Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1205/2022 23.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona, 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2018-ci ildən zərərli iş stajına görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona, 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2018-ci ildən zərərli iş stajına görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsinə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2- 1(112)-11481/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1961 -ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1978-ci ildə başlamışdır. xx.xx.1978-xx.xx.1979-cu illərdə texniki Peşə məktəbində oxumuşdur. Peşə məktəbini qurtardıqdan sonra “Azneftkimyaquraşdırma” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı işinə qəbul edilmişdir. Oktyabr 1979-oktyabr 1981-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra yenidən 2 saylı TQİdə işləməyə başlamış və həmin idarədə xx.xx.1990-ci ilə qədər işləmişdir. xx.xx.1990xx.xx.1994-cü illərdə “Azərsənayexüsusitikintiquraşdırma” trestində, xx.xx.1994xx.xx.1994-cü ildə 177 №-li TTİ-də. xx.xx.1994-xx.xx.1998-ci illərdə 7 saylı trestdə, xx.xx.1998-xx.xx.2000-ci ildə “Sumqayıt Kimya Tikinti” ATSC-də, xx.xx.2000-xx.xx.2005-ci ildə 1 saylı TT trestində, xx.xx.2006-xx.xx.2008-ci ildə "xxxx" MMC-də. xx.xx.2019xx.xx.2019-cu ildə "xxxx" MMC-də elektrik qaynaqçısı işləmişdir. Ümumi iş stajı 29 ildir. İşlədiyi dövrün bütün iş stajı zərərli istehsal sahəsinə aiddir. Buna görə də güzəştli şərtlərlə ona 57 yaşı tamam olan tarixdən, yəni 2018-ci ildən pensiya təyin edilməlidir. Beləki xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" qanuna görə vətəndaşın 25 il ümumi iş stajı və həmin iş stajının 12 il 6 ayı zərərli istehsal sahəsinə aid olduqda 57 yaşında pensiya hüququ əldə etmiş olur. Buna görə də sənədlərimi pensiya təyinatı üçün cavabdehə təqdim etmişdir. Cavabdeh özünün xx.xx.2021-ci il tarixli **********8 saylı məktubu ilə müraciətini təmin etməmişdir. Məktubda imtinaya səbəb kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 40800,00 manat olmalı olduğu halda cəmi 21342,98 manat olması göstərilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Beləki yuxarıda qeyd etdiyi kimi mübahisə “Vətəndaşların pensiya təminatı haqqında” qanuna əsasən həll edilməlidir. Yəni iddiaçının 01.0..2006-cı ilə qədər 25 il ümumi, 12 il 6 ay zərərli istehsalda iş stajı olduğundan ona 57 yaşı tamam olan tarixdən güzəştli pensiya təyin edilməlidir. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən və xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təyinatı haqqında” qanuna görə 2-ci siyahı üzrə kişilər 57 yaşına çatdıqda, 25 il ümumi iş stajı olduqda və 1 2 il 6 ay zərərli istehsalda işlədikdə güzəştli əmək pensiya hüququ əldə edirlər. AR İPM-nin 1.2-ci maddəsinə görə “Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı ballarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər”. AR MPM-nin 217.2-ci maddəsinə görə “Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır”. "Əmək pensiyaları haqqında" qanunun 32-ci maddəsinə əsasən “yaşa görrə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük ləyin edilir”. AR İPM-nin 33-cü maddəsinə görə “Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər”. AR İPM-nin 73-cü maddəsinə görə “İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur”. AR Konstitusiyasının 149.7-ci bəndinə görə “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2021 -ci il tarixli **********8 nömrəli cavab məktubunda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1,0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildirirlər ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 45360 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26338,53 manat təşkil edir. Belə olan halda, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən iddia tələbi təmin edilə bilməz. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisə yalnız pensiya kapitalı ilə bağlıdır. 25 il 4 ay 23 gün ümumi iş stajını və 23 il 4 ay xususi iş stajını qəbul edirlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı ona, 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2018-ci ildən zərərli iş stajına görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2021 -ci il tarixli **********8 nömrəli cavab məktubunda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, X4 19 oktyabr 1979-cu il tarixdən 17 oktyabr 1981-ci il tarixə kimi Sovet Ordusu sıralarında xidmət keçmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 04/a saylı, 21 aprel 2021ci il tarixli arayışda qeyd edilir ki, 06 avqust 1979-cu il tarixində (əmr 86/k xx.xx.1979-cu il) SMQ-2 MMC-də 3-cü dərəcəli əl ilə elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmişdir xx.xx.1979-cu ildə hərbi xidmətə getdiyinə görə işdən azad edilmişdir.(əmr 108/k xx.xx.1979-cu il herbi blet H3 ******* ). xx.xx.1981 -ci il tarixində 3-cü dərəcəli əl ilə elektrik qaz qaynaqçısı (əmr 150/k xx.xx.1981-ci il) vəzifəsinə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixində 4-cü dərəcəli əlilə elektrik qaz qaynaqçısı (əmr43/k xx.xx.1982ci il) xx.xx.1985-ci ildə 5-ci dərəcəli əlilə elektrik qaynaqçısı vəzifəsinə (əmr 2p xx.xx.1985-ci il) .xx.xx.1986-cı ildə 6-cı dərəcəli elektrik qaynaqçısı (əmr 46/p xx.xx.1986-cı il) verilmişdir. xx.xx.1990-cı ildə işdən azad edilmişdir, (əmr 19/k xx.xx.1990-cı il) İşlədiyi dövrdə zərərli obyeklərdə çalışmışdır. Beləliklə qeyd edilən dövrlər nəzərə alındıqda iddiaçının 25 il sığorta stajı yaranmış olur. Bu isə inzibati orqanın imtinasının əsassız olduğunu göstərir. “Əmək pensiyaları haqqında” qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək Pensiyaları haqqında Qanunun 9-cu maddəsinə əsasən: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən 9.1-ci maddədə “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Qanunun 2-ci maddəsinə əsasən Bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir. Hazırkı mübahisəyə münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz. Cavabdehin imtinasında istinad etdiyi həmin tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, iddiaçı pensiya hüququ həmin tarixdən əvvəl yarandığı üçün ona “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə istinadən həmin tarixə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmasını istəyir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə “Əmək Pensiyaları haqqında” Qanunun xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş müddəaları tətbiq olunmalıdır. Həmin normalara əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda istinad olunan normalara görə, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: şəxs xx.xx.2017-cı il tarixədək müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin şərtlər iddiaçıya münasibətdə mövcuddur. Bu baxımdan, yuxarıda istinad olunan normalara əsasən iddiaçı ona 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı tələbində haqlı sayılmalıdır. Qeyd edilənlər cavabdeh inzibati orqanın iddianın rədd edilməsi ilə bağlı pensiya kapıtalının çatmaması dəlilinin hüquqi əsasının olmadığını götərir. Cavabdeh inzibati orqan qeyd edir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 45360 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26338,53 manat təşkil edir. Belə olan halda, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd olunduğu kimi iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi üçün pensiya kapitalı tələbi qanunda nəzərdə tutulmadığı üçün cavabdeh inzibati orqanın bu dəlilinidə məhkəmə əsassız hesab edir. Beləliklə qeyd edilənlər iddia tələbinin əsaslı olduğunu göstərir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının hüququ 57 yaşında yarandığı üçün ona həmin tarixdən pensiya təyin edilməli, iddia təmin edilməli, lakin pensiyanın hesablanması və ödənilməsi onun inzibati orqana müraciətindən üç il əvvələ hesblanmalıdır. İş materiallarından görsənir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Ona görədə məhkəmə heab edir ki, onun pensiyası xx.xx.2018-ci il tarixdən hesablanmalı və ödənilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə pensiyanın təyin olunması (xx.xx.2018-ci il tarixdən hesablanmaqla və ödənilməklə) öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması (xx.xx.2018-ci il tarixdən hesablanmaqla və ödənilməklə) öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1205/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1205/2022
23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver