may 1993-cü il tarixdə işdən azad edilmişdir. - 2 iyun 1993-cü il tarixdə "xxxx" X2 işə qəbul edilmiş və 25 dekabr 1996-cı il tarixdə öz xahişilə işdən azad edilmişdir. - 30 dekabr 1996-cı il tarixdə “Qızıl Qum” Kooperativinə 4-cü dərəcəli qaz qaynaqçısı kimi işə qəbul edilmiş, 24 dekabr 2006-cı il tarixdə işdən azad edilmişdir. Göründüyü kimi, iddiaçının iş stajı 25 ildən artıqdır və əmək pensiyası almaq hüququ vardır.

16. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 21.1-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.2, 2.3, 3.1, “İşçilərin əmək kitabçasının və onların forması və onun tətbiqi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 saylı Qərarının 1.1-ci bəndlərinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 33.1, 33.2-ci maddələrinə istinad olunmuşdur.

17. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

18. Məhkəmənin 9 dekabr 2024-cü il tarixli, 2-1(118)-4143/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (adi cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdir.

19. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

Cavabdeh tərəfin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:

20. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

21. Etiraz imtina məktubunda (§7) göstərilən dəlillərə istinad edərək, həmçinin onunla əsaslandırılmışdır ki, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün olmamışdır.

22. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 7, 22-1, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.

24. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə (§21) əsaslanaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.

27. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə (§24) əsaslanaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

29. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

30. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

31. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

32. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, etirazın dəlilləri ilə razılaşmadığını, iddianın təmin edilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

33. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

34. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

35. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

36. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

37. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

38. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa,habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən və dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyriqanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

40. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

26. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ...

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

28. Əvvəllər qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

Maddə 74. Əmək haqqı saxlanılmadan məzuniyyət Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər.

Maddə 184. Bir yaş yarıma çatmamış uşağı olan analara əmək haqqı ödənilmədən əlavə məzuniyyət verilməsi Qadına hamiləlik, doğum və uşağa qulluq etmək üçün məzuniyyətlərdən əlavə, onun ərizəsi ilə uşaq bir yaş yarıma çatanadək uşağa qulluq etmək üçün əmək haqqı ödənilmədən əlavə məzuniyyət verilir. Həmin məzuniyyətdən tamamilə və ya uşaq bir yaş yarıma çatanadək istənilən vaxt hissəhissə istifadə edilə bilər. Qadın uşağa qulluq etmək üçün əlavə məzuniyyətdə olduğu müddətdə öz arzusuna görə tam olmayan iş vaxtı şərtilə və ya evdə işləyə bilər (5, 14).

Maddə 185. Qismən ödənilən məzuniyyət və əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddətinin iş stajına daxil edilməsi Uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilir. Bu məzuniyyət müddətləri sonrakı illik məzuniyyətlər üçün hüquq verən iş stajına daxil edilmir.

Maddə 185-1. On iki yaşına çatmamış iki və daha çox uşağı olan işləyən qadınlara verilən əlavə məzuniyyətlər On iki yaşına çatmamış iki və daha çox uşağı olan işləyən qadınlara: 1) haqqı ödənilən üç günlük əlavə məzuniyyət verilir, bu zaman nəzərə alınmalıdır ki, göstərilən əlavə məzuniyyətdən istifadə edən işçi qadınların məzuniyyətinin ümumi müddəti 28 təqvim günündən artıq olmamalıdır; 2) illik məzuniyyəti yay vaxtında və ya onlar üçün əlverişli olan başqa vaxtda birinci növbədə almaq hüququ verilir; 3) işəgötürənin razılığı ilə, istehsal şəraitinin imkan verdiyi dövrdə uşaqlara qulluq etmək üçün əmək haqqı saxlanılmadan iki həftəyədək müddətə əlavə məzuniyyət hüququ verilir.

29. ƏM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 112. Məzuniyyətin növləri

1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət.

Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri

1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

30. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı:

“… Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. ...”

31. İPM-n müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

32. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

33. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).

34. İddiaçı ümumi iş stajının 25 ildən artıq olmasına (§15) istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi ilə məhkəməyə müraciət etmişdir.

35. Cavabdeh tərəf iddia tələbi ilə razılaşmayaraq, iddiaçının ümumi sığorta stajının 25 ildən az olduğu üçün, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyinin tələblərinə əsasən mümkün olmadığını bildirmişdir.

36. Məhkəmə qeyd edir ki, 7 mart 1957-ci il təvəllüdlü iddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün, qanunla nəzərdə tutulan yaş həddinə 65 yaşının tamam olduğu 7 mart 2022-ci il tarixdə çatmışdır. Bundan əlavə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, - azı 25 il sığorta stajı olduqda.

37. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilən sığorta stajı 2 iyun 1993-cü il tarixdən 25 dekabr 1996-cı il tarixədək və 30 dekabr 1996-cı il tarixdən 24 dekabr 2006-cı il tarixədək olan dövr təşkil edir.

38. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı (1 noyabr 1975-ci il tarixdən 13 oktyabr 1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət, 28 noyabr 1977-ci il tarixdən 1 iyul 1978-ci il tarixədək və 1 sentyabr 1978-ci il tarixdən 29 iyun 1983-cü il tarixədək təhsil aldığı illər nəzərə alınmaqla) 16 il 8 ay 10 gün təşkil edir.

39. Eyni zamanda müəyyən edilir ki, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş 2 iyun 1993-cü il tarixdən 25 dekabr 1996-cı il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (qeydlərdə latın qrafikalı əlifbadan istifadə edilib, daha sonra üzərinə qaralama edilərək kiril qrafikası ilə düzəliş edilib) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb.

41. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün 30 dekabr 1996-cı il tarixdən 24 dekabr 2006-cı il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.

42. Dövlət Sosial Müdafiə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının təqdim etmiş məlumata əsasən “Qızıl-Qum” kooperativinə dair Nazirliyin uçot bazasında məlumat aşkar edilmədiyindən iddiaçının 2006-cı il üzrə məlumatlarının araşdırılması mümkün olmamışdır.

43. Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən bildirilmişdir ki, "xxxx" X3 və “Qızıl Qum” Kooperativi müəssisələrinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

44. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət reyestrində “Qızıl Qum” Kooperativi və "xxxx" X3 adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçmələri barədə məlumat aşkar olunmamışdır.

45. Beləliklə, iddiaçının 2 iyun 1993-cü il tarixdən 25 dekabr 1996-cı il tarixədək "xxxx" X1 və 30 dekabr 1996-cı il tarixdən 24 dekabr 2006-cı il tarixədək “Qızıl Qum” Kooperativində iş fəaliyyəti öz təsdiqini tapmamışdır.

46. Bununla da, iddiaçı 1 yanvar 2006-cı il tarixədək 25 ildən az olmayan iş stajına malik deyildir.

47. Göründüyü kimi, iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir.

48. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

49. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçının cavabdehə qarşı ona 7 mart 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsinə dair tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

50. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh YYYna qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar